1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:03.02.2017 10:08:54

Məlumat verdiyimiz kimi, İslamazeri.az yeni rubrikası olan "Virtual müzakirə"də fərqli və müzakirəyə açıq məqalələr yayımlanacaq, məhz bu məqalə bu rubrikaya təqdim olunan ilk məqalədir

"Virtual müzakirə" adlanan rubrikada müxtəlif mövzularda fərqli düşüncəyə sahib olanların azad fikirlərini bildirmək imkanı olacaq.

Aşağıdakı məqaləyə cavab yazmaq istəyənlər [email protected]-a məqalələrini göndərə bilərlər.

 

"Azərbaycanda İslamofobiya mövcuddurmu?

Azərbaycan xalqının gündəlik həyatında islamdan gələn dəyərlərlə uzlaşan həyat tərzi açıq-aşkar görsənir. Bunun bariz nümunəsi Azərbaycanda ailəyə, qadına, yaşlıya verilən dəyərdə özünü büruzə verir, bu dəyərləri saymaqla bitmir istər milli geyimimizdə, istər folklorda, hətda mətbəximizdə özümüz bilmədən islamı dəyərlərlə yaşayırıq (Azərbaycan xalqının donuz əti ilə bişirilən heç bir yeməyi yoxdur) . Sadəcə biz cəmiyyətimizdə yuxarıda adı çəkilənləri tez-tez görürük. Əslində islam Azərbaycan xalqının dəyərlərini formalaşdırıb hətda xalqın ateist nümayəndəsi belə özü bilmədən bu dəyərlələrlə yaşayır və müəyyən situasiyalarda ən azı cəmiyyətin mənfi baxışından yayınmaq üçün bu dəyərləri qorumağı düşünür. Nəticə etibarı ilə islam azərbaycan xalqının gündəlik həyatında daimi olaraq özünü göstərir və ayrılmaz hissəsidir. 1980-cı illərdən dünyanın supergücləri öz məqsədlərinə çatmaq üçün müxtəlif yollar və vasitələr axtarmağa başladılar və beləliklə islamı öz mənfur niyyətlərinə alət etdilər. Bundan əvvəl diqqətinizi bir şeyə çəkmək istəyirəm- supergücün mövcud olma formuluna. Hər bir dövrdə öz hərbi, siyasi və iqtisadi gücünə arxalanaraq bütün dünya dövlətlərinə təsir edə bilən müxtəlif dövlətlər olmuşdur (Roma imperiyası, Osmanlı dövləti Sovet İttifaqı , ABŞ, Rusiya və s.). Müəyyən zamandan sonra supergücün ayaqda qalmasının tək qaydası digər dövlətlərin ərazisində apardığı dağıdıcı müharibələr olur. Osmanlının 3 qitədə, Amerikanın Vyetnamda, Əfqanıstanda, İraqda, SSSR-nin Əfqanıstanda apardığı müharibələrin son məqsədi öz dövlətinin ömrünü uzatmaq olmuşdur. Əgər müharibə aparmasa ordunu, varlı təbəqəni qənimətlə təmin etməsə, iqtisadiyyatını işğal etdiyi dövlətin hesabına inkişaf etdirməsə, dövlətə qarşı çıxmaq istəyində olan əhalinin istəyini bu yolla boğmasa gec-tez supergücün dağılma prosesi başlayır. Bu prosesi əhali ilk olaraq hiss etmir və sonda ani dağılmanın şahidi olur. İndi qayıdaq islam məsələsinə. Niyə 1980-cı illərdən etibarən islam supergüclərin mənfur niyyətlərinin qurbanı oldu? SSRİ dağılma prosesində artıq digər dövlətlərə sosializm qorxusu ilə təsir etmək mümkün deyildi, islam sürətlə yayılırdı və dünyada yeni başlamaqda olan enerji müharibələrinin mərkəzi müsəlman dövlətləri olmalı idi. Belə ki, islam dünyası böyük neft yataqlarına sahib idi. Artıq 1990-cı illərdən islama qarşı sürətli müharibə başlamış, müsəlman dövlətləri arasında təriqət məsələləri qabardılaraq bir-birindən uzaqlaşdırılmış, vəhhabiliyin yayılmasına böyük xidmətlər göstərilmişdir. 2001-cildə 11 sentyabr hadisələri, daha sonra İraqın, Əfqanıstanın işğalı proseslərin təsadüfi olmadığını deməyə əsas verir. Paralel olaraq dünyaya yeni bir anlayış islam radikalizmi və ya ifrat islam gətirilmiş, islam terrorla eyniləşdirilmiş, özünü müsəlman adlandıran təkfiçi qruplar yaradılmışdır. Maraqlı qüvvələr bütün dünyaya islamafobiya idxal etməyə başlamışlar. Dünyaya islamın terror dini olduğunu, islamla mübarizə aparmayan dövlətin gec-tez terrora məruz qalacağını sübut etmək üçün bu gün Suriya və İraq ərazisinə İŞİD kimi terror qruplaşması yaradılmış Avropada xüsusilədə Türkiyədə silsilə terrorlar törədilmişdir. Ən əsası isə ideoloji sahədə böyük uğur qazanılmışdır. Belə ki, terror qruplaşmasına içində islam sözü də olan dövlət adı verilmiş və bütün dünyaya tanıdılmışdır (İraq Şam İslam dövləti və ya İslam dövləti). Azərbaycan xalqını Sovet dövründə belə çoxsaylı məhdudiyyətlərə, qadağalara baxmayaraq öz dinindən uzaqlaşdırmağa nail olunmamışdır. Əhalinin təxminən 75 faizə yaxını şiə yerdə qalan hissəsi sünni olmasına baxmayaraq əksər müsəlman ölkələrindən fərqli olaraq bu fərq heç bir yerdə özünü göstərmir və hər iki qola mənsub şəxslər tamamilə azad sərbəst heç bir maneəçiliklə rastlaşmadan öz ibadətlərini edirlər, qarşılıqlı şəkildə dəyərlərə hörmətlə yanaşıb əsl müsəlman kimi bir-birlərini qardaş adlandırırlar. Sovet İttifaqından çıxdığımız ilk illərdə Azərbaycanda dini sahədə yaranmış boşluqdan, cəmiyyətin sadəlövlüyündən, maddi imkansızlığından istifadə edərək müxtəlif qüvvələrin təsiri ilə yardım paylanması adı altında fərqli cərəyanlar yayılmış (vəhhabilik xüsusilə) vətəndaşların minimum şərtlərlə xaricdə təhsil almalarına şərait yaradılmışdır. Zamanla bu proses öz effektini itirmiş yalnız nəticələri qalmışdır (yardım adı altında müxtəlif cərəyanları yayan təşkilatlar bağlanılmış, xaricdə dini təhsil almağa gedənlərin sayında azalma olmuşdur). Proseslərin bu istiqamətdə getməsi, ölkə əhalisinin dövlətin dini sahədə apardığı fəaliyyətlə maraqlanmaması (buna səbəb onlar üçün müqəddəs sayılan anlayışlara dövlətin pis ya da yaxşı mənada təsir etməməsi olmuşdur) müəyyən qüvvələri hərəkətə gətirmişdir. Xarici qüvvələrin fəaliyyəti nəticəsində Azərbaycanda hicab problemi yaranmışdır. (Oxşar problemlər Türkiyədə də olmuşdur). Bunun nəticəsində də Azərbaycan cəmiyyətində ilk dəfə dindarla dövlət qarşı-qarşıya qoyulmuş, bir sıra həbslərlə nəticələnən aksiyalar təşkil edilmişdir. Daha sonra dindarların dövlət tərəfindən sıxışdırıldığı imici yaranmışdır. Yuxarıda yazdığımız islamofobiya anlayışı ardıcıl addımlarla Azərbaycana gətirilməyə çalışılmışdır. Müsəlman dövləti olmasına baxmayaraq sanki elə islamdan istifadə etməklə hansısa sonu bilinməyən proseslərin mərkəzinə Azərbaycanın gəlməsini kimlərsə istəməkdədir.

İslamın Azərbaycanda siyasiləşməsinin səbəbi?

Hazırda Azərbaycanda islamın siyasiləşməsi prosesi gedir. Əslində din dövlətdən ayrı olsa da dövlət dinsiz mövcud ola bilməz və bir çox məsələlərlə bağlı qərarlar verildikdə insanların dini inaclarının nəzərə alınması zəruridir. Azərbaycanda dindarlara əsas istiqamətverici qüvvə Qafqaz Müsəlmanları İdarəsi olmalıdır ki, o da öz fəaliyyətsizliyi ilə Azərbaycan dini mühitinə ağır zərbə vurur. Bu gün Azərbaycan dindarlarının ehtiyacı olduğu məsələ maarif məsləsidir, QMİ-də birbaşa buna cavabdehdir. QMİ nümayəndələri cəmiyyətdə nə qədər nüfuzludur? Sualına isə cavab vermək olmur. Bunun başlıca səbəbi idarə tərəfindən təyin olunan axundların pul çirkabı içində olması və dinin maarifləndirilmə hissəsini yaddan çıxarmalarıdır (bu hamısına aid deyil). Məscidlərdə istədiyini tapmayan dindar məsciddən kənarda istəklərinin axtarışına çıxır və müəyyən nüfuza, biliyə sahib şəxslərin pərəstişkarına çevilir və daha sonra siyasi islamın sosial bazasına çevrilir. Halbuki, məscidlərdə axundlar normal savada malik olub dini düzgün çatdırsalar bunlar baş verməyəcək. Nəticə etibarı ilə demək olar ki, islamın Azərbaycanda siyasiləşməsinin əsas günahkarlarından biri QMİ-dir. QMİ tez bir zamanda cəmiyyətdə ona inamı bərpa etmək haqqında düşünməli, savadlı və gənc axundların təyinatına diqqət göstərməli, Bakı İslam Universitetində sağlamlaşdırma işləri aparmalıdır.

Nə vaxtdan Qərb müsəlmanın hüquqlarının tapdalanmağına görə narahatdır?

Əslində qərb demək həmdə ikili standartlardan çıxış etmək öz məqsədinə görə vasitələrə haqq qazandırmaq deməkdir. Qərb üçün vahid strateji xətt yalnız qarşıya qoyulmuş məqsədlərə çatmaqdır və bu yolda düşmən, dost anlayışı yoxdur, sadəcə istifadə edə biləcəyi qüvvələr anlayışı vardır. Tunis, Liviya, Misir, Suriya kimi müsəlman ölkələri qərbin apardığı fəaliyyət nəticəsində elə hakimiyyətə müxalif islamçılar tərəfindən dağıdılmış və bu günə kimi proses davam edir. Sanki Azərbaycan gec də olsa bu proseslərə çəkilmək istəyir. Belə ki, uzun illər Azərbaycanda islamçıları İran, müxalifəti isə qərb dəstəkləyir ideyası mövcud olmuşdur. Lakin son dövrlər Azərbaycan müxalifətinin dindarlara marağı bu ideyanı alt-üst etmişdir. Müxalifət özünün sosial bazasının olmadığını və simalarının dəyişməyənə kimi bu bazanı yığa bilməyəcəyini gördükdə dindarları öz ətrafında cəmləmək üçün addımlar atmağa, Nardaran məhbuslarının məhkəməsində fəal iştirak etməyə başladı. Eyni zamanda Azərbaycanda dindarların hüquqlarının sıxışdırıldığı ilə bağlı bəyanat tipli yazılar qərb mətbuatında və rəsmi dairələrində yerləşdirilməyə başladı.

Bu zaman sual çıxır, qərb Yəməni və Fələstini görmür? Orda heç kimin hüquqları tapdalanmır?

Təbiiki orda baş verənlərdə qərb maraqlı deyil həmdə İsrail və Səudiyyə Ərəbistan qərbin daimi müttəfiqidir. Nəticədə burda hüquq məsələsinin əsas olmadığı maraq məsələsinin əsas olduğu hasil olur. Siyasiləşmə nə verəcək? Bu gün dünyaya üstən nəzər salsaq xristian dövlətlərinin bir-biri ilə demək olar ki, heç bir probleminin olmadığını, amma müsəlman dünyasında vəziyyətin fərqli olduğunu görərik. Səudiyyə Ərəbistan, İran, Türkiyə, Misir, Pakistan, İraq, BƏƏ-nin bir-birləri ilə qarışıq münasibətlər içərisində olduğu gün kimi aydındır. Münasibətlərin belə qarışıq olmasının səbəblərindən bir də islamdan siyasi maraqlar üçün yararlanmaqdır. Belə ki, yuxarıda göstərildiyi kimi müəyyən qüvvələr artıq uzun müddət əvvəl müsəlman dünyasının parçalanması üçün təriqət məsələsini qabartmış, islamı sadalanan mənfəətlər üçün siyasiləşdirmiş və təriqət məsələlərinə görə müsəlman dünyasını bir-birindən ayırmışdır. İslam dünyası bu gün hətda müsəlman dövlətinə aid hər hansı bir məslədə belə eyni baxışdan yanaşa bilmir. Azərbaycan həm xristian dövlətləri ilə münasibətdə, həm də islam dövlətləri ilə münasibətdə xarici siyasətinə görə digər islam dövlətlərindən fərqlənir və mövcud vəziyyəti uğurlu saymaq olar. İstər beynəlxalq güclərin İranla müharibə etmək istəyəndə Azərbaycanın açıq şəkildə öz ərazisindən istifadəyə yol verməyəciyini, Suriya məsələsində təmkin göstərməyini nümunə göstərmək olar. Əgər Azərbaycanda dindarlarla bağlı mövcud vəziyyət tez bir zamanda aradan qaldırılsa qərb və ona bağlı qüvvələr islamçılardan istifadə etməklə Azərbaycanda məqsədlərinə çata bilməyəcəklər. Gərginliyin yumşalması üçün amnistiya gözləniləndir. Zindanda olan dəyərli islam alimləri cəmiyyətimiz üçün gərəkli insanlardır. Onları ailələrinə qaytarmaqla valideynlərinə övladlarına xoşbəxtlik bəxş etmək, cəmiyyətə qaytarmaqla isə qeyri ənənəvi məzhəblərə qarşı onların elmindən istifadə etməklə dövlətə olan inamı bərpa etmək mümkündür. Həmçinin əvvəlki problemləri yenidən qabartmamaqla siyasi gərginliyi yumşaltmaq olar. Dindarlar elə seçim qarşısında saxlanılmamalıdır ki, Azərbaycan dövlətçiliyinə ziyan olsun. Yəni gərginlik qarşısında qalan vətəndaş siyasi çıxış yollarına baş vurmaq istəyir. Vəziyyətin bu cür olması Azərbaycanda dindarlar və dövlət arasında düşmənçilik yaratmaq istəyənləri tam razı salır.  Ən yaxşısı bu seçimləri yaradanların qarşısını almaqdır. Əgər vəziyyət bu cür olsa maraqlı qüvvələr tərəfindən mərhələ-mərhələ Azərbaycana təriqət problemi gətiriləcək, daxili münaqişələr yaradılacaq, ölkədə mövcud sakitlik abu havası zərər görəcək.

Nə etməli?

Bu gün kimlərsə Azərbaycan dövlətini islama qarşı dözümsüz göstərməyə çalışır. Dövlət-din-vətəndaş körpüsünü yandırmağa çalışanlar var. Buna məscidlərin sökülməsi, hicab problemi, son zamanlar yayılmış şayələri (“Hacı Cavad” və “Fatimeyi Zəhra” məscidinin sökülməsi barədə yayılmış şayələr) misal gətirmək olar. Hətda bəzən bilərəkdən və ya bilməyərəkdən hansısa məktəb direktoru, məscid rəhbərliyi, hökümət nümayəndəsinin fəaliyyətsizliyi və ya düzgün olmayan fəaliyyəti dövlət dindar münasibətinə mənfi təsir edir. Bu şəxslərin hansı məqsədlərə xidmət etdiyi sual doğurur? Kənardan baxdıqda dövlət ilə dindarlar arasında boşluq yarandığı görsənir. Bunu tam inkar etmək düzgün deyil amma boşluğu aradan qaldırmaq üçün hər iki tərəf səy göstərməlidir. QMİ-dən savadlı axundlar tələb edilməli, savadsız axunda göz yumulmamalı (ən azı həmin şəxsin öz üzərində işləməsini tələb etməlidir), məscidlər boş qalmamalıdır. Dövlət dini vəziyyətlə bağlı proseslərə vaxtında müdaxilə etməli, ən azı yayılmış şayələrə vaxtında aydınlıq gətirməli, DİN orqanları dindarlara münasibətdə sərt siyasətindən çəkinməlidir. Dövlət din sahəsindəki siyasətinə həssaslıqla yanaşmalıdır. Belə olan təqdirdə qərbin dindarlardan siyasi məqsədlər üçün istifadə etməsinin və bu istəyinin qarşısı alınacaqdır. 

Muxtar Rəhimov"

 

P.S. Qeyd edək ki, "Virtual müzakirə"yə təqdim olunan məqalələrdəki fikirlər İslamazeri.az-ın mövqeyini əks etdirmir.


"Virtual müzakirə": Azərbaycanda İslamofobiya mövcuddurmu?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya və İran: ABŞ-ın nüvə müqaviləsinə qarşı münasibəti məsuliyyətsizlikdir
    İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Amerikanın nüvə razılaşmasına qarşı münasibətini məsuliyyətsiz və gərginlik yaradan tendensiya kimi qiymətləndirib.
     20.10.2017
    11 yaşlı qız ABŞ-ın ən gənc alimi oldu - FOTO
    Qitancali Rao bu ilin 3M Gənc Alim Yarışmasını qazanaraq ABŞ-ın bu mükafatı alan ən gənc alimi olub.
     20.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ