1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:13.01.2019 23:51:15

Bu gün muxtar respublikanın ərazisində yerləşən tarixi-mədəniyyət abidələrindən 140-dan çoxunu ziyarətgahlar təşkil edir.

Bu gün muxtar respublikanın ərazisində yerləşən tarixi-mədəniyyət abidələrindən 140-dan çoxunu ziyarətgahlar təşkil edir. Bunlar arasında imamzadələrin özünəməxsus yeri var.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.

Məlumdur ki, “İmam” kəlməsi ərəb dilindən tərcümədə rəhbər, başçı, öndə duran mənalarını ifadə edir. İslam dünyasında Məhəmməd Peyğəmbərdən sonra dini rəhbər funksiyalarını yerinə yetirən və bu müqəddəs insanın nəslindən olan şəxslər imam adlandırılıblar. Tarixdən məlumdur ki, həmin imamlar Abbasi xəlifələri tərəfindən daim təqib olunub, bu səbəbdən də onların övladları təqibdən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana pənah gətiriblər. Səfəvilər dövründə imamlar ilə bağlı olan ziyarətgahların üzərində türbələr inşa edilib. Təsadüfi deyil ki, Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadələr də Səfəvilər dövründə tikilib.

Xanlıqlar kəndindəki İmamzadə

Tədqiqatçıların fikrincə, Şərur rayonunun Xanlıqlar kəndində yerləşən İmamzadə türbəsi XVI əsrə aiddir. Əvvəllər binanın daxilində bir məzar və daş kitabə olub. 1928-ci ildə tədqiqatçılar kompleksdə olarkən qəbrin üzərində ərəb əlifbası ilə “İbrahim ibn Musa” yazıldığını müəyyənləşdiriblər. 1988-ci ildə nəşr olunmuş “Xanlıqlar İmamzadəsi” adlı məlumat kitabçasında da bu məzarın yeddinci İmam Musa Kazımın oğlu İbrahimə məxsus olduğu yazılıb. Naxçıvan şəhərində yaradılmış ilk Diyarşünaslıq Muzeyindəki əlyazmalarda və elmi-tarixi məqalələrdə, həmçinin Bakıda nəşr olunmuş “Azərbaycanı öyrənmə yolu” adlı məcmuədə, Hüseyn Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin “Şərur dairəsinə səyahət haqqında qeydlər” sərlövhəli məqaləsində də yuxarıdakı faktlar təsdiqlənir.

2016-cı ildə Xanlıqlar kəndində muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilən “Parçı İmamzadəsi” bərpadan sonra bənzərsiz sənət nümunəsi kimi diqqəti çəkir. Son illər muxtar respublika ərazisindəki dini-mədəni abidələr və ziyarətgahların bərpa olunması, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə diqqət yetirilməsi bu abidənin də yenidən həyata vəsiqə almasına şərait yaradıb. Onu da qeyd edək ki, İmamzadənin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Qədim İmamzadə türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb.

İmamzadə yüksək bədii sənətkarlıq, memarlıq xüsusiyyətlərinə malik bir abidə kimi bu bölgənin hələ çox qədim dövrlərdən etibarən mühüm mədəniyyət mərkəzi kimi inkişaf etdiyini, burada yerli memarlıq məktəbi ənənələrinin formalaşdığını sübut edir. Çünki böyük bir tarixi dövr ərzində yüksək sosial, iqtisadi, siyasi və ən əsası isə mədəni tərəqqisi ilə seçilən Naxçıvanda məhz belə mükəmməl sənət nümunələrinin yaradılması təsadüfi xarakter daşımayıb. Xanlıqlar kəndindəki İmamzadə abidəsi xalqımızın etnomental dəyərləri, dini baxış və təsəvvürlərini, inanclarını, etnopsixoloji və əxlaqi münasibətlər sistemini, bir növ, özündə təcəssüm etdirən mühüm bir ziyarətgahdır.

Xanlıqlar kəndindəki İmamzadənin unikallığını şərtləndirən mühüm göstəricilər sırasında ən önəmli keyfiyyətlərdən biri də onun yalnız türbə kimi mövcudluğunu məhdudlaşdırmamasıdır. Daha dəqiq ifadə etsək, bu abidə bütöv bir dini-mədəni və tarixi memarlıq kompleksidir. İmamzadənin bərpası zamanı abidənin orijinallığı qorunub saxlanılıb, ümumi memarlıq ansamblı xüsusi diqqətlə mühafizə edilib.

İmam Rzanın oğlunun dəfn edildiyi məkan

Naxçıvan şəhəri ərazisindəki İmamzadə türbəsi özündə qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir. Belə ki, VIII-IX əsrlərin qovşağında Azərbaycan ərazisində xalq tərəfindən yeni qəbul edilmiş İslam dini və müsəlman mədəniyyəti elementləri insanların, xüsusilə də sənətkarların, memarların şüuruna kor-koranə surətdə hopmayıb. Qədim mədəni-mənəvi dəyərlərin bu yeni xüsusiyyətlərlə zənginləşməsi sayəsində əvvəlki abidələrdən daha fərqli, möhtəşəm və həmin dövr üçün yenilikçi xarakterli sənətkarlıq nümunələri meydana gəlib.

“Naxçıvan Abidələri Ensiklopediyası”nda Naxçıvan şəhərinin cənub-şərq hissəsində yerləşən İmamzadə Kompleksinə daxil olan İmamzadə türbəsi haqqında ətraflı məlumat verilir. Aşağıdan kvadrat şəkildə inşa edilən abidənin yuxarı hissəsində, silindrşəkilli gövdəsində memar çox ustalıqla qırmızı rəngli bişmiş kərpicləri üfüqi, tünd bənövşəyi kaşılı kərpicləri isə şaquli şəkildə simmetrik düzərək Bərdə türbəsində olduğu kimi, xalını xatırladan bəzək ünsürü və Kufi xətlə dəfələrlə təkrarlanan epiqrafik motiv - “Allah” sözü yaradıb. Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir vardır. Qəbrin üzərində epitafiya, məzar kitabəsi olmadığı üçün onun kimə aid olduğu haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq şəhərin yaşlı əhalisinin söylədiyinə görə, bu qəbirdə şiələrin səkkizinci İmamı olan İmam Rzanın oğlu dəfn edilib. Epiqraf alim İ.Əzimbəyovun keçən yüzilliyin iyirminci illərində yazdığına görə türbənin şimal-qərb tərəfində Nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabənin mətnindən məlum olur ki, bu imarətin tikilməsini böyük xaqan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı həzrət Rufai bəy əmr edib. Kitabədə tarix qeyd olunmasa da orada vurğulanan “Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında” sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Belə ki, Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-1732-ci illərdə hakimiyyətdə olub. Deməli, türbə XVIII əsrin 20-ci illərində inşa edilib.

İmamzadə Kompleksində aparılan təmir-bərpa işləri onun gözəlliyinə gözəllik qatıb.

Nehrəm İmamzadəsi

İmamzadə türbələrindən biri də Babək rayonunun Nehrəm kəndində yerləşir. XVIII əsrə aid memarlıq abidəsi olan türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək gəlib çatıb. Nehrəm İmamzadəsi türbə, təkyə və yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasındadır. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci İmamı Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.

Bu gün el arasında Nehrəm imamzadəsi kimi tanınan ziyarətgah əsaslı şəkildə bərpa edilib.

Bu tip abidələr haqda onu da qeyd etmək olar ki, belə məkanların vəqfləri də olub. Xeyriyyə məqsədilə fəaliyyət göstərən vəqflərin gəliri isə “təamiyyə”, “təvliyyət”, “qurban”, “türbədarlıq”, “cibayət”, “fərraşiyyə” şəklində təmənnasız olaraq insanların, ehtiyacı olanların tələbatlarının ödənilməsinə sərf edilib.

Məhz Naxçıvan şəhərində, Nehrəm kəndində və Xanlıqlar kəndindəki tarixi abidələrin möhtəşəmliyi müqəddəs dini məkanlarımızın – İmamzadələrin yalnız ibadətgah və ziyarətgah kimi deyil, həm də onların böyük bir tarixi dövr ərzində dəyərli elm, təhsil, ürfan mərkəzləri olaraq fəaliyyət göstərməsini sübuta yetirir. Təsadüfi deyil ki, hələ orta əsrlərdən etibarən bu cür müqəddəs məkanlar gənc nəslin təlim və tərbiyə olunması, onların dini elmlərlə yanaşı, fundamental dünyəvi elmləri də dərindən mənimsəmələrinə, geniş dünyagörüşlü şəxsiyyətlər kimi düzgün formalaşmalarına şərait yaradan mərkəzlər olub. Eyni zamanda, İmamzadələr o dövrdə məscid və digər ibadət yerləri kimi yüksək intellektual səviyyəyə, müfəssəl elmi-nəzəri biliklərə, həqiqi ali insani dəyərlərə sahib olan əsl ziyalı şəxsiyyətlərin, Naxçıvanın sayılıb-seçilən ağsaqqallarının, din-iman əhli olan insanların toplaşaraq fikir mübadiləsi, elmi müzakirələr apardıqları əvəzsiz mərkəzlər rolunu oynayıblar.


Naxçıvanın müqəddəs ziyarətgahları - imamzadələr

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ