1. http://www.islamazeri.az/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:02.11.2016 13:38:32

"Əslində mən kinonun bir risalət, bir misiyya olduğuna inanıram, bu yolla Allahın mesajını digər insanlara və toplumlara çatdırmaqda vasitə olsun"

Məcid Məcidi: "“Əgər peyğəmbərlərin gəlişi davam etsəydi, güman edirəm ki, onların istifadə edəcəkləri əsas dil ya kino, ya da media dili olacaqdır ki, mesajlarını bu yolla topluma çatdıra bilsinlər. Əslində mən kinonun bir risalət, bir misiyya olduğuna inanıram, bu yolla Allahın mesajını digər insanlara və toplumlara çatdırmaqda vasitə olsun"

Son günlər, daha dəqiq desək, 28 oktyabrdan Türkiyədə nümayişinə başlanılan “Allahın Elçisi Məhəmməd (s)” filmi yenidən gündəmin əsas mövzularından birinə çevrildi. Filmin Türkiyədə hələ 2015-ci ilin dekabr ayının 29-dan nümayişinə başlanılması gözlənilsə də, bu 10 ay yubandı. Lakin sonda bu bənzərsiz sənət əsəri Türkiyə izləyicilərinə də qovuşdu. Azərbaycanda da filmi izləmək arzusunda olan xeyli sayda insan olsa da, hələ ki, filmin ölkədə nə zaman nümayiş olunacağı bəlli deyil.

Filmin Türkiyə kinoteatrlarından nümayişinə başlanması ilə film ətrafında qismən səngiyən müzakirələr də bir anda yenidən qızışdı. Minlərlə tərif dolu sözlərlə yanaşı İslama nifrət və kinini gizləyə bilməyən təkəm-seyrək islamofoblar filmin təhlükəli olduğunu, uşaqlara belə tövsiyə etməyənlər, onun əxlaqsız filmlərdən daha təhlükəli olduğunu iddia edənlər oldu. Bu tənqidlərə heç bir fikir bildirmədən sizi birbaşa bu bənzərsiz sənət əsərinin rejissoru, dünyaca tanınmış İran rejissoru Məcid Məcidinin öz dilindən filmi haqqında Maide.Az-a dedikləri ilə tanış olmağa dəvət edirəm. Onun açıqlamaları ilə tanış olduqda, filmin müsbət anlamda niyə bu qədər əks-səda doğurduğunu, kimlərin bu filmin nümayişinin qarşısını niyə almaq istədiyini daha yaxşı anlamış olacaqsınız. Eyni zamanda M.Məcidinin belə bir filmi çəkməsinə hansı hadisənin səbəb olduğunu onun özündən öyrənmiş olacaqsınız.

Mənə görə isə M.Məcidi çağdaş dünya kinomatoqrafiya tarixinin qəhrəmanıdır. Onunla birgə olduğum görüşdən aldığım təssüratım belədir. Aşağıda tanış olacağınız açıqlamalarında M.Məcidi filmlə bağlı ona verilən ən çeşidli sualları cavablandırıb. Filmin çəkilişində hansı üslublardan istifadə edib, sənətdə hansı dildən istifadə edir, qatıldığı kino festivallar, aldığı mükafatlar, filmə edilən etirazlar və bu etirazlara özünün münasibəti və sair mövzularda Məcid Məcidinin baxışları tanış olmuş olacaqsınız.

Sənət sənət üçün, yoxsa cəmiyyət üçündür?

“Əgər peyğəmbərlərin gəlişi davam etsəydi, güman edirəm ki, onların istifadə edəcəkləri əsas dil ya kino, ya da media dili olacaqdır ki, mesajlarını bu yolla topluma çatdıra bilsinlər. Əslində mən kinonun bir risalət, bir misiyya olduğuna inanıram, bu yolla Allahın mesajını digər insanlara və toplumlara çatdırmaqda vasitə olsun. Məncə, ən böyük sənətkar elə Allahın (cc) özüdür ki, hər şeyi yoxdan var etmişdir və bu mərhəməti ilə bu dərin mənanın bir damlasının insanoğluna, xüsusilə də sənətkarlara bəxş edərək bu mənanın sənət vasitəsilə digər insanlara çatdıra bilsin. Bu əslində Onun (cc) rəhmətidir.
Mənim üçün sənət həmişə bir çatdırma vasitəsidir. Hamınız da müşahidə etdiyi kimi, mən bütün filmlərimdə hadisələrə insani dəyərlərdən yanaşıram. Humanist olmaq dərin mənada mərifət və irfanla hərəkət edərək mümkün ola bilər. Dolayısı ilə mən kinonu və ya sənəti öz baxışımdan belə dəyərləndirirəm; İnsanın daxilindəki o dərin mənanın, irfanın aşkara çıxarılması və digər insanlara çatdırılması.”

İran Kinomataqrafında yeni üslub - Fitrət dili

“Bizim İslam aləmi və ya İran kinomatoqrafiyasında üslub olaraq bizi önə çıxaran nəsnə mahiyyətdir. Yəni bizdə elə bir mahiyyət, elə bir hekayə vadır ki, bu dərinlik və zati məna olaraq ifadə edilir. Bu dərinlik texniki imkanlara qalib gəlir, onun üzərində qələbə çalır. Biz nə vaxt daxili aləmimizi kəşf edə bilsək, mövzularımızı, onların tərkibini güclü hazırlaya bilsək, bu olanların da sərhəddini aşıb Qərb insanının da təsirləndirəcəkdir. Misal üçün, biz bir fitrət dilini irəliyə çıxarmalıyıq, çünki əslində bu dil ilahi dildir. Fitrət dili deyərkən, mən, məsələn, fədakarlığı, mərhəməti, ədaləti nəzərdə tuturam. Əslində bunlar bütün insanların fitrətinə uygun bəşəriyyətin mirası olan dəyərlərdir. Əgər biz fitri bir dil ortaya qoya bilsək, dolayı yolla biz bütün insanlarla əlaqə qurmuş oluruq. Çünki bütün insanlar fitrət əsasında yaradılmışdır və burada mütləq onlara toxunan bir nöqtə olacaqdır. Bizim çalışdığımız belə bir niyyətdir və bunun əsasında kinomatoqrafiya qurmaqdır. Bu zaman insanlara yetişə bilən bir hekayəni təmin edə bilərik”.

Sənətkar və siyasət

“Təqribən 8-9 il bundan əvvəl Danimarkada bir film festivalında mənim filmim nümayiş olunacaq və mənə bir mükafat verilməli idi. Səfərə çıxmağıma bir neçə gün qalmış Həzrəti Peyğəmbərimizlə (ə) bağlı rəzil karikatura hadisəsi meydana gəldi. Mən təyyarə biletimi alsam da, bu hadisədən sonra şübhəyə düşdüm. Mənim etiqadımla oynanılmış, mənim müqəddəs bildiyim insanın hər hansı yolla alçaldılmasına çalışılmış və mən də onlardan mükafat alacaqdım. Bunu özümə yaraşdırmadım və festivala belə bir məktib yolladım; “Dəvətiniz və diqqətinizə görə çox təşəkkür edirəm. Ancaq mənim üçün ən dəyərli insan olan Həzrəti Peyğəmbərimizə (s) qarşı edilmiş bir həqarət var, bir hücum var və bunu həzm edə bilmirəm. Təəssüf ki, mən gələ bilməyəcəyəm və sizin tədbirdə iştirak edə bilməyəcəyəm”.

Sonra bunu düşündüm; “Mən bu məktubu yazdım və etiraz etdim, bəs sonra nə olacaq?. Bununla kifayətlənmək lazımdırmı?” Bu, filmlə bağlı ilk damlalar oldu, ilk suallar, filmlə bağlı ilk toxumlar o zaman ağlıma gəldi. Və filmin əsasını o zaman qoymağa başladım. Sonra “əgər mən həqiqətən də İranda bir müsəlman olaraq dünyaya gəlməsəydim, Qərbdə yaşasaydım və İslamın Qərb mediasında göstərildiyi kimi görmüş olsaydım, İŞİD-i, Talibanı, çəkilən karikaturaları, İslamofobiyanı, digər xüsusiyyətləri görmüş olsaydım, görəsən İslamla bağlı nə düşünərdim” -deyə düşünməyə başladım. Sonra bütün bu narahatlıqları düşünərkən belə bir qənaətə gəldim ki, boşluqlardan biri də İslam dünyasında, bizdə, müsəlmanlardadır. Bizlər öz toplumlarımızda belə öz Peyğəmbərimizi (s) dəqiq, doğru şəkildə tanıda, anlada bilmədiyimiz halda bunu necə qərblilərə, yaxud da digərlərinə anlada bilərdik?! Davamlı bu barədə düşünə-düşünə belə bir qərara gəldim. Bu dediklərimi bir nümunə ilə izah edim. Məsələn, 1400 il əvvəl Həzrəti Rəsulallah (s) qadına necə azadlıq qazandırıb, diri-diri torpağa basdırılan varlıqdan anaya, ayaqları altında cənnətin olduğu bir ucalığa gətirmiş oldu. Qadını çox dəyərli bir məqama yüksəltdi. Amma hal-hazırda Məkkə və Mədinənin yerləşdiyi Səudiyyə Ərəbistanında qadın səs vermək hüququndan tutmuş sürücülük hüququna kimi bir çox haqlara malik deyil. Dolayısı ilə hələ biz müsəlman ölkələri belə Quranı, müsəlmanlığı aydın şəkildə tanımamışıq. Nəticədə, “mən sənətçi olaraq, bir rejissor olaraq bir şey etmək, aləmlərə rəhmət olan Peyğəmbərimi (s) doğru şəkildə anlatmalıyam” -deyə düşündüm".

Sənətçi və təvazö

“Mümkün qədər bu ağır məsuliyyətin altına girməyə çalışdım və təbii ki, müvəffəq olduğumu söyləyə bilmərəm. Həzrəti Peyğəmbərimiz (s) bir okeandır, mən ondan ancaq bir damla, bir qətrə göstərə bildim. Hətta, bəlkə də heç onu da nümayiş etdirə bilməmişəm. Bunun üçün əlimdən gələni etdim. Digər insanların da Həzrəti Peyğəmbərimizi (s) doğru anlaması üçün səy göstərdim.

Filmin çəkilişi təqribən 7 il çəkdi. Bu illərdə Qum və Tehran şəhərləri arasında rəmzi Məkkə və Mədinə şəhərləri tikildi. Bu çəkiliş meydançaları bundan sonra 30-40 il ərzində də istifadə olunacaq səviyyədə tikildi. Sonrakı illərdə çəkilişlər və digər işlər davam etdi. Bu flmdə biz hər biri öz sahəsinin dünyadakı ən yaxşı mütəxəssisləri ilə işlədik və ən yüksək keyfiyyətdə ola biləcək bir filmi ortaya çıxarmağa çalışdıq. Amma bununla yanaşı İslam aləminin bu gün bu film üçün nələr etdiyini bilmək istəsəniz, deyim ki, Misir və Səudiyyə Ərəbistanı onu qadağan və haram elan etdilər. Həm də heç filmə baxmadan”.


Cəsarətli sənətkarın düşüncəsi və düşündüyü nəsnə

“Bəli, mən Allahın Elçisi Məhəmməd (s)” filminin ən yüksək keyfiyyətdə işlənməsi üçün əlimdən gələni etdim, amma bəzi müsəlman ölkələri filmə maraq göstərmədilər. Əslində bu, niyə belə bir vəziyyətdə olduğumuzu göstərən faktdır. Belə bir vəziyyətdə Həzrəti Rəsulullahla (s) bağlı indiyə qədər niyə ancaq 2 filmin çəkilməsinin səbəbləri aydın olur.

Bu filmi çəkməkdəki məqsədimiz xüsusilə də bu olmuşdur ki, İslam aləmindəki fikir ayrılıqlarına son qoyaq və vəhdəti təmin edək. Bu nəticəni əldə edə bilmək üçün çəkiliş zamanı Həzrəti Rəsulullahın (s) həyatına dair həm sünni, həm də şiə alimlərinin ən kiçik şübhə oyandıra bilməyəcək, mübahisə doğurmayacaq kitablarından istifadə etdim. Əsas hədəfim bu idi ki, İslam dünyasındakı bu gərginlik və fikir ayrılıqları aradan getsin. Bu həssas məqamları nəzərə alaraq 2-2.5 saatlıq filmdə Həzrəti Peyğəmbərin (s) uşaqlıqdakı üzünü belə göstərmədim, yenə də İslam dünyasından etirazlarla qarşılaşdım. Bu filmi qadağan edən və ya haram bilən üləma din, rəhmət, lütf, ruhaniyyətlə bağlı, insanın ilahi bir məqama çatmasını qətiyyən istəməyən bir üləma bu gün İslam adına insanları qətlə yetirən, baş kəsən və terrorlar həyata keçirən terror təşkilatları ilə bağlı heç bir fətva vermir, heç bir söz demirlər. Sonra dəfələrlə özümə sual verdim ki, bu insanlar nədən narahatdıalr, onların dərdi nədir? İslammı? Bu qədər zərbə dəyən Həzrəti Peyğəmbərə (s) həqarətlər edilir, bu insanlar bir addım atmırlar. Və “bunların dərdi ayrı məsələdir” -deyə düşünməyə başladım. Filmə belə reaksiya verən üləma İslam dünyasına bu qədər zərər vuranlarla bağlı, məsum insanlara bu qədər zülm edənlərə qarşı heç bir söz söyləmirlər, bunun qarşısını almırlar. Sonra bu filmi çəkmək barədə düşündüm və bu qərarı verdim. Bunlar İslamın yalnız adını oğurlayıblar və onu öz nüfuzları, siyasi dividentləri uçun istifadə ediblər. İndi də bu addan bu məqsədlər üçün istifadə etməyə davam edirlər”.


“Peyğəmbərimizin (s) müharibə haqqında dedikləri yazılaraq BMT-də asılmalıdır”

“İslam dünyasında yaşanan müharibələrdən çox narahatam. Həzrəti Peyğəmbərin (s) məcbur qalmadıqca öz arzusu ilə heç bir müharibə etmədi, döyüşməmək üçün müqavimət göstərdi. Hamınız İslam tarixini bilirsiniz. Həyatı boyu müharibə əleyhinə olan Həzrəti Peyğəmbər (s) ilkin olaraq qarşı tərəflərlə mübahisəni sülh yolu ilə həll etməyə çalışmışdır. Hətta böyük müharibələri belə xatırlayın, yenə də mümkün qədər müharibəni ilk başlayan şəxs olmamağa çalışıb. Deyək ki, bu səylər alınmadı, müharibə baş tutdu, o zaman müharibə zamanı və sonrası üçün də verdiyi qərarlarına, atdığı addımlara baxaq. “Bir yerlə müharibə etdiyiniz zaman oranın ağaclarına zərər vurmayın, sularını çirkləndirməyin, quşlara zərər vurmayın və onları öldürməyin. Yaşlılara, uşaqlara, qadınlara əziyyət verməyin, onlara mərhəmət edin. Əsir aldığınız an əsirlərə zülm etməyin. Özünüz nə yeyirsinizsə, əsirə də ondan verin. Bu əsirlərdən hər hansı biri sizə bir şey öyrətsə, onu azad edin”.
Bunu düşünmək lazımdır ki, əgər Həzrəti Peyğəmbərimiz (s) müharibə başladığı zaman bunları bizə tövsiyə edirsə, o halda niyə müharibə edirik? Peyğəmbərimizin (s) müharibə haqqında dedikləri bir lövhəyə yazılaraq BMT-də asılmalıdır, bunları bizim Peyğəmbərimiz (s) dünyaya öyrətdi. Bu qaydaları bizim dinimizin Peyğəmbəri (s) dünyaya gətirdi. Məncə, bütün bunlar İslam dünyası üçün düşünülmüş xüsusi oyundur, Qərb bəzən İslam aləmindən sui-istifadə edərək bu oyunları oynayır. Bəzən İslamı belə başkəsən, qətl edən olaraq göstərmək onların əsas məqsədi olur və təəssüf ki, bəzən bizlər buna alət oluruq.

İslam ölkələrinin bu oyunlara qarşı diplomatik, siyasi və digər sahələrdə daha təsirli addımlar ata biləcəyini sanmıram. Amma mədəniyyət və sənət istisnadır. Sənətin dili sərhədləri, ölkələri aşan bir imkana malikdir və bununla mütləq hər bir insana sözünüzü çatdıra, onun qəlbinə daxil olub ön mühakimələrinin qarşısını ala bilərsiniz. Bu film vasitəsilə Avropaya, Afrikaya, dünyanın 30-40 ölkəsinə səfər etdim. Müxtəlif dinlərdən, müxtəlif dünyagörüşlü insanların, hətta ən layiq toplumlara qədər bu filmin nümayiş olunduğu yerlərdə ciddi şəkildə onların dünyasına girə bildiyimi gördüm. Bu filmin onlar tərəfindən qəbul edildiyini gördüm. İnşaallah, bu film bizə yol açan bir film olar, bu sahədə İslamla, İslam tarixi ilə bağlı daha çox gözəl flmlər çəkərək digər insanlarla, milllətlərlə ünsiyyətə girərik, beləliklə də bütün dünyaya İslamın mesajını çatdırmış olarıq”.

Sənətdə mühafizəkarlıq

“Mən kinoda fitrət dilindən istifadə edilməsi yolunu seçirəm. Bu fitrət dili ilahi bir dil olaraq da dəyərləndirilə bilər. Misal üçün, bir atanın bir uşağa məhəbbətini anladacaqsan, bunun ilahi olmadığını, dini olmadığını kimsə deyə bilməz. Bu bəşəri bir dəyərdir və sənət harda olursa-olsun, bəşəri dəyəri üzə çıxarmalıdır. Bunu adlandırmaqda nöqsan ola bilər, məsələn, siz deyə bilərmisiniz ki, hal-hazırda Allahın olmadığı başqa bir yer də vardır? Belə bir imkan mövcud deyil. Dolayısə ilə dinin olmadığı yer də yoxdur. Buna görə də əgər bir insan bir şeyi izah edirsə, mütləq bu onsuz da dinin içindədir. Həyatımızın hər mərhələsi dinə qayıdır”.

İran kinomatoqrafiyası hansı dillə danışdı ki, bu uğurlara yiyəl“Bu dili bir kəlmə ilə ifadə etməli olsaq, bu, kimlik dilidir. Çünki kimlik dili bir xalqın ən həzin dilidir. Əgər bir keçmişə, ənənəyə, mədəniyyətə malikdirsə, o zaman o xalqın dili onun üçün həzin dildir. O millətin hər cür insanı vardır və kimlik müstəqil olaraq millətin malı olarsa, o xalqın faydasına olar, bu fayda özünü biruzə verər”.

Türkiyə kinomatoqrafiyasının durumu

“Gördüyüm qədəri ilə, xüsusilə də seriallar üzərindən fikir yürüdərsək, bu seriallardakı heç bir obrazda Türkiyənin öz əslinə, mədəniyyət və kültürünə dair dəyərləri ehtiva etməməkdədir. Halbuki Türkiyə şeiri ilə, ədəbiyyatı, kültürü və tarixi ilə çox zəngin bir mədəniyyətə malikdir. Bunu göstərə biləcək imkanlara da malik ikən bambaşqa bir mənzərə görürük. Və mən qorxuram, əslində Türkiyə özü öz başına oyun açır?! Bu, Türkiyənin öz mədəniyyətini məhv edir. Ailə arasındakı ikili münasibətlər necə belə bərbad edilə bilər? Bu mənada Türkiyənin çox yaxşı rejissorlarının olmasına baxmayaraq, özünə xas irsin və mədəniyyətin əsərlərində əks olunmadığını görürəm”.

“Allahın Elçisi Məhəmməd (s)” filminin ecazkar musiqisi

“Bu illər ərzində Rəhmanla tanış oldum, onun bir çox kino müsiqiləri ilə tanış oldum və bəyəndim. Sonra bu filmin müsiqisi barədə danışdıq. Mənə görə, bu filmin ruhuna uyğun çox yaxşı işlər gördü və filmin mahiyyətinə uyğun musiqilər bəstələdi”.

İslam dünyası və Hollivud kinosu

“Amerika imperializminin təzyiqləri ilə kinoda Hollivudun önə çıxması normal görünə bilər. Amma günümüzdə İslam aləminin də bunun qarşısına çıxa biləcək istedada malik olub-olmaması da beyinlərdə sual yaradan mövzulardan biridir. Bəs İslam aləmi beyin yuyan Hollivud qarşısında nə edə bilər? Hər ölkə öz kinosunu inkişaf etdirib öz filmlərinin müştərisi ola bilərsə, öz əsərlərini istehlak edərsə, bu ciddi mənada böyük bir inkişaf olar. Bu vəziyyət İslam kinamatoqrafiyasına böyük töhfə olar. Ancaq bütün filmləri xaricdən alarsa, əksəriyyəti də Hollivud fimləri olarsa, təbii ki, belə bir vəziyyətdə heç bir iş görülə bilməz. İran bu məsələdə İslam İnqilabından sonra çox ciddi bir qərar qəbul etdi, kommersiya və xarici filmlərin bir çoxunu, hətta əksər hissəsini ölkəyə buraxmadı. Bu da istər-istəməz İran milli filmlərinin dəyər qazanmasına və çətin durumda olan yerli rejissorların məişətlərini təmin etməyə yardımçı oldu. Eyni zamanda bu addım İran sənətinin və kinosunun yüksəlişinə səbəb oldu. Ən böyük addım məncə, buradan başladı. Bizim öz kinomuza ayrıca dəyər verilməsi, xüsusilə də dövlət dəstəyinin çox hissəsinin yerli filmlərə ayırmalıdır ki, öz kinomuza malik ola bilək.

Bütün inqilablarda olduğu kimi, məsələn, Rusiya və yaxud da Fransa inqilablarında da olduğu kimi, inqilabdan sonra gənclərdə ciddi inkişaf potensialı, yeni bir hərəkətlənmə olur. Bu potensialın böyük hissəsi sənətə yönəldilir və o ölkənin gəncləri sənətdə ortaya ciddi əsərlər qoya bilirlər. İranda da təbii ki, belə oldu. Və yeni bir baxışla bu enerji gənclər baxımından dəyərləndirildi”.

1976-cı ildə suriyalı əsilli amerikan ssenarist-rejissor Mustafa Akkadın çəkdiyi “Çağrı” filmindən sonra əziz İslam Peyğəmbərinin (s) həyatına dair hər hansı film çəkilməmişdi. Düz 40 il sonra M.Məcidin səyi ilə “Allahın Elçisi Məhəmməd (s)” filmi ortaya qoyuldu. Təbiidir ki, bu film haqqında mübət və mənfi tonda hələ çox danışılacaq. Lakin hər ikisi bənzərsiz olan bu filmlərin köklü fərqi bu məqamdadır; “Çağrı” filmində sevgili Peyğəmbərimiz (s) döyüşlər, müharibələr üzərindən anladılarkən, “Allahın Elçisi Məhəmməd (s)” filmində bu bənzəsiz şəxsiyyət məhəbbət, ülfət və əxlaq üzərindən insanlara tanıtdırılır.

Məcid Məcidinin “Sərçələrin nəğməsi” adlı filmi 2008-ci ildə Hindistan Beynəlxalq Film Festivalının açılış filmi olub. Yenə həmin ilin yayında Çində təşkil edilən 2008-ci il Yay Olimpiya Oyunlarında Çin hökuməti tərəfindən dəvət edilən M.Məcidi bu nüfuzlu idman yarışında paytaxt Pekinin tanıtımı üçün bir sənədli film çəkib. Peyğəmbərimizə (s) istinad edilən karikaturaların yayınlandığı Danimarkaya etiraz edərək bu ölkədən gələn təklifli rədd edib, Danimarka Film Festivalını boykot edib. O, “Cənnət uşaqları”, “Yağış”, “İlahi rəng”, “Sərçələrin nəğməsi” kimi Azəarbaycan izləyicilərinə də yaxşı tanış olan və tanış olmayan bir sıra digər filmlərə rejissorluq edib.

Maide.az üçün hazırladı:
Araşdırmaçı-yazar Mehdi Fərəc


Məşhur rejissor Məcid Məcidi Azərbaycan mediasına eksklüziv açıqlama verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Heydər əl-Abadi:
    İraqın baş naziri Mosulun tam olaraq azad olunmasıyla bağlı bəyanat yayıb.
     19.01.2017
    “Nurəddin əl-Zəngi” terrorçularının hərbi lideri məhv edildi - FOTO
    Suriya ordusu və Rusiya hərbi təyyarələri onlarla terrorçunu məhv edib.
     19.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ