EURO 2,0152 NEFT 63,74
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:24.12.2016 14:18:37

Beləliklə, təkcə bu sənəddən aydın olur ki, 1843-cü ilədək Azərbaycan ərazisində yaşayan seyid ailələrinin əksəriyyətinin soy-kökləri araşdırılıb və vahid siyahı halında Zaqafqaziya diyarının baş rəisinə təqdim edilib. Məlumat üçün onu da bildirək ki, Azərbaycanda soy-kökləri təsdiqlənmiş seyid ailələrinin ən çox məskunlaşdığı ərazilər Naxçıvan, Şirvan, Lənkəran və Qarabağ bölgəsi olub...

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Azərbaycanda “vəhhabilər”in (“sələfilər”in) ironik və sərt tənqid ruhunda “şirkə aparır”  ittihamı ilə üzərinə gəldiyi məsələlərdən biri və bəlkə də birincisi “seyidlik” mövzusudur.

 

Azərbaycanda bu mövzu haqda səhih bilgi və ədəbiyyat olmadığından seyidlər haqqında yanlış təəssürat yaradılmasının qarşısını almaq məqsədilə çalışmışıq ki, bu məqalədə “seyidlik nədir”, “kimlər seyid sayılır”, “seyidlərin İslam tarixində rolu nədən ibarətdir”, “Azərbaycana seyidlər niyə və necə gəliblər”, “seyidlik niyə bütün xristian dövlətlərin öyrənmək və qarşısını almaq istədiyi məsələyə çevrilib” və s. bu kimi suallara elmi mənbələrdə olan məlumatlar və apardığımız araşdırmalar əsasında cavab tapaq.

 

Seyidlər kimlərdir?

 

İslam tarixindən, eləcə də əsrlərdən əsrlərə ötürülərək günümüzədək gəlib çatan rəvayətlərdən məlum olur ki, seyidlər əsas etibarilə sonuncu peyğəmbər Məhəmmədin (s.) soyundan olan kəslərə deyilir. Tanınmış şərqşünas və tarixçi alim, “Qurani-Kərim”in dilimizə tərcüməçilərindən biri olan və Xilafət dövrünün, o cümlədən Azərbaycanın VII-XIII əsrlər tarixinin ən yaxşı tədqiqatçılarından sayılan mərhum akademik Ziya Bünyadov “Dinlər, təriqətlər, məzhəblər” adlı ensiklopedik soraq kitabında “seyid” sözünün ərəbcədən tərcümədə “ağa” demək olduğunu və “Məhəmməd Peyğəmbərin nəvəsi Hüseynin nəslindən olan müsəlmanların ünvanı” kimi göstərildiyini qeyd edib. Digər elmi mənbələrdə də “seyid” sözünün ilkin orta əsrlərdə ərəblərdə tayfa aristokratiyasının nümayəndələrinə hörmət, ehtiram əlaməti olaraq işlədilən müraciət forması olduğu və “ağa”, “tayfa başçısı”, “möhtərəm”, “cənab” mənalarında işləndiyi, sonradan isə “Məhəmməd Peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu”na çevrildiyiyazılıb.

 

Bəs Məhəmməd Peyğəmbərin (s.) nəsli necə və kimlər vasitəsi ilə davam edib? Gəlin, yazılı mənbələrdə bu haqda olan məlumatlara da baxaq:

İslam tarixçiləri, əksər din alimləri və təfsirçilər sonuncu səmavi kitab sayılan “Qurani-Kərim”in “Kövsər” surəsinin məhz Peyğəmbər nəsli haqqında nazil olduğunu bildirirlər. 3 ayədən ibarət həmin surədə deyilir: “(Ya Peyğəmbər!) Biz Sənə “Kövsər”i bağışladıq. Bunun üçün Rəbbinə namaz qıl və qurban kəs. Şübhəsiz ki, sənin düşməninin özü sonsuzdur (Sənin nəslin isə  qiyamətə qədər artandır)”. (“Qurani-Kərim”, “Kövsər” surəsi).

 

Təfsirçilər bu surəni Məhəmməd Peyğəmbərin (s.) nəslinin qiyamətədək davam edəcəyi haqda ən tutarlı dəlillərdən sayaraq, onun nazil olma səbəbi haqda da maraqlı bir rəvayət söyləyirlər. Deyilənə görə, İslamın yenicə yayıldığı vaxtlarda As ibn Vailin başçılığı ilə ərəblərdən bir qrupu Məhəmmədin (s.) oğlan övladlarının körpə yaşlarında ölmələri, həyatda qalmamaları faktına istinad edərək, rişxəndlə onun soyunun kəsiləcəyi fikrini yayır, peyğəmbərliyinə şübhəylə yanaşırmışlar. Ancaq “Kövsər” surəsini nazil etməklə Allah, öncədən Peyğəmbərimizin nəslinin davam edəcəyini bəyan etmiş olur. Sonradan baş verən olduqca maraqlı və önəmli hadisələr - aramsız təzyiq və təqiblərə baxmayaraq, Məhəmməd Peyğəmbərin (s.) qızı Həzrəti Fatimə ilə Peyğəmbərin əmisi oğlu Əli ibn Əbu Talibin nikahından törəyənlərin möcüzəvi şəkildə sağ qalması, saylarının sürətlə artması və 14 əsri arxada qoyaraq günümüzədək gəlib çatması da sübut edir ki, həqiqətən, bu məsələdə ilahi bir hikmət var və Allah-Təala, Peyğəmbər soyunun Qiyamətədək qorunub saxlanmasına qərar verib.

 

Məlumat üçün bildirək ki, Peyğəmbərimiz Məhəmməd (s.) və onun əmisi oğlu, həm də kürəkəni Əli ibn Əbu Talib ərəblərin Qüreyş qəbiləsindən olublar və soy-kökləri İbrahim Peyğəmbərin iki oğlundan birinə - İsmayıla gedib çıxır. Şəcərə alimləri Məhəmməd Peyğəmbərin (s.) İbrahim Peyğəmbərə gedib çıxan babalarının adlarını bu şəkildə qeyd ediblər: Məhəmməd - Abdullah - Əbdülmütəllib (Şeybə) - Haşim - Əbdü Mənaf - Kusay - Kilab - Mürrə - Kəəb - Lüvey - Qalib - Fihr (ləqəbi “Qüreyş”) - Malik - Nəzr - Kinanə - Xuzeymə - Müdrikə - İlyas - Muzər - Nəzar - Məad - Adnan - Əddəd - Hümeysə - Nəbt - Qeydar - İsmayıl - İbrahim. (Əksər mənbələrdə Məhəmməd Peyğəmbərin (s.) şəcərəsi 21-ci babası Adnanadək sadalanır).

 

Göründüyü kimi, Məhəmməd Peyğəmbərin (s.) mənsub olduğu Qüreyşilər tayfasının adı onun 11-ci babasının ləqəbindən götürülüb. Qüreyşilər əsasən Məkkə şəhərində yaşayıblar və 10 böyük qola, nəslə bölünüblər: Bəni-Haşim, Bəni-Üməyyə, Bəni-Əsəd, Bəni-Novfəl, Bəni-Zührə, Bəni-Məhzum, Bəni-Cümah, Bəni-Səhm, Bəni-Teym, Bəni-Ədiyy. Məhəmməd Peyğəmbər (s.) və qızı Fatimənin həyat yoldaşı Əli, Qureyşilərin “Haşimilər” qoluna mənsubdurlar və bu nəsil tarixdə “Haşimoğulları”, “Bəni-Haşim” kimi məşhurdur. Məhəmmədin (s.) atası Abdullah və Əlinin atası Əbu Talib həm də babaları Əbdülmütəllibin eyni xanımdan doğulan oğlanlarıdır. Maraqlıdır ki, Məhəmməd Peyğəmbərin (s.) ilk xanımı Xədicənin də soyu ata tərəfdən Peyğəmbərimizin (s.) ata tərəfindən babası olan Kusay ibn Kilabda (Kəbənin xidmətçisi olub), ana  tərəfdən isə Peyğəmbərimizin (s.) ata babalarından olan Lüeydə birləşir.

 

Xədicə ilə evlilikdən Məhəmmədin (s.) əvvəlcə Qasım adlı oğlu, daha sonra isə Zeynəb, Ruqiyyə, Ümmü-Gülsüm və Fatimə adlı qızları, peyğəmbərliklə vəzifələndirildikdən sonra isə Abdullah, İbrahim (anası Peyğəmbərimizin (s.) digər xanımı Mariyadır) adlı daha iki oğlu dünyaya gəlib. Ancaq oğlanları Qasım, Abdullah və İbrahim hələ kiçik yaşlarındaykən vəfat ediblər. Peyğəmbərimizin (s.) qızları da ailə qursalar belə, hamısı gənc yaşlarında dünyasını dəyişiblər.

 

Belə ki, Peyğəmbərimiz (s.) qızlarının ən böyüyü Zeynəbi Əbul-As adlı şəxslə evləndirib. Zeynəbin Əbul-Asdan Ümamə adlı qızı, Abdullah adlı oğlu olub. Abdullah uşaqkən vəfat edib, Ümamə isə böyüyüb ərə getsə də, soyu davam etməyib.

 

Yazılı mənbələrin məlumatına görə, Peyğəmbərimiz (s.) qızları Rüqəyyə ilə Ümmü Gülsümü əvvəlcə əmisi Əbu Ləhəbin oğlanları ilə evləndirib. Ancaq İslam dininin gəlişindən sonra Əbu Ləhəb Peyğəmbərə (s.) olan düşmənçiliyi səbəbindən oğlanlarını boşanmağa məcbur edib. Boşandıqdan sonra Peyğəmbər (s.) əvvəlcə Rüqəyyəni sonradan III xəlifə olacaq Osman ibn Əffanla evləndirib, ancaq Rüqəyyənin övladı olmayıb və gənc yaşlarında vəfat edib. Onun ölümündən sonra isə Peyğəmbərimiz (s.) Ümmü-Gülsümü Osmanla evləndirib. Ümmu Gülsümün Osmandan bir qızı olsa da, körpə yaşında o da vəfat edib.

 

Peyğəmbərimiz (s.) kiçik qızı Fatiməni isə əmisi Əbu Talibin oğlu Əli ilə evləndirib. Əli ilə Fatimənin nikahından Həsən və Hüseyn adlı iki oğlan, Zeynəb və Ümmü-Gülsüm adlı iki qız dünyaya gəlib.

 

Bütün yazılı mənbələrin təsdiqinə görə, “Qurani-Kərim”in “Kövsər” surəsində  bəhs edilən Peyğəmbərimizin soyu da elə məhz Fatimə ilə Əlinin bu iki oğlu - Həsən və Hüseyn vasitəsi ilə davam edib...

 

Xatırladaq ki, Peyğəmbərin qızı Fatimə, həyat yoldaşı Əli və oğlanları - Həsən və Hüseyn həm də Məhəmmədin (s.) “Əhli-Beyt”i kimi tanınır və qəbul edilirlər. Azərbaycan dilinə tərcümədə “Peyğəmbərin ev əhli” mənasında işlənən “Əhli-Beyt”in məhz yuxarıda adları çəkilən şəxslərdən ibarət olmasını etibarlığı şübhə doğurmayan bütün ciddi İslam qaynaqları təsdiqləyirlər. Üstəlik, xeyli sayda alim və təfsirçilər “Qurani-Kərim”in bir neçə - “Bəqərə” (124, 207, 269, 274), “Maidə” (54, 55, 67), “Ali-İmran” (33, 34, 61, 103), “Nisa” (59), “Nəhl” (43), “Əzhab” (6, 23-25, 33), “Şura” (23), “Beyyinə” (7, 8), “İnsan” (5-22), “Rəd” (7, 43), “Əraf” (181), “Ənbiya” (106), “Ənam” (153), “Nur” (28, 35, 55), “Hud” (86), “Həşr” (7), “Taha”(29-32), “Təhrim” (4), “Tövbə” (119), “Vaqiə” (10-14), “Qəsəs” (6), “Fatir” (32) və s. - surələrində “Əhli-Beyt” və ona daxil edilmiş şəxslər, xüsusən də Peyğəmbərimizin qızı Fatimənin həyat yoldaşı Həzrəti Əli haqda konkret ayələrin olduğunu da bildirir və onları geniş şərh edirlər.

 

“Əhli-Beyt”in İslam dinindəki rolu və əhəmiyyətinə işıq saçan ən məşhur hədis isə Peyğəmbərimizin (s.) Məkkə ilə Mədinə arasında yerləşən və həcc ziyarətindən qayıdanların 4 müxtəlif istiqamətə ayrıldığı Qədr adlı məntəqədə söylədiyi xütbədir. Doğrudur, bəzi mənbələr “Qədir-Xum xütbəsi”nin geniş yayılmış tam mətni barədə mübahisələr açmağa səy göstərirlər, ancaq İslamın iki böyük məzhəbinin - sünni və şiə məzhəbinin tanınmış alimləri həmin xütbənin əsas mahiyyəti - Peyğəmbərimizin (s.) “Əhli-Beyt” barədə söylədiklərində eyni qənaətdədilər. Bu ailmlərin  təsdiqinə görə, Peyğəmbərimiz (s.) “Qədir-Xum xütbəsi”ndə deyib: “...Ey müsəmanlar! Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram: biri “Qurani-Kərim”, digəri isə “Əhli-Beytim”dir. Məndən sonra onlardan möhkəm yapışın ki, yolunuzu azmayasınız... Onlardan önə keçməyin, onlardan geri də qalmayın - hər iki halda zəlil olarsınız. Onlara elm öyrətməyə çalışmayın, çünki onlar sizdən qat-qat elmlidirlər... Kövsər hovuzu kənarında mənə yetişən ilk varlıqlar da onlardır...”.

 

Qeyd edək ki, İslamın şiə məzhəbinin “Cəfərilik” (həm də “İmamiyyə” adlandırlır) qolu “Əhli-Beyt”in Peyğəmbərimizin (s.) nəvəsi Hüseynin soyundan olan 9 nəfər imam vasitəsiylə davam etdiyi qənaətindədirlər. Əksər qaynaqlarda bu imamların neçə xanımının və onlardan neçə övladlarının olması haqda da məlumatlar var. Məsələn, göstərilir ki, İmam Həsənin 15 oğlu və 7 qızı; İmam Hüseynin 6 oğlu və 4 qızı; İmam Zeynülabidinin 11 oğlu və 4 qızı; İmam Məhəmməd Baqirin 6 oğlu və 2 qızı; İmam Cəfər Sadiqin 7 oğlu və 3 qızı; İmam Museyi Kazımın 19 oğlu və 18 qızı; İmam Rzanın 5 oğlu və 1 qızı; İmam Məhəmməd Təqinin 2 oğlu və 2 qızı; İmam Əliyyən Nəqinin 4 oğlu və 1 qızı; İmam Həsən Əsgərinin isə 1 bir oğlu olub...

 

İslamın bütün məzhəblərinin qəbul etdiyi inanca görə, Qiyamətdən öncə yer üzərinə gələcək və ədaləti bərpa edəcək şəxs - şiələrin 12-ci imam saydıqları Həzrəti Mehdi - məhz Məhmməd Peyğəmbərin (s.) soyundan, yəni seyidlərdən olacaq. Belə bir zühuru təkallahlığı qəbul edən digər dinlər də gözlədiyindən, xristian və yəhudilər də seyidlik mövzusunu, xüsusən də seyidlərin yayıldığı coğrafiyanı dərindən öyrənməyə çalışırlar.

 

Seyidlər niyə müxtəlif ölkələrə səpələniblər?

 

Hazırda ABŞ və Avropanının “Böyük Orta Şərq Regionu” kimi qəbul etdiyi coğrafiyada Məhəmməd Peyğəmbərin (s.) bu iki nəvəsinin - qızı Həzrəti Fatimə ilə Həzrəti Əlinin oğlanları İmam Həsən və İmam Hüseynin soyundan olan yüzminlərlə seyid yaşayır. Seyidlərin sözügedən coğrafiyada geniş yayılmasının isə İlahi hikmətdən əlavə, həm də ciddi tarixi-siyasi səbəbləri var.

 

Tarixi mənbələrdən belə anlaşılır ki, Həzrəti Əli övladlarının Hicaz bölgəsindən digər yerlərə köçü daha çox siyasi amillərlə bağlı olub. Daha dəqiqi,  656-cı ildə - III xəlifə Osmanın  qətlə yetirilməsindən sonra sonra xilafətə rəhbərliyin Həzrəti Əlinin timsalında “Bəni-Haşim” qəbiləsinə keçməsi Qüreyşilərin “Bəni-Üməyyə” qolundan olan və xəlifə Osmanın əmisi oğlu, Şamın valisi Müaviyə ibn Əbu-Süfyanın qiyamı ilə nəticələnir və sonda müsəlmanlar arasında bitmək bilməyən böyük savaşa, ixtilaflara və amansız düşmənçiliyə gətirib çıxarır. 661-ci ildə Həzrəti Əlinin qətlə yetirilməsi ilə Müaviyənin  hakimiyyətə yolu açılır və o, cəmi bir neçə ay içərisində xilafətə rəhbərliyi ələ keçirir. Beləliklə, sonradan “Əməvilər” adlandırılan Müaviyənin sülaləsi, təxminən,90 il - düz 750-ci ilədək hakimiyyətdə olur. Məhəmməd Peyğəmbərin (s.) iki nəvəsi - Həsən və Hüseyn Əməvilər hakimiyyəti üçün əsas təhlükə mənbəyi olduğundan, Müaviyə onların sıradan çıxarılmasına çalışır: əvvəlcə, Həsən zəhərlətdirilərərk öldürülür, daha sonra isə Müaviyənin oğlu Yezidə beyət etməyən, onun hakimiyyətini legitim saymayan Hüseynə qarşı təqiblər başlayır.

 

680-ci ilin mayında Müaviyə ölür və oğlu Yezid onun yerinə keçir. Aramsız təzyiqlərə baxmayaraq, İmam Hüseyn Yezidə beyət etmir və xilafətin öz qanuni sahibinə qaytarılması üçün açıq mübarizəyə başlayır. 680-ci ildə Kufədə qiyam qaldıran bir qrup şəxs məktub göndərərək, İmam Hüseyndən yardım istəyir və ondan xahiş edirlər ki, gəlib atasının düşməni olan Əməvi sülaləsinə qarşı çıxanlara mənəvi dayaq dursun. İmam Hüseyn dəvəti qəbul edir və əsasən ən yaxın adamlarından və qohumlarından ibarət azsaylı dəstə ilə Kufəyə yola düşür. 680-ci ilin oktyabrında indi “Kərbəla” adlandırılan Mərəya düzündə Yezidin 4 min nəfərlik qoşunu onları mühasirəyə alır. İmam Hüseyn ona edilən təslim olmaq və Yezidə beyət etmək təkliflərinin heç birini yenə də qəbul etməyərək, düşməndən qat-qat az olmalarına baxmayaraq, dəstəsi ilə savaşı seçir və bəşəriyyət tarixinə misilsiz bir rəşadət, şücaət və qəhrəmanlıq nümunəsi bəxş edir.

 

Tarixə “Kərbəla hadisəsi” kimi düşən bu döyüş İmam Hüseynin və tərəfdarlarının, o cümlədən oğlanları, qardaşları, qardaşı oğlanları və digər qohumlarının amansızcasına qətlə yetirilməsi ilə nəticələnir. İmam Hüseynin xəstə olduğundan döyüşdə iştirak edə bilməyən və bu səbəbdən də yeganə sağ qalmış oğlu Əli ibn Hüseyn (“Zeynülabidin” ləqəbiylə məşhurdur), eləcə də bacısı Zeynəb əsir alınaraq əvvəlcə Kufəyə, oradan Şama, oradan da Mədinəyə gətirilirlər...

 

Məhz bu tarixdən - Kərbəla hadisəsindən sonra Həzrəti Əli övladlarına və tərəfdarlarına qarşı amansız təqiblər başlayır. Hüseynin sağ qalmış və artıq şiələrin 4-cü imamı sayılan oğlu Zeynülabidin, Yezid və ondan sonrakı Əməvi xəlifələrinin ciddi nəzarəti altında saxlansa da, o və bacısı Zeynəb Kərbəla hadisəsini ictimailəşdirməyə, tərəfdarlarını yenidən səfərbər etməyə nail olurlar. Kərbəla hadisəsi isə Əməvi hakimiyyətinə qarşı çıxışların əsas ideoloji qaynağına çevrilir...

 

Maraqlı faktlardan biri budur ki, ümumilkdə 11 oğlu və 4 qızının olduğu bildirilən İmam Zeynülabidinin nikahlı xanımı əmisi İmam Həsənin qızı Fatimədir və bu evlilikdən də V imam Məhəmməd Baqir doğulub. Yəni, İmam Məhəmməd Baqir həm ata, həm də ana tərəfdən Həzrət Əli ilə Həzrəti Fatimə nəslinə yetişən ilk şəxsdir. Zeynülabidinin digər övladları isə kənizlərindən dünyaya gəlib. Onun oğlanlarından biri - Zeyd 739-740-cı illərdə Əməvilərə qarşı tarixdə çox məşhur olan bir qiyama rəhbərlik edib və döyüşdə şəhid olub. Sonradan Zeydin oğlanları da bir neçə qiyama rəhbərlik ediblər. Məşhur “Zeydilər” sülaləsi də onun adı ilə bağlıdır...

 

İmam Məhəmməd Baqirin oğlu, şiələrin 6-cı imamı sayılan İmam Cəfərin anası isə həm ata, həm də ana tərəfdən I xəlifə Əbu Bəkrin soyundandır...

 

Məlumat üçün bildirək ki, xilafətdə sülalə dəyişikliyi - Əməvilərin (661-750) Abbasilərlə (750-1258 ) əvəzlənməsi də məhz Cəfər Sadiqin imamlığı dövründə olub. Belə ki, 749-cu ildə ərəb xilafətinə qarşı mübarizənin əsas mərkəzinə çevrilən Xorasanda “Bəni-Haşim” qəbiləsinə mənsub iki nəslin başlatdığı qiyam Əməvi hökmdarı Mərvanın qətlə yetirilməsi ilə nəticələnib və xilafət soy etibarilə Peyğəmbərin (s.) əmisi Abbas ibn Əbdülmütəllibə gedib çıxan “Abbasilər”in əlinə keçib. Baxmayaraq ki, Abbasilər hakimiyyətə gəlmək üçün Həzrət Əli övladlarının tərəfdarlarının dəstəyindən yararlanıblar, ancaq onlar da seyidləri - İmamları və onların oğlanlarını öz səltənətlərinə ən böyük təhlükə sayaraq, təqib ediblər. Məsələn, tarixdən məlumdur ki, Abbasi xəlifəsi Mehdi İmam Cəfərin oğlu, şiələrin VII imamı Museyi Kazımın  nüfuzundan ehtiyatlanaraq, onu Mədinədən xilafətin yeni paytaxtı Bağdada gətirtdirib və daimi nəzarətdə saxlayıb. Bəzi mənbələrin yazdığına görə, xəlifə Mehdi hətta onu öldürtmək də istəyib. Ancaq Museyi-Kazımın ölüm fərmanını verdiyi gecə yuxusunda Həzərti Əlini görərək, fikrindən daşınıb, tövbə edib və Museyi-Kazımı yenidən Mədinəyə qaytartdırıb. Ancaq digər Abbasi xəlifəsi -  Harun-ər-Rəşid İmam Museyi Kazımı 786-cı ilin iyununda İmam Həsənin nəslindən olan Hüseyn ibn Əli tərəfdarlarının başlatdığı qiyama gizli dəstək vermək ittihamı ilə təkrar Mədinədən Bağdada gətizdirərək, həbsxanaya saldırıb və 799-cu ildə zəhərlə öldürtdürüb.

 

Tarixçilərin yazdığına görə, İmam Museyi-Kazımın 19 oğlu və 18 qızı dünyaya gəlib.

 

Qeyd edək ki, bizim araşdırmalarımıza görə, Azərbaycanda mövcud olan seyid ailələrinin əksəriyyəti də soy etibarilə ya İmam Zeynülabidinin, ya da  İmam Museyi Kazımın övladlarına gedib bağlanır. İstər Azərbaycan, istərsə də Gürcüstan və Rusiya arxivlərində bunu təsdiqləyən təkzibedilməz dəlillər - xeyli sayda sənədlər, seyid ailələrinin şəcərələri mövcuddur. Üstəlik, İmam Museyi Kazımın qızı, İmam Rzanın bacısı Hökumə xanımın Bakıda - “Bibiheybət” adlandırılan ərazidə dəfn olunması faktı da az şey demir.

 

Artıq təkcə rəvayətlərə yox, həm də təkzibedilməz dəlillərə əsaslanan alimlər sübuta yetiriblər ki, burada dəfn olunan məhz İmam Museyi Kazımın qızı Hökumə xanımdır. Onunla yanaşı dəfn olunmuş daha iki şəxsin də İmamın oğlanları olması haqda fikirlər var. Eyni zamanda, Nardaran pirində də İmam Museyi-Kazımın digər qızı və İmam Rzanın bacısı Rəhimə xanımın dəfn olunduğu söylənir...

 

Ümumiyyətlə, tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində olan pir və ziyarətgahların böyük əksəriyyəti məhz seyid məzarlarıdır...

 

Seyidlərin Mədinədən kənara - xilafətin ucqar yerlərinə, o cümlədən Azərbaycanadək  yayılması isə 3 əsas məqsədlə izah edilir:

 

İslam dininin təbliği;

Əməvi və Abbasi xəlifələrinin məmurlarının təqib və təzyiqlərindən yayınmaq;

Xilafətin qanuni sahibinə qaytarılması uğrunda gizli təşkilatlanma və ictimai dəstək əldə etmə...

Onu da qeyd edək ki, seyidlər xüsusən də xanımlarını və qızlarını qorumaq məqsədiylə təqibdən yayınmağa üstünlük versələr də, bir yerdən digərinə tez-tez köçmələrinin səbəbi əsasən təbliğat və təşkilatlanma, tərəfdar toplamaq olub.Yaxın Şərq ölkələrində yenidən alovlandırılan İslam məzhəbləri arasındakı tarixi təfriqə son vaxtlar süni şəkildə Azərbaycana da daşınmaqdadır.

Hələlik ayrı-ayrı dini icma, qrup və dini dünyagörüşə sahib insanlar arasında istər virtual məkanda, istərsə də müxtəlif məclislərdə qarşılıqlı ittihamlar, sərt dialoqlar formasında üzə çıxan fikir ayrılıqlarının müəyyən zaman keçdikdən sonra dini zəmində açıq toqquşmalara çevrilmə ehtimalı hər gün bir az da artır. Səbəbsə çox sadədir: təxminən 2 əsrə yaxın bir müddətdə Azərbaycan gerçək İslam dəyərlərini məqsədli şəkildə təhrif və qadağan edən imperiyanın - Rusiyanın tərkibində olduğundan bu imperiyanın çöküşündən sonra yaranmış ideoloji boşluqdan din pərdəsi altında fəaliyyət göstərən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları məharətlə istifadə etməyə müvəffəq olublar.

Nəticə də ortadadır: statistik məlumatlara görə, son 23 ildə Azərbaycanda İslam dininə ibadət edən şəxslərin sayı ilbəil sürətlə artsa da radikal təmayüllü, qeyri-ənənəvi dini qrup və təşkilatlara qoşulanların da sayı təhlükə doğuracaq həddə yüksəlib. İş o yerə çatıb ki, bu gün torpağı kafirlərin işğalı altında olan, əhalisi qaçqın-köçkün düşən bir ölkənin özünü müsəlman sayan gəncinin savaş nərəsi və ya meyiti Suriyadan, İraqdan, Əfqanıstandan gəlir. İnanclı insanımız İslamda böyük önəm verilən şəhidlik üçün doğma Qarabağı deyil, öz sərhədlərindən çox-çox uzaq Suriyanı, İraqı, Əfqanıstanı seçir.

Təkcə bu faktın özü təsdiqləyir ki, dini təbliğat sahəsində əhəmiyyətli dəyişikliklər və irəliləyişlər olmazsa, çox yaxın gələcəkdə Azərbaycan müxtəlif terror qruplaşmalarının fəaliyyətindən, məzhəb qarşıdurmalarından ən çox ziyan çəkən ölkələr siyahısında yer tutacaq.

Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda dini zəmində təfriqə salmaq istəyən qüvvələr üçün hələlik istər ideoloji, istərsə də praktik baxımdan əsas mənbə rolunu İslamda yeni və idarəolunan cərəyan kimi ortaya atılan, son vaxtlar sürətlə paytaxt Bakıda və əyalətlərdə yayılan, sıralarında daha çox vahid lideri və vahid ideya xəttini qəbul etməyən insanları birləşdirən “vəhhabilik” (“sələfilik”) oynayır. Daha dəqiq desək, özünü “vəhhabi” və ya “sələfi” əqidəsinin daşıyıcıları sayanların bir qrupunun hazırda Azərbaycanda ciddi şəkildə təbliğ etdikləri olduqca həssas bir mövzu - əhali arasında pir və seyid məzarları kimi geniş şöhrət tapmış məkanların, tarixi abidələrin “şirkə aparır” düşüncəsi ilə dağıdılmasının gərəkliliyi fikri, eləcə də İslam dininin yayılmasında böyük xidmətlər göstərmiş şəxsiyyətlərə qarşı tutulan aşağılayıcı mövqe məzhəb çatışmasını başlatmaq üçün əsas ideoloji qaynaq, bünövrə rolunda çıxış etməkdədir.

İslam tarixi, hüquq və fəlsəfəsi, məzhəblər, təriqətlər və s. barədə tam məlumatsız və ya son 200 ilin təsiri ilə yanlış rəyə sahib, ancaq içində Allah sevgisi olan Azərbaycan insanı üçün ilk baxışdan “vəhhabi ideologiyası” cəlbedici sayılsa da faktlar və elmi dəlillərlə tam sübuta yetirilib ki, bu cərəyanın özü mahiyyət etibarilə gerçək İslamın qarşısını almağa və onun yayılmasında müstəsna rol oynamış şəxslərin tarixdən izinin itirilməsinə xidmət edir.

Ən diqqətçəkən hal odur ki, son illər bu cərəyan təmsilçilərinin çap və elektron vasitələrlə yaydıqları ədəbiyyatın böyük əksəriyyətində ana xətti İslamın həm şiə, həm də sünni məzhəbinin önəm verdiyi, ortaq nöqtələrə gələ biləcək əsas dəyərlərə qarşı çıxışlar, İslam tarixinin əhəmiyyətli hadisələrinə baxışda məqsədli təhriflər, yozumlar tutur. Sanki ilk növbədə şiə və sünni məzhəbləri arasında yaxınlaşmaya, uzlaşmaya imkan verən dəyərlərin, yanaşmaların qarşısını almaq, İslam tarixinin ən parlaq səhifələrini qapatmaq əsas hədəf seçilib...

Ümumiyyətlə, İslam tarixini araşdırdıqca, insan heyrətamiz bir mənzərəylə qarşılaşır: müsəlman şərqində bütün orta əsrlər boyu ən böyük silahlı üsyan və çıxışların, eləcə də ideoloji məktəblərin - xüsusən də sufi təriqət və ordenlərinin, qardaşlıqlarının başında duranların böyük əksəriyyəti ya İmam Həsənin, ya da İmam Hüseynin soyundan olan şəxslərdir!

 

Seyidlərlə bağlı dövlət qurumları niyə yaradılıb?

 

Məlumat üçün bildirək ki, seyidlər nə qədər təqib və təzyiq altında olsalar da, onların əhali arasındakı nüfuzları ilə xəlifələr və əyalət rəhbərləri həmişə hesablaşmaq məcburiyyətində qalıblar. Hətta seyidləri öz tərəfinə çəkmək üçün müxtəlif vaxtlarda hakimiyyətlər özünəməxsus şəkildə xüsusi siyasət də yeridiblər: bir çox xəlifələr və dövlət başçıları Peyğəmbər soyuna ehtiramla yanaşdığını göstərmək məqsədi ilə ya seyidlərə xüsusi imtiyazlar tanıyıblar, ya da onların nüfuzlu nümayndələrini saraya çəkməyə çalışıblar.

 

Ancaq bu ehtiram və imtiyazlar əhali arasında “yalançı seyidlər”in də ortaya çıxmasına rəvac verdiyindən, İslam dininin hakim olduğu dövlətlərdə əsl seyidləri yalançılardan ayırmaq, eləcə də sırf seyidlərin problemləri ilə məşğul olmaq üçün xüsusi qurumlar yaradılıb.

 

Məsələn, İmam Cəfər Sadiqin böyük oğlu İsmayılın tərəfdarlarının (“İsmaililər”) Misirdə qurduqları Fatimilər dövlətinin mövcud olduğu illərdə (909-1171) “Niqabətut-Talibiyyin” adlı təsisat fəaliyyət göstərib. Bu qurumun əsas vəzifəsi seyidlərin əsil-nəcabətini, şəcərələrini araşdırmaq, kimlərin seyid olub-olmadığını müəyyənləşdirmək, eləcə də seyidlərin aralarındakı məsələləri həll etmək, onları qeyri-əxlaqi hərəkətlərdən çəkindirmək olub.

 

İndiki Azərbaycan ərazilərinin də daxil olduğu Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) vaxtında da “Naqibi-Nuqabayı Sadat” adlı qurum yaradılıb və onun qarşısına Peyğəmbər nəslindən gələnlərin şəcərələrini müəyyənləşdirmək, onlara aid işləri yerinə yetirmək, maarifləndirmək və haqlarını qorumaq vəzifəsi qoyulub...

 

Osmanlı imperiyasında (1299-1922) isə bu iş daha da təkmil qurulub: sırf Məhəmməd Peyğəmbərin (s.) nəslindən gələnlərin işləri ilə məşğul olacaq "Naqibul-əşraflıq" adlı ayrıca qurum yaradılıb. Bu qurum seyid olduğunu iddia edən hər kəs haqqında əsaslı araşdırma apararaq, saxta seyidlərin həqiqi seyidlər arasına qarışmasına imkan verməməyə çalışıb və bu məqsədlə yoxlama dəftərləri tutub. Bu dəftərlər indi də Türkiyə Cümhuriyyəti arxivlərində qorunub saxlanır və seyid soylarının müəyyənləşməsində qiymətli mənbə rolunu oynayır...

 

Olduqca diqqətçəkən haldır ki, bu ənənə 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra Çar Rusiyasının tərkibinə verilən Azərbaycanda da tətbiq edilib. Belə ki,  Azərbaycanın bir hissəsinin Rusiyaya birləşdirilməsindən sonra bütünlükdə Cənubi Qafqaz ərazisində yaşayan seyidlərin siyahısı tutulub, onların şəcərələrinin araşdırılmasına başlanılıb. Səbəb də o olub ki, seyidlər əvvəlki hakimiyyətlərin vaxtında vergidən azad olduqlarını əsas gətirərərk, yeni hökumətin dövründə də bu hüquqlarından istifadə etmək istəyiblər. Bu haqda hazırda Tiflis və Sankt-Peterburq arxivlərində saxlanan sənədlərdə olduqca qiymətli məlumatlara rast gəlinir. Məsələn, bu sənədlərdən birində - 1843-cü ilin 12 oktyabrında Xəzər Vilayəti Birinci Şöbəsinin II Bölməsinin 895 saylı məktubunda Azərbaycan ərazisində yaşayan seyidlərlə bağlı Xəzər Vilayətinin rəisi general-mayor Apollos İvanovun imzasıyla hədsiz dərəcədə maraqlı rəy hazırlanıb.

 

Həmin rəyə keçməzdən öncə bildirək ki, Xəzər vilayəti çar I Nikolayın inzibati islahat qanununa əsasən, 1841-ci ilin yanvarında yaradılıb və vilayətə Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzaları daxil edilib. Yaradılan vaxt Vilayətin başçısı vəzifəsini icra etmək hələ 1836-cı ildən Şirvan əyalətinin komendantı olan polkovnik Nikolay Fyodoroviç fon Aşeberqə həvalə edilib və o, 1842-ci ildə vəzifəsindən azad edilib.

 

General-mayor Apollos İvanovun məktubunda göstərilir ki, polkovnik fon Aşeberq hələ 1842-ci il fevralın 10-da Vilayət İdarəsinə belə bir təklif verib: “Diyarın ənənəsinə görə, Xəzər vilayətində xalq tərəfindən Məhəmməd peyğəmbərin nəsli kimi qəbul edilən “Seyidlər” və “Ağamirlər” vergi ödəməmək və biyar azadlığından istifadə edirlər. Lakin “seyid” və “ağamirlər”in arasında bu zümrəyə aidliklərinə dair sənədi olmayan xeyli yalançılar meydana çıxıb...”. İvanovun yazdığına görə, Zaqafqaziya Diyarının Baş Komandanı general Qolovin seyidləri biyara və vergi verməyə sövq etmək üçün fon Aşeberqdən uyğun təkliflərini verməsini istəyib.

 

Öz növbəsində polkovnik fon Aşeberq ona bildirib ki, o, hüququn mənimsənilməsinə qarşı sərt mübarizənin, ancaq eyni zamanda seyidliyini təsdiq edə bilənlərin əvvəlkitək vergidən və biyardan azad edilməsinin tərəfdarıdır. Bundan sonra general Qolovin fon Aşeberqin təkliflərini nəzərə alaraq, 421 saylı məktubla göstəriş verib ki, iki il müddətinə özünü “seyid” və “ağamir” sayanların hamısı vergidən azad edilsin, bu iki il müddətində isə seyidlərin sənədləri yoxlanılsın və seyidliyi təsdiqlənməyənlər vergi və biyara cəlb edilsinlər. Hətta Dövlət Əmlakının Xəzər Palatasına da tapşırılır ki, özünü “Seyid” və “Ağamir” adlandıran bütün şəxslərə sənədlərini göstərilən müddətdə qəza rəhbərlərinə təqdim etmək xəbərdarlığı olunsun.

 

İvanovun məktubundan aydın olur ki, bu göstərişdən sonra Vilayət İdarəsinə özünü seyid sayanların çoxsaylı müraciətləri daxil olub. Ancaq sənədlərini, yəni hansı İmamın soyuna gedib çatdığını təsdiqləyən şəcərələrini təqdim edənlərlə yanaşı, bu şəcərələrini 1826-cı ilin müharibəsində itirdiklərini söyləyənlər də olub. Belələrinin isə istintaqı aparılsa da, ziddiyyətli ifadələrə rast gəlinməyib.

 

Nəhayət, vilayət rəhbərliyi başa düşüb ki, bu cür sübutsuzluq şəraitində yalandan özünü seyid kimi qələmə verməyin kökünü kəsmək asan deyil və daha ciddi addımlar atılmalıdır. Ona görə də, Xəzər vilayəti rəisinin müavininin imzası ilə seyidlər haqqında və atılacaq növbəti addımlar barədə belə bir rəy hazırlanıb:

 

“...Zaqafqaziya diyarının müsəlmanları içərisində yalançı seyidlərə həqiqətən də rast gəlinir, lakin onların yeganə məqsədi hökumətə vergi ödəmək və biyardan yayınmaqdır. Heç bir müsəlman sübutu olmadan, həmkəndlilərinin yanında bu adı mənimsəməyə cəsarət etməz və yalançılığına görə Allah tərəfindən cəzalandırılacağına əmindir.

 

Ümumiyyətlə, Məhəmmədlə Əlinin varisləri olan İmamlarn nəsli seyidlər adlanır. Seyidlər, Ağamirlər, Mirlər şiələr arasında çoxluq təşkil edirlər. Sünni məzhəbinə mənsub müsəlmanlar arasında tək-tük ailəni seyid hesab edirlər.

 

Seyidlər nəsli iki əsas qola ayrılır: bəziləri III imam Hüseyndən, digərləri isə VII İmam Museyi-Kazimdən törəyib.

 

Birincilər “Hüseyn seyidləri”, ikincilər isə “Musəvi seyidlər” adlanırlar. Məhəmmədin və Əlinin qohumlarından törəmək barədə sənədlər bəzilərinin ulu babasından qorunub saxlanır. Amma burası da var ki, hər bir ərazinin seyid mənşəli şəxslərini bütün nufuzlu ruhani şəxslər tanıyır. Çünki hər bir müsəlman ölkəsinin əsas ruhani şəxsləri xümsü və xüsusən də nəziri vermək, bölmək üçün seyid mənşəli şəxsləri mütləq şəkildə tanımalıdırlar.

 

Xüms - Şiə məzhəbində hər bir müsəlman tərəfindən bütün var-dövlətinin beşdə birinin seyidlərin nəfinə birdəfəlik verilməsidir.

Nəzir isə əslində hansısa bir işin icrası və ya uğurla başa çatması üçün vəd formasında verilən ixtiyari bir hədiyyədir.

Xüms bölgüdə bütün seyidlərə çatır. Nəzirdən isə təkcə “Musəvi seyidləri”nin istifadə etməsinə icazə verilir.

 

Hazırda əsas ruhani simaların və hörmətli seyidlərin bizə müraciət edən ərizəçilərin tanınmış seyid nəslinə mənsubluğu barədə şahidliyi seyid mənşəyinin şəhadətnaməsi sayılır - hətta bu ad üçün təqdim edilən sənədlər varsa belə. Ancaq seyidlik mənşəyinin zəruri şərti məşhur imamlara qədər fasiləsiz nəsil şəcərəsinin olmasıdır.

 

Beləliklə, təklif edirəm ki, yerli polis güclərinin və Vilayət İdarəsinin bütün seyid nəsillərini xüsus bir çətinlik çəkmədən dəqiq şəkildə ortalığa çıxartması üçün qarşıdakı mərhələdə növbəti üsullar həyata keçirilməlidir:

 

- Seyid adının təsdiqini axtaran şəxslərin ərizəsini alan kimi, həmin şəxslərin adlı siyahısını hər bir qəzanın əsas ruhani simalarına təlimatla göndərmək lazımdır. Ki, onlardan 5 və yaxud 6 nəfər şəhərdə və ya qəzada hörməti olan məşhur seyidlərlə birlikdə ərizəçinin həqiqətən seyid nəslindən olmasının təsdiqini və nəsil şəcərəsini əlavə etməklə eyni ailənin, ya nəslin bütün şəxslərinin ətraflı siyahısını - hansı şəhərdə, kənddə və yaxud düşərgədə yaşadıqlarını və ya hansı məntəqəyə aid edildiklərini bildirməklə - Vilayət İdarəsinə təqdim etsinlər;

 

- Seyid ailələri haqda dövlət sənədləri ruhani şəxslərin və dəvət edilmiş seyidlərin imzası və möhürü ilə əsaslandırılsın;

- Seyid mənşəyi barədə şəhadətnamənin verilməsi üzrə yerli ruhani şəxslərin sui-istifadə cəhdlərini önləmək üçünsə daha yaxşı üsul var: şəhadətnamənin verilməsində Vilayət və Qəza şəhərlərinin ən hörmətli seyidlərinin iştirakı zəruri sayılmalıdır;

- Vurulmuş möhürləri və hər br şəxsin mənsubluğunu Qəza Rəisiləri və qalabəyilərin imzaları təsdiq etməlidir. Bu qayda ilə təsdiqlənmiş siyahılar Vilayət İdarəsi tərəfindən əldə edilərkən, onlar hazırda İdarədə olan müxtəlif qəzalardakı seyidlərin sayı barədəki siyahılarla tutuşdurulsun və hər bir məntəqə və ya şəhər üzrə ayrıca, xüsusi formada siyahı tərtib edilsin;

- Bu siyahılar Qəza Rəisləri vasitəsilə Qalabəyilərə və Məntəqə iclasçılarına çatdırılsın ki, onlar da siyahıları seyidlərin yaşadığı kəndlərin böyüklərinə və ağsaqqallarına göstərərək, ərizəçilərin həqiqətən də seyid adından istifadə etmək haqqının olduğunu bilsinlər;

- Bundan başqa, gözlənilməyən fikir ayrılıqları ortaya çıxasa, İdarənin xüsusi sərəncamı ilə istintaq qaydasında şəhadətlərin təhqiqatı və ümumi böyük axtarış aparılmalıdır;

- İrandan və yaxud digər müsəlman ölkələrindən gəlmə əcnəbi seyidlər üçün Seyid mənşəyi barədə İranın məşhur müctəhidlərindən birinin verdiyi şəhadətnamə lazımdır; Verilmiş belə bir şəhadətnamənin təminatı isə şəhərin ruhani şəxslərindən və əsas seyidlərindən tələb edilməlidir;

- Nəhayət, Məntəqə iclasçılarından şəxsi siyahıları alarkən və onları son dəfə nəzərdən keçirərkən:

 

1. Bütün Xəzər Vilayəti üzrə soy-köklərini təsdiqləyə biləcəyi təxmin edilən cəmi Seyidlər, Ağamirlər, Mirlər barədə ümumi siyahı tərtib edilsin;

2. İdarə seyid adını almaqda kələk işlədən şəxsləri müəyyənləşdirdikdən sonra onları vergi verməyə məcbur etsin.

 

İdarənin yuxarıda göstərilən rütbəni təsdiqlədiyi və yaxud rədd etdiyi siyahılar Zaqafqaziya Diyarının Baş İdarəsinin Şurasının icazəsinə təqdim edilsin. 

 

Bu zaman siyahılara üç forma da  əlavə edilir:

 

1. Onların Vilayət İdarəsinə, Vilayət və Qəza şəhərlərinin ruhani şəxslərinə göndərilməsi üçün;

2. Ruhani şəxslərdən məlumatın İdarəyə təqdimatı üçün;

3. Yoxlama üçünsə məntəqə iclasçılarına və qalabəyilərə.

 

Hazırda qoyulan vaxtın başa çatmasına az qaldığından, seyid mənşəyinə dair sənədlərin təqdim edilməsi və Vilayətin Qəzalarından bu cür xahişlərin bir daha daxil olmaması üçün bütün aşağı instansiyalara məktublar yazılsın və seyid rütbəsindən istifadəni arzulayan şəxslərin hamısı polisə dəvət edilib qarşıdakı 1844-cü ilin yanvar ayına qədər öz xahişləri ilə Vilayət İdarəsinə müraciət etmələri bildirilsin…

 

Xəzər Vilayətinin rəisi Apollos Alekseyeviç İvanov, 12 oktyabr 1843-cü il".

 

Beləliklə, təkcə bu sənəddən aydın olur ki, 1843-cü ilədək Azərbaycan ərazisində yaşayan seyid ailələrinin əksəriyyətinin soy-kökləri araşdırılıb və vahid siyahı halında Zaqafqaziya diyarının baş rəisinə təqdim edilib. Məlumat üçün onu da bildirək ki, Azərbaycanda soy-kökləri təsdiqlənmiş seyid ailələrinin ən çox məskunlaşdığı ərazilər Naxçıvan, Şirvan, Lənkəran və Qarabağ bölgəsi olub.

 

Ümumiyyətlə, çox yaxşı olar ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vaxtilə Azərbaycana sığınmış Peyğəmbər soyundan olanların itib-batmaması üçün hazırda Rusiya və Gürcüstan arxivlərində saxlanan sənədlərin ölkəmizə gətirilməsini təmin edə bilər. Çünki bu sənədlər bir tərəfdən Azərbaycanın İslam dəyərlərinin qorunmasında və təbliğində nə kimi yer tutduğunu göstərmək üçün çox qiymətli mənbə və dəlillərdir, o biri tərəfdən də din tariximizin indiyədək ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənmək fürsəti, imkanıdır... (virtualaz.org)/

 

Elxan Şükürlü
Tədqiqatçı-jurnalist

Mədinədən başlanan yol: Azərbaycan seyidləri - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ