EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264

Tahirə Tahirova kimdir?

Tahirə Tahirova kimdir?

Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (AzSİ) bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur.

Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən AzSİ-nin "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir.

1954-1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1957-1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1959-1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq, 1963-1968-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir.

1968-ci ilədək olan dövrdə o, SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi. Lakin Tahirovanın səyləri nəticəsində Azərbaycan Ukrayna və Belorusiyadan sonra ilk müttəfiq respublika oldu ki, bu vəzifə o biri nazir vəzifələri kimi ayrıca vəzifə şəklində icra olunmağa başladı. Beləliklə, 1968-ci ildə öz xahişi ilə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad olunaraq bütün gücünü diplomatik fəaliyyətə həsr etmişdir.

O, nazir işlədiyi müddətdə Azərbaycan diplomatlarının SSRİ-nin səfirliklərində işləməsinə, Diplomatik Akademiyada oxumalarına diqqət yetirmişdir.

Bundan əlavə, o, Sovet hökumət və parlament nümayəndə heyətlərinin üzvü olaraq, BMT Baş Assambleyasının iclaslarında iştirak edərək, eləcə də, Azərbaycan SSR-ə səfər edən yüksək səviyyəli qonaqları qəbul edərək, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə çalışırdı. 1976-cı ildə Tahirə Tahirova diplomatik fəaliyyətdə xüsusi xidmətlərinə görə SSRİ xarici işlər nazirliyinin təqdimatı ilə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur. SSRİ Ali Sovetinin 4-cü çağırış, Azərbaycan SSR Ali Sovetinin 3, 5-7-ci çağırışlarının deputatı olmuşdur.

Türk, ingilis və rus dillərini bilirdi.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ