EURO 1,8566 NEFT 51,14
USD 1,7025 RUB 0,0299

Səlim xan kimdir?

Səlim xan kimdir?

Səlim xan - Şəki xanı; iki dəfə - birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan və Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi.

Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara ciddi müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı oldu, lakin onun hakimiyyət dövrü də çox çəkmədi, cəmi 3 aya yaxın davam etdi.

 

Şəki xanı olmasına qədər qardaşı Məhəmmədhəsən xanla münasibətləri


Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki, Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu "birütbə" saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra "Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/85) olanda" (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xanın Şəki qoşunu ilə Muğanda - orada qışlayan İran şahı Ağa Məhəmməd xan Qacarın sərəncamında, olmasından istifadə edib Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd xandan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir. Məhəmmədhəsən xan isə Nuxaya qayıdır, lakin sonra Xaçmaz mahalının Tərkeş kəndində onu gözləyən Dəvəli Mustafa xan Qacar adlı İran sərkərdəsinin yanına getdikdə, sonuncu adı çəkilən, şahın sifarişinə uyğun olaraq, onun gözlərini çıxartdırır və özünü də dustaq edib Təbrizə göndərir. Məhəmmədhəsən xana qarşı belə aqressiv münasibətin səbəbi isə güman edildiyinə görə bu ola bilərdi ki, onun tərəfində Göynükdə vuruşmuş iranlılardan ölən və yaralanan çox olmuşdu.

 

Birinci hakimiyyət dövrü (1795-1797)

 

Məhəmmədhəsən xanın kor edilməsi və Təbrizə göndərilməsi, onunla hakimiyyət davası edən qardaşı Səlim xanın Şəkidə xan olması üçün göydəndüşmə bir fürsət idi. Əlbəttə ki Səlim xan bu imkandan yararlandı, o, Nuxaya gəldi və hakimiyyətə yiyələndi.

Şəkidə tərtib olunmuş maddeyi-tarixlərdə Səlim xanın Şəkidə birinci dəfə hakimiyyətə gəlməsi tarixi belə göstərilir:

"Alicah Səlim xanın Şəki vilayətini Məhəmmədhəsən xanın əlindən alması tarixi: cəmadiyül-əvvəl 1210 ( 13 noyabr/12 dekabr 1795)".

Səlim xan Şəkidə xan olduqdan sonra qardaşı Məhəmmədhəsən xanın 7 azyaşlı oğlunu öldürtdürdü. Onlardan biri qubalı Fətəli xanın bacısı oğlu idi.

1796-cı ilin əvvəllərində Ağa Məhəmməd xan Qacar İrana çəkildi. Əvəzində isə Cənubi Qafqaza şimaldan General Zubovun başçılığı altında rus qoşunları yeridildi. Ruslar Xəzərsahili əraziləri tutduqdan sonra Gəncəyə doğru hərəkət etdilər. Cavad xan müqavimət göstərməyib qalanı onlara təslim etdi. Bu arada - 18 iyul (Yuli təqvimi ilə: 7 iyul) tarixdə, rus hərbi düşərgəsinə gəlmiş Səlim xanın nümayəndəsi, Səlim xanın xahişini çatdırdı ki, bir nəfər hörmətli şəxsi göndərsinlər və o, yəni Səlim xan, həmin hörmətli şəxsin qarşısında, xalqla birlikdə Rusiyaya sədaqət andı içmək istəyir. General Zubovun Rus çarı II Yekatirinaya göndərdiyi 5 avqust (Yuli təqvimi ilə: 25 iyul) tarixli məktubundan məlum olur ki, tezliklə o, Səlim xanın xahişini yerinə yetirmiş, Səlim xan isə Sədaqət andı mətnnini imzalamışdı.

Lakin az müddət sonra - elə həmin ilin sonlarında, imperatriçə II Yekaterina vəfat etdi, onun yerinə taxta çıxan I Pavel isə beynəlxalq vəziyyətlə əlaqədar olaraq rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı. Bundan sonra - 1797-ci ildə, Ağa Məhəmməd xan Qacar ikinci dəfə Cənubi Qafqaza yürüşə başladı. O, 1-ci yürüşü zamanı kor etdirdiyi sabiq Şəki xanı Məhəmmədhəsən xanı da özü ilə götürmüşdü. Məlum olduğu kimi, bu yürüşü zamanı - iyun ayında, Ağa Məhəmməd xan Şuşa qalasında öz adamlarının sui-qəsdi nəticəsində öldürüldü. Ölümündən təxminən 1 ay əvvəl isə o, sabiq Şəki xanı Məhəmmədhəsən xanı yenidən Şəkidə hakimiyyətə gətirmişdi. Bunun dəqiq vaxtı isə Şəkidə tərtib olunmuş maddeyi-tarixdə belə göstərilir:

"Məhəmmədhəsən xanın Təbrizdən gəlməsi və Səlim xanın getməsi tarixi: 12 zilqədə 1211 (9 may 1797)".

Amma digər mənbələrdə Məhəmmədhəsən xanın yalnız Ağa Məhəmməd xan Qacarın ölümündən sonra, özü də Şamaxı xanı Mustafa xanın köməyi ilə ikinci dəfə Şəkidə hakimiyyətə gətirilməsi göstərilir və bu da ola bilsin ki səhvdir.

 

Şəkidə təkrarən hakimiyyətə gəlməsi üçün siyasi mübarizəsi


1801-ci ildə Gürcüstan Rusiyaya birləşdirildi və bundan sonra rusların Cənubi Qafqazda hegemonluğu gündən-günə artmağa başladı. Onlar 1804-cü ilin əvvəlində Gəncə xanlığını işğal etdikdən sonra isə Şəki xanlığı qərbdən daha çox rus hakimiyyəti altında olan ərazilərlə əhatə olundu.

Belə bir şəraitdə Səlim xan Şəkidə bir daha hakimiyyətə gəlmək üçün rusların dəstəyindən istifadə etmək istəyirdi. O, bu məqsədlə Rusiya qoşunlarının Gürcüstandakı baş komandanı knyaz Sisianova məktublar yazdı. İlk məktubu imzasız olduğu üçün knyaz Sisianov onu cavablandırmağı özünə yaraşdırmayıb, bu işi - yəni cavab yazmağı, polkovnik Karyaginin öhdəsinə buraxdı. Sonuncu isə Səlim xan üçün "imzasız məktuba Rusiyada heç kimin hörmət etmədiyini" vurğulamaqla, həm də ona məsləhət görmüşdü ki "əgər nəyəsə nail olmaq istəyirsə, yaxşı olar ki Tiflisə gəlsin". Lakin Səlim xan Tiflisə getmədi, əvəzində dəstək üçün Şamaxı xanı Mustafa xana müraciət etdi. Mustafa xan isə Səlim xanın təklifindən öz məqsədi üçün istifadə etmək istəyirdi. Polkovnik Karyagin tərəfindən 1805-ci ilin əvvəllərində tərtib edilmiş raporta əsasən, raport yazılan vaxtdan bir müddət əvvəl,

Mustafa xan guya Səlim xanın sifarişini yerinə yetirirmiş kimi, Şirvan ordusu ilə Şəki xanlığının sərhədlərinə doğru hərəkət edib. Məhəmmədhəsən xan da Şəki ordusunu götürüb vuruşmaq əzmiylə əvvəl Mustafa xanın qarşısına - vuruşmağa, gedib, lakin sonda, vuruşmaq fikrindən vaz keçib, ordusunu buraxıb və özünü təkcənə Mustafa xana təslim edib. Mustafa xan Məhəmmədhəsən xanı əsir kimi Şamaxıya göndərib, Səlim xana isə deyib ki ona inanmır, bu şərtlə onu Şəkidə xan edə bilər ki, oğlunu və qızını əvvəlcə "əmanət" kimi ona versin. Səlim xan o saat Mustafa xanın tələbini yerinə yetirib. Amma Mustafa xan ürəyində Şəki xanlığını özü ələ keçirmək istəyirmiş və buna görə də, öz naiblərini gizlincə Nuxa şəhərinə göndəribmiş ki, şəhəri idarə etsinlər və Məhəmmədhəsən xanın adından onun bütün xəzinəsini tələb etsinlər. Səlim xan isə bunu və özünün aldadıldığını bilən kimi, naiblərin göndərilməsi barədə Nuxadakı kor qardaşı Fətəli ağaya xəbər ötürə bilib. Nuxa adamları ayağa qalxıb Mustafa xanın naiblərini qovublar və Fətəli ağanı müvəqqəti xan seçiblər. Mustafa xan nuxalıların seçimi ilə razılaşmağa məcbur olub və yeni Şəki xanı seçilmiş Fətəli xana məktub yazıb oğlunu "əmanət" kimi Şamaxıya göndərəcəyi təqdirdə onu Şəki xanı kimi tanıyacağını bildirib. Fətəli xan həmin saat oğlunu Mustafa xanın yanına yollayıb. Bundan sonra Mustafa xan Səlim xana onu Şəkidə xan edəcəyi barədə verdiyi vədindən imtina edib və bildirib ki əvəzində ona Şirvanda yaxşı bir mahal verə bilər. Səlim xan əvvəlcə bu təkliflə razılaşıb, lakin Mustafa xanın yanından ayrılan kimi, birbaşa Nuxaya gedib və hamı tərəfindən, o cümlədən qardaşı Fətəli xan tərəfindən Şəki xanı kimi qəbul olunub.

Lakin raportda yazılanların əksinə olaraq, bu hadisələr heç də 1-2 gün ərzində baş verməmişdi. Belə ki Fətəli xanın oğlu Kərim ağa Şəkixanovun yazdığına görə onun atası "iki-üç ay" xanlıq etmiş, Səlim xan isə Nuxaya heç də təntənəli şəkildə yox, əslində gizlincə gəlmiş və gecə vaxtı Nuxa qalasını qoruyan bəylərin Fətəli xana xəyanəti nəticəsində xəlvəti qalaya daxil olmuşdu.

Dəqiqi isə budur ki, Knyaz Sisianov, Səlim xana yazdığı 28 yanvar 1805-ci il tarixli məktubunda Mustafa xanın Nuxaya öz naiblərini göndərməsi, Şəki xanlığını Səlim xana vermək istəməməsi, Fətəli xanın Nuxada xan olması barədə yayılan şayiələrdən təəssüfləndiyini və bu şayiələrin doğru olmaması üçün dua etdiyini, növbəti - 25 fevral 1805-ci il tarixli məktubunda isə Səlim xanın yenidən Nuxada xan olmasına görə sevindiyini və bu münasibətlə onu təbrik etdiyini bildirmişdir. Buna görə də güman etmək mümkündür ki, bu hadisələr, o cümlədən Fətəli xanın xanlıq etdiyi dövr, raportda təsvir edildiyi kimi heç də 1-2 günə başa çatmadığı kimi, bu, Kərim ağa Şəkixanovun yazdığı kimi 2-3 ay da yox, cəmi 1 ay davam etmişdir.

 

İkinci hakimiyyət dövrü (1805-1806)

 

Necə ki Səlim xanın Şəkidə xan olması ruslar tərəfindən sevinclə qarşılanmışdı, eləcə də bundan sonra ruslar Səlim xanın hakimiyyətdə qalması üçün ona dəstək nümayiş etdirdilər. Məsələn, Səlim xanın Şəkidə ikinci dəfə xan olmasından az sonra Şamaxı xanı Mustafa xan Şəkiyə hücum edəndə, Səlim xan rusların hərbi yardımından istifadə etmişdi. Başqa sözlə, Knyaz Sisianov Səlim xana yazdığı 19 mart 1805-ci il tarixli məktubunda Səlim xanın sərəncamına Elizavetpoldakı rus ordusundan 2 topla 300 nəfərin göndərilməsi barədə göstəriş verdiyini, növbəti, 3 aprel tarixli məktubunda isə həmin hərbi yardımın nəticəsi olaraq, Mustafa xanın Şəki torpağında məğlubiyyətə uğramasını qeyd etmişdir.

 

Şəki xanlığının Rusiyanın tərkibinə keçməsi barədə Kürəkçay traktatını imzalaması


26 may 1805-ci il tarixdə Knyaz Sisianovun Kürəkçay çayı sahilində qurduğu düşərgədə Qarabağ xanı İbrahim xan Qarabağ xanlığının Rusiya İmperiyası tərkibinə keçməsi barədə Kürəkçay traktatına imza atdı. İbrahim xan Səlim xanın həm qayınatası, həm də bacısının əri idi. O da yaxın qohumu İbrahim xandan sonra Knyaz Sisianovun düşərgəsinə getdi və 2 iyun 1805-ci il tarixdə 2-ci Kürəkçay traktatını - Şəki xanlığının Rusiya İmperiyası tərkibinə keçməsi barədə sənədi imzaladı.

İbrahim xan və Səlim xan Knyaz Sisianovun düşərgəsinə hər biri 600 atlı ilə gəlmişdi və onların orada qaldıqları hər gün üçün 100 qızıl çervon pul xərclənilmişdi. Bundan başqa, ruslar İbrahim xana və Səlim xana əlavə olaraq pul və qiymətli hədiyyələr də təqdim etmişdilər.

Tezliklə - 22 iyun 1805-ci ildə isə rus çarı I Aleksandr Səlim xanın adına fərman verib, Kürəkçay traktatını təsdiqlədi və Səlim xana general-leytenantı rütbəsi verdi. Bundan başqa, Çar Aleksandr Şəki xanlığının Rusiya İmperiyasının tərkibinə keçməsinin rəmzi olaraq, Səlim xana Rusiyanın gerbli bayrağı ilə bir qılınc da göndərdi.

 

Şamaxı xanı Mustafa xanla yeni münasibətləri


Knyaz Sisianov Kürəkçay çayı sahilindəki düşərgəsində ikən, Qarabağ və Şəki xanları kimi Şamaxı xanı Mustafa xanın da traktat imzalamasını istəmişdi, lakin Mustafa xan, o vaxt onun yanına getmədi. Bundan sonra Knyaz Sisianov hesab etdi ki, əgər Mustafa xan öz xoşu ilə xanlığını Rusiya İmperiyasının tərkibinə qatmaq istəmirsə, deməli, bunu ona zorla məcbur etmək lazımdır və Şamaxı xanlığına qarşı hərbi əməliyyatların başlanılmasına qərar verdi. Lakin Səlim xan Knyaz Sisianov qarşısında Mustafa xanı yola gətirəcəyinə boyun olaraq hərbi əməliyyat barədə qərarının icrasını təxirə sala bildi. Bundan sonra Səlim xan oğlu üçün Mustafa xanın qardaşı qızına elçi göndərdi. Nəticədə iki keçmiş düşmən bir-biri ilə yaxınlaşdı və qohum oldu. Daha sonra Səlim xan Mustafa xanla onun Knyaz Sisianovun yanına getməsi, traktat imzalaması üçün danışıqlara başladı. O, Mustafa xanın Knyaz Sisianovun yanında olacağı müddət ərzində təhlükəsizliyinə əmin olması üçün, hətta öz oğlunu da girov kimi ona verməyi vəd etmişdi. Lakin Mustafa xan yenə də Knyaz Sisianovun yanına getmədi. Nəticədə Knyaz Sisianov hərbi əməliyyatları başlamaq üçün 10 dekabr tarixdə özü Mingəçevir keçidinə gəldi və Səlim xana göstəriş verdi ki, 500 Şəki süvarisi ilə Göyçaya - Şəki-Şirvan sərhədinə getsin. Ruslar 12 dekabrda Mingəçevir keçidini keçib, Şəki xanlığının ərazisi ilə Şamaxı xanlığına doğru irəliləməyə başladılar və 23 dekabrda Yeni Şamaxının 5-6 km.də olan "Bəyim arx" deyilən yerə çatdılar. Buradan isə Mustafa xanın iqamətgahı olan Fitdağ qalasına istiqamət götürdülər. Rusların lap yaxınlaşdığını görən Mustafa xan Knyaz Sisianovdan təhlükəsizliyinə yüksək təminat aldıqdan sonra onun yanına getdi və 6 yanvar 1806-cı ildə Şamaxı xanlığının Rusiyanın tərkibinə keçməsi barədə traktatı imzalamağa məcbur oldu.

 

Ruslara qarşı çıxması

 

Knyaz Sisianov Şamaxı xanlığını Rusiya İmperiyasının tərkibinə qatdıqdan sonra, yürüşünü Bakı xanlığı istiqamətində davam etdirir, lakin 20 fevral 1806-cı ildə Bakı xanı ilə danışıqlar zamanı öldürüldü. Bundan sonra Rusiya qoşunlarının Gürcüstandakı baş komandanı vəzifəsinə Qraf Qudofiç təyin olunur.

Bu arada - iyun ayının 12-də, Şahzadə Abbas Mirzənin başçılığı altında 20 minlik İran ordusu Şuşa qalasına yaxınlaşmışdı. Qaladakı rus qoşununun komandanlığı İbrahim xanın İrana meyl etməsindən şübhələnib, onu bəzi ailə üzvləri və qulluqçuları ilə birlikdə gülləboran etdilər. O cümlədən, İbrahim xanın arvadlarından biri - Səlim xanın bacısı da həmin qətliamda dünyasını dəyişdi. Rusların törətdikləri bu hadisəni və bacısının öldürülməsini bilən Səlim xanın reaksiyası isə sərt və qəti oldu: O, dərhal Şəkidəki rus qoşunlarını öz xanlığının ərazisindən qovdu.

 

Rus qoşununu Şəki xanlığı ərazisindən çıxarması


Bu zaman Şəki xanlığı ərazisində - Səlim xanın iqamətgahı olan Nuxa qalasından 20 verst (təxm. 21 km.) kənardakı hərbi düşərgədə, rusların 17-ci yeqer (ovçular) alayının mayoru Parfyonovun başçılıq etdiyi bir dəstə vardı. Dəstə Tiflis müşketyor alayından olan 285 nəfərdən ibarət idi və onların da istifadəsində 2 top vardı.

Rus hərb tarixçisi N.F.Dubrovinin yazdığına görə,

Səlim xan İbrahim xanın öldürülməsindən xəbərdar olan kimi, mayor Parfyonovun yanına adam göndərib, təcili öz yanına gəlməsini istəyir. Səlim xanın göndərdiyi adam Parfyonova deyir ki, xan onunla təcili görüşmək istəyir, guya, iranlıların onun xanlığına yaxınlaşması barədə ciddi bir məlumat alıb və niyyəti də budur ki, rus dəstəsi ilə öz qoşununu birləşdirib sərhəddə doğru - düşməni qarşılamağa getsin. Parfyonov Səlim xanın dəvətini qəbul edir, bir adütant və 15 nəfər mühafizəçi kazak ilə birlikdə səhər tezdən düşərgəni tərk edir. Nuxaya 7 verst qalanda, Səlim xanın 3 min nəfərlik hərbi düşərgəsi ilə qarşılaşır. Qarşılaşdığı bu mənzərə onu iranlıların yaxınlaşması barədə şayiənin doğru olmasına daha da inandırır və heç nədən şübhələnmədən Səlim xanın hərbi düşərgəsinə gedir. Onu burada xanın məmurlarından biri qarşılayır, onunla müxtəlif məsələlər barədə 4 saat söhbət etdikdən sonra, adütantı ilə birlikdə öz çadırına dəvət edir, özü isə onların gəlişi barədə xana məlumat vermək adıyla çıxıb gedir. 1 saatdan sonra 100 nəfər silahlı şəkili onun mühafizəçi kazaklarına qəfildən hücum edirlər, bəzisini qılıncdan keçirirlər və bəzisini isə tərksilah edirlər. Şəkililər kazakların paltarlarını cırırlar, onları bir alt paltarında saxlayıb əllərini arxadan bağlayırlar və atlarını da götürürlər. Eyni vaxtda 6 nəfər əlində sıyrılmış xəncərlə Parfyonovun olduğu çadıra soxulur, onu da yerə yıxıb ağzını bağlayırlar, bütün qiymətli əşyalarını və pullarını götürürlər, əllərini arxadan bağlayıb, belə bir vəziyyətdə, piyada, qova-qova və güclü mühafizə altında Nuxa qalasına aparırlar. Lakin bir-neçə saat Nuxa qalasında zindanda saxladıqdan sonra yenidən həmin yerə - Səlim xanın düşərgəsinə, gətirirlər və burada axşam ona bildirirlər ki, onları azad edirlər, bu şərtlə ki, başçılıq etdiyi dəstəni Şəki xanlığı ərazisindən çıxartsın.

Parfyonov gecə vaxtı öz düşərgəsinə qayıdır, orada ona məlumat verirlər ki, gündüz Şəki qoşunları düşərgəyə yaxınlaşıbmış və düşərgədən atəş açılmasına baxmayaraq, şəkililər rusların düşərgə ətrafında otlayan atlarını qovub dağıdıblarmış.

Səhər rus hərbi düşərgəsi Şəki qoşunu tərəfindən mühasirəyə alınır və ruslardan tələb olunur ki, onlar həmin saat Şəki xanlığı ərazisini tərk etsinlər.

Beləliklə, Cənubi Qafqazda ilk dəfə olaraq rus qoşunu tutduğu mövqeni tərk etməyə məcbur edilir. Bu hadisə barədə Parfyonovun 24 iyun (Yuli təqvimi ilə: 12 iyun) tarixli raportunda məlumat verdiyini nəzərə alsaq, onun 23 iyun tarixində həbs edildiyini, rus qoşunlarının isə 1 gün sonra - 24 iyun tarixində, Şəki xanlığı ərazisini tərk etdiyini güman etmək olar.

Rus hərb tarixçisi bu hadisəni Cənubi Qafqazda qalibiyyətlə hərəkət edən rus ordusu üçün biabırçılıq kimi qiymətləndirmişdi.

 

Ruslarla toqquşma

 

Oktyabrın sonunda rus general-mayoru Pyotr Nebolsin böyük bir qoşunla Şəki xanlığının ərazisinə daxil oldu. Qoşunun şəxsi heyəti 26 zabitdən və aşağı rütbəli 886 nəfərdən ibarət idi və onların istifadələrində 5 top vardı. Bundan başqa, mayor Prosvirkin Sevastopol alayından 235 nəfərlə və 2 topla Mingəçevir keçidində, həmçinin Tiflis alayının mayoru Tokarev qarnizondan 875 nəfərlə Yelisavetpolda dəstək üçün hazır vəziyyətdə durmuşdular.

General Nebolsin Arvatan deyilən yerə çatanda ona məlumat verilir ki Nuxa şəhərinin bütün əhalisi dağlara çıxarılıb. Səlim xan özü isə müqavimət göstərmək fikrindədir və başına 1000-ə qədər silahlı yığıb.

Rus hərb tarixçisinin yazdığına görə, Səlim xanın süvariləri Arvatanda rus hərbi düşərgəsinə lap yaxınlaşmışdılar, lakin hücum etməyə cəsarət etməyiblərmiş. Bu zaman General Nebolsin Səlim xandan tələb edir ki oğlunu "əmanət" versin, Səlim xanın cavab məktubunda isə müxtəlif məsələlərdən söhbət açılır, amma "əmanət" məsələsinə heç toxunulmur. Arvatandan Nuxaya doğru hərəkətə keçən general Nebolsin Əyriçay üstündəki körpüdə və Qışlaq kəndində şəkililərin ciddi müqaviməti ilə üzləşir.

Ən şiddətli döyüş noyabrın 3 də (Yuli təqvimi ilə oktyabrın 22-də) Nuxanın 2 verstliyində baş verir - 8 min nəfər şəkili, hansı ki, onların içində ləzgilər də vardı, dörd bir tərəfdən ruslara hücum edirlər. Döyüş səhər saat 8-dən axşam saat 7-yə qədər davam edir. Bu döyüşdə rusların əlinə keçmiş qənimətlərin içində xanlığın altı bayrağı da olmuşdu.

Ruslar gecəni Nuxanın 1 verstliyində keçirirlər və səhər - 4 noyabr tarixində, döyüşü davam etdirib Nuxanı tuturlar. Səlim xan dağa qaçır.

Abbasqulu ağa Bakıxanovun yazdığına görə

"Səlim xan qabaqcadan Naibüssəltənədən (İran şahzadəsi Abbas Mirzədən) çoxlu pul almışdı, Car və Avar ləzgilərini gətirib, mükəmməl qüvvə ilə yerin çətinliyinə və lazımi hazırlığa arxalanaraq müqavimətə girişdi. Müharibə zamanı ləzgilər qaçdı...".

Rus mənbəsinin verdiyi məlumata görə bu döyüşlərdə qarşı tərəfdən 500-dək adam öldürüldüyü halda, onlardan - yəni ruslardan, aşağı rütbəli cəmi 23 nəfər həlak olmuş, 4 zabit və aşağı rütbəli 27 nəfər isə yaralanmışdı.

 

Döyüşdən az sonra

 

Şəhər ruslar tərəfindən tutularkən, burada əvvəl onların özlərindən başqa kimsə gözə dəymirdi. Dağlara qalxmış əhalinin Səlim xan tərəfindən daha da uzaqlara deportasiya edlilməsinin qarşısının vaxtında alınması və dağlardakı adamların öz evlərinə qaytarılması üçün general Nebolsin mayor Solovyovun başçılığı altında 300 nəfərlik bir dəstəni 2 topla tez-tələsik dağlara göndərdi. Adamlar tezliklə dağlardan düşüb öz evlərinə qayıtdılar, şəhərdə və ətraf kəndlərdə həyat öz əvvəlki axarında davam etməyə başladı.

Səlim xanın yaxınları isə şayiə buraxmışdılar ki, guya o, bəzi bəylərlə birlikdə Arazın o biri tayına - Ərdəbilə qaçıb, amma ruslar dəqiqləşdirə bilirlər ki, əslində o, qohumu Şamaxı xanı Mustafa xanın yanında gizlənir. Ruslar Mustafa xana məktub yazıb tələb edirlər ki, Səlim xanı onlara təslim etsin. Mustafa xan isə öz növbəsində ruslara cavab yazır ki, Səlim xan onun ərazisini az müddət əvvəl tərk etmişdir. Sonra ruslar öyrənirlər ki Səlim xan Göynük kəndindədir. Ona imkan verirlər ki, ailəsi və yaxınları ilə birlikdə Kəldək kəndinə köçsün. Səlim xan noyabrın 11-də (Yuli təqvimi ilə oktyabrın 30-da) general Nebolsinin yanına məktubla bir adam göndərib xahiş edir ki, həmin adamı məktubla birlikdə Tiflisə yola salsın. Onun xahişi yerinə yetirilir. Lakin əvəzində Cənubi Qafqazdakı rus qoşunlarının Tiflisdə oturan baş komandanı Qraf Qudoviç Nebolsindən tələb edir ki, Səlim xanı ya tutsun, ya da tuta bilmirsə Kəldəkdən qovsun və onun Şəki xanlığı ərazisində yaşamasına imkan verməsin. Qraf Qudoviçin bu sərəncamından sonra Səlim xan Şəkidə çox qala bilmir və İrana gedir.

General Nebolsin Şəki xanlığının idarəsini müvəqqəti olaraq Fətəli xan və Məmməd ağaya tapşırmışdı. Əhali bu seçimdən razı idi, lakin bir çoxları Səlim xanın qayıdacağından ehtiyat edirdilər və həmin səbəbdən də xan üsul-idarəsinin tamamilə ləğv edilməsini istəyirdilər. Ona görə ruslar Səlim xanı bütün imtiyazlarından, o cümlədən general-leytenant rütbəsindən də məhrum etdilər ki camaat onun bir daha xan olmayacağına əmin olsun. Səlim xan isə İrana getdi.

Qraf Qudoviç Şəkiyə kimi xan təyin etmək barədə bir aydan çox fikirləşdi və nəhayət, dekabr ayında, keçmiş Xoy xanı Cəfərqulu xana - hansı ki Tiflisdə elə öz yanında idi, ona Şəki xanı olmağı təklif etdi. Cəfərqulu xan Qraf Qudoviçin təklifini məmnuniyyətlə qəbul etdi və Şəki xan təyin edildi.

 

Həyatının son 20 ili

 

Səlim xan hakimiyyətini geri qaytarmaq üçün bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etmiş, lakin bu cəhdləri uğursuz olmuşdu.

O, 1818-ci ildə İranda Ərdəbilin Meşgin mahalında yaşayırdı (Azərbaycan dramaturgiyasının banisi hesab edilən Mirzə Fətəli Axundov öz "Tərcümeyi-hal"ında göstərir ki, 6 yaşında anası ilə birlikdə himayəsinə sığındıqları və təlim-tərbiyə aldığı şəxs - anasının əmisi Axund Hacı Ələsgər, Meşgin mahalında sabiq Şəki xanı Səlim xanın xidmətində imiş).

1819-cu ildə isə Səlim xan artıq Türkiyədə - Ərzurum paşalığının ərazisində olub.

 

Ölümü

 

Səlim xan 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyasının ərazisindəki Kir şəhərində vəfat edir. Onun ölüm xəbəri rus hakimiyyət dairələrinə ilk olaraq, yalnız həmin ilin həcc mövsümü zamanı - iyul ayının 10-da gəlib çatdı. Bunu isə bir qədər əvvəl Həcc ziyarətinə yola düşmüş şəkililərdən biri yolda öyrənmiş və hələ Məkkəyə gedib-gəlməmiş, Dəməşq şəhərində ikən, hansı yollasa təcili olaraq ruslara çatdırmışdı. O, həm də bildirmişdi ki,

"Səlim xan Kir şəhərinə Anqyuri şəhərindən gəlib və Osmanlı limanlarından gəmi ilə Məkkəyə ziyarətə getməyə icazə alıb. Vəsiyyətinə uyğun olaraq, Şəkidən qaçaq düşənlərdən biri - küngütlü Çələbi əfəndi, onun yerinə Həccə gedir, Səlim xanın əmlakı isə arvadı ilə Anqyuridən İrandakı oğullarına göndərilib.

 

Xarakteri haqqında

 

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Səlim xanın xarakterini belə təsvir edir:

"Səlim xan xoşrəftar, kefcil və rəhmsiz bir əmir idi." (az.wikipedia.org)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ