Salman Farsi kimdir? (II hissə)

Salman Farsi kimdir?

Əvvəli burada

 

Kəramətlər


Bəzi insanlarda müşahidə olunan qeyri-adi əlamətlər, xariqüladə istedadlar, xüsusi agahlıqlar həmin insanların Allahla möhkəm bağlılıqlarından danışır. Bu sayaq qeyri-adiliklər “kəramət” adlandırılır. Səlman dərin imanı, təqvası və ibadəti ilə yanaşı böyük kəramətlərdən də bəhrələnmişdir. Səlmanda müşahidə olunmuş kəramətlər, onun gələcəkdə baş verəsi hadisələrdən xəbərdarlığı, dualarının qəbul olması, fövqəladə əlamətləri onun ruhunun ilahiliyi nişanəsidir. Bu qəbildən kəramətlərin əta olunması onun üstün qabiliyyətlərindən söz açır. Səlmanın bu xüsusiyyəti həzrət Peyğəmbərdən (s) və Əlidən (ə) yüksək səviyyədə qidalanmasının göstəricisidir. Bu kəramətlərdən bəzilərini xatırlayaq:

1. Səlman Mədainə getdiyi vaxt bir dəstə müsəlman da onunla olmuşdur. Səlmanla olanlardan biri belə nəql edir: Kərbəla adlanan yerə çatdığımız vaxt Səlman həmin yerin adını soruşdu; bildirdik ki, bu yer Kərbəla adlanır. O dedi: “Bəli, bu yer mənim qardaşlarımın qətlə yetiriləcəyi məkandır. Bax, bura xeymələrin qurulacağı, bura isə dəvələrin duracağı yerdir. Bax, burada isə onların qanı axıdılacaq - deyə ayrı-ayrı məhəlləri göstərdi və sözünə davam etdi - keçmişin görkəmli insanları bu yerdə qətlə yetirilmişdir, gələcəkdə də bir çox görkəmli insanlar bu yerdə qətlə yetiriləcək.” Kufəyə çatdığımız vaxt soruşdu ki, bəs bu yeri necə adlandırırlar? Cavab verdik ki, Hərura. Buyurdu ki, keçmiş ümmətlərin ən pisləri bu yerdən çıxıb, indiki ümmətin də ən pisləri bu yerdən çıxasıdır. (O, nəhrəvan şeyxlərini, xəvarici nəzərdə tuturdu) Kufəyə çatdığımız vaxt soruşdu ki, Kufə buradırmı? Buyurduq ki, bəli. Bildirdi ki, burada İslamın nişanəsi vardır. Sonralar Kufə və Nəcəf İslamın iki mərkəzinə çevrildi.[18]

2. Kərbəlada imam Hüseynin (ə) karvanına qoşulmuş Züheyr ibn Qeys deyir: “Biz imamla eyni vaxtda Kufəyə doğru hərəkət edirdik. Dayanacaqlarda imamla birgə dayanmaq istəmirdik. O, hərəkət edəndə biz dayanar, o dayandıqda hərəkət edərdik. Hicaz və İraq arasındakı dayanacaqlardan birində süfrə açdığımız vaxt imamın (ə) göndərdiyi şəxs yaxınlaşıb salam verdi və dedi: “İmam səni çağırır.” Bir qədər fikrə getdim. Xanımım da dedi: “Ey Züheyr, Peyğəmbər (s) balasının dəvəti qarşısında nə götür-qoy edirsən?!” Mən qalxıb, yola düşdüm. Bir qədər sonra şad halda qayıdıb bildirdim ki, Hüseynin (ə) dostları cərgəsinə qatıldım.” Züheyr tutduğu yeni mövqeni belə açıqlamışdır: Rumlularla müharibədə böyük qənimət əldə etmişdik. Səlman məndən soruşdu ki, bu qənimətlər səni sevindirirmi? Cavab verdim ki, bəli. Sualının səbəbini soruşdum. Dedi: “Ali-Məhəmməd cavanlarının ağası imam Hüseyni (ə) görəndə necə sevinəcəksən? Onun tərəfindən cihad edəndə şadlanacaqsanmı? Bilirsənmi, onunla çiyin-çiyinə döyüşmək dünya və axirət səadətidir?!”

Bəli, Səlmanın sözlərini xatırlayan Züheyr imam Hüseynə (ə) doğru tələsdi ki, onunla bir cərgədə döyüşə bilsin.[19]

Salman öz bəsirət və agahlığı ilə gələcəyi görürdü. O, Züheyrə nəsib olacaq böyük səadət haqqında xəbər vermişdi. Bəli, Züheyr uca məqamlı Kərbəla şəhidləri cərgəsində yer tutdu.

3. Bir dəstə yəhudi yoldan keçən Səlmanı tutub, şallaqlamağa başlayırlar. Onlar Səlmana işkəncə verir və deyirdilər ki, Allahını çağır, qoy, sənə kömək etsin. Səlman isə yalnız belə dua edirdi: “Pərvərdigara, məni bəla qarşısında səbrli et.” Yəhudilər deyir: “Dua et ki, Allahın bizə əzab göndərsin.” Səlman isə nifrindən çəkinərək deyir: “Olsun ki, sizlərdən biri gələcəkdə müsəlman olsun.” Onda, aramızda müsəlman olmayacaq kəslərə əzab istə, dedilər. Səlman əzab istədi. Yəhudilərin əllərindəki qamçılar ilan tək onların əlini çaldı... Bu macəra baş verən zaman Peyğəmbər (s) bir məclisdə olur. O qəfildən üzünü məclis əhlinə tutub buyurur: “Ey müsəlmanlar, Allah-təala elə indicə qardaşınız Səlmanı iyirmi yəhudiyə qalib etdi. Çıxın, onu qarşılayın!” Səlmanla görüşdən və onun düşmənlərinin həlak olmasını eşitdikdən sonra Peyğəmbər (s) buyurdu: “And olsun Allaha ki, mənim ümmətimin arasında duası eynən Nuhun duası kimi olan bir şəxs qərar verilmişdir.” Sonra Səlmana müraciətlə buyurdu: “Sən bizim xüsusi qardaşlarımızdansan, sən müqərrəb mələklərin məhbubusan, sənin fəzilətin ərşdə günəş işığından daha parlaqdır. Sən Quranın “əlləzinə yominunə bil-ğəyb” kimi yad etdiyi fəzilətli insanlardansan.”[20]

 

Səlman Məhəmmədi (Məhəmmədi Səlman)


“Allah Səlmanı dost tutur və onun qəzəblənməsi ilə qəzəblənir.”[21] Səlman İslamın yetirməsi, Məhəmmədi Salmandır. O hansısa şöhrətli qəbilədən deyil.

Səlman bizim tərəfimizdən ona görə belə bir diqqətə layiq görülmüşdür ki, bir çox möminlərdən üstündür. Səlman behişt şövqündə deyilkən, behişt onun qədəmləri şövqündədir. O, mənim etibarımı qazanmışdır və müsəlmanların xeyirxahıdır. Səlman bizim Əhli-beytdəndir. Kimsə bu göstərişlə müxalif olmamalıdır. Nə qədər ki, ailəsi müsəlmandır, onlara yaxşılıqdan çəkinməyin. Allah lənət etsin bu əhdnaməyə qarşı çıxanlara. Səlmana ehtiram mənə ehtiramdır, ona əziyyət edilməsi mənə əziyyət edilməsidir. Səlmanı incitmiş kəsə qiyamət günü düşmənəm və həmin şəxsin yeri cəhənnəmdir. Vəssalam.”[24]

Həzrət Əlidən (ə) Səlman haqqında soruşdular, buyurdu: “Səlman bizim ruhumuzdan, xislətimizdən yaradılmış kəsdir. Allah onu əvvəl və sonralardan, aşkar və gizlinlərdən xəbərdar etmişdir.” Sonra həzrət (s) belə bir vaqeə danışır: “Səlmanla birlikdə Peyğəmbərin (s) hüzurunda idik. Məclisə daxil olan bədəvi ərəb Səlmanı qaldırıb onun yerində oturdu. Peyğəmbər (s) ərəbin bu hərəkətindən çox narahat olub buyurdu: “Ey kişi, Allahın göydə, Allah rəsulunun yerdə sevdiyi bir şəxsimi ayağa qaldırırsan?! Bilirsənmi, Allah Cəbrəil vasitəsi ilə mənə əmr etmişdir ki, Səlmana salam verim. Səlman məndəndir, ona cəfa edən mənə cəfa edir, onu rədd edən məni rədd edir, onu yaxın tutan məni yaxın tutur. Ey ərəb, Səlmana qarşı xəta etmə. Allah-təala mənə əmr etmişdir ki, keçmişin və gələcəyin elmlərini, yuxu təbirini, nəsil tanımağı ona öyrədim.”

Ərəb ərz etdi: “Ya Rəsuləllah, Səlmanın belə bir məqamda olduğunu bilmirdim. Məgər o İslamı sonradan qəbul etmiş bir atəşpərəst deyilmi?” Həzrət (s) buyurdu: “Mən Allahın buyuruqlarını çatdırıram. Mənimlə mübahisəmi edirsən? Səlman heç vaxt qəlbən məcus olmamışdır...” Sonra həzrət (s), peyğəmbər qarşısında təslim olmağın zəruriliyini bildirən ayələrdən oxudu və əlavə etdi: “Ey ərəb, dediklərimi qəbul et, şükr edənlərdən ol və inkar etmə. Yoxsa əzaba düşənlərdən olarsan. Peyğəmbərin dediklərini qəbul et ki, imanını itirməyəsən.”[25]

Səlmanın uca məqamının sübutu üçün qeyd etmək kifayətdir ki, həzrət Peyğəmbər (s) gecələr Səlmana xüsusi dərs keçərdi.[26] Peyğəmbər (s) buyurur: “Allahım mənə bildirdi ki, səhabələrdən dördünü sevir və məni də həmin şəxsləri sevməyə çağırdı.” Bu dörd nəfərin kimliyini soruşdular və məlum oldu ki, hamı həmin dörd nəfərdən biri arzusundadır. Həzrət (s) buyurdu: “Əli onlardandır.” - sonra isə susdu. Bir qədər fasilədən sonra sözünə davam etdi: “Qalan üç nəfər isə Miqdad, Əbuzər və Səlmandır.”[27]

Səlmanın qəlb agahlığı və düşüncə istedadı onun bir çox fəzilətlər qazanmasına səbəb olmuşdur. O öz keyfiyyətləri ilə Peyğəmbərin (s) və Əlinin (ə) diqqətini cəlb etmişdir. Həzrət Əlinin (ə) Səlmana müraciətlə yazdığı məktub onun dini maarifə yiyələnmə hazırlığının sübutudur. Bu namədə həzrət (ə) Allaha həmd oxuduqdan, Peyğəmbərə salam göndərdikdən sonra buyurur: “Dünya yumyumşaq ilan kimidir. Zəhəri isə öldürücüdür. Dünyanın yalanlarından qorun. Onun dostluğu etibarlı deyil. Dünya qəmini boşla, bir gün onunla vidalaşacaqsan və o puç olub gedəcək. Dünyadan o zaman qorx ki, ona çox bağlısan. Çünki dünyaya bağlı olan kəs gözlədiyi şadlıqlar həddində çətinliklə üzləşər. Dünya ilə ünsiyyət dərinləşdikcə təhlükə də artır. Vəssəlam![28]

Başqa bir vaxt Həzrət Əli (ə) Səlmanın haqqında Əbuzərə buyurur: “Ey Əbuzər, əgər Səlman bildiklərini sənə desə, onu öldürənə rəhmət oxuyarsan. Ey Əbuzər, Səlman yer üzündə “babüllah” yəni Allahın qapısıdır. Mömin onu tanıyan şəxsdir. Onu tanımayıb, inkar edən şəxs kafirdir. Səlman biz Əhli-beytdəndir (ə).”[29]

Həzrət Əli (ə) də Səlmanı həkim Loğmana oxşatmış və buyurmuşdur ki, Səlman biz Əhli-beytdəndir və həkim Loğman kimi olan Səlmanın tayını haradan tapacaqsınız?![30]

Səlman Mədaində olsa da, Mədinə müsəlmanlarının qəlbində idi və heç vaxt Əmirəl-mömininin (ə) diqqətindən kənarda qalmazdı. Səlman vəfat etdikdə Həzrət Əli (ə) onun dəfni üçün özünü Mədainə çatdırdı.

Cabir ibn Əbdüllah Ənsari belə nəql edir: Əmirəl-möminin (ə) sübh namazını bizimlə qıldı, sonra bizə müraciətlə buyurdu: “Ey camaat! Qardaşım Səlmanın vəfatına əzadarlığınızla Allah tərəfindən mükafatınız artırılmış oldu.” Sonra Peyğəmbərin (s) əmmaməsini qoyub, libasını geyindi, onun qılıncını və qamçısını götürüb, dəvəsinə süvar oldu. Qəmbərlə birlikdə Mədainə doğru hərəkət etdi. Bir müddət sonra Mədaində Səlmanın evinin qarşısında dayandılar.[31]

Deyildiyi kimi, Səlman Peyğəmbər ailəsinin üzvlərindən və vəhy evinin yetirmələrindən sayılmışdır. O daim həzrət Peyğəmbər (s), Əli (ə), hətta həzrət Fatimədən (s) mənən qidalanmışdır. Səlmanın həzrət Fatimədən (s) əxz etdiyi biliklərdən biri də “Nur” duasıdır. Xanım Fatimədən (s) atasından öyrəndiyi bu duanı hər sübh və axşam oxuyardı. O bu duanı Səlmana da öyrətdi. Səlman deyir: “And olsun Allaha, mən bu duanı Məkkə və Mədinənin mindən çox qızdırmaya tutulmuş xəstəsi üçün oxudum və onların hamısı şəfa tapdı.”

Bu yerdə “Nur” duasını xatırlamağımız yaxşı olar:

Duanın tərcüməsi:

“Rəhman və Rəhim Allahın adı ilə” Nur Allahın adı ilə; Nur nuru, nur üzərindən nur Allahının adı ilə; bir Allah ki, işləri yoluna qoyandır; Nuru nurdan yaradan Allahın adı ilə; Nuru nurdan yaradan Allaha həmd olsun; Nuru bir kitabda yazmış, bir səhifə açmış, müəyyən ölçüdə, Tur dağında öz uca Peyğəmbərinə göndərmişdir. Həmd olsun o Allaha ki, izzəti ilə yad edilər, əzəməti ilə məşhurdur, xoşluqda və çətinlikdə təşəkkür olunar. Allahın salamı olsun ağamız Məhəmməd və onun pak ailəsinə.”[32]

 

Müqəddəs müharibələrdə Səlmanın rolu

 

Səlmanın üstünlükləri hətta müharibə meydanlarında da özünü büruzə verirdi. Bu fəzilətlər insanları ilhamlandırır və bir sıra çətinliklərin həllində yardımçı olurdu.

Səlmanın, sadəcə, döyüş meydanında olması döyüşçülərə ruh verir, onları hərəkətə gətirirdi. Səlmanın hikmətli sözləri və dəvətləri bəzən düşmənləri də haqq yola gətirirdi. Səlmanın hazırladığı döyüş planlarının, hərbi ixtiralarının həlledici əhəmiyyəti vardı.

Düşmənin silaha əl atmadan, yalnız Səlmanın sözləri ilə təslim olduğu döyüşlərdən biri Mədainin fəthi zamanı baş vermişdi. Onun təsirli rəftarı sayəsində Mədainin yeddi şəhərindən ikisi heç bir döyüş əməliyyatı aparılmadan təslim oldu. Rüstəm Fərrüxzadın komandanlığı altında olan dörd min döyüşçü Səlmanın təbliğatı sayəsində ordunu tərk edib, İslamı qəbul etdilər. Bu dörd min döyüşçü İran ordusunun xüsusi təyinatlı dəstəsini təşkil edirdi.[33]

Mədainin fəthi zamanı Səlmanın düşmənləri İslama dəvət etməsi belə baş verdi: Səlman dedi: “Mənim əsil-nəsəbim siz iranlılardandır və mən üç işdə sizin xeyirxahınızam. Sizin faydanız bu üç məsələdədir: 1. Əgər İslamı qəbul etsəniz, bizim qardaşlarımızsınız, malımıza şəriksiniz, bizimlə eyni vəzifələrə məsulsunuz; 2. Təslim olun və müsəlmanlara cizyə - vergi ödəyin; 3. Əks-təqdirdə sizinlə vuruşacağıq. Həqiqətən də, Allah xainləri dost tutmur.

Səlman düşmən əsgərlərini İslama dəvət etməklə yanaşı, daxili cəbhəyə də yetərincə diqqət ayırırdı. Mədain şəhəri fəth olunduqdan sonra əsgərləri başına toplayıb onlara “Yusif” surəsinin təfsirindən danışar, onları sədaqətli və əmanətdar olmağa həvəsləndirərdi. Çünki Mədainin aldadıcı sərvətlərini görən yoxsul ərəblər arasında xəyanət baş qaldıra bilərdi.[34]

Səlmanın müharibə meydanındakı digər bir fəaliyyəti döyüşçülərin ruhiyyəsini yüksəltmək, onlara dua və ibadət proqramları təlim etmək idi. Əsgərlərin döyüş meydanında ibadətə təşviq olunması həzrət Peyğəmbərin (s) təlimlərindən  idi. Bu yolla döyüşçü Allahın qeybi yardımlarına daha çox ümidvar olur. Çünki ilahi yardımlar daim İslam müdafiəçilərinin sorağındadır.

 

Döyüş meydanında Səlmanın şücaəti

 

Səlman elm və bilikdə, ibadət və duada öncül olduğu kimi, döyüş meydanında da şücaət göstərər və əsgərlərin döyüş əhval-ruhiyyəsini qaldırırdı. Müsəlman qoşunun Dəclə çayından keçməli olduğu döyüşlərdən birində altmış nəfərdən ibarət atlı dəstə özünü suya vurub Allahın yardımı ilə çayı adlayır. Qoşun başçısının yanında olan Səlman ona deyir: “Müsəlmanlığı yenicə qəbul etmiş bu insanlar hələ ki günaha batmadıqlarından su onlara ram olmuşdur. And olsun o Allaha ki, Səlmanın canı onun əlindədir, bütün qoşun dəstə-dəstə bu çaydan keçəsidir.” Səlman atlı dəstələrin önündə gedir, əsgərləri ruhlandırır, onlarda arxayınlıq yaradırdı.

 

Səlmanın hərbi ixtiraları

 

Səlmanın hərb meydanındakı məharəti, Taif və Xəndək döyüşlərindəki ixtiraları çox məşhurdur. Taif döyüşündə düşmən qalalarını mühasirəyə almış müsəlman qoşunu heç bir nəticə əldə edə bilmir. Nəhayət, Səlmanın təklifi ilə mancanaqlar düzəldilir və yalnız bu yolla qəti qələbə əldə olunur. Mancanaqlar vasitəsi ilə qalanın içinə daşlar, yanar kütlələr atılır. Mancanaq müasir topların işini görürdü.

Əhzab döyüşündə müşriklərin birləşmiş qoşununun hücumu təhlükəsi ilə üzləşmiş müsəlmanlar müdafiə sistemi qurmalı idilər. Bu mözuda müsəlmanlarla məsləhətləşən Peyğəmbər (s) Səlmanın təklifini qəbul edir. Tarixçilər yazırlar: “Peyğəmbərin (s) çox sevdiyi uca qamətli, sıx saçları olan kişi ayağa qalxdı, hündür bir təpəyə çıxıb, Mədinənin ətrafını diqqətlə nəzərdən keçirməyə başladı. O, müşahidə etdi ki, uca dağların əhatəsində yerləşmiş, böyük qaya parçalarının əhatə etdiyi Mədinəyə bir keçid mövcuddur. Səlman hələ İranda olarkən bir çox döyüş vasitələri ilə tanış olmuşdu. Onun həzrət Peyğəmbərə (s) açıqladığı təklif ərəblər üçün təzə bir şey idi. Onlar bu günədək Səlmanın məsləhət gördüyü taktikadan istifadə etməmişdilər. Səlman təklif edirdi ki, düşmənin qarşısını almaq üçün şəhərin ətrafında xəndək qazılsın. Əgər xəndək qazılmasaydı, müsəlmanlar məğlubiyyətə düçar ola bilərdilər.[35] Xəndək qazıldığı vaxt Səlman işə nəzarət edir, xəndəyi dərin qazdırırdı ki, qüreyş atlıları onu adlaya bilməsinlər.[36]

 

Səlman və Mədain hökuməti

 

Mədain İranda Sasanilərin paytaxtı olmuş gözəl və əfsanəvi şəhər idi. Bu şəhər müsəlmanlar tərəfindən fəth olundu.

Həzrət Əlinin (ə) məsləhəti ilə ikinci xəlifə Səlmanı Hüzeyfə ibn Yəmandan sonra Mədain şəhərinə hakim təyin edir. Mümkündür ki, bu təyinatda Səlmanın yerli əhali ilə eyni dilə malik olması əsas götürülmüşdü. Şəhər əhli farsdilli hakimlə daha asan ünsiyyət qura bilərdi.

İranlılar Səlman haqqında müəyyən məlumata malik idilər. Onlar Səlmanın Mədainə hakim təyin edildiyini eşidib, onu qarşılamaq üçün şəhərdən bayıra çıxdılar. Onlar elə düşünürdülər ki, Səlman da əvvəlki hakimlər kimi ətrafında naib-nökər, xüsusi bir cah-cəlalla Mədainə daxil olacaqdır. Şəhər əhlinin nəzəri Səlmanın görüşü intizarı ilə üfüqlərə dikilmişdi. Bu vaxt uzaqdan bir süvari görünür. O, saç-saqqalı ağarmış bir qoca idi. Arıq bir at minmiş bu kişinin yükü süfrə və su kuzəsindən ibarət idi. Şəhər əhli süvaridən Səlmanı görüb-görməməsi haqqında soruşurlar. Qoca bildirir ki, Səlman o özüdür. Mədain əhli yerində donub qalır. Təəccüb edirlər ki, bu haldan düşmüş bu qoca Mədain kimi əzəmətli, böyük tarixə malik, qüdrətli hakimlər görmüş bir şəhərə necə başçılıq edəcək?

Əhalinin arasındakı azğınlar sevindilər ki, bu qocanın hakimiyyəti altında çalıb-çapmaq asan olacaq. Amma onlar yanılırdılar!

Səlman xüsusi minik və saraydan imtina etdi. Birbaş məscidin qonşuluğundakı sadə evə üz tutdu. Bu evi iqamətgah edib, işə başladı. Səlman öz hakimiyyəti dövründə beytül-malı xalqın ehtiyaclarına sərf edər, hətta maaşını da ümumi işlər yolunda xərcləyərdi.

Səlmanın sadə həyatı ona məhəbbəti gücləndirir və şöhrətpərəst hakimlərə nifrəti artırır. Onun bərbəzəksiz həyat tərzi ikinci xəlifəni narahat etdi və o, Səlmana məktub yazaraq, uyğun qeydlərdən əlavə tapşırdı ki, Peyğəmbərin vəfalı səhabələrindən olmuş hüzeyfə ibn Yəban haqqında məlumat toplasın. Səlman xəlifənin məzəmmət və tapşırıqlarına belə bir məktubla cavab verir.

“Allahın adı ilə! Peyğəmbər (s) tərəfindən azad edilmiş Səlmandan Ömər ibn Xəttaba.

Sənin məzəmmət dolu məktubunu aldım. Yazmışdın ki, məni Mədain əhlinə hakim təyin etmisən və göstəriş vermisən ki, Hüzeyfənin yaxşı-pis işləri haqqında sənə məlumat verim. Hansı ki, Allah-təala öz kitabında casusluq və qeybəti qadağan etməklə yanaşı, bir çox günahlardan da çəkinməyi tapşırır. Bu səbəbdən də əmrini yerinə yetirə bilmirəm. Hüzeyfə haqqında tapşırığını icra edərək Allaha qarşı itaətsizlik göstərən deyiləm.

İndi isə mənim həsir toxumağım və arpa çörəyi yeməyim haqqında: - mənə arpa çörəyi yeməyimi irad edirsən. Mömin belə işlərdən ötrü məzəmmət olunmamalıdır. And olsun Allaha, həsir toxumaq, arpa çörəyi yeyib başqalarına möhtac olmamaq, kimsənin süfrəsinə göz dikməmək Allah yolunda sevimli və təqvaya ən yaxın bir işdir. Peyğəmbərin (s) arpa çörəyi tapdığı vaxt narahat olmadan onunla qane olduğunu görmüşəm.

Sonra isə mənim maaşım haqqında yazırsan. Mən onu qiyamət günündəki ehtiyaclarım üçün xərcləyirəm.

And olsun Allaha, boğazımdan ötürmək üçün dişlərimin üyüdə biləcəyi şey mənim nəzərimdə buğda çörəyi və qoyun ətindən fərqlənmir.

Sonra deyirsən ki, mən öz rəftarımla hökuməti zəif və xar etmiş, özümü gücsüz göstərmişəm; bu səbəbdən də Mədain əhli mənim hakimiyyətimdən xəbərsizdir və məni keçib getmək üçün bir körpü, yüklərini daşıtdırmaq üçün hambal qərar vermişlər; bu məsələ ilahi hökumətin zəifliyinə səbəb olmuşdur. Bil ki, Allaha itaət yolunda xarlıq Onu itaətsizlik yolunda izzətdən sevimlidir. Yaxşı bilirsən ki, Allahın rəsulu (s) da xalqla yaxın olmuş, onlarla ünsiyyət saxlamışdır. O, Peyğəmbər (s) və hakim olmasına baxmayaraq, insanlarla isti münasibətdə olmuşdur. Məgər Peyğəmbər (s) sadə xörək yeməmişdirmi, cod paltar geyməmişdirmi, bütün təbəqələrə bir gözlə baxmamışdırmı?!

Ey Ömər, məgər Peyğəmbər (s) buyurmamışdırmı ki, hər kəs yeddi nəfərə rəhbər təyin edilsə və ədaləti gözləməsə, Allahın qəzəbinə gələcək?! Kaş mən sənin dediyin xarlıq və zəifliklə Mədain hakimliyindən salamat ötüb-keçəydim. Mən bir şəhərə rəhbərlikdən bu qədər qorxuramsa, Peyğəmbərdən (s) sonra bütün ümmətə rəhbərlik edən şəxs nə qədər qorxmalıdır?! Allah-təala buyurmuşdur: “Axirət evi o insanlarındır ki, yer üzündə fitnə-fəsad törətmirlər...”[37] Bil ki, mənim hakimiyyətim xalq arasında Allahın hədlərini yerinə yetirməkdən ibarətdir. Bu iş alim və agah bir insanın göstərişləri əsasında həyata keçir. Mən həmin şəxsin üsulu əsasında hərəkət edirəm. (Səlman Həzrət Əlini (ə) nəzərdə tuturdu)”[38]

Bu məktubu nəzərinizə çatdırmaqda məqsədimiz Səlmanın öz hakimiyyəti dövründəki ruhiyyəsini və iş üsulunu bəyan etmək idi. Qüdrət və rəyasət onu təvazökarlıqdan uzaqlaşdırmadı, qürrələndirmədi. Səlman hakim olduğu vaxt bir an da unutmadı ki, o quldur. Amma başqasının yox, Allahın qulu!

Səlman ilahi hakimiyyəti yerinə yetirdiyindən öz dünyası üçün mal toplamadı. Nəql edirlər ki, Dəclə çayının daşıb, öz ətrafındakı evləri qərq etdiyi vaxt su Səlmanın da evinə yaxınlaşır. Səlman kürkünü, qılıncını və qələmini götürüb hündür bir təpəyə çıxır. O öz hərəkəti ilə xalqa böyük bir dərs verir. O, xalqa anlatmaq istəyir ki, yüngül dünya yükü qiyamət səhnəsində faydalı olasıdır.

Səlman, Peyğəmbərin (s) iş üslubundan ilham alaraq, məscidi təlim-tərbiyə, ictimai fəaliyyətlər mərkəzi qərar verir. O, Mədain hakimi olduğu vaxt məsciddə əyləşər, xalq üçün Quran təfsir edərdi. Səlman “Yusif” surəsindən danışar, xalqa iffət, sədaqət aşılayardı.

Bir dəfə xalq Səlmandan xahiş edir ki, onlar üçün Quran qiraəti dərsi keçsin. Səlman buyurur: “Mən farsam, gedin bir ərəb tapın.” Adamlar bir ərəb tapıb, ondan qiraət öyrənməyə başlayırlar. Səlman bu dərslərdə bir nəzarətçi kimi iştirak edir.[39]

Səlman o qədər sadə rəftar edər, özünü təvazökar aparardı ki, kənardan Mədainə gələnlər onun hakim olduğunu hiss etməzdilər. Bir dəfə yoldan ötən Səlman ağır xurma və əncir yükü olan, Şamdan gəlmə kişi ilə rastlaşır. Yükün ağırlığından yorulmuş kişi Səlmanın yükdaşıyan olduğunu düşünüb, onu yanına çağırır. O, yükün daşınmasında Səlmandan kömək istəyir və onun haqqını ödəyəcəyini bildirir.

Səlman ağır yükü çiyninə alıb yola düşür. Yolda onunla rastlaşan şəhər əhli salam verib, öz köməyini təklif edir. Şamlı kişi yükdaşıyan hesab etdiyi Mədain hakiminin Səlman Farsi olduğunu bilib, xəcalət çəkir və üzr istəyir. Səlman isə tövrünü pozmadan ünvana doğru hərəkət edir!..

 

Dərvişə baxmaqla kiçilməz insan,

Qarışqanı saydı böyük Süleyman.

 

Bir gün Səlman xidmətçisini iş dalınca göndərib, özü ev işlərinə məşğul olur. Belə bir rəftarın səbəbi soruşulduqda “bir nəfərə iki iş tapşırmağı sevmirəm.”[40] Bəli, bu sayaq rəftarları və əxlaqı Səlmanı sevimli etmişdir. Ölümlə nəticələnən xəstəliyə yoluxduğu zaman xalq çox narahat olub, dəstə-dəstə onu yoxlamağa gəlir, səmimi qəlbdən Səlmana dua edirlər.

Səlman isə başqa bir dildara könül vermişdir. Onun qəlbində başqa bir eşq çağlayır. Elə bu eşq səbəbindən də dünyaya biganədir və həqiqət yolundan sapmır.

Səlmandan soruşulanda ki, rəyasətə nifrətinin səbəbi nə oldu, belə cavab verir: “Südəmərlik dövrünün şirinliyi, bu dövrdən ayrılmağın acılığı!” Yəni rəyasət və qüdrət bir gün fəna olub gedəsidir. Ötəri bir şeyə isə könül verməyə dəyməz. Rəyasət və hakimiyyətə aşiq olanlar süddən ayrılmaq istəməyən uşaq kimidirlər. Süddən ayrılmaq körpəyə necə çətindirsə, hakimiyyətdən ayrılmaq da rəyasətpərəst insana bir o qədər çətindir. Elə bir şeyə könül vermək lazımdır ki, əbədilik olsun!

 

Səlmanın vəfatı

 

Hər bir insanın həyatı onun ölümü ilə sonuclanır. Yalnız haqq insan üçün belə deyil. Onun ölümü naməsinin başlanğıcıdır.

Kamil və Allah dərgahına yaxın övliyaların xüsusiyyətlərindən biri onların qeybdən xəbər tutması, əcəlin yaxınlaşmasından, hətta ölüm saatından xəbər tutmalarıdır.

Səlman həmin bu xüsusiyyətlərə malik insanlardandır. Mədaində xəstələndiyi vaxt vəziyyəti günbəgün ağırlaşır. Əmin olur ki, həyatının son anlarını yaşayır. O, mövlası Peyğəmbərdən eşitmişdi ki, əcəli yaxınlaşan vaxt ölülər onunla danışasıdır. Ona görə də bir tabut hazırladı. Onu tabuta qoyub, qəbristanlığa apardılar. Səlman ölümünün yaxınlaşdığını yəqinləşdirmək istəyirdi.

Səlmanın istəyini yerinə yetirdilər. Onu üzüqibləyə yerləşdirdilər. Səlman ölülərlə danışmağa başladı: “Salam olsun sizə ki, torpaqla qol-boyun olmusunuz və dünyaya gözünüzü qapamısınız... Salam olsun sizə ki, qidanız ölüm, libasınız torpaq olmuşdur. Sizi Allaha və Onun rəsuluna and verirəm ki, mənimlə söhbət edəsiniz. Mən həzrət Peyğəmbərin (s) azad etdiyi Səlman Farsiyəm...”

Mərhum Əllamə Məclisi Səlmanın halını bəyan edərkən onun bir ölü ilə uzun-uzadı söhbətini nəql etmişdir. Səlmanın çağırışına cavab olaraq, qəbirlərdən birindən səs gəlmişdi. Həmin ruh necə can verməsini, Allahın mərhəmət səbəblərini, dünyadakı əməl-lərini, ruhu çıxarıldıqdan sonra ona ünvanlanan sualları, ilk gecə qəbirdəki halını, bərzəx aləminin xüsusiyyətlərini və bir çox başqa məsələləri Səlmana danışmışdı...[41]

Səlmanın ölülərlə danışa bilməsi onun əcəlinin çatması əlaməti idi. Səlman buna əmin olub evə qayıdır. O, Allaha doğru böyük hicrətə hazırdır. Hazırdır ki, can əmanətini onu yaratmış Allaha qaytarsın.

Səlman ölüm yatağındadır. Ruhu bədənindən ayrılmaqda ikən bir şəxs ona yaxınlaşır. Səlman ağlayır. Həmin şəxs deyir: “Nə üçün ağlayırsan? Axı Peyğəmbər (s) səndən razı halda dünyasını dəyişdi.” Səlman cavab verir: “And olsun Allaha, ölüm qorxusundan və ya dünyadan ayrıldığım üçün ağlamıram. Məni ağladan həzrət Peyğəmbərin “sizin dünyadan nəsibiniz bir müsafirin azuqəsi qədər olmalıdır” sözləridir. Mən isə dünyadan bir bu qədər dünya malına sahib olan halda gedirəm.” (Hansı ki, Səlmanın olanı bir aftafa və bir kasa idi.)

Həmin şəxs Səlmandan nəsihət istəyir. Səlman deyir: “Bir hökm verərkən, bir qərara gələrkən, bir şeyə əl uzadarkən Allahı yad et.”[42]

Erkən sübhdür! Onun ruhunun bədən qəfəsindən pərvaz etməsinə çox qalmamışdır. Həyat yoldaşını çağırıb deyir: “Sənə verdiyim əmanəti gətir.” Əmanət gətirilir. Bu bağlamada bir müşk torbası var. Səlman əbədiyyət səfəri üçün saxladığı müşkü kasadakı suya qatır. Xanımından xahiş edir ki, bu müşkü onun yatağının ətrafına səpsin. Sonra deyir: “Mənim yanıma gələn məxluqlar yemək yeməsələr də xoş ətiri sevirlər.”

Yoldaşı onun istəklərini yerinə yetirir. Səlman əlavə edir: “Qapını bağla, bir kənarda otur.” Xanımı onun göstərişinə əməl edir. Səlmanın xidmətində olan Zadan soruşur ki, sizə kim qüsl versin? Səlman cavab verir ki, Peyğəmbərə (s) qüsl verən şəxs. Zadan deyir: “Axı o Mədinədədir, siz isə Mədaində?”

Səlman deyir: “Elə ki çənəmi bağladın, onun ayaq səslərini eşidərsən. Mənə bu barədə Allahın rəsulu xəbər vermişdir.” Zadan deyir: “Elə ki Səlmanın ruhu bədənindən ayrıldı və çənəsi bağlandı, Əmirəl-möminin Əlinin (ə) Qəmbərlə birlikdə gəlib çatdığını gördüm. Həzrət (ə) soruşdu ki, Səlman vəfat etdimi?” Dedim ki, bəli.

Həzrət Əli (ə) Səlmanın üzündən örtüyü qaldırdı. Səlmanın çöhrəsindən bir təbəssüm ötüşdü. İmam (ə) buyurdu: “Xoş halına, ey Əba-Əbdillah” (“Əba-Əbdil-lah” Səlmanın künyəsi idi) Peyğəmbərin (s) hüzuruna çatanda mənimlə necə rəftar olunduğunu danış.”

Əmirəl-möminin (ə) Səlmanı dəfn üçün hazırladı, onu kəfənə bürüyəndən sonra uca bir təkbir deyib, namaz qıldı. Onunla iki nəfər də namazda dayanmışdı: biri qardaşı Cəfər ibn Əbu-Talib, o biri isə həzrət Xızır. Bu iki nəfərdən hər biri ilə yetmiş cərgə mələk dayanmışdı və hər cərgədə minlərlə mələk sıralanmışdı.[43]

Əli (ə) Səlmanla vidalaşdığı son anlarda öz böyük hədiyyəsini iki beyt şer şəklində Səlmana təqdim edərək, onun kəfəninə yazdı:

 

Heç bir azuqəsiz və ehtiyatsız

Qatıldım Allahın dərgahına mən.

Azuqə götürmək qəbahət olar

Böyüklər önünə səfər edərkən.

 

Məhəmmədi Səlmanın barlı-bəhrəli həyatı beləcə başa çatdı və o öz Allahına sarı qayıtdı.

 

Səlman haqqında söhbətlər

*Bir kişi gecə namazına dura bilməməsindən Səlmana şikayətləndi. Səlman dedi: “Gündüzlər günah etmə.”[44]

*Səlman nəfs ilə cihad və özünütərbiyə məqamında özünə müraciətlə deyərdi: “Səlman, öl!”[45]

*Gizlində günaha batdınsa, yaxşı işi də gizlində gör. Aşkara büdrədikdə isə aşkara xeyir iş görməklə həmin günahı yu.[47]

 

Səlmanın ziyarəti

Səlmanın uca məqamı və ruhu sağlığında olduğu kimi, ölümündən sonra da onun davamçıları və haqtələb insanlar üçün faydalı və ibrətamiz olmuşdur. Onun məzarının ziyarəti bərəkəti ilə də bir çox ibrətlər götürmək olar.

Səlmanın qəbri Mədaində, Dəclə çayının şərq sahilindədir. Bu məkanda Səlmanın ziyarəti onunla mənəvi bağlılığın bərqərarı, onun fəzilətlərinin dəyərləndirilməsi, onun elm və təqvasından ilhamlanmaqdır. Bu insan elə bir kamal mərtəbəsinə çatmışdır ki, Peyğəmbər (s) ailəsindən sayılmış, Məhəmmədi Səlman kimi tanınmış, “Səlman biz Əhli-beytdəndir” iftixarı ilə təltif olunmuşdur.

Mərhum Mühəddis Qummi “Məfatihul-cinan” kitabında Səlman üçün bir ziyarətnamə nəql etmişdir. Həmin ziyarətnaməni olduğu kimi zikr edirik:

 

Səlmanın (r) ziyarətnaməsi

 

Salam olsun Allahın rəsulu, peyğəmbərlərin sonuncusu (həzrət) Məhəmməd ibn Əbdüllaha, salam olsun peyğəmbər vəsilərinin ağası həzrət Əli Əmirəl-mömininə, salam olsun pak məqam sahibi və xalqın hidayət rəhbəri olan imamlara, salam olsun haqqın yaxın mələklərinə, salam olsun sənə, ey Peyğəmbərin həmsöhbəti və sirdaşı, ilahi vəhy əmini, salam olsun sənə ey Əmirəl-möminin (ə) (həqiqi) dostu, salam olsun sənə, ey xeyir əhli böyüklərinin sirr xəzinəsi, salam olsun sənə, ey ötən dövrlərin yaxşılarından qalma, salam olsun sənə, ey Əbdüllah, Allahın salamı, rəhmət və bərəkəti sənin olsun; şahid dururuq ki, sənə əmr olunduğu kimi Allaha itaət etdin, Allah rəsulunun (s) buyurduğu kimi ardıcıl oldun, onun xəlifəsinə (Əliyə (ə)) sənə vacib olduğu kimi kömək etdin, ümməti bildiyin kimi və Peyğəmbər (s) övladlarına ehtirama doğru yola dəvət etdin: həqiqət yolunu Allahın əmr etdiyi kimi qəti bildin və bu yolda möhkəm oldun.

Şəhadət verirəm ki, sən Peyğəmbərin (s) elm dərgahı, Allahın və Əlinin dəlil yolusan; xasların səndəki elm və sirr əmanətini, Allahın əmanət haqqını qorudun; şəhadət verirəm ki, sən Peyğəmbərin seçilmiş şərafətli, ona yardıma hazır ailəsindən oldun”; yenə şəhadət verirəm ki, sən imanın ali mərtəbəsinə, dəlillərə, aşkar sübutlara maliksən; namazı bərpa etdin, zəkat verdin, əmr be məruf və nəhy əz münkər (yaxşıya dəvət, pisə qadağa) etdin; ilahi əmanəti əda etdin, Allah və rəsulu xatirinə (ümmətə) xeyirxah oldun; Allah dininə tərəfdarlıqda düşmənin əziyyətinə ömür boyu, ölənədək səbr etdin.

Allah o kəsə lənət etsin ki, bilərəkdən sənin haqqını tapdaladı və sənin məqamını əskiltdi; Allah o kəsə lənət etsin ki, səni dostlarına və rəhbərlərinə görə incitdi; Allah o kəsə lənət etsin ki, səni Əhli-beytə (ə) görə məşəqqətə saldı; Allah o kəsə lənət etsin ki, səni rəhbərlərinə görə məzəmmət etdi; Allah cin və insandan, keçmiş və gələcəkdən olan Ali-Məhəmməd düşmənlərinə lənət etsin və onların əzabını ikiqat artırsın; Allahın salamı olsun sənə ey Əba-Əbdillah; Allahın salamı olsun sənə, ey peyğəmbər köməkçisi; Allahın salamı olsun sənə, ey Əmirəl-mömininin (ə) dostu; Allahın salamı olsun pak cisminə və ruhuna; Allah bizi öz lütfü ilə ölüm zamanı sənə, xeyir və səadət əhli böyüklərinin məkanına qovuşdursun və nemət dolu behiştdə onlara yaxın etsin.

Allahın salam və rəhməti olsun sənə, ey Əba-Əbdillah, Allahın salam və rəhməti olsun sənin saleh şiələrdən olan qardaşlarına; Allah iman əhlindən olanlara qurtuluş, sevinc-şadlıq əta etsin, bizi və onları rəhbərimiz olan pak peyğəmbər ailəsinə qovuşdursun.

Allahın salam və rəhməti və bərəkəti olsun sənə və onların hamısına!

 

Mənbə: Cəvad Mühəddisi, "Səlman Farsi" (İdeallarla tanışlıq), Tərcümə edən: Məhəmməd Turan.

 

Qeydlər

 

[18] “Ricale-kəşşi”, s. 19; “Biharül-ənvar”, c. 22, s. 386.

[19] “Tərcümeye-tarixe-kamil”, c. 5, s. 142.

[20] “Biharül-ənvar”, c. 22, s. 372.

[21] “Qamuslur-rəcal”, c. 6, s. 427.

[22] “Şərhe-“Nəhcül-bəlağə”, c. 14, s. 35.

[23] “Əl-ixtisas”, s. 3.

[24] “Biharül-ənvar”, c. 22, s. 368.

[25] “Biharül-ənvar”,  c.22, s. 347.

[26] “Əl-istiab”, c. 2, s. 59.

[27] “Biharül-ənvar”,  c. 22, s. 324.

[28] “Feyzül-İslam, “Şərhe-“Nəhcül-bəlağə”, namə 68.

[29] Ricale-kəşşi”, s. 15; “Biharül-ənvar”,  c.22, s. 374.

[30] “Biharül-ənvar”,  c. 22, s. 330.

[31] Həmin mənbə, s. 372.

[32] “Məfatihul-cinan”, s. 208.

[33] “Tarixe-Kufə”, s. 89.

[34] “Helyətül-övliya”, s. 203.

[35] “Şərhe-“Nəhcül-bəlağə”, c. 18, s. 35.

[36] “Məqazi”, c. 2, s. 465.

[37] “Qəsəs”, 83.

[38] “Biharül-ənvar”,  c. 22, s. 360.

[39] “Tarixe-İbn-Əsaker”, c. 6, s. 5.

[40] “Muhəccətul-bəyza”,  c. 4, s. 447.

[41] “Biharül-ənvar”,  c. 22, s. 374.

[42] “Təbəqate-ibn-Səid”, c. 4, s. 91.

[43] “Biharül-ənvar”, c. 22, s. 373.

[44] “Tovhide-Səduq.”

[45] “Təbəqate-ibn-Səd, s. 90.

[46] Həmin mənbə.

[47] “Səfvətul-səfvə”, c. 1, s. 224.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ