Rəhim Hüseynov kimdir?

Rəhim Hüseynov kimdir?

Rəhim Əlihüseyn oğlu Hüseynov 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatmışdır. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olmuş R.Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün Moskvaya gedir. Burada Azərbaycanda çox nadir bir peşə sayılan polad istehsalı sahəsində mütəxəssis olmaq üçün 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olur. R.Hüseynov tələbəlik illərində biliyini zənginləşdirmək məqsədilə qara və əlvan metallurgiyaya aid çoxlu ədəbiyyat oxuyur. O, bu sahədə biliyi ilə tələbələr içərisində fərqlənir və müəllimlərin hörmətini qazanır. 1959-cu ildə Moskva Polad İnstitutunu metallurq-mühəndis kimi bitirən R.Hüseynov vətənə qayıdaraq Azərbaycan Boru-Prokat zavodunda əmək fəaliyyətinə başlayır. 1959-1962-ci illərdə R.Hüseynov bu zavodda əvvəl usta köməkçisi, sonralar isə boru-prokat sexində usta, sexin baş texnoloqu, rəisi vəzifələrində çalışmış və gənc olmasına baxmayaraq, öhdəsinə düşən vəzifələri bacarıqla yerinə yetirmiş, özünü bu sahəni bilən bir mütəxəssis kimi təsdiq etmişdir.

R.Hüseynov 1962-1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində çalışmış, respublika sənayenin və kənd təsərrüfatının planlaşdırılmasında, əlaqələrinin planlı aparılmasında, iqtisadiyyatının inkişaf etməsində xeyli əmək sərf etmiş və artıq Azərbaycanda mütəxəssis-iqtsiadçı kimi tanınmağa başlamışdır.

1964-1965-ci illərdə SSRİ məkanında xalq təsərrüfatının müxtəlif sahələrini daha da inkişaf və təkmilləşdirmək məqsədi ilə idarəçilik strukturunda bir sıra dəyişikliklər baş vermişdir. Bir sıra idarələr, istehsalat müəssisələri, komitələr, nazirliklər dəyişilmiş, ləğv edilmiş və yeniləri yaradılmışdır. Bu dəyişikliklər özünü Azərbaycanda da göstərmişdir. Bu dövrdə Azərbaycanda bir sıra komitə və nazirliklərlə yanaşı Baş Maddi-Texniki Təchizat İdarəsi də təşkil olunmuşdur.

R.Hüseynov 1965-1974-cü illərdə Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974-1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində çalışmışdır. O, bu vəzifələrdə 24 il işləyərək Azərbaycanın hərtərəfli inkişaf etməsi, sənayenin, kənd təsərrüfatının, elm və mədəniyyətin, maarif və incəsənətin yeni avadanlıqla və texnika ilə təmini, onların istehsalata tətbiqi, Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və b. şəhər və kəndlərdə tikinti-abadlıq işlərinin aparılması, yeni-yeni müəssisələr salınması və onların lazımi avadanlıqlarla təchiz olunması işində xeyli əmək sərf etmişdir.

1989-1992-ci illərdə R.Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. O, bu vəzifədə də öz iş ənənələrinə sadiq qalaraq respublikada ictimai və siyasi vəziyyətin ağır olmasına, iqtisadiyyatın və təsərrüfatın dağılmağa başlanmasına baxmayaraq, qarşısını almağa, iqtisadi-sosial və xalq təsərrüfatı problemləri düzgün istiqamətləndirməyə, erməni təcavüzünün qarşısını almağa səy göstərmiş və Plan Komitəsinin işinin səmərəli aparılması üçün respublikada təcrübəli, bacarıqlı iqtisadçıları komitəyə cəlb etmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra R.Hüseynov Dövlət Plan Komitəsinin beynəlxalq əlaqələrinin yaradılmasına, Azərbaycanın bir müstəqil dövlət kimi tanınmasına, güclü iqtisadi potensiala malik olduğunu nümayiş etdirməyə də səy göstərmişdir.

1992-ci il mayın 15-də Ali Sovetin sessiyası çağırılmışdır. Bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunmuş, Ayaz Mütəllibov prezidentliyə qaytarılmış və təklif edilmişdir ki, bu sessiyada baş nazir də seçilsin. Respublikanın tanınmış iqtisadçısı kimi Rəhim Hüseynovun namizədliyi irəli sürülmüşdür. R.Hüseynov Azərbaycan Respublikasının baş naziri seçilmişdir.

R.Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi müstəqil Azərbaycanın baş naziri vəzifəsində çalışmışdır. Respublikanın ən yüksək vəzifələrindən biri olan bu vəzifəyə rəhbərlik işində pillə-pillə yüksələn R.Hüseynov artıq təcrübəli, respublika iqtisadiyyatını yaxşı bilənlərdən biri kimi, ölkənin ağır şəraitdən çıxara biləcək bir şəxs kimi gəlmişdi. O, baş nazir vəzifəsinə başlayarkən Azərbaycan Xalq Cəbhəsi nümayəndələri qarşısında siyasətə qarışmayacağı haqqında şərt qoymuşdur. R.Hüseynov xatirələrində bu barədə yazır: “Mən açığı bunlara bildirdim: - Mən siyasətə qarışmıram. Əgər doğrudan da siz Azərbaycanın iqtisadiyyatı ilə məşğul olmaq, bu cür çətin vəziyyətdə, gərginlikdə və müharibə şəraitində iş görərək iqtisadiyyatı qaldırmaq işini mənə həvalə edirsinizsə, mənə mane olmayacaqsınızsa, işimə qarışmayacaqsınızsa, onda işləyə bilərik...

Elçibəy dedi:

- Yox, siz bizim ağsaqqalımızsınız, biz sizin işinizə qarışmayacağıq, siz iqtisadiyyatla, Azərbaycanın istehsalatı ilə məşğul olun, biz də öz siyasətimizlə”.

R.Hüseynov belə bir şərtlə baş nazir vəzifəsini icra etməyə başlamışdır. O, bu vəzifədə Azərbaycan nümayəndə heyətinin başçısı kimi Braziliyada keçirilmiş ekologiya məsələlərinə həsr edilmiş ümumdünya konfransında, Türkiyənin İzmir şəhərində keçirilmiş Şərq ölkələri üzrə iqtisadi konfransda iştirak və çıxış edərək Azərbaycan dövlətinin müstəqil siyasət yeritməyə başladığı haqqında məlumat vermişdir. Bu konfranslar zamanı ABŞ, Fransa, Türkiyə və s. ölkələrin prezidentləri, baş nazirləri ilə görüşmüşdür.

news-detail

R.Hüseynov AXC hakimiyyəti dövründə yaranmış çətin, ağır vəziyyətə baxmayaraq, Azərbaycan sənayesini və kənd təsərrüfatını dağılmaqdan xilas etməyə və bir sıra problemləri həll etməyə çalışırdı. Lakin cəbhəçilər ona bu işləri görməyə imkan vermir və idarəçiliyi bacarmayanlar istədiklərini edirdilər. Bütün bunlara dözməyən R.Hüseynov könüllü olaraq baş nazir vəzifəsindən getmiş, Azərbaycan Prezidenti Elçibəyin dəfələrlə xahiş etməsinə baxmayaraq, baş nazir vəzifəsinə qayıtmamışdır.

Beləliklə, 40 ildən çox bir müddətdə Azərbaycan xalq təsərrüfatının hərtərəfli inkişafı məsələləri ilə məşğul olmuş, müəyyən müvəffəqiyyətlərə nail olmuş bir şəxs respublikanın idarə olunmasından uzaqlaşmış oldu.

R.Hüseynov dövlət vəzifələrindən getsə də Azərbaycanın iqtisadi məsələləri ilə məşğul olmaqdadır.

1990-cı ildə yaranan ictimai təşkilatlardan biri də Azərbaycan Alimlər və Mühəndislər Birliyi olmuşdur. R.Hüseynov həmin birliyə yarandığı gündən bəri sədrlik edir 1994-cü ildə isə Beynəlxalq “Xəzər” fondu təşkil olunmuşdur. Onun təsis konfransında R.Hüseynov yekdilliklə fondun prezidenti seçilmişdir və ona başçılıq edir. Eyni zamanda o, 1994-cü ildən Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidentidir. R.Hüseynovun başçılıq etdiyi bu təşkilatlar Azərbaycanda elm, texnika, ekologiya, iqtisadi, sosial məsələlər ilə məşğuldurlar. O çalışır ki, həmin təşkilatlar Azərbaycanın hərtərəfli inkişafına az da olsa, bacardıqları qədər nail ola bilsinlər. R.Hüseynov bu təşkilatların fəaliyyətini belə izah edir: “Xəzər Beynəlxalq Fondu nə ilə məşğuldur? Ancaq iqtisadiyyat və ekologiya məsələləri ilə... iqtisadiyyat ekologiyasız ola bilməz, ekologiya iqtisadiyyatsız. Ekologiya pis olsa iqtisadiyyat işləyə bilməz.

Və ya Respublika Alimlər və Mühəndislər İttifaqı nə ilə məşğul olur? Elmlə, texnika ilə, müasir texnologiyalarla, dünyada nə olur, biz informasiyalar alırıq... İnformasiya mübadiləsi imkan verir ki, bizə aid olan, respublikaya lazım olan məsələləri, iqtisadi nəzəriyyə formasiyaları burada hökumətə bacardığımız səviyyədə təqdim edək.

R.Hüseynov yuxarıda adları çəkilən təşkilatların rəhbəri kimi bir çox beynəlxalq konfrans və iclaslarda, müşavirələrdə iştirak edir. O, xatirələrində bu barədə yazır: “... Respublika Alimlər və Mühəndislər İttifaqının sədri kimi... Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidenti kimi də fəaliyyət göstərirəm. Və mən həm də Ümumdünya Konfederasiyasının həqiqi üzvüyəm. Bu konfederasiya 84 ölkənin Alimlər və Mühəndislər Birliyini birləşdirir. Ona görə də elə il olmur ki, bu konfederasiyanın, ya da hansısa beynəlxalq qurumun xətti ilə ümumdünya konqreslərində, konfrans və seminarlarda iştirak etməyim”.

R.Hüseynov beynəlxalq görüşlərində dünyanın bir sıra siyasi xadimləri, dövlət başçıları ilə söhbət edir, onların ölkələri haqqında informasiya aldığı kimi, Azərbaycan həqiqətlərini onlara çatdırmaqda xeyli fəaliyyət göstərir. Azərbaycanın ermənilər tərəfindən təcavüzə, terrora məruz qaldığını tutarlı faktlarla izah edir.

R.Hüseynovun bilavasitə gərgin fəaliyyəti nəticəsində 1999-cu ilin may ayında “Avropa Əmtəə nömrələmə” assosiasiyası konqresinin üzvü seçilmişdir və 2000-ci ildə isə Beynəlxalq “Xəzər” fondunun nəzdində “Respublika Milli Əmtəə nömrələmə” idarəsini yaratmışdır. Bu idarə Azərbaycanda istehsal edilən malların dünyanın müxtəlif ölkələrinə göndərilməsində mühüm rol oynayır.

R.Hüseynov Azərbaycan SSR Ali Sovetinin sessiyalarının, Azərbaycan KP qurultaylarının, MK plenumlarının nümayəndəsi olmuşdur. O, Qırmızı Əmək Bayrağı, Xalqlar dostluğu, Şərəf nişanı ordenləri və bir sıra medallarla təltif olunmuşdur.

P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ