EURO 1,919 NEFT 65,66
USD 1,7 RUB 0,025

Nəvaz Şərif kimdir?

Nəvaz Şərif kimdir?

Mian Məhəmməd Nəvaz Şərif (d. 25 dekabr 1949) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990-93 və 1997-99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.

Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur.

Şərif ilk baş nazirliyi dövründə o dövrkü prezident Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifədən azad edilmişdir. Lakin, Pakistan Ali Məhkəməsi onun günahsız olması barədə qərar qəbul etmişdir. O, hakimiyyətdə olduğu ikinci dövr ərzində 1998-ci ildə general Cahangir Karamatı ordu komandiri vəzifəsindən azad etmiş və onu Pərviz Müşərrəflə əvəz etmişdir. Buna baxmayaraq, Kargil müharibəsi onun Müşərrəflə əlaqələrinin pisləşməsinə səbəb oldu. 12 oktyabr 1999-cu ildə Müşərrəfin başçılığı altında baş vermiş dövlət çevrilişinin ardınca o, Səudiyyə Ərəbistanına sürgün olunmuşdur.

2013-cü ildə baş tutmuş seçkilər nəticəsində ölkədə koalisiya hökuməti təşkil olunmuşdur. Nəticədə, Şərif Parlament tərəfindən baş nazir vəzifəsinə təyin olunmuşdur. Onun verdiyi tapşırıqlardan sonra ordu 2015-ci ildə ölkə ərazisində yerləşən ekstremist qruplaşmalara qarşı mübarizəsini kəskinləşdirmişdir. Şərifin üçüncü baş nazirliyi dövründə Çinlə qarşılıqlı investisiya qoyuluşları və BVF-dən alınan kreditlər sayəsində ölkədə makroiqtisadi sabitlik yaranmışdır. Lakin, həmin dövrdə dövlət borcu 35%-ə qədər qalxmış və bu da onun nüfuzunun azalmasına səbəb olmuşdur.

28 iyul 2017-ci ildə Pakistan Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində Baş Nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırmışdır.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ