EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257

Əli İnsanov kimdir?

Əli İnsanov kimdir?

Həyatı


Əli Binnət oğlu İnsanov 1946-cı il martın 22-də Ermənistan SSR-in Tavuş mərzinin Barana rayonunun (Noyemberyan) Ləmbəli kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirmişdir. İxtisası həkim-ftiziator və pulmonoloqdur.

 

Elmi fəaliyyəti


Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışmışdır. 1985-1993-cü illərdə vərəm institutunda direktor işləyərkən onun tədqiqat istiqamətini təkmilləşdirmiş, Elmi-Tədqiqat Ftiziotriya və Pulmonologiya İnstitutuna çevirmişdir. 1985-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Tibb Universitetində müəllim, kafedra müdiri işləmişdir. O, 1992-ci ildən professordur. 

Əli İnsanov Azərbaycanda ftiziatriya və pulmonologiya üzrə elmi məktəb yaratmışdır. Onun rəhbərliyi altında 25 namizədlik və 8 doktorluq dissertasiyası müdafiə edilmişdir. Əli İnsanov 4 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. Bu əsərlərin 50-si xarici ölkələrdə çap edilmişdir. 1981-ci ildən başlayaraq bu günədək onun elmi məruzələri 30-dan artıq ölkədə, o cümlədən ABŞ, İngiltərə, Fransa, Çin, Kanada, Almaniya, Türkiyə, İran, Hindistan, Yaponiya, İsrail, İsveçrə, Kuba, İndoneziya, Belçika və Pakistanda maraqla dinlənmişdir.

Parisdə Ümumdünya Ağciyər Xəstəlikləri İttifaqının (1987), Avropa pulmonoloqları Elmi Cəmiyyətinin (1988), Amerikada Ümumdünya Biotexnologiya Elmi Cəmiyyətinin və Avstriyada Ümumdünya Tibb Akademiyasının üzvü (1994) seçilmişdir.

Əməkdar elm xadimidir.

Əli İnsanov Azərbaycanın ilk dərman preparatı "İnsanovin"in və yerli təbii dərman bitkilərindən hazırlanmış "İnsanov bronxolitiki"nin müəllifidir.

1998-ci ildə Sankt-Peterburqda səhiyyədə islahatlara həsr olunmuş Beynəlxalq Konfransın qızıl medalına layiq görülmüşdür.

Əli İnsanov 2001-ci ilin iyulunda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

 

Siyasi fəaliyyəti

 

1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilmişdir.
1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

 

Həbs edilməsi


2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra sadalanan bir çox titulları, o cümlədən akademik fəxri adı ondan alınmışdır.

17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ