EURO 1,923 TRY 0,2477
USD 1,7 RUB 0,0237

İmam Museyi-Kazım (ə) kimdir? (II hissə)

İmam Museyi-Kazım (ə) kimdir?

 

Əvvəli burada

 

 

*-Harun - neçə üzlü insan

*-İslam dövləti təşkil etmək arzusunda

 

Harun - neçəüzlü insan


Hər bir insanın əxlaqi dəyərlər və düşüncə tərzi cəhətindən özünəməxsus mövqeyi vardır. Onun əxlaqi xüsusiyyətlər və rəftarı özünəməxsus siması kimi müəyyən bir şəxsin rəftarından xəbər verir. Ancaq bir sıra insanlar vardır ki, tərbiyə çatışmazlığı və ya başqa səbəblər üzündən ruhi ziddiyyətə malik olub öz şəxsiyyət və təfəkküründə bə’zi uyuğunsuzluqlar yaradır. Bu cür şəxslər şəxsiyyət baxımından heç də təkşəxsiyyətli adamlar deyillər, əksinə, onlar iki şəxsiyyətli, ikiüzlü və hətta bir neçə şəxsiyyətli, bir neçə üzlü adamlardır. Elə buna görə də, bə’zi hallarda onlar insanı təəccübləndirən ziddiyyətli hərəkətlər edirlər. Belə bir ziddiyyəti ilk baxışdan qəbul etmək bir az çətindir, ancaq bəşərin xüsusiyyətlərinə nəzər saldıqda, mə’lum olur ki, nəinki bu iş mümkündür, hətta bir çoxları bu cür xüsusiyyətlərə malikdirlər. Müasir dövrümüzdə psixoloqların kitablarında oxuyuruq: “...İnsan çox asanlıqla yalançı, qeyri-sabit və odlu həvəslərinin hissiyatının qurbanı ola bilər. Yə’ni, çox mehriban olduğu halda məhəbbətsiz, düzgün və sadiq olduğu halda yalançı, riyakar olmadığı bir halda riyakar olub özünü belə, aldada bilər. Bunlar bir-birinə zidd olan elə xüsusiyyətlərdir ki, nə təkcə bunların hamısı insanda ola bilər, hətta bunlar insan ruhunun “agah” və “xəbərsiz” hisslərinin xüsusiyyətlərindəndir.”[41]

Bu cür şəxslər yalançı və bir-birinə zidd olan xüsusiyyətlərə malik olduqlarından rəftarları bir-birilə ziddir; eyş-işrət pərəstişkarı olduqları halda, bir də görürsən ki, zahid və sufilik həyatı sürməyə başlayır, təfəkkürünün yarısı din tə’lim-tərbiyəsi altında olduğu bir halda, təfəkkürün digər bir hissəsi maddi və ləzzət aləmində cövlan vurur. Məscidə yolları düşdükdə abidlər sırasında durur, şərab məclisinə gəldikdə isə boğazlarını yaşlayırlar. Bir tərəfdə zülm və haqsızlığın həddini aşır, başqa bir tərəfdə isə rəhmlə dolu göz yaşı axıdırlar.

Tarixdə bu cür neçəüzlü (simasız) insanlardan nümunə çoxdur. Onlardan biri də Harun ər-Rəşiddir.

Sarayda doğulub boya-başa çatan Harun uşaqlıq çağlarından eyş-işrət, keflə ünsiyyətdə olmuş, təbii ki, bunun da nəticəsində onda eyş-işrətə meyli daha çox olmuşdur. Digər tərəfdən də, İslam ölkəsinin mühiti və eləcə də, onun tutduğu mövqeyi onun müsəlman olub İslam qayda-qanunlarına əməl etməsini tələb edirdi. Buna görə də, onun həyatı yaxşılıq və pisliklə, gözəllik və çirkinliklə qarışıq bir məcmuə təşkil edirdi. Onun bir sıra təəccüblü, bir-birinə zidd olan və çox az adamlarda tapılan xüsusiyyətləri var idi. Zülm və ədalət, mərhəmət və qəddarlıq, iman və küfr, barışma və əzazillik kimi sifətlər onda üzvi surətdə birləşmişdilər. O, bir tərəfdən zülmdən heç bir qorxusu olmadan istifadə edərək pak və günahsız insanları, xüsusilə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) cəsur övladlarının qanını axıdır, digər tərəfdən isə alimlərin nəsihətlərini dinlədikdə Qiyamətin fikrinə düşərək möhkəmcə ağlayırdı. O, həm namaz qılır, həm də şərab içərək eyş-işrətlə məşğul olurdu. Alimlərin nəsihətlərini dinlədikdə hamıdan abid və zahid kimi nəzərə çarpırdı. Xilafət kürsüsünə oturub ölkənin idarəsi ilə məşğul olduqda isə Neron və Çingizdən heç də geri qalmırdı. Tarixçilər yazırlar: “Bir gün Harun öz dövrünün təqvalı və pak şəxslərindən olan Füzeyl ibn Əyazın görüşünə gedir. Füzeyl öz ağır sözləri ilə onu çirkin işlərinə görə danlayıb zalımların intizarında olan Allah əzabı ilə qorxutdu. Harun bu nəsihətləri dinlədikdə, o qədər ağladı ki, huşunu itirdi. Özünə gəldikdən sonra yenidən Füzeylə dedi ki, ona nəsihət versin. Füzeyl neçə dəfə nəsihətlərini tərkrarlayır, hər dəfə də Harun huşunu itirirdi. Sonra Harun bu işinə görə Füzeylə min dinar verib dedi ki, lazım olan yerlərə xərcləsin. Harun bu hərəkəti ilə öz ikiüzlülüyünü açıq-aşkar nümayiş etdirirdi. Çünki onun fikrincə Allahın qorxusundan ağlayaraq bihuş olduqdan sonra yenə istədiyin işi çəkinmədən görə bilərsən.

Harunun iki min azyaşlı kənizi var idi ki, bunların da üç yüzü yalnız çalıb-oxumaq, rəqs etməyə məxsus idilər.[42] Rəvayət edirlər ki, bir dəfə o, əyləncə məclisinə gəldikdə əmr edir ki, məclisdəkilərin başına üç milyon dirhəm pul səpsinlər. Başqa bir əyləncə məclisinə gəldikdə özü ilə oraya gətirdiyi xanəndəni Misirə hakim tə’yin edir.[43]

Harun bir dəfə bir kənizi yüz min dinara, başqa bir kənizi otuz altı min dinara almış, lakin ikincini yalnız bir gecə saxladıqdan sonra sarayda olanlardan birinə bağışlamışdı. Onun o kənizi həmin şəxsə nə üçün bağışladığını isə Allah bilir.[44] Şübhəsiz ki, Harun boş yerə xərclədiyi bu pulların hamısını müsəlmanların beytül-malından götürürdü. Çünki onun babası Mənsurun hakimiyyətə gələrkən necə deyərlər heç bir qəpiyi belə olmamışdır. Deməli, boş yerə xərclənən bu pulların hamısı məzlum insanların, ac kəndlilərin əllərinin qabarının və alınlarının tərinin nəticəsi idi.[45] Ancaq Harunun ümumi beytül-mala qarşı etdiyi bu qədər xəyanətlərə baxmayaraq o, yalandan göz yaşı tökür, özünü pak insanlar kimi təqvalı göstərirdi.

 

Harunun həqiqi siması


Müasir Misir yazıçısı Əhməd Əmin Harunun (və onun dövründə yaşamış camaatın) eşy-işrətə baş qoşmasını iki səbəblə (biri onun dövründə ümumi rifahın genişlənməsi, digəri isə onun dediyinə görə əvvəlcədən eyş-işrətə meylli olmuş iranlıların Harunun sarayında nüfuz tapması ilə) əlaqələndirdikdən sonra yazır: “Üçüncü səbəb Harunun öz tərbiyəsi ilə əlaqədardır. Mənim fikrimcə o, sərthissiyyatlı bir cavan olmuş, lakin yüz faiz öz hissiyyat və istəklərinə uymamışdır. Eyni zamanda o, möhkəmiradəli bir şəxs idi. O, fitrət və tərbiyə baxımından nizami bir ruhiyyəyə malik olan bir şəxs olmuş, dəfələrlə Şərq və Qərb tərəfə ordu çəkmişdi. Ancaq onun sərtxasiyyətli, möhkəmiradəli, coşub-daşan cavanlıq fikirləri onu müxtəlif simalara salmışdı. Moizə eşidərkən həddən artıq tə’sirlənir, ucadan ağlamağa başlayır, musiqi eşitdikdə isə elə hala düşürdü ki, heç bir şeyi tanımır və ona məhəl qoymurdu. Onun təşkil etdiyi əyləncə məclisində İbrahim Museli oxuyur, Bərsəvma saz çalıb Zəlzəl dəf vurarkən Harun elə coşurdu ki, son dərəcə cəsarətlə deyirdi: “Ey Adəm! Əgər bu gün sənin balalarından kimlərin mənim məclisimdə iştirak etdiyini görsəydin, çox sevinərdin.”[46]

Yavaş-yavaş dini hissiyyat Harunda inkişaf edir, ancaq bunun müqabilində kef-damağ, əyləncələri də artmağa başlayır. Bunun nəticəsində də, o, həm namaz qılır, həm də musiqiyə qulaq asaraq əylənirdi. Onun sərt hissiyyatı müxtəlif cəhətlərə yönəlir, yönəldiyi sahədə də ifrat dərəcəsinə çatırdı. Bərməki sülaləsi onun razılığını cəlb etdiyi zaman onlardan razı qalır, onlara fövqəl’adə mehribançılıq göstərir və onları ən yaxın adamları sırasına daxil edirdi. Ancaq elə ki onun qəzəbinə düçar olurdular və həsəd aparanlar onun hissiyyatını Bərməki nəslinin əleyhinə təhrik edirdilər, onları məhv edib aradan götürür.

Harun İbrahim Muselinin səsindən (musiqisindən) çox ləzzət aldığı üçün onu alim və qazılar kimi sarayın yaxın adamlarının yerində qərar verir, ancaq bir dəfə də olsun, özünə sual vermirdi ki, müsəlmanların beytül-malını hansı əsasla bu cür şəxslərin cibinə tökür?

Əl-Əğani kitabının müəllifi bu barədə gözəl bir cümlə işlətmiş, həmin cümlədə Harunun qeyri-adi və bir-birinə zidd olan xüsusiyyətlərini çox gözəl şəkildə bəyan etmişdir. Müəllif yazır: “Harun moizə dinlədikdə hamıdan çox ağlayır, qəzəbləndikdə isə ən zalım şəxsə çevrilirdi.” Buna görə də, onun dindar bir şəxs olub çoxlu namaz qılmasına, qəzəbləndikdə isə heç bir əsası olmadan günahsız insanların qanını axıtmasına, sonrası gün isə kef məclisinə gedərək özündən getməsinə heç də təəccüblənməməliyik. Bunlar hamısı asanlıqla bir adamda tapılası sifətlərdir.[47]

Dediklərimizdən Harunun əsl və həqiqi siması mə’lum olur. Ancaq təəssüflər olsun ki, bə’zi tarixçilər Harunun rəftar, hərəkət və ruhiyyəsini, idarəçilik sistemini qeyd edərkən həqiqəti gizlədir, bilər-bilməz həqiqətin yalnız yarısını açıqlayır, yarısını isə olduğu haldan başqa cür qələmə verirlər. Halbuki, təhqiqi və bitərəf araşdırma zamanı şəxsin bütün xüsusiyyətləri olduğu kimi qələmə alınmalıdır.

 

Harunun hiylələri və onun özünü dindar kimi göstərməsi


Bir neçə səhifə bundan qabaq qeyd etdik ki, Əməvi və Abbasi xəlifələri İslam hökumətini öz yolundan çıxarmaqda və Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi ilə mübarizədə bir-biri ilə həmfikir olsalar da, onları bir-birindən fərqləndirən bir cəhət də var idi. O da bundan ibarət idi ki, Əməvi xəlifələri (Müaviyə və digər bir-iki xəlifə istisna olmaqla) dini alimlərlə bir o qədər də, əlaqə saxlamır, onların işinə qarışmırdılar. Onlar ancaq ölkədaxili qiyamları yatırtmaq, xarici qələbələr əldə etmək, ölkənin maliyyə işlərini tənzimləmək və bu kimi siyasi işlərə nəzarət edir, İslam alimlərini (adətən) başlı-başına buraxırdılar. Buna görə də, onların hökumətinin dini cəhəti olmamışdır. Ancaq elə ki Əməvi sülaləsi öz yerini Abbasi sülaləsi ilə əvəz etdi, məsələ tamamilə dəyişdi. Hökumət özünə dini cəhət kəsb edir, məzhəbi amillərdən hökumətin xeyrinə istifadə etmək siyasəti və özünü dindar kimi göstərmək, dini alimlərlə əlaqə saxlamaq xüsusən, ilkin Abbasi xəlifələrinin dövründə adət halına çevrilir. Bunun səbəbi o idi ki, Abbasi xəlifələri siyasi rəhbər olmaqla yanaşı camaatın hörmətini qazanmaq üçün həm də özlərini din adamı kimi tanıtdırmaq istəyirdilər.[48] Abbasi xəlifələrinin özlərini dindar kimi göstərib camaatın gözündə dini nüfuz tapmaq məqsədlərinə dair bir çox nümunələr vardır ki, bunlar da onların bu sahədə göstərdikləri sə’ylərin göstəricisidir. Corci Zeydan yazır: “Abbasi xəlifələri, Misrin Fatimi xəlifələri, İspaniyanın Əməvi xəlifələri dini cəhəti saxladıqlarına görə bir çox çətinlikləri həll edə bilmişlər. Məhz bu səbəbə görə Osmanlı imperiyası kimi qeyri-ərəb hökumətlər şər’i cəhət daşıdıqları üçün digər hökumətlərdən çox yaşamışlar...”

Bunlar avam camaatın qəlbində yer tapmaqdan ötrü həmişə öz məqamlarını yüksəldərək özlərini Allahın ən yaxın bəndələri, hakimiyyətlərini də Allah tərəfindən seçilmiş hökumət kimi qələmə verirdilər. Corci Zeydan xəlifələrin avam camaat arasındakı yalan təbliğatının nüfuzunu və camaatın bu təbliğata olan inam səviyyəsini qeyd etdikdən sonra əlavə edib yazır: “...İş o yerə çatmışdı ki, camaat deyirdi: Abbasilərin hakimiyyəti İsa Peyğəmbər göydən enənə qədər davam edəcək. Abbasi hökuməti süqut edərsə, günəş batar, yağış yağmaz, bitkilər quruyar. (Corci Zeydanın bu cümlədə işlətdiyi camaat sözündən məqsədi sünnilərdir. Çünki şiələrin əqidəsinə görə həm ilk üç xəlifə, həm Əməvilər, həm də Abbasilər xəlifəlik məqamını qəsb etmiş və buna görə də şiələr onları qəbul etmirlər. (Corci Zeydanın “İslam mədəniyyətinin tarixi” əsərinin mütərcimi Əli Cəvahirkəlamdan.))

Abbasi xəlifələri də bu nankorluğu özlərinə bəyənmişdilər. Hətta böyükdüşüncəli və hakimiyyəti dövründə İslam mədəniyyəti inkişaf etmiş Harunun da bu cür yaltaqlıqlardan xoşu gəlirdi... Əgər İslamın ucalıb inkişaf etdiyi bir dövrdə xəlifə yaltaqlığı bu qədər sevirsə, şübhəsiz ki, fəsad və pozğunluq dövründə mövhumat və xurafat həqiqətin yerini alacaq, yaltaqlar səhnəyə çıxdıqda xəlifə və hakimlər boş sözü əməldən çox sevəcəklər. Məhz bu səbəbə görədir ki, yaltaqlar, öz şəxsiyyətlərini satanlar Abbasi xəlifəsi Mütəvəkkili “Allahın kölgəsi” adlandıraraq deyirdilər: “Bu rəhmət kölgəsi camaatı istidən qorumaq üçün asimanda sərilmiş bir kölgədir.” Digər bir yaltaq şair İbn Hani Fatimi xəlifəsi Əl-Muizzi aşağıdakı şəkildə tə’rifləyir: “Qəzavü-qədərin tə’yin etdiyi deyil, sənin istədiyin həyata keçir. Elə isə əmr ver və rəhbərlik et! Sən həqiqətən yeganə yenilməzsən![49] (İstər Allahın əmri olsun, istərsə də xəlifənin.)”

Abbasi xəlifələri arasında Harun qədər bu məsələyə diqqət yetirən və bu cür yaltaqlıqlardan istifadə edən olmamışdır. O çalışırdı ki, bütün hərəkət və işlərinə dini ad versin. Harun bütün cinayət və əyyaşlıqlarının üstünü din adı ilə örtür, hərəni bir bəhanə ilə şəriət çərçivəsinə daxil edirdi. Deyirlər ki, Harun xəlifə olduğu müddətdə bir dəfə Məkkəyə gedir. Həcc mərasimi zamanı öz xüsusi məsihi həkimi Cəbrail ibn Bəxtişu’ üçün həddən artıq çox dua edir. Bəni-Haşimdən olanlar bundan çox narahat olurlar. Harun onların “bu şəxs müsəlman deyil, zimmidir, onun üçün dua etmək düzgün deyil” iradlarına belə cavab verdi: “Düzdür, ancaq mənim sağlamlığım onun əlində, müsəlmanların da məsləhəti mənim sağlamlığımdadır. Deməli, müsəlmanların xeyir və məsləhəti onun ömrünün uzun olmasındadır, elə isə onun üçün dua etməyin eybi yoxdur.”[50] Harunun bu məntiqi qeyri-adi bir məntiq idi. Onun məntiqinə əsasən, İslam cəmiyyətinin bütün məsləhətləri onda cəmlənmiş və hər şey onun canının qurbanı olmalı idi. Çünki onun gətirdiyi sübuta əsasən, o, təkcə xəlifə deyil, eyni zamanda cəmiyyətdə onun olması vacibi bir məsələ idi. Ola bilsin belə təsəvvür oluna ki, Harun kimi bir şəxsin bütün hərəkət və işlərini düzgünlüyə çıxarmaq din məntiqi ilə çətin bir işdir. Ancaq o, öz dövrünün alçaq və dünyapərəst qazı və fəqihlərini satın almaqla öz işlərinə bəhanə gətirmək üçün meydanı tamamilə açıq qoymuşdu.

 

Hökm çıxaran şura


Harunun hiylələrindən və özünü dindar kimi göstərməsinə aid açıq-aşkar nümunələrdən biri Yəhya ibn Abdullahın şəhadət məsələsidir. Yəhya ibn Abdullah İmam Həsən əleyhissəlamın nəvəsi, Bəni-Haşim tayfasının sayılıb-seçilən şəxslərindən və İmam Sadiq əleyhissəlamın səhabələri içində çox diqqət yetirdiyi şəxslərdən biri olmuşdur.[51] Fəxx şəhidi Hüseyn, Abbasi hökumətinə qarşı qiyam qaldırdığı zaman Yəhya onun ordusunda olmuş və ordunun əsas sərkərdələrindən biri sayılmışdır. Hüseyn şəhid olub ordusu məğlubiyyətə uğradıqdan sonra o, bir dəstə ilə birlikdə Deyləm şəhərinə gedərək orada fəaliyyət göstərmişdir. Oranın əhalisi onun ətrafına yığışaraq gözə çarpan miqdarda bir ordu yaranmışdı.

Qeyd etdik ki, öz şəxsiyyətini satmış qazılardan biri də qazı Əbu Yusif idi. Harun onu baş qazı vəzifəsinə tə’yin etmişdi. O, hər bir vaxt Haruna lazım olurdusa, öz istinad və qəribə yozma qüvvəsi ilə Harunun qeyri-şər’i işlərinin üstünü örtərək, bə’zi bəhanələrlə onları dini ölçülərlə uyğunlaşdırırdı. İndi nümunə üçün aşağıdakı iki məsələyə nəzər salaq.

1. Harun xəlifə olduğu ilk vaxtlarda atasının (Məhdinin) kənizlərindən birinə vurulur. Harun öz eşqini açıb ona e’lan etdikdə kəniz deyir: “Bu fikri başından at, çünki atan mənimlə bir yastığa baş qoymuşdur (və mən sənin atanın arvadı sayılıram.)” Harun ona bərk vurulduğundan ondan əl çəkə bilmirdi. Əbu Yusifi çağırtdırıb məsələni ona danışaraq ondan bir çıxış yolu istədi. Əbu Yusif soyuqqanlılıqla dedi: “Bir kənizin etdiyi hər hansı bir iddia məgər qəbul olunmalıdır? Ona qulaq asma, çünki o, düzdanışan kəniz deyil.”[58] (Halbuki, İslam qayda-qanunlarına əsasən, bu cür yerdə qadının öz e’tirafı əsas götürülərək qəbul olunur.)

 

Vicdanı aldatmaq


2. Bir gün Harun xüsusi aşpazına əmr edir ki, onun üçün cavan bir dəvənin ətindən yemək hazırlasın. Yemək yeyilib qurtardıqdan sonra Cə’fər Bərməki dedi: “Xəlifənin bu yeməyinin hər bir tikəsi dörd yüz min dirhəmə başa gəlib.” Harun bu məsələdən təəccübləndikdə Bərməki başa salır ki, bir müddət bundan qabaq xəlifə belə bir yeməyin hazırlanmasını istəmiş, lakin həmin vaxt bu yemək hazırlanmamışdır. O gündən bəri hər gün xəlifənin aşpazxanası üçün cavan bir dəvə kəsilir. Onların hamısının bir yerdə qiyməti dörd yüz min dirhəmə gəlib çatır.”

Müsəlmanların beytül-malını saysız-hesabsız əyyaşlıq və kef məclislərinə sərf edən, zəhmətkeş və məzlum müsəlmanların malını israf etmək, ora-bura xərcləməkdən çəkinməyən Harun bu dəfə vicdanlı, ürəyiyanan bir şəxsə çevrilir. O, bu sözü eşitdikdə narahat olub əmr verir ki, bu işin əvəzini çıxmaq üçün neçə milyon dirhəmi kasıblar arasında sədəqə adı ilə paylasınlar. Əlbəttə, bu pullar heç də onun şəxsi vəsaitindən deyil, müsəlmanların ümumi beytül-malından olub hamı arasında ədalətlə bölüşdürülməli idi. Özü də sədəqə, xəlifənin bəxşişi və bu kimi şeylər onun bölüşdürülməsi üçün əsas ola bilməzdi.

Nə isə, bu xəbər Əbu Yusifin qulağına çatır. Onun sarayında olmasının fəlsəfəsi özünü belə yerdə büruzə verən Əbu Yusif xəlifənin bu işinə bəhanə gətirmək üçün gözəl bir plan hazırlayıb bu məqsədlə xəlifənin yanına gələrək narahatlığının səbəbini soruşur. Harun onu məsələdən xəbərdar edir. Əbu Yusif üzünü Cə’fər Bərməkiyə tutub soruşur: “Kəsilən bu dəvələrin əti xarab olurdu, yoxsa camaat onu istifadə edirdi?” (Sanki Əbu Yusifin fikrini duymuş) Cə’fər cavab verdi ki, camaat onu istifadə edirdi. Əbu Yusif sevinərək qışqırdı: “Xəlifə, muştuluq, böyük savab əldə etmisən. Çünki bu müddət ərzində kəsilmiş bütün ətləri müsəlmanlar istifadə etmiş və Allah-taala bu cür böyük bir sədəqəni yerinə yetirməyə xəlifə üçün şərait yaratmışdır.”1 Beləliklə, xəlifə üçün kəsilən dəvələrin əti xarab olmamış və Bağdad itlərinin qabağına atılmayaraq bir neçə ac adama verilirsə, bu, Əbu Yusifin məntiqində sədəqə hesab olunur, Harunun gördüyü işlər də israf, müsəlmanların malını boş yerə xərcləmək və beytül-malı ona-buna verib dağıtmaq deyil, sədəqə və yaxşı iş kimi qələmə verilirdi.

Qeyd etdiyimiz bu həqiqətləri nəzərə aldıqda İmam Museyi-Kazim əleyhissəlamın işinin nə qədər ağır olduğunu asanlıqla anlaya bilərik. Çünki o Həzrət əsl simasını riyakarlıq, zahirpərəstlik və hiylələr arasında gizlədərək özünü ədalətli və mö’min xəlifə adlandıran Harun kimi hiyləgər bir xəlifə ilə üz-üzə idi. İmam Kazim (əleyhissəlam) Harunun hiylə, riyakarlıq və zahirpərəstlik pərdələrini yırtıb onun əsl simasını camaata göstərmək üçün fasiləsiz və ardıcıl təbliğ etmək məcburiyyətində idi. Əgər İmam Kazim əleyhissəlamın seçilmiş şəxsiyyəti və inkaredilməz əzəməti olmasaydı, doğrudan da, belə mübarizədən qalib kimi çıxmaq şübhəli olardı.

 

Əli ibn Yəqtin - İmam Kazim əleyhissəlamın Harunun sarayındakı elçisi


Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın seçilmiş və qabaqcıl şagirdlərindən biri olmuşdur. O, pak və adlı-sanlı bir şəxs olmuş, İmam Kazim əleyhissəlamın yanında özünəməxsus mövqe tutmuşdu. Şiə aləmində onun misilsiz hörməti vardı.[59]

Əli ibn Yəqtin hicrətin yüz iyirmi dördüncü ilində Əməvi sülaləsinin hakimiyyətinin son çağlarında Kufə şəhərində dünyaya gəlmişdir. Atası Yəqtin Abbasilər sülaləsinin əsas tərəfdarlarından biri olmuşdur. Elə buna görə də, öz dövrünün xəlifəsi olmuş (Əməvi xəlifəsi) Mərvani Himar onu tutmaq istəmiş, o isə hökumətdən qaçaq düşmüşdür. Onun həyat yoldaşı ərinin qaçaq düşdüyü bu müddətdə (haqqında danışdığımız) Əli və Übeyd adlı iki oğlunu da götürüb Mədinə şəhərinə köçür. Əməvilər süquta uğrayıb Abbasilər hakimiyyətə gəldikdən sonra Yəqtin Kufəyə gələrək Əbülabbas Səffaha qoşulmuşdur. Həmçinin, onun həyat yoldaşı da uşaqları ilə birlikdə Kufəyə qayıtmışdır.[60]

Bəli, Əli ibn Yəqtin Kufədə böyüyüb boya-başa çatmış və İmam Kazim əleyhissəlamın şagirdləri sırasına qoşulmuşdur.

 

Əli ibn Yəqtinin elmi məqamı


Rical elminin alimləri və tarixçilərin dediyinə görə Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın qabaqcıl və seçilmiş şagirdlərindən olmuş, o Həzrətin hüzurundan bəhrələnərək ondan çoxlu sayda hədislər söyləmişdir. İmam Sadiq əleyhissəlamdan isə yalnız bir hədis rəvayət etmişdir.[61]

Əli ibn Yəqtin həm ictima arasında sayılıb-seçilən və hörmətə sahib olan bir şəxs idi, həm də öz dövrünün alimləri sırasında adı çəkilirdi. O, aşağıdakı kitabları qələmə almışdır:

1. “İmam Sadiq əleyhissəlamın gələcək fitnə-fəsad barədə soruşulmuş sullara cavabı” (“Ma suilə ənhus-Sadiqu min əl-məlahim”);

2. “(Allaha) şəkk edən şəxsin İmam Sadiq əleyhissəlamın hüzurunda mübahisəsi” (“Münazirətüş-şakki bihəzrətih”);

3. “İmam Kazim əleyhissəlamdan öyrəndiklərim.”[62]

Əli ibn Yəqtin tutduğu ictimai və siyasi mövqeyi hesabına şiə məzhəbi üçün misilsiz xidmətlər mənşəyi olmuş və şiələr üçün ümid yeri hesab olunurdu.

 

Əli ibn Yəqtinin vəzir olması şiələr üçün arxa və dayaq olmuşdur


Mənsur və Harunun hakimiyyəti dövründə Bəni-Haşim nümayəndələrinin ardıcıl silahlı e’tirazları məğlubiyyətlə nəticələnir. Hərəkat başçılarının şəhid olaraq dəstələrinin məğlubiyyətə uğramaları bir daha sübut etdi ki, belə bir şəraitdə hər hansı bir silahlı mübarizə məğlubiyyətə məhkumdur. Buna görə də, mübarizəni başqa yolla davam etdirmək lazımdır. Bu baxımdan İmam Kazim (əleyhissəlam) silahlı mübarizədən göz yummuş və ancaq tələbə yetişdirilməsi, fikirlərin oyadılması, çirkin Abbasi hökumətinin əsl həqiqətini tanıtdırmaq və mümkün qədər ictimaiyyətin müxtəlif sahələrində şiəlik ideyalarını genişləndirmək barədə düşünürdü. Elə buna görə də, o cür zalım hökumətlə həmkarlıq etməyin ümumi şəkildə haram olmasına baxmayaraq, İmam Kazim (əleyhissəlam) istisna hallarda bə’zi pak və layiqli şəxslərin hökumətdə mühüm vəzifə tutmasına razılıq verirdi. Çünki bu iş bir tərəfdən şiələrin hakimiyyətdə yer tutmalarına, digər tərəfdən də camaatın, xüsusən də, şiələrin himayə altına keçməsinə səbəb olurdu. Əli ibn Yəqtinin də hökumətdə mühüm bir vəzifə tutması bu kimi işlərdən biri idi. Abbasilər sülaləsinin tam tərəfdarı olan və İmamət məsələsinə heç bir e’tiqadı olmayan atasından fərqli olaraq, Əli ibn Yəqtin ayıq və mətin şiələrdən idi və əqidəsi əsl şiə əqidəsi idi.[63] Belə ki, intizar, yə’ni, hazırda olan zalım hökumətin qeyri-qanuni olduğunu hesab etməklə haqq-ədalət əsasında qurulacaq hökumətin gəlişinə ümid bəsləmək onun əqidəsinin əsasını təşkil edirdi. Bu həqiqət onun bir dəfə atası ilə etdiyi söhbətdən də başa düşülür. Bir dəfə Yəqtin oğluna deyir: “Necə olur ki, sizin rəhbərlərinizin bizim (Bəni-Abbasın) barəmizdə dedikləri düz çıxır, ancaq sizin özünüz barədə dedikləri (sizə və’d olunmuş hökumətin qalib gələcəyi) düz çıxmır?” Əli cavab verir: “Sizin və bizim barədə deyilənlərin ikisi də eyni yerdən (eyni şəxs tərəfindən) deyilib. Sadəcə olaraq sizin hakimiyyətiniz bərqərar olub və buna görə də, sizin barədə deyilən şübhəsiz olaraq həyata keçmişdir. Özünüz də gördünüz ki, deyilənlər tamamilə düz çıxdı. Ancaq bizə və’d olunmuş hökumətin vaxtı çatmadığından, biz hələ də onun ümidi ilə yaşayırıq. Əgər bizim rəhbərlərimiz “Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin hakimiyyətə gəlişi (məsələn) iki yüz-üç yüz ildən sonra olacaq” desəydilər, ola bilərdi ki, (vaxtın uzun olduğundan) ürəklər sıxılıb camaatın həmin hökumətə olan inamı azalardı. Lakin (camaat öz ümidini itirməsin deyə) İmamlar (həmin hökumətin nə vaxt bərpa olunacağını müəyyən etməyərək) buyurmuşlar ki, tezliklə onun vaxtı çatacaq. Beləliklə də, İmamın (on ikinci İmamın) zühurunun yaxın bir vaxtda olacağını vurğulamışlar.”

Əli ibn Yəqtinin bu cür sabiqəsini nəzərə almaqla, onun Harunun sarayında vəzifə tutmasının nə dərəcədə əhəmiyyətli olması asanlıqla başa düşülür.

 

İmam Kazim əleyhissəlamın şərti razılığı


Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın razılığı ilə Harunun sarayında vəzir olmasını qəbul etdi.[64] O, sonradan neçə dəfə işindən iste’fa vermək istəmiş, lakin İmam Kazim (əleyhissəlam) onu bu fikrindən daşındırmışdır.[65]

İmam Kazim əleyhissəlamın Əli ibn Yəqtini öz vəzifəsində saxlamaqdan məqsədi şiələrin can, mal və hüquqlarının qorunması və onların gizli təşkilatına kömək etmək idi. İmam Kazim (əleyhissəlam) ona buyurur: “Əgər istəyirsənsə, sənin barəndə üç şeyə zamin olum, onda sən də bir şeyə zamin ol.” Əli ibn Yəqtin soruşur: “O üç şey hansılardır?” İmam Kazim (əleyhissəlam) buyurur: “Sənin üçün zamin olduğum üç şey bunlardır:

1. Əsla sən qılınc və düşmənin əli ilə öldürülməyəcəksən.

2. Sənin heç vaxt maddi imkana ehtiyacın olmayacaq.

3. Sən heç vaxt tutulmayacaqsan.

Ancaq sənin zamin olacağın şey isə budur ki, bizim şiələrdən birinin işi düşüb nə vaxt biri sənə müraciət edərsə, söz ver ki, onun işini düzəldəcək və ona hörmət edəcəksən.”

Əli ibn Yəqtin İmam əleyhissəlamın şərtini qəbul etdi, İmam da bu üç şey barədə onun üçün zamin oldu.[66] İmam Kazim (əleyhissəlam) öz söhbəti əsnasında buyurdu: “Sənin bu məqamın (şiə) qardaşlarının fəxridir. Ümid edirik ki, Allah sənin vasitənlə məğlubiyyətlərin əvəzini çıxıb müxaliflərin fitnə alovunu söndürsün.”

Bəli, Əli ibn Yəqtin öz əhdinə sadiq qaldı, vəzifədə olduğu bütün müddət ərzində şiələr üçün mö’təbər bir istehkam hesab edilmiş və o cür çətin şəraitdə şiələrin azadlığı və canlarının qorunması üçün lazım olan şəraiti tə’min etməkdə böyük rol oynamışdır.

 

Təhlükəli və gizli bir tapşırıq


Əli ibn Yəqtin gizli şəkildə öz malının xümsünü İmam Kazim əleyhissəlamın hüzuruna göndərir, bə’zi vaxtlar isə şərait ağır və çətin olduqda, o Həzrət üçün maddi imkanat yaradırdı. Onun dostlarından ikisi deyir ki, bir gün Əli ibn Yəqtin bizi çağırıb bizə bir qədər pul və bir neçə məktub verərək dedi: “İki ədəd minik vasitəsi alıb gizli yolla gedərək bunları İmam Kazim əleyhissəlama çatdırın. Sizin bu işinizdən heç kimin xəbəri olmasın.” Həmin iki nəfər deyir: “Kufəyə gəlib iki minik vasitəsi aldıq. Yol üçün tədarük gördükdən sonra gizli yolla hərəkət etdik. “Bətnür-rəhmə” adlı yerdə heyvanlardan düşüb qabaqlarına ot qoyduq, özümüz də nahar etmək üçün oturduq. Bu vaxt yanında da, bir yoldaşı olan bir atlı gəldi. Yaxınlaşdıqda gördük ki, İmam Kazim əleyhissəlamdır. Qalxıb ona salam verdikdən sonra pulu və məktubları təhvil verdik. O Həzrət də bir neçə məktub çıxarıb bizə verərək buyurudu: “Bunlar sizin məktubların cavabıdır.” Biz ona dedik ki, azuqəmiz qurtarıb, əgər icazə versəniz, Mədinəyə gedib həm Peyğəmbəri (səlləllahu əleyhi və alih) (qəbrini) ziyarət edər, həm də yol üçün azuqə tədarük görərdik. O, bizə buyurdu: “Qalan azuqənizi mənə göstərin.” Azuqəmizi (olan-qalanını) çıxarıb ona göstərdik. O tərəf-bu tərəfinə əl gəzdirib buyurdu: “Bu, sizi Kufəyə qədər görər.” O, bizim Mədinəyə getməyimizi məsləhət bilməyib buyurdu: “Siz (həqiqətdə elə bil ki,) Peyğəmbəri (səlləllahu əleyhi və alih) gördünüz, indi isə Allahın pənahı altında geri qayıdın.”[67]

 

Şiələrin iqtisadi vəziyyətinin dirçəlməsi


Şübhəsiz ki, müştərək bir məqsəd daşıyan hər hansı bir cəmiyyətin öz işlərini irəli aparmaq üçün öz qüvvələrini səfərbər etməkdə maddi imkanata ehtiyacı var. Maddi imkanat olmadıqda, həmin cəmiyyətin bütün işləri və fəaliyyəti dayanmalı olur. Bir qayda olaraq şiələrin də öz müqəddəs məqsədlərini həyata keçirmək üçün bir sıra maddi imkanata ehtiyacları var idi. Müxtəlif vaxtlarda xüsusilə, onların mübariz qüvvələri daima iqtisadi çətinlik içərisində olmuş, dövrün hökuməti onların qüvvələrini zəiflətmək üçün müxtəlif vasitələrlə onları iqtisadi çətinliklərə mə’ruz qoymuşdular. Bu barədə siyasi məqsəd daşıyan və məqsədi də Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın və Bəni-Haşimin iqtisadi vəziyyətini zəiflətmək olan Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox başqa nümunələr də vardır. Onlardan biri də, Müaviyənin şiələrə, xüsusilə də, Bəni-Haşimə qarşı yürütdüyü siyasətdir. Müaviyənin İmam Hüseyn əleyhissəlamdan öz vəliəhdi Yezid üçün bey’ət almaq istərkən işlətdiyi taktikalardan biri - Mədinəyə səfəri zamanı Bəni-Haşim qəbiləsindən olanlara beytül-maldan heç bir ödənc verməməsi olmuşdur. Bu işdə məqsədi də, o olmuşdur ki, bəlkə bu yolla o Həzrəti çətinliyə salıb bey’ət etməyə məcbur etsin.[68]

Başqa bir nümunə Əbu Cə’fər Mənsurun camaatı iqtisadi çətinlikdə saxlaması idi. Mənsur aclıq və iqtisadi blokada siyasətini yürütmüş və məqsədi bu olmuşdur ki, qoy camaat həmişə ac olub ona tabe olsun və ancaq öz qarınlarını doyuzdurmaq fikrində olub digər böyük ictimai məsələlər barədə düşünməyə macalları olmasın. O, bir dəfə sarayın yaxın adamlarının hüzurunda camaatı ac saxlamaqdan güddüyü məqsədi kobud bir ifadə ilə açıqlayaraq demişdir: “Bədəvi ərəblər öz məsəllərində yaxşı demişlər ki, öz itini həmişə ac saxla ki, qoy çörək ardınca sənin arxanca düşsün.” Bu iqtisadi çətinlik daha çox şiələr səmtinə yönəldilmişdi. Çünki onlar xəlifələrə qarşı mübarizədə camaata rəhbərlik etmişlər. Harun da xəlifə olduğu müddət ərzində bu planı həyata keçirməkdə ləngimirdi. Çünki o, müsəlmanların beytül-malını ələ keçirib onu öz eyş-işrəti, kefi yolunda xərcləməklə şiələri öz qanuni hüquqlarından məhrum etmiş və beləliklə də, onların qüvvələrini zəiflətmişdir.

Müxaliflərinin şiələrin əleyhinə mübarizə aparmalarına baxmayaraq, Harun ər-Rəşidin hüzurunda öz e’timadını doğruldaraq, böyük İslam məmləkətində vəzir vəzifəsinə tə’yin olunmuş İmam Kazim əleyhissəlamın vəfalı və səmimi dostu Əli ibn Yəqtin bu məsələni çox yaxşı başa düşərək əlində olan imkandan istifadə etməklə şiələrə kömək və onları himayə etmək sahəsində əlindən gələni əsirgəmirdi. Xüsusən, şiələrin iqtisadi vəziyyətinin dirçəlməsində və öz malının xümsünü (onun malının xümsü nəzərə çarpacaq miqdarda olur, bə’zi vaxtlar hətta yüz min dinardan üç yüz min dinara qədər çatırdı)[69] İmam Kazim əleyhissəlama göndərməkdə çox sə’y edirdi. Bu da mə’lumdur ki, xüms həqiqətdə İslam hökumətinin büdcəsini tə’min edən əsas amildir.

Əli ibn Yəqtinin oğlu deyir: “İmam Kazim əleyhissəlama nə lazım olurdusa, yaxud hər hansı bir çətin işi irəli çıxırdısa, atama məktub yazırdı ki, “mənim üçün filan şeyi al, yaxud mənim üçün filan işi həll et. Özü də bu işi Hişam ibn Həkəmin əli ilə düzəlt.” Hişamın əli ilə düzəldilməsi lazım olan işlər yalnız mühüm və əsas işlər olurdu.”[70]

İmam Kazim (əleyhissəlam) İraqa səfər edərkən Əli ibn Yəqtin öz vəziyyətindən o Həzrətə şikayət edib dedi: “Mənim vəziyyətimi görürsən? (Görürsən necə bir sarayda və hansı camaatla işləyirəm?)” İmam Kazim (əleyhissəlam) buyurdu: “Allah zalımlar arasında öz sevimli bəndələrindən qərar verərək onların vasitəsilə yaxşı bəndələrini himayə edir. Sən də həmin sevimli bəndələrdən birisən.”[71]

Bir dəfə Əli ibn Yəqtin Bəni-Abbas xəlifələri ilə işləyib-işləməməsi barədə İmam Kazim əleyhissəlamla məsləhətləşdikdə, o Həzrət buyurmuşdur: “Əgər bu işi görməyə məcbursansa, onda şiələrin malından muğayat ol.” Əli ibn Yəqtin İmam əleyhissəlamın sözü ilə razılaşdı. O, Həzrətin bu sözünə əsaslanaraq şiələrdən dövlət vergilərini alır, lakin gizlicə yenidən onların özlərinə qaytarırdı.[72] Səbəbi də bu idi ki, Harunun hökuməti elə bir hökumət deyildi ki, onun qayda-qanunlarına əməl etmək müsəlmanlara vacib olsun. Allah tərəfindən tə’yin olunmuş əsl rəhbər və hakim İmam Kazim (əleyhissəlam) idi, Əli ibn Yəqtin də onun əmrilə şiələrin malını özlərinə qaytarırdı.

 

Həcc naibləri


Tarixdə Əli ibn Yəqtin üçün fəxr sayıla bilən məsələlərdən biri də budur ki, o, hər il neçə nəfəri öz tərəfindən vəkil edib həcc ziyarətinə göndərirdi. O, bu iş üçün onların hər birinə on min dirhəmdən iyirmi min dirhəmə qədər pul verirdi.[73] Onun vəkil tutduğu həcc naiblərinin sayı hər il yüz əlli, bə’zi vaxtlar isə iki yüz əlli və hətta üç yüz nəfərə çatırdı.[74]

Əli ibn Yəqtinin bu işi İslam dinində həcc ziyarətinin özünəməxsus fəzilət və əhəmiyyət kəsb etməsi və şübhəsiz, onun son dərəcə iman və təqva sahibi olması ilə əlaqədardır. Lakin bu naiblərin nəzərə çarpacaq dərəcədəki sayını və eləcə də, Əli ibn Yəqtinin onlara külli miqdarda naiblik haqqı verməsini nəzər aldıqda məsələ bir az da geniş təhlil olunur. Əgər onun ildə həcc ziyarəti üçün tutduğu vəkillərin sayını orta hesabla məsələn, iki yüz nəfər, onlara verdiyi pulun miqdarını isə orta hesabla məsələn, on min dirhəm götürsək, ümumilikdə (cəmisi) ildə iki milyon dirhəm pul alınır. Digər tərəfdən də, ildə ödənilən bu məbləğ təbii ki, Əli ibn Yəqtinin illik gəlirindən, zəkat, xüms və digər müstəhəb sədəqə və hədiyyələri çıxdıqdan sonra yerdə qalan məbləğin bir qismini təşkil edirmiş. Bu təxmini hesabla bu qədər məbləği (həcc naiblərinin haqqını) ödəmək üçün gör Əli ibn Yəqtinin (illik) gəliri nə qədər olmalıdır?

Şiə alimlərindən ilk dəfə olaraq deyəsən, mərhum Şeyx Bəhayi bu məsələyə diqqət yetirmişdir. O, bu məsələnin incəliyini bu cür izah edir: “Güman edirəm ki, İmam Kazim (əleyhissəlam) Əli ibn Yəqtinə müsəlmanların beytül-malından istifadə etməyə icazə vermiş, o da öz növbəsində bu puldan şiələrə həcc ziyarəti üçün naiblik haqqı verərək müxaliflər üçün e’tiraz yeri qoymurdu.[75] Deməli, həcc ziyarətinə naib göndərmək əslində qabaqcadan hazırlanmış bir iş olmuş və Əli ibn Yəqtin bu işi ilə şiələrin iqtisadi vəziyyətini dirçəldirmiş.”

Həcc naibləri arasında İmam Kazim əleyhissəlamın dostlarından və yerli hökumətin müxaliflərindən olan Əbdürrəhman ibn Həccac və Abdullah ibn Yəhya Kahili kimi şiələrin böyük, adlı-sanlı şəxslərinin olması bu məsələni bir daha təsdiq edir.[76]

Əli ibn Yəqtinin bu hərəkətində nəzərə çarpan digər bir məsələ də, onun şiələri, xüsusən də, onların tanınmış şəxslərini həcc mərasiminə göndərməsidir. Bu yolla o, şiənin əsl həqiqətini tanıtmağa və onların digər məzhəblərlə münazirə edərək şiə mədəniyyətini nümayiş etdirməsi üçün şərait yaradırdı.

 

Bu paltarı saxla!


Əli ibn Yəqtin göstərdiyi bu xidmətləri nəticəsində həmişə İmam Kazim əleyhissəlamın razılığını cəlb etmiş, onun əsirgənilməz himayəsində olmuş və o Həzrətin tədbiri sayəsində dəfələrlə qəti təhlükədən nicat tapmışdır. Həmin təhlükələrdən biri belə olmuşdur:

Bir dəfə Harun ər-Rəşid hədiyyə olaraq Əli ibn Yəqtinə bir neçə paltar (xələt) bağışlamışdı. Paltarların arasında xəlifələrə məxsus olan qara rəngli, zərlə bəzədilmş xəzdərili bir paltar da var idi. Əli ibn Yəqtin həmin bahalı paltar da daxil olmaqla onların çoxunu İmam Kazim əleyhissəlama bağışlayır, üstəlik həmişəki kimi malının xümsünü çıxıb o Həzrət üçün göndərir. İmam Kazim (əleyhissəlam) həmin bahalı paltardan başqa bütün pulları və paltarları qəbul edir. Əli ibn Yəqtinə də bir məktub yazıb bildirir ki, bu paltarı özündə saxla və heç kəsə vermə, çünki bir vaxt sənin üçün irəli çıxacaq hadisədə o sənə lazım olacaq. Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın həmin paltarı nə üçün geri qaytardığını başa düşə bilmir, lakin onu (İmamın buyurduğu kimi) qoruyub saxlayır. Necə olursa, bir gün o, öz xadimlərindən birini işini layiqincə yerinə yetirmədiyi üçün işdən çıxarır. Əli ibn Yəqtinin İmam Kazim əleyhissəlamla əlaqə saxladığını, onun o Həzrət üçün pul və sair hədiyyələr göndərməsindən xəbərdar olan bu xadim Harunun yanına gedərək Əli ibn Yəqtindən şikayətlənib deyir: “O, (Əli ibn Yəqtin) Musa ibn Cə’fəri (İmam Kazim (əleyhissəlam)) İmam kimi tanıyır və hər il öz malının xümsünü ona göndərir.” Sonra da paltarların hədiyyə göndərilməsini sübut gətirib dedi: “Xəlifənin filan tarixdə ona bağışladığı xüsusi paltarı da, Musa ibn Cə’fər əleyhissəlama bağışlayıb.” Harun bu xəbəri eşitdikdə, bərk qəzəblənib dedi: “Gərək bu məsələni araşdıram. Əgər dediklərin doğru olarsa, onun qanını tökəcəyəm.” Sonra Əli ibn Yəqtini çağırtdırıb həmin paltar barədə soruşdu. Əli ibn Yəqtin dedi: “Onu bir boğçaya qoyub indiyə qədər saxlamışam.” Harun dedi: “Onu dərhal bura gətir!” Əli ibn Yəqtin xadimlərdən birini tez evə göndərib deyir: “Bizə get, gözətçidən filan otağın açarını alıb həmin otağı aç, sonra da orada olan filan sandığı aç və onun içindəki boğçanı üstündə olan möhürlə birlikdə bura gətir.” Çox çəkmir ki, xadim həmin paltarı üstündəki möhürlə birlikdə gətirib Harunun qarşısına qoyur. Harun əmr edir ki, möhürü açsınlar. Boğça açıldıqda, Harun görür ki, öz verdiyi paltar qatlanmış halda saxlanılmışdır. Harunun qəzəbi soyuduqdan sonra Əli ibn Yəqtinə deyir: “Bundan sonra səndən şikayət edən heç bir şəxsin sözünə inanmayacağam.” Sonra əmr verir ki, Əliyə dəyərli və qiymətli hədiyyə verib şikayətçini möhkəmcə tənbeh etsinlər.[77]

 

İslam dövləti təşkil etmək arzusunda


Harun bilirdi ki, İmam Kazim (əleyhissəlam) və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr, bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim əleyhissəlamla Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən, həm də Harunun çirkin məqsədlərindən xəbər verir:

Bu söhbət İmam Kazim əleyhissəlamın ali məqsədlərindən xəbər verir.

 

Beytül-malın toplanması


Zahiri hakimiyyət və qüdrət Harunun əlində olsa da, o, yalnız camaatın “cisminə”, “quru bədəni”nə hakimlik edirdi. Qəlblərdə isə heç bir yeri yox idi. Qəlblərə hakim durmaq ancaq İmam Kazim əleyhissəlama məxsus idi. O Həzrətin ümumi fikirlərdəki məhəbbəti sayəsində mübariz və açıqfikirli müsəlmanlar öz malının xümsünü, eləcə də, beytül-mala mənsub olan digər vergiləri o Həzrətin hüzuruna göndərirdilər. Harun bundan heç də xəbərsiz deyildi. Çünki o, öz casusları vasitəsilə geniş İslam dövlətinin o tərəf-bu tərəfindən müsəlmanların İslam vergilərinin İmam Kazim əleyhissəlama göndərməsi xəbərini əldə edirdi. Casuslar deyirdilər ki, göndərilən bu vergilər o qədər olurdu ki, İmam Kazim (əleyhissəlam) bunları toplamaq üçün beytül-mal sandıqı hazırlamışdı.[79]

 

Mənbə: Mehdi Pişvayi, İmam Museyi-Kazim əleyhissəlamın həyatı

 

Qeydlər

[41] Simaların digər tərəfi, səh.31.

[42] İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.162.

[43] İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.173.

[44] İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.163.

[45] İslamda vaizlərin rolu, səh.39.

[46] Əhməd Əmin bu hissəni Əl-Əğani kitabından (c.5. səh.241) sitat gətirmişdir.

[47] Zühəl-İslam, c.1, səh.112-113.

[48] Zühəl-İslam, c.2, səh.162-163.

[49] İslam mədəniyyətinin tarixi, c.4. səh.242.

[50] İslamda vaizlərin rolu, səh.55.

[51] Məqatilüt-talibin, səh.308.

[52] Mizanül-e’tidal fi nəqdir-rical, c.3, səh.278.

[53] Zühəl-İslam, c.2, səh.203.

[54] Yenə orada, səh.204.

[55] Həyatül-imam Musa ibn Cə’fər, c.2, səh.100. Bu haqda “Əl-bəramikə fi xilalil-xilafə” kitabına müraciə edin.

[56] Zühəl-İslam, c.1, səh.204.

[57] Həyatül-imam Musa ibn Cə’fər, c.2, səh.100.

[58] Tarixül-xüləfa, səh.291.

1 Əl-Bidayətu vən-nihayə, c.10, səh.216.

[59] Əl-Fihrist, səh.234.

[60] Əl-Fihrist, səh.234.

[61] Fihristi-əsmai-müsənnifiş-şiə, səh.195.

[62] Əl-Fihrist, səh.234.

[63] Qamusur-rical, c.7, səh.90.

[64] İxtiyari-mə’rifətir-rical, səh.433.

[65] Biharül-ənvar, c.48, səh.158.

[66] Biharül-ənvar, c.48, səh.136.

[67] İxtiyari-mə’rifətir-rical, səh.436-437.

[68] Əl-Kamilu fit-tarix, c.3, səh.551.

[69] İxtiyari-mə’rifətir-rical, səh.434.

[70] Yenə orada, səh.269.

[71] Yenə orada, səh.433.

[72] Biharül-ənvar, c.48. səh.158.

[73] İxtiyari-mə’rifətir-rical, səh.434.

[74] İxtiyari-mə’rifətir-rical, səh.434, 437.

[75] Tənqihül-məqal, c.2, səh.317.

[76] İxtiyari-mə’rifətir-rical, səh.435.

[77] Əl-İrşad, səh.293.

[78] Təzkirətul huffaz, səh.350.

[79] Biharül ənvar, c.48, səh.232.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ