İmam Musa Sədr kimdir? (III hissə)

İmam Musa Sədr kimdir?

Əvvəli burada

 

BEŞİNCİ FƏSİL

ŞƏXSİYYƏTLƏRİN NƏZƏRİNDƏ

 

Bu hissədə imam Musa Sədr şəxsiyyətinin müxtəlif yönümləri ilə daha yaxşı tanış olmaq üçün elmi, dini, siyasi və ictimai şəxsiyyətlərin nəzərlərinə müraciət edəcəyik. Qeyd edək ki, imam Musa Sədrin imam Xomeyni (r) ilə əlaqələrinin başlanğıcı onun Qum şəhərində təhsil dövrünə təsadüf edir. Böyük İslam inqilabının əvvəllərində imam Musa Sədr inqilaba xidmət göstərən dəyərli hövzə şəxsiyyətlərindən idi. Hicri-Şəmsi 1342-ci il xordad ayının 15-də, İmam Xomeyni (r) həbs olunarkən imam Musa Sədr onun azad olması üçün beynəlmiləl addımlar atmağa başladı. O cümlədən, Vatikanda papanın xarici işlər üzrə müavini ilə görüş keçirdi. O bu yolla məzlum İran xalqının səsini dünyaya çatdırdı. 1979-cu ildə, İslam inqilabı genişləndiyi vaxt imam Musa Sədr (müəmmalı şəkildə yoxa çıxmazdan bir həftə öncə) Fransanın “Lumond” qəzetində bu inqilabı peyğəmbərlər hərəkatının davamı kimi təqdim etdi. O, İmam Xomeynini “Əl-imamul-əkbər” adı ilə tanıtdırdı.[67]

Həzrət İmam Xomeyni (r)

“...Cənab Sədr elə bir insandır ki, mən onu böyütdüyümü deyə bilərəm. O bir övlad kimi mənə əzizdir. Ümid edirəm ki, o inşaallah sağ-salamat qayıdacaq. Çox təəssüf ki, indi onu öz aramızda görmürük...”[68]

“...Mən uzun illər cənab Sədri görmüşəm, deməliyəm ki, onu mən böyütmüşəm. Mən onun fəzilətlərini, Livana getdikdən sonra göstərdiyi xidmətlərini və Livanın ona olan ehtiyacını yaxşı bilirəm. Ümid edirəm ki, inşaallah o qayıdacaq və müsəlmanlar ondan istifadə edəcəkdir...”[69]

Ayətullah Seyid Əli Xamenei

“...O şad və fəal alimin iyirmi ilə yaxın müddətdə Livanın siyasi və ictimai səhnəsində Livana və şiələrə təqdim etdiyi bir sıra xidmətlərinə işarə edək:

Şiə dünyasının alim ailələrindən birinin yadigarı və Qum elmi hövzəsinin övladı olan bu böyük alim İran mübarizləri ilə həmkarlıqla və mədəniyyət sahəsindəki fəaliyyətləri ilə İslam inqilabının rəhbərinə öz səmimiyyət və hörmətini göstərdi. O Hərtərəfli bir şəxsiyyət ərsəyə gətirmişdi. Alicənab İmam (r) inqilabın qələbəsinin əvvəllərində müxtəlif bəyanatlarla öz hörmətini bu əziz şəxsiyyətə bildirirdi...”[70]

Ustad şəhid Mürtəza Mütəhhəri

Əgər cənab Musa Sədr hal-hazırda olsaydı, dünya haqqında dəqiq mə’lumata malik olduğu üçün dünyanın durumunu imam Xomeyniyə açıqlaya bilərdi. O güclü mütəxəssis kimi, mövzuları və ehtiyacları təyin edə bilərdi...

Hökmlər aşkardır, bizim hamımızın problemi mövzuları tanımamağımızdır. Bu gün mövzuları izah etmək üçün ən layiqli şəxslərdən biri cənab Musa idi... Təəssüf ki, siz hələ də necə bir insanı itirdiyimizi bilmirsiniz. Biz inqilabımızın ən böyük elmi və fikri köməkçilərindən birini əldən verdik. Cənab Musa əməl dünyasında ehtiyacları dərk etmişdi. İcraçılığa aid məsələləri və yaranmış problemləri bilir, hiss edirdi. Əksər mövzularla bağlı fiqhi hökümlərə malik idi. Onu bizdən çox planlaşdırılmış şəkildə aldılar... O çox dərin məsələləri asanlıqla həll edirdi. Cənab Sədr molla Sədranın kəlamlarını düzgün anlamış nadir şəxsiyyətlərdən idi...[71]

Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani

...1948-ci ildə təxminən on dörd yaşım var idi. Həmin vaxtlar onunla tanış oldum... O xoş bəyanlı, xoş simalı insan idi və gözəl şəxsiyyətə malik idi. Həmin vaxtlar o mənim daim fikrimdə hörmət bəslədiyim fəzilətli alimlərdən idi. Mən onun “Mütəvvəl” dərsində iştirak edib faydalanırdım... Həmin vaxtlar onu bir İslam mütəfəkkiri kimi tanıyırdım...

...“Şiə məktəbi” jurnalında elmi və İslami rəngdə olan birinci dərəcəli şəxsiyyətlərdən istifadə etməyə çalışırdıq. Məsələn, mərhum mühəndis Bazərqan, doktor Səhabi, mərhum şəhid Mütəhhəri, mərhum şəhid Behişti və bu kimi şəxslər...[72]

Ayətullah Seyid Musa Şübeyri Zəncani

Cənab Musa yüksək elmi, əxlaqi və mənəvi xüsusiyyətə malik idi. O çox sür’ətlə işləyirdi...Fitrətə uyğun və saf düşüncəyə malik idi. Onda həqiqət axtarışında olan ruh mövcud idi. Güclü diqqət baxımından birincilərdən idi...Onun başqa bir səciyyəsi də aydın bəyana malik olması idi... Onun səs tonu çox münasib idi. Dərslərdə heç kəs onun söhbətlərindən yorulmurdu. O həmçinin çox ədəbli idi... Biz heç vaxt onun səsini qaldırdığını, kobud danışdığını və kiminsə haqqında təhqiramiz kəlmələr işlətdiyini görmədik. Onun üstün və dəyərli cəhətlərindən biri də insaflı olması idi. O çox yüksək insafa malik idi. Həqiqətsevər ruhu onun vücuduna qələbə çalmışdı. Heç zaman öz sözünü yeritmək istəməzdi... Qarşı tərəfin haqq olmasını etiraf etmək onun üçün çox adi bir iş idi.

...O İran və Livanda təcrübəli siyasətçilərin iştirak etdiyi iclaslarda olur və cavan olmasına baxmayaraq, onlarla ayaqlaşırdı. Lazımınca müzakirə aparır və hamının öhdəsindən gəlirdi. Bütün bunlar onun zati istedadının tələbləri idi. Zatən ayıq-sayıq idi. Həm elmi, həm də siyasi sayıqlıq əldə etmişdi...[73]

Ayətullah Mirza Əli Meşkini

...Əvvəlcə deməliyəm ki, hər kəs onun haqqında xeyir danışsa, öz səviyyəsini artırmışdır. Biz imam Musa Sədrin məqamını çox uca bilirik. O ilahi dinə möhkəm bağlanmış dindar bir insan idi. O həm siyasəti, həm də dini anlayırdı... Gərək deyim ki, cənab Sədr şiə aləminin zəruri ehtiyaclarından idi. O dünyanın ən dahilərindən idi!

İrana səfərində onun görüşünə getdik. İmam Musa Sədr həmin iclasda o dövrün tələbələri üçün o qədər də aydın olmayan bir söhbət etdi. Lakin İran İslam inqilabının qələbəsindən sonra onun uyğun söhbətində nə demək istədiyi aydın oldu...[74]

Ayətullah Seyid Əbdül-Kərim Musəvi Ərdəbili

...Cənab Musa öz düşüncə və xarakterinə xas bir çox yeni sözlər deyir və bu sözləri izah edirdi. Bəli, yeni sözün nəticəsində xüsusi böhran yaranır... Yəni, ümumi təfəkkür mövzunu dərk etmir... Cənab Musa da təfəkkürü zamanı ötmüş şəxslərdən idi. Onun təfəkküründə yüz və ya iki yüz il sonra adiləşəcək, başa düşüləcək mövzular var idi... Əlbəttə bəziləri bütün elmi, dini və siyasi şəxsiyyətlər kimi onun haqqında da şayiə yayırdılar. İmam Musa ona qarşı olan kin-küdurətlərdən amanda deyildi. Bə’zən onun haqqında şayiələr deyilirdi. Lakin o bu növ sözlərlə təsirlənəcək insan deyildi...

...Cənab Musa planlı şəkildə düşünür və nə etdiyini tam dəqiqliklə bilirdi. Fikrimcə əgər o indiyədək qalardısa çox qiymətli ehtiyaclarımızdan hesab olunar, İslam inqilabında başqa əziz qardaşlarla yanaşı həzrət İmamın xidmətində hədsiz faydalar verərdi...[75]

Şəhid doktor Mustafa Çəmran

...Bu böyük şəxs 1400 ildən sonra şiəliyə təkan verəcək hərəkat yaratmağa qadir oldu. O şiəliyi hərəkətə gətirdi. Elə bir hərəkat yaratdı ki, bu hərəkat Livanın hakim təbəqəsini titrətdi, İsraili dəhşətə saldı və zalım ərəb rejimləri qorxuya düşdülər. Bizim İslam inqilabımız qələbəyə çatmazdan illərcə öncə bu böyük insan plan cızırdı...

...Hadisələrin əvvəlindən indiyədək bir söz deyib bir yol gedən yeganə şəxs idi. Hətta Fəth kimi hər gün sözlərini dəyişənlərdən fərqli olaraq. Onun şüarları və proqnozları həqiqətə bağlıdır. Heç bir xarici dövlətdən pul almayan, heç kəsə nökərlik etməyən və heç kəsin sözü ilə oturub-durmayan yeganə şəxsdir. O yalnız və yalnız xalqın xeyiri üçün və öz ideyaları əsasında çalışırdı. Bilirəm ki, Sədr haqqında bu qədər danışdığım üçün bəzilərinin mənə irad tutub, hissə qapıldığımı düşünməsi mümkündür. Lakin, əslində belə deyil. Mənim bütün gördüklərim, vücudumla hiss etdiklərim, başqaları ilə, hətta Yasir Ərəfatla müqayisələr, ona qarşı bu qədər ədalətsiz töhmətlər və onun bu yolda fədakarlığı və sabitqədəmliyi çətin ki, məni sakit buraxsın. Mən bütün bunlarla yanaşı, kimlərsə hissə qapılacağımı düşünəcək deyə, həqiqəti gizlədə bilmərəm. Bir cümlə ilə deyim ki, paklıq, fədakarlıq, iman və şəxsiyyətdə rəhbərliyə iddialı tanıdığım şəxslər ilə Sədr arasında yerlə göy qədər fərq var...[76]

Fuad Şəhab (Livanın keçmiş prezidenti)

...Əgər məsihilərin belə bir şəxsiyyəti olsaydı, onu müqəddəslik məqamına çatdırardılar. Bu insana bütün vasitə və imkanlarla kömək etmək lazımdır...[77]

Camal Əbdun-Nasir (Misirin prezidenti)

Ey kaş Əl-əzhər universitetinin cənab Musa kimi rəisi olaydı...[78]

Əmir Əbdüllah (Ərəbistanın kralı)

...Mən həyatım boyu imam Musa Sədr kimi ayıq-sayıq, geniş məlumatlı, gözəl xasiyyətli, insan və cazibəli şəxsiyyət görməmişəm...[79]

Fələstinin tanınmış vətəndaşlarından biri

...And olsun Allaha, əgər imam Musa Sədr şiə olmasaydı Fələstinin təşkilatları, sünnilər və sairləri onu Allahlıq məqamına çatdırardılar. Çünki tutduğu mövqeyi, fədakarlıqları, şücaətləri bəşər taqətindən üstün idi. O iman qüvvəsi ilə qalib oldu...[80]

Seyid Həsən Nəsrullah (Hizbullahın baş katibi)

...İmam Musa Sədr yalnız müqavimət hərəkatının yox, bir çox atılmış addımların və əldə edilmiş nailiyyətlərin bünövrəsini qoymuşdu. Bütün bunlardan xəbərsiz qalacağımız halda zəmanə karvanından geri qalmış olacağıq. İmam Musa Sədrin Livanda olması ruhaniyyətin bir daha yenidən öz insani, şər’i və mədəni məs’uliyyətinə öhdədar olmağına səbəb oldu. Onun Livanda olması ruhaniyyətin güc və intiqam yox, insani, ilahi və şər’i üsulların siyasət səhnəsinə daxil olması ilə nəticələndi. Bütün bu işlər imam Sədrin bir çox fədakarlıqlar edib, töhmətlərlə razılaşmasına səbəb oldu. İmam dini siyasətə və siyasəti dinə qaytardı. Əlbəttə uyğun mövzu bu gün bizə adiləşib. Lakin imam Livana gələrkən bütün bu işlər çox təəccüblü və qeyri- adi idi. Belə bir də’vətçini çox rahatlıqla mürtədlik, fasiqlik və dindən çıxmaq kimi töhmətlərlə ittiham edirdilər. Siyasətçilər belə bir ixlaslı, üstün, ayıq-sayıq və pak insanın onların fəaliyyət dairəsinə daxil olmasına dözə bilmirdilər. Başqa bir tərəfdən bəzi ruhanilər də belə bir şəxsi qəbul edə bilmirdilər...

...İmam Musa Sədrdən öyrəndik ki, qəsbkarlar tərəfindən işğal olunmuş əraziləri sülh yolu ilə geri qaytarmaq olmaz. Ondan öyrəndik ki, qəsb olunmuş torpaqları yalnız cihad, şəhadət, fədakarlıq, daş və qan vasitəsi ilə qaytarmaq olar. Biz öyrəndik ki, bu torpaqları Əhməd Qəsir, Bilal Fəhs və bu kimi şəhadəttələb insanların canfəşanlıqları ilə geri qaytarmaq mümkündür... İmam Musa yalnız məhdud bir sahədə yox, ölkənin müxtəlif iş yönümlərində bünövrəçi hesab olunurdu... [81]

 

ALTINCI FƏSİL

ƏSƏRLƏRİ

 

İmam Musa Sədr yorucu siyasi, ictimai, mədəni və məzhəbi məsuliyyətləri ilə yanaşı, parlaq və əbədi əsərlərin müəllifi oldu. Bu əsərlər iki hissəyə bölünür. Onun əsərlərinin bir hissəsi özü tərəfindən qələmə alınmış, başqa bir hissəsi isə müxtəlif şəxslərin vasitəsi ilə toplanıb, tərtib olunmuş və çapa verilmiş söhbətləri, müsahibələri və bəyanatlarından ibarətdir. Onun əsərlərinə nəzər salaq:

1. İslam məktəbində iqtisad

Əvvəlcə “İslam məktəbi” jurnalının birinci il sayının girişində dərc olundu. Sonralar 1969-cu ildə bu kitabın dəyərli məqalələri mərhum höccətül-İslam vəl-muslimin Əli Höccəti Kermaninin müqəddiməsi və şərhi ilə müstəqil şəkildə çap olundu. İndiyədək on iki dəfə yenidən çap edilmişdir.

2. İslam və təbəqələrin fərqlənməsi problemi

İmam Musa Sədr bu yazıda elmi və iqtisadi bacarığını tarixin və nəzər sahiblərinin mühakiməsinə verir. O bu əsərdə marksizm və kapitalizm nəzəriyyələrini araşdırmış, sonra sinfi ixtilafların aradan götürülməsi və ictimai ədalətin icra olunmasında İslamın mövqeyini açıqlayır. Sonda belə nəticə əldə edir ki, hər iki məktəb, kapitalizm və marksizm heç bir yolla bəşəriyyətin iqtisadi və məişət problemlərini həll edə bilməz. Bu problemlərdən qurtulmağın yeganə yolu İslam və Əhli-beyt məktəbinə sığınmaqdır. Bu əsər məqalə şəklində olmuş və Hicri-şəmsi,1338-ci ilin ordibeheşt ayında (hicri-qəməri, 1378 şəvval ayı) “Şiə məktəbi” jurnalında çap olunmuşdur. Çap olma tarixi və yayım baxımından xüsusi əhəmiyyətə malik idi. Şəhid Mürtəza Mütəhhəri kimi böyük alimlər bu məqaləni mütaliə edərkən, məqalədə yeniliklərin olduğunu və hazırkı şərait üçün zəruriliyini bildirirdilər.[82]

3. İslam və XX əsr mədəniyyəti

Bu kitab imam Musa Sədrin qələmi ilə ərəb dilində yazılmışdır. Kitabda İslam mədəniyyətinin imtiyazları möhkəm əsaslarla bəyan olunur, müsəlmanlar öz İslami mədəniyyətlərinə və şəxsiyyətlərinə qayıtmağa çağırılır. Müəllif bu əbədi əsərdə İslam mədəniyyətinin ana xəttini şərh etmiş, bu mədəniyyətin digər mədəniyyətlər qarşısında mövqeyini dəyərləndirmişdir. Bu kitab cənab Əli Höccəti Kermaninin vasitəsi ilə 1969-cu ildə tərcümə olunub, çapa getmişdir. Son zamanlar kitab onuncu dəfə yenidən çap olundu.

4. Minbər və mehrab

Bu kitab imam Musa Sədrin müxtəlif mövzularda söhbətlərinin, müsahibələrinin və məktublarının toplusudur. Əsər tədqiqatçı alim cənab Seyid Hüseyn Şərəfüddin (imam Musa Sədrin bacısının yoldaşı) tərəfindən toplanıb çapa verilmişdir. Bu əsər də cənab Əli Höccəti Kermani tərəfindən tərcümə və nəşr olunmuşdur.

5. Əhadisus-səhər

Bu kitab imam Musa Sədrin bəzi Quran surələrinin təfsiri mövzusunda söhbətlərinin toplusudur. Bu söhbətlər mübarək ramazan ayının səhərlərində Beyrut radiosundan yayımlanırdı. Son dövrlərdə cənab Seyid Hüseyn Şərəfüddin bu söhbətləri toplayıb kitab tərtib etdi. Əsər Livanda çap olundu.

6. Dirasatun lil-həyat

Bu kitab da müxtəlif məclislərdə bəyan olunmuş bəzi surələrin təfsirindən ibarətdir. Əsər Seyid Hüseyn Şərəfüddin tərəfindən tərtib edilmiş və əl-imamus-Sədr mərkəzi vasitəsi ilə Hicri-qəməri1420-ci ildə (miladi 1999) Beyrutda çap edilmişdir.

7. Əl-İslam vət-tərbiyətul-Mədinə

8. Əl-İslam vət-tətəvvur

9. Əl-İslam vəl-mirəh

10. Əl-İslam vəl-ibadat

11. Təəmmulat hovləl bəhsu təalimul-İslami

12. Əl-müamilatul-cədidə fi zəvil-fiqhil-İslami

Sadaladıqlarımızdan əlavə bir sıra başqa kitablar imam Musa Sədrin əsərlərindən hesab olunur.

İmam Musa Sədr yuxarıda qeyd olunmuş əsərlərdən əlavə müxtəlif kitablara müqəddimələr də yazmışdır. Bu müqəddimələr öz növbəsində çox dəyərlidir. Onlardan bir neçəsi ilə tanış olaq:

1. “İslam fəlsəfəsinin tarixi” kitabına müqəddimə

Kitabın müəllifi fransalı professor Hanri Korbendir. İmam Musa Sədr bu müqəddimədə müəllifin Quran rəmzlərinə, İslam həqiqətlərinə tam diqqətlə yanaşmasını xüsusi qeyd edərək bu haqda mühüm bir mövzunu davam etdirir. Sonda imamət, vilayət, şiə ilə sünni arasındakı fərq, rəhbərlik, imam Mehdi (əc.) və bu kimi əqidəvi məsələlər barəsində açıqlamalar verir. Həmçinin müəllifin bu mövzuda olan bəzi mətləblərini tənqid edir.

Bu kitab fransız dilində yazılmış, ərəb və fars dillərinə tərcümə olunmuşdu. Cənab Nəsir Mürüvvət və Həsən Qubeysi kitabı ərəb dilinə çevirmişlər. İmam Musa Sədr kitabın ərəbcəsinə müqəddimə yazmışdır.

2. “Mə’niye hədisul-ğədir” kitabına müqəddimə

Bu kitabın müəllifi mərhum Ayətullah Seyid Mürtəza Xosrovşahidir. İmam Musa Sədrin kitaba yazdığı müqəddimə “Sabiqatul-ğədir” başlığı altında on bir səhifədən ibarətdir. Qədir hadisəsinə aid izahatdan sonra tarixi və etiqadi baxımdan bu hadisə ilə bağlı rəvayətlərin, hədisçilərin, təfsirçilərin, kəlam və lüğət əhlinin mövqeyi ilə maraqlanır.

3. “Fatimeye-Zəhra (s)” kitabına müqəddimə

Bu kitabın müəllifi livanlı yazıçı və ədib Süleyman Kəttanidir. İmam Musanın iyirmi səhifədən çox olan müqəddiməsi həzrət Zəhranın (s) şəxsiyyəti haqqında dəyərli söhbətlərdən ibarətdir. Qadının İslamda mövqeyi, qadın və kişi hüquqlarının bərabərliyi və bu kimi əsas və faydalı məsələlər haqqında müxtəsər şəkildə söz açmışdır. O, qadınların nöqsanlarını bildirən hədis və rəvayətləri diqqət və ədalətlə araşdırır. Sonda hicabın fəlsəfəsi mövzusunda bir sıra mətləbləri bəyan edib şübhələrə cavab verir.

4. “Qurani-kərim və təbii elmlər” kitabına müqəddimə

Bu kitabın müəllifi Yusif Mürüvvətdir.

Bu böyük şəxsiyyətdən yuxarıda sadaladığımızdan əlavə onlarla məqalə, söhbətlər, müsahibələr, elmi yaddaşlar bizə yadigar qalmışdır. Bütün bunlar yaxın gələcəkdə “Əl-imamus-sədr” müəssisəsi tərəfindən toplanıb oxuculara təqdim olunacaq.

 

YEDDİNCİ FƏSİL

PAKLARIN AQİBƏTİ

Düşmənlərin qorxusu

 

İmam Musa Sədrin Livandakı iyirmi illik davamlı səyləri şərqdə böyük dəyişikliklərə səbəb oldu. Afrika və Avropa ölkələrinə səfərləri, elmi, mədəni və dini konfranslarda iştirakı onu dünya nüfuzlu şəxsiyyət etdi. O, dəyərli düşüncələrini işə salmaqla İslam və qeyri-İslam ölkələrində milyonlarla insanın qəlbində özünə xüsusi yer tutdu. O, dünyada vahid İslam ümmətinin bünövrəsini qoyub, müsəlmanları qərb və şərq istismarçılarının cəngindən qurtarmaq üçün səy göstərirdi.

Həmin vaxtlar həzrət imam Xomeyninin (r) səmavi nidası Nəcəf şəhərindən dünyaya yayıldı. İmam Musa Sədr bu tanış səsi eşitdikdə “Lumond” qəzetində (1979-cu ildə, oğurlanmazdan bir həftə öncə) İslam inqilabını rəsmi şəkildə peyğəmbərlər hərəkatının davamı adlandırdı. O, imam Xomeynini (r) bu inqilabın böyük rəhbəri kimi dünyaya tanıtdırdı. Beləliklə, şərq və qərb nəhəngləri təhlükə hiss etdilər. Onlar bilirdilər ki, əgər imam Musa Sədrin qüdrətli biləngləri həzrət imam Xomeyninin (r) dəmir yumruqları ilə birləşərsə, daha onlar üçün qarətçilik etməyə heç bir fürsət qalmayacaq. Onlar bundan öncə bir neçə dəfə imam Musa Sədrə sui-qəsd hazırlamışdılar, lakin hər dəfə rüsvay olmuş və oxları daşa dəymişdi. Lakin bu dəfə çarəsizlikdən başqa bir köklü plan cızdılar. Onlar regiondakı məxfi əllərindən birinin vasitəsi ilə imam Musa Sədri İslam ümmətindən alıb, siyasi tarix səhnəsindən kənarlaşdırmaq qərarına gəldilər.

 

Aşkar adam oğurluğu

 

İmam Musa Sədrin Livana gəldiyi ilk günlərdə Liviya dövləti və prezidenti onun ən qatı düşmənlərindən hesab olunurdu. Livanda bu ölkəyə məxsus çox güclü təşkilatlar və qəzetlər mövcud idi. Onlar daim imam Musa Sədrə qarşı namərdcəsinə hücumlar edir, töhmətlər vururdular. Liviya dövlətinin imam Musa Sədrlə əlaqələri o qədər soyuq və qərəzli idi ki, cənab Əbdüs-Səlam Cəlvəd 1976-cı ildə Livana qırx beş günlük səfərində müxtəlif partiya və təşkilatların rəhbərləri ilə görüşərkən imam Musa Sədrlə adicə üzləşməkdən boyun qaçırmışdı. 1975-ci il iyul ayının 12-də iclaslardan birində təsadüfən onunla rastlaşdıqda söz verdi ki, yaxın gələcəkdə Beyruta qayıdıb onunla görüşəcək. Lakin o yenidən Beyruta iki həftəlik səfərində öz vədəsinə əməl etmədi.[83]

İmam Musa Sədr İsrailin Livanın cənubuna təcavüzlərinin qarşısını almaq üçün Ərəb-İslam ölkələrinə səfərlərindən birində Hicri-Şəmsi 1358-ci ilin mordad ayında (1979. m.) Əlcəzairdə olmuşdu. O orada prezidentlə, milli azadlıq cəbhəsinin rəhbərlərindən olan Həvari Bumdin və Məhəmməd Səlah Yəhyavi ilə görüşüb söhbət etmişdi. Bu görüşdə ona təklif olundu ki, Liviya ölkəsinə də səfər edib öz səfər planını təkmilləşdirsin. İmam Musa Sədr müsəlman millətlər və ölkələr arasında vəhdət yaratmaq istədiyi üçün bu düşmənçiliyi davam etdirməyə heç bir dəlil görməyib təklifi qəbul etdi. O Hicri-şəmsi1357-ci ilin şəhrivər ayının üçündə, cümə günü (hicri-qəməri, 1398, ramazanın 22-si; miladi, 1978 avqustun 25-i) Əlcəzairdən Liviyaya daxil oldu. Liviyanın informasiya vasitələri öz rəsmi qonaqlarının gəlişi və onun səfər proqramı haqqında heç bir məlumat vermədilər. İmam Musa Sədr Liviyada qaldığı günlərdə heç kəslə, hətta ailə üzvləri, ali məclis nümayəndələri və Livanın xarici işlər nazirliyi ilə də əlaqə saxlamadı. Bu onun daimi adətinin ziddinə idi. Livan şiələrinin ali məclisi Liviyanın Livandakı konsulundan bu haqda məlumat istədi. Lakin o cavabdan boyun qaçırdı. Sonra Livanın baş naziri cənab Səlim əl-Hüssə bu haqda məlumat verildi. O dərhal Liviyanın konsulunu çağırtdırıb rəsmi və tə’cili cavab istədi. Bir gün sonra Liviyanın konsulluğu tərəfindən cavab gəldi ki, imam Musa Sədr və onun yoldaşları (Şeyx Məhəmməd Yəqub və Əbbas Bədrüddin) 1398-ci il ramazanın 28-i günorta, 881 nömrəli İtaliya hava xətti ilə Romaya getmişdir. Sonra Livanın prezidenti cənab İlyas Serkis məsələni Müəmmər Qəzzafinin özü ilə araşdırmaq qərarına gəldi. Lakin o bu işə müvəffəq olmadı. Çünki telefonda bildirilirdi ki, bu nömrə vasitəsi ilə Qəzzafi ilə əlaqə saxlamaq olmaz, başqa bir nömrə yığın. Amma başqa nömrə ilə də əlaqə saxlamaq mümkün deyildi...

Bu müəmmalı hadisə baş verdikdən sonra Liviya dövləti suallar qarşısında sükut etdi. Cavab verməyə məcbur olduqdan sonra Liviya dövlət nümayəndələrinin bütün cavabları ziddiyyətli idi. Hətta Qəzzafinin cavablarında və 1978-ci il sentyabrın 18-ində Liviya dövlətinin rəsmi bəyanatında da ziddiyyətlər gözə dəyirdi. Bizim burada həmin mövzu barədə geniş söhbət etmək imkanımız yoxdur. (Geniş məlumat almaq üçün müraciət edin: “İmam Musa Sədrin oğurlanma sirləri”, s.15) Başqa bir tərəfdən, İtaliyanın bütün mühakimə orqanları baş vermiş hadisənin aydınlaşması üçün 1978-ci il sentyabrın üçü öz araşdırma vasitələrindən geniş şəkildə istifadə edir və belə bir nəticəyə gəlir: İmam Musa Sədr və onun yoldaşları Liviyadan nə hava xətti ilə və nə də başqa heç bir nəqliyyat vasitəsi ilə bu ölkəyə gəlməmişdir. İtaliya dövləti rəsmi şəkildə bu mövzunu Livan dövlətinə və şiələrin ali məclisinə bəyan etdi. Livanın təhlükəsizlik orqanlarının araşdırmaları da bu nəticəyə gəlmişdi. 1980-ci il fevral ayının 15-də Liviya rəhbərləri öz təhlükəsizlik orqanlarının saxta məlumatlarına istinad edərək İtaliya məmurlarından bu istiqamətdə araşdırmalar aparılmasını istədilər. İtaliyanın məhkəmə orqanları növbəti dəfə geniş araşdırmalar aparıb, öncəki qərarlarını bir daha təsdiqlədilər. Onlar Liviya təhlükəsizlik orqanlarını saxtakarlıqda ittiham etdilər.

Livan şiələrinin ali məclisinin rəis müavini mərhum Şeyx Muhəmməd Mehdi Şəmsuddin ilk mətbuat konfransında bu tarixi cinayətin məsuliyyətini Qəzzafinin öhdəsinə qoydu. Livan şiələrinin ali məclisi müxtəlif bəyanatlarla həmin fikri bildirirdilər. Həmçinin bəzi ərəb ölkələrinin başçıları da bu hadisənin məs’uliyyətinin Qəzzafinin üzərində olduğunu bildirdilər.

 

Əks-əməllər

 

İmam Musa Sədrin oğurlanma səbəbi dünyaya yayılarkən İslam dünyasını nigarançılıq və iztirab bürüdü. Onu azacıq tanıyan millətlər kədərləndilər. Məsihilər və müsəlmanlardan ibarət Livan xalqını həyəcan bürüdü, bu ölkənin bütün şəhər və qəsəbələrində etiraz aksiyaları başlandı. Livanın müxtəlif nöqtələrində, o cümlədən Bə’əlbək, Sur, Seyda, Beyrut, Trablos kimi şəhərlərdə mitinqlər və yürüşlər başlandı. Belə yürüş və mitinqlər bu ölkədə çox az görünmüşdü. Təkcə Sur şəhərində yürüşlərdə 100 min nəfərdən çox iştirakçı var idi. Qadın və kişi, qoca və cavan, yaşlı gözlərlə və kədərli simalarla öz imamlarından ayrı düşdükləri üçün çox narahat idilər. Onlar heç cür sakitləşə bilmirdilər.

Həzrət imam Xomeyni (r) həmin vaxtlar Nəcəfi-Əşrəf şəhərində olurdu. O bu acı xəbəri eşidən kimi yubanmadan Yasir Ərəfata teleqraf vurdu. Teleqrafın mətni belədir:

Rəhman və rəhim Allahın adı ilə.

Fələstin azadlıq təşkilatının icraçı komitəsinin rəisi cənab Yasir Ərəfat!

Livan şiələri məclisinin rəisi cənab höccətul-İslam seyid Musa Sədrin vəziyyəti haqqında heç bir məlumatım yoxdur. Bu mənim nigarançılığıma səbəb olur. Sizdən xahiş edirəm ki, mümkün qədər tez onun harada olmasından xəbər tutasınız. İslam hədəflərinə çatmaqda tövfiq əldə etməyinizi istəyirəm.

Ruhullah Musəvi Xomeyni.”[84]

Həmin vaxtlar Suriyada Fələstin məsələsi ilə bağlı Hafiz Əsədin başçılığı ilə “Səmud” konfransı keçirilirdi. Həzrət imam Xomeyni (r) cənab Hafiz Əsədə də teleqram vurdu. Uyğun teleqramın mətni belədir:

Rəhman və rəhim Allahın adı ilə.

Salamımı təqdim etdikdən sonra!

Mən cənab höccətul-İslam Musa Sədrin itməsindən nigaranam. Sizdən xahiş edirəm ki, bu məsələni Fələstin hadisəsi ilə bağlı toplanmış ölkə başçıları ilə müzakirəyə qoyasınız və onların səylərini bu məsələyə yönəldəsiniz. Biz və İran xalqı bu əsrdə Amerikaya arxalanaraq milləti diktatorluq alovunda yandıran, kütləvi qırğınlar edərək, bütün azadlıqlardan məhrum edən bir rejim altındayıq. Biz İslam dövlətlərinin başçılarından günahsız İran millətinin azadlığı üçün kömək istəyirik. Sizin müsəlman qardaşlarınız şahın zülümkar məmurlarının ayaqları altında əzilmişlər. İranın əksər mühüm şəhərlərində mövcud olan hərbi hökumət milləti cana gətirmişdir.

İslam peyğəmbərindən (s) nəql olunmuş hədisə əsasən məzlum milləti müdafiə etmək gücündə olan bütün insanlar və rəhbərlər məsuliyyət daşıyırlar.”

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.”

Ruhullah Musəvi Xomeyni[85]

Qum, Nəcəf və Məşhədin əzəmətli təqlid mərcələri, islami təşkilatlar, xaricdə təhsil alan tələbələr, siyasi, mədəni, dini və məzhəbi şəxsiyyətlər tərəfindən bütün dünya boyunca müxtəlif teleqraflar Liviya, Əlcəzair və Suriyaya sel kimi axmaqda idi. Həzrət imam Xomeyni (r) hər bir fürsətdə uyğun məsələyə qayıdırdı. Liviya dövləti imamı bu ölkəyə də’vət etdikdə o bu dəvəti qəbul etmir və hər şeyi imam Musa Sədrin itməsi ilə izah edir.[86] Həmçinin Qəzzafi İrana gəlmək istəyərkən bəziləri onun imam Xomeyni (r) ilə görüşü üçün zəmin yaratmağa çalışırdılar. Lakin imam onu qəbul etməyib belə buyurdu: “Hələ cənab Musanın məsələsi aydınlaşmayıb, mən onu necə qəbul edim?!” Buna görə də Qəzzafi İrana gedə bilmədi.[87]

Höccətül-İslam Seyid Kazim Xansari Liviya dövlətinə İran İslam respublikasının ilk səfiri kimi e’zam olunarkən həzrət imam Xomeyni (r) onu çağırıb, təkidlə bildirdi ki, əgər cənab Musa haqqında məlumat əldə edərsə dərhal, bilavasitə mənə xəbər versin. İmam ona bildirdi ki, bu haqda heç kəslə, hətta Əhmədlə də söhbət etməsin.[88] Amerikanın Tehrandakı səfirliyi ələ keçirildikdə Livanın tanınmış məsihilərindən olan Ğəssan Toini girovların imam Musa Sədrlə əvəz olunmasını təklif edir. İmam Xomeyni (r) onun təklifini qəbul edir. Lakin...[89]

 

Həyat müjdəsi

 

İmam Musa Sədr və onun iki yoldaşı h.q. 1357-ci il iyun ayının doqquzu günortadan sonra (hicri-şəmsi, 1398, ramazanın 25-i; miladi, 1978 Avqustun 31-i) Qəzzafinin görüşünə getmək məqsədi ilə Liviya dövlət maşınlarına minmək üçün Əş-şati mehmanxanasından xaric olarkən bir neçə an mehmanxananın qarşısında göründükdən sonra oğurlandılar. Bu tarixdən təxminən otuz ilə yaxın bir vaxt keçir. Bu otuz il ərzində imam Musa Sədrin şəhadət və ya vəfatını bildirən heç bir sənəd yoxdur. Əksinə, bu mücahid fəqihin ərəb dünyasının İslam mübarizləri və alimləri ilə birgə Liviya zindanlarında əsirlik həyatı yaşaması haqda dəlillər var. Burada uyğun dəlillərdən bir neçəsinə işarə edirik:

2. Hicri-şəmsi 1358-ci il tir ayında Küveytin “Əl-qəbz” qəzetində elan olundu ki, imam Musa Sədr sağdır və səhrada yerləşən Sirət şəhərinin 200 kilometrliyindəki Buhadi hərbi hissəsində həbsdə saxlanılır.

3. Həmin ayda Küveytin “Əs-siyasət” qəzetində xəbər verildi ki, imam Musa Sədr Liviya və Çad sərhədlərinin yaxınlığındakı hərbi hissədə saxlanılır.

4. Yenə də həmin vaxtlar “Əl-vətənul-ərəbi” jurnalı bəzi ərəb diplomatlarının açıqlamalarına əsaslanaraq imam Musa Sədrin diri olması xəbərini təsdiqləyib, onun Çad sərhəddinin yaxınlığında və Səbhanın cənub qərbində yerləşən hərbi hissədə həbsdə saxlandığını bildirdi.

5. Hicri-şəmsi 1358-ci ilin azər ayında Fələstinin “Əs-surə” qəzeti Yasir Ərəfatın sözlərinə və başqa on dörd dəlilə əsaslanaraq İmam Musa Sədrin Liviyada saxlanılmasını e’lan edərk bu işdə Qəzzafini ittiham etdi.

6. Hicri-şəmsi 1359-cu ilin şəhrivər ayında İspaniyanın “Əl-faiz” qəzeti Suriya və Əlcəzairin bəzi orqanlarına əsaslanaraq belə yazmışdı: İmam Musa Sədr bu ilin fərvərdin ayında Əlcəzair sərhəddinin yaxınlığındakı hərbi hissədə saxlanılırdı. Qəzetdə bildirilirdi ki, Livanın “Ən-nəhar” qəzetinin rəisi və bu ölkənin BMT-dəki daimi nümayəndəsi Ğəssan Toini amerikalıların imam Musa Sədrlə Tehrandakı amerikalı girovların dəyişdirilməsi təklifini İslam respublikasının orqanlarına xəbər verib.

7. Həmin ay Fransanın Luksenburq radiosu imam Musa Sədrin Əlcəzair sərhədləri yaxınlığındakı hərbi hissədə saxlandığını xəbər verdi.

8. Hicri-şəmsi 1359-cu il azər ayında Küveytin “Əl-ənba” qəzetində xəbər verildi ki, imam Musa Sədr yaşayır və Liviyada həbsdə saxlanılır.

9. Hicri-şəmsi 1361-ci ilin isfənd ayında “Əd-dəstur” jurnalında İranın Liviyadakı konsulunun adından bildirilirdi ki, Afrika ölkəsi olan Qana vətəndaşlarından bəziləri 1359-cu ilin isfənd ayında imam Musa Sədri Çad sərhəddinin yaxınlığında və Səbha məntəqəsində yerləşən hərbi hissədə görmüşlər.

10. Hicri-şəmsi 1361-ci ilin fərvərdin ayında Səudiyyə Ərəbistanının “Əl-mədinə” və “Ukkaz” qəzetlərində bildirilirdi ki, İmam Musa Sədr ən azı h.q. 1360-cı ilin ortalarına qədər Liviyada həbsdə olmuşdur.

11. 1364-cü ilin fərvərdin ayında “Əl-vətənul-ərəbi” jurnalının baş redaktoru jurnalda bildirirdi ki, ərəb diplomatları və Liviyanın bəzi müxalif şəxsiyyətlərinin bəyanatlarına əsasən, imam Musa Sədr h.q. 1359-cu ilin ortalarında Liviyanın mərkəzindəki “Fəzan” səhrasından Trablos şəhərindəki “Babul-əziziyyə” hərbi hissəsinə aparılmışdı.

12. Hicri-şəmsi 1365-ci ilin tir ayında “Əş-şərqul-ovsət” qəzetində Livanın Seneqaldakı səfiri tərəfindən nəql olunurdu ki, bu ölkənin rəhbərlərinin dediyinə görə imam Musa Sədr diridir və Liviyada həbsdədir.

13. Hicri-şəmsi 1366-cı ildə amerikalı müxbir Piter Sereva “İmam Musanın sirli şəkildə itməsi” adlı kitabında Mişel Karin adlı ingilis müxbirinin verdiyi məlumatların üzərindən pərdə götürərək bildirir ki, imam Musa Sədr h.q. 1360-cı ilin axırlarında Liviyanın cənub şərqində, Kəfra şəhərində yerləşən bir məhəllədə saxlanılırmış. O Liviya dövlətinin bə’zi vəzifəli şəxslərinin bəyanatlarına əsasən yazmışdır ki, cinayətin faş olmaması üçün onun yeri tez-tez dəyişdirilirdi.

14. Hicri-şəmsi 1367-ci ilin qış aylarında Avropa və Livan mətbuatı yazırdı ki, Fransada yaşayan əksinqilabçı İran vətəndaşı Mehdi Ruhani adlı bir şəxsin Avropanın bə’zi agentliklərindən aldığı məlumatlara görə, İmam Musa Sədr diridir və o yaxın gələcəkdə azad olunacaqdır. O İmam Musa Sədrin qardaşı mərhum Ayətullah Seyid Rza Sədr üçün qısa bir film göndərdi. Bu qısa kadrda imam Musa Sədr ruhani libasında, saqqalı ağarmış halda, zindan qoruyucularının arasından keçərkən lentə alınmışdı.

15. Hicri-şəmsi 1371-ci ilin şəhrivər ayında “Əl-həyat” qəzeti Liviya mənbələrinə əsaslanaraq belə yazırdı: İmam Musa Sədr diridir. O Kəfra hərbi hissəsində həbsdə saxlanılır.

16. Liviyanın insan hüquqları müdafiəsi təşkilatı h.q. 1379-cu ildə keçirdiyi illik hesabatında Ərəb, Afrika və Avropa dövlətlərinin beynəlxalq təşkilatlarını imam Musa Sədrin oğurlanma məsələsini araşdırmağa və onun aqibətinin təyin olunması üçün səy göstərməyə çağırdı.

17. H.q. 1380-cı ilin ordibehişt ayının 13-də Liviyanın Milli Nicat Cəbhəsi dünyanın internet şəbəkələrində belə elan etdi: h.q. 1376-cı ilin axırlarında Trablos şəhərindəki Əbu-Səlim zindanının məhbuslarından bə’ziləri imam Musa Sədri görmüşlər; imam Musa Sədr ötən ramazan ayından bir az əvvəl başqa yerə aparılmışdır...

İmam Musa Sədrin qüdrətli vücudu Livanın və İslam dünyasının ictimai-siyasi səhnəsində İslam məzhəbləri və İslamla məsihiyyət arasında vəhdət simvolu oldu. Buna görə də daim ixtilaf, təfriqə səbəbi olanlar onu İslam ümmətindən aldılar. Onların mühüm hədəflərindən biri də bu idi ki, yenidən, əvvəlcə Livanda, sonra İslam dünyasında parçalanma və ixtilaf yaratsınlar. Sonda Allahdan istəyirik ki, tarixin bu böyük insanını yenidən ümmətə qaytarsın ki, İslam və bəşəriyyətin düşmənləri arzularını özləri ilə qəbrə aparsınlar. “Vəllahu əla kulli şəyin qədir.”

 

Son söz

 

Təxminən otuz ildir ki, imam Musa Sədrin faydalı və dəyərli vücudu İslam ümmətindən alınmışdır. Hələ də müsəlmanlar, hətta pakfitrət məsihi və yəhudilər də mübariz şiə ruhanisinin ayrılığında əzab çəkirlər. Onlar hələ də möhkəm qamətini görmək, vəhdət yaradan və hikmət dolu səsini eşitmək arzusu ilə saniyələri sayırlar. Lakin bir şey bu böyük müsibətin ağırlığına dözməyi ümmət üçün asanlaşdırır: Tarixin böyük insanının düşüncə və amalları bu gün müxtəlif İslam cəmiyyətlərində gerçəkləşməkdədir. Onun məktəbinin övladları bu gün Livanda həqiqi yetkinliyə çatmışlar. Onlar müqəddəs hizbullah qiyafəsində fəaliyyət göstərirlər. Bütün bunlar imam Musa Sədrin istədikləri idi.

Bu yazının son sözü kimi öz yerini tutan, İslam respublikasının banisi həzrət imam Xomeyninin (r) dürrəfşan kəlamı imam Musa Sədr məktəbinin övladlarına və İslam ümmətinə qəlb aramlığı verə biləcək həqiqətlərdəndir. İmam Xomeyni (r) bu kəlamları İmam Musa Sədrin möhtərəm ailəsinin hüzurunda buyurmuşdur. Biz burada uyğun kəlamın bir hissəsini nəzərdən keçiririk:

“...Bütün məsələlərə asanlıq gətirən budur ki, biz, bizim millətimiz və cənab Sədr məktəb yolunda bir çətinliyə düçar olmuşuq... Söhbət vəzifədən getdiyi vaxt bilirik ki, vəzifəmiz İslama xidmət göstərməkdir. Bu vəzifənin icrasında azca müvəffəq olsaq, bu əsil xeyirin fövqündə olan bir xeyirdir. Müvəffəq olmasaq yenə əsil xeyirə çatmışıq. Xeyrimiz budur ki, biz İslama xidmət və məktəb yolundayıq... Hələ də deyirlər ki, cənab Sədr Liviyadadır. Deyirlər şahidlər var. Bu işin özü məktəb və İslama xidmətdir. Onun hər dəqiqəsi ibadət sayılır. Bizim üçün də gördüyümüz işlər və baş vermiş hadisələr asan gəlməlidir. Çünki bütün bu işlər İslam yolundadır və biz xəbərdarıq ki, həzrət Peyğəmbər (s) başda olmaqla Allahın övliyaları bütün ömürlərini əziyyətdə keçirmişlər. Ondan sonrakı məsum imamlar da əzab-əziyyətə düçar olmuşdur. Onların bir günü də xoş keçməmişdir.

Hər halda bu həyat tərzi İslam övliyalarının öncədən yaşadığı bir ən’ənədir. Onlar əqidələri yolunda həbsə düşmüş, öldürülmüş, əzab-əziyyət çəkmişlər. O yol elə bir yoldur ki, Allahın bütün övliyaları o yolu gedə bilər. İslamdan əvvəlki övliyalar da belə olmuşlar. Onlar rifah içində yaşamamışlar. Əgər peyğəmbərlərin tarixini dəqiq izləsəniz, onların ağır bir mücahid yolu keçdiyini görəcəksiniz. Lakin öz məqsədləri uğrunda çalışdıqları üçün bütün ağrılar onlara xoş idi...”[90]

Vəssəlam.

Dövrün musalarının zamanın fironlarına qalib gəlməsi ümidi ilə!

Əbdür Rəhim Əbazəri

 

İstinadlar

 

[67] İmam Musa Sədr, “Məhrumların ümidi”, 10-cu fəsil

[68] “Səhifei-imam”, c.12, s.318

[69] “Səhifei-imam”, c.13, s.166

[70] “İran İslam resbublikası” qəzeti, 5783-cü nömrə, s.4

[71] Doktor Sadiq Sultani Təbatəbaidən nəql olunub

[72] “Nameyi Müfid”, nömrə 16, s.31

[73] “Besət həftənaməsi”, 12-ci il, nömrə 26, s.4

[74] Həmin mənbə, s.8.

[75] Həmin mənbə, s.20.

[76] “Livan”, Şəhid Çəmran, s.91

[77] “Şiənin izzəti”, s.18

[78] “Yadnameye-imam Musa Sədr”, s.268

[79] “Şiənin izzəti”, s.15

[80] “Livan”, şəhid Çəmran, s.321

[81] “İslam respublikası” qəzeti, nömrə 6229, s.15

[82] Əli Dəvani, ustad Şəhid Mütəhhəridən xatirələrim, s.26

[83] “İmam Musa Sədrin oğurlanmasının sirləri”, s.15

[84] “Səhifeye-imam”, c.3, s.458

[85] Həmin mənbə, c.2, s.479

[86] “Şəfəq rəngi ilə təmas”, s.234

[87] “Nameye-mufid”, nömrə 16, s.26

[88] “Şiənin izzəti”, s.15

[89] Həmin mənbə

[90] “Səhifeyi-Nur”, c.13, s.49

 

Mənbə: Əbdürrəhim Əbazəri, "İmam Musa Sədrin həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ