İmam Musa Sədr kimdir? (II hissə)

İmam Musa Sədr kimdir?

Əvvəli burada


ÜÇÜNCÜ FƏSİL
ƏXLAQİ SƏCİYYƏLƏR VƏ DÜŞÜNCƏ TƏRZİ

 

Oxuculara imam Musa Sədrin qələbə və müvəffəqiyyət rəmzinin nə olduğunu daha da aydınlaşdırmaq üçün bu fəsildə onun əxlaqi səciyyələrindən danışacağıq.
Onun alicənablığı və təvazökarlığı kimsənin gözündən yayınmamışdı. Yalnız dostlar və yaxınlarla yox, hamıyla rəftar edərkən peyğəmbər əxlaqını nümayiş etdirirdi. Onun iş yoldaşlarından biri Şeyx Ədib Heydər belə deyirdi: “İmam Musa Sədrin məlum səciyyələrindən biri də onun təvazökar olması idi. Bəqada xidmətində olduğumuz bütün illər ərzində bir dəfə olsun belə onun hökmranlığı altında olduğumuzu hiss etmədik. Onun da eynən bizim kimi bir şəxs olduğunu düşünürdük. Yəni, onun rəftarı elə idi ki, heç kəs qarşısında öz kiçikliyini hiss etmirdi...”[29]
Sürücüsü Əbu Əli Hüseyni Hicazi nəql edir: “...daim mənə xatırladırdı ki, xalq onu qarşılamaq istəyərkən maşını onlardan yüz metr aralıda saxlayım və düşüb onları qarşılasın, layiq olduqları üçün onlara hörmət etsin. O deyirdi ki, bu xalq bizim üçün ne’mət səbəbidir. Allah onları çox sevir...” O xalqla heç vaxt təkəbbürlə davranmazdı. Dəfələrlə olmuşdu ki, Dəməşqə getdiyimiz günlər “mənim növbəmdi” deyib yemək və çayı özü hazırlayırdı. Onunla yaxınlıq nəticəsində bizdə zərrə qədər təkəbbür yarandığını müşahidə etdikdə çox üzülür, ağlayır və belə deyirdi: “Mən belə istəmirəm...Mən Allah qarşısında cavab verə bilməyəcəm. Gedin tənhalığa çəkilin, Allahdan bağışlanmağınızı diləyin ki, təkəbbürə düçar olmayasınız...”[30]
Aldanmışların əfvi
Corc Həbəşin rəhbərliyi altında kommunist partiyasının (xalq cəbhəsi) üzvü olan bir neçə şiə cavan aldadılaraq imam Musa Sədrə hazırlanmış terror planını yerinə yetirmək üçün tapşırıq alır. Onlar qumbaraatanla silahlanıb imam Musa Sədrin yolu üstə pusqu qururlar. Bu zaman onlardan biri qəflətdən oyanıb peşman olur və özünü “Əməl” təşkilatının cavanlarına çatdırıb onları təşkil olunmuş terrordan xəbərdar edir. “Əməl”in cavanları məntəqəni mühasirəyə alaraq onları tutub imam Musa Sədrin yanına aparırlar. O, alicənablıq göstərib, onların azad edilməsini göstəriş verir.[31]
Livan ruhanilərindən biri mərhum Şeyx Hüseyn Xətib imam Musa Sədrin müxaliflərindən idi. O özü belə deyirdi: “...mən bu kişi ilə çox vuruşdum! Onunla çox mübarizə apardım. Lakin hər nə qədər çox mübarizə aparırdımsa, bir o qədər məhəbbət göstərir və mənim görüşümə gəlirdi. O qədər məhəbbət göstərdi ki, xəcalət çəkib həya etdim...”[32]
Onun qatı müxaliflərindən biri də mərhum Şeyx Məhəmməd Cavad Muğniyə idi. Mərhum məclislərdə və qəzetlərdə imam Musa Sədrə qarşı şiddətli hücumlar edirdi.[33] Lakin o heç zaman bu yaşlı ruhaniyə qarşı cavab xarakterli tədbirlər görmədi. Əksinə, ona daim hörmət edir və təşkil etdiyi yığıncaqlara dəvət edirdi. İmam Musa Sədr onu yoxlamaq üçün evinə gedir və çətinliklə qarşılaşdıqda bütün gücü ilə ona kömək etməyə çalışırdı. Şeyx Məhmud Fərhad (ruhani) və Kamil Əsəd (Livan məclisinin sədri) imam Musa Sədrin qatı müxaliflərindən sayılırdılar. Lakin o, birincini özünə müavin təyin etdi və görüşmək üçün ikincinin evinə getdi .[34]
Şəhid doktor Mustafa Çəmran imam Musa Sədrin bu səciyyəsi ilə bağlı ona belə yazır: “...ey mənim sevimlim! Sən qövmün simvolusan. Min dörd yüz illik əzab-əziyyəti öz çiyinlərində daşıyırsan. Min dörd yüz ilin ittihamlarına, töhmətlərinə, hücumlarına, nifrinlərinə və acı sözlərinə dözürsən. Keçmiş kinləri, tarixi düşmənçilikləri, acı həsəd və xainlikləri dadırsan. Sən fədakarlıq edirsən. Sən hər şeyindən keçirsən, sən öz həyat və varlığını insanlara fəda edirsən və düşmənlərin bunun əvəzində söyüş söyüb, xəyanət edirlər. Onlar töhmətlər vururlar və cahil xalqı sənə qarşı təhrik edirlər. Lakin sən, ey imam, bir an olsun belə haqdan dönmürsən və pisliyə pisliklə cavab vermirsən. Sən tufanda dayanmış möhkəm dağ kimi sakit və arxayınlıqla həqiqətə, kamilliyə doğru addımlayırsan. Bu baxımdan sən Əlinin nümayəndəsi, Hüseynin varisisən... Mən sənin tərkində mübarizə aparıb bu şərəfli yolda şəhadət şərbəti daddığım üçün fəxr edirəm.”[35]


İbadət və bəndəlik


Bu mövzu şiə cəmiyyətində rəhbərlik və imamətin mühüm şərt və əsaslarından sayılır. İbadət və bəndəlik imam Musa Sədrin vücudunda yüksək səviyyədə təcəlla edirdi. Bu səciyyə onu kamil insanların zümrəsinə daxil etmişdi. İmam Musa Sədrlə birgə dərs oxumuş Qum və Nəcəf mədrəsəsinin seçilmiş şəxsiyyətlərindən biri bu barədə belə deyirdi: “...O, ruhaniyyət böyüklərinin uca zümrəsinə daxil olmuşdu. Əxlaqi səciyyələr baxımından indiyədək oxşarını görməmişəm. Kamil bir ruhani üçün lazım olan hər bir şeyi onda müşahidə etdim. Xüsusi ilə axır zamanlar ibadət etməkdə misilsiz olmuşdu. O həm öz dövrünün ziyalı şəxsiyyəti, həm də yüksək ibadət ruhuna malik bir fərd idi.
Həzrət Əlinin (ə) hərəmini ziyarət edib, əməlləri yerinə yetirərkən onun aşiq olması açıq-aşkar görünürdü. Nəcəfdən Kərbəlaya piyada ziyarət səfərimizdə o aşiqanə halda idi. Dua və Aşura ziyarəti oxunarkən ən yüksək ruhiyyə onda olurdu. Ağlamaqdan gözləri qızarırdı. Əhli-beyt (ə) müsibətlərini yada salarkən üzgün halda fəsih ərəb və fars şe’rləri oxuyurdu...”[36]


Xalqa sevgi


O, küçə və bazar camaatını çox sevirdi. İş və problemlərinin çox olmasına baxmayaraq, daim xalqla görüşmək üçün müəyyən vaxt təyin edirdi. Xalqın yanında yaşayır, onlarla görüşür və rahatlaşırdı; xalqa olan sevgisi nurlu gözlərindən sezilirdi. O deyirdi: “...mənim yerim sizin aranızdadır; mənim qərərgahım qəlblərinizdir; gücüm əllərinizdədir; mənim mühafizəçim gözlərinizdir; mənim proqramlarım sizin vasitənizlə icra olunacaq. Bu dünyada heç kəsi və heç nəyi sizdən üstün tutmayacam...”[37]
Məzhəbi münasibətlər və əzəmətli dini bayramlarda Livanın əksər dini-siyasi şəxsiyyətləri iştirak edirdilər. Lakin imam Musa Sədr belə günlərdə kasıb təbəqə və xüsusi ilə cənub bölgəsinin təcavüzə məruz qalmış məntəqəsindəki yetim uşaqlarla olmağı üstün tuturdu. O belə günlərdə xalqla görüşmək üçün xüsusi vaxt ayırırdı. Düşmən atəşi altında olan sərhəd kəndlərini bir-bir gəzirdi. Bütün bunlara görə xalq ona aşiq olmuşdu. Sürücüsü Əbu Əli Hicazi belə deyir: “...Mən və mühafizəçi mərhum Əbu Əli Yunis bütün bu mərhələlərdə onu müşayiət edirdik. İmam bu cür görüşlərdə xalqın evlərinə daxil olur və bir müddət onların yanında otururdu. Kənd əhalisindən dünyasını dəyişən olduqda onun yas məclisində iştirak edirdi... Bir çox hallarda günorta və ya şam yeməyini həmin kəndlərdə kasıb və əkinçi xalqın süfrəsində yeyirdi. Onun yemək zamanı əkinçi və zəhmətkeş kənd əhalisinin süfrəsindən başqa bir süfrədə oturması mümkün deyildi. Çox rahat soruşurdu: “Anacan bu gün günorta üçün nə hazırlamısan?” O heç zaman çeşidli yeməklərin hazırlanmasına icazə verməzdi. Həmişə sadə kəndli yeməkləri yeməyə israr edirdi. Əgər ev sahibi xüsusi yemək hazırlamağa çalışsaydı, imam deyirdi: “Anacan, əgər məni istəyirsinizsə və Allahın əzabına düçar olmağıma razı deyilsinizsə, icazə verin həmin sadə yeməklərinizdən istifadə edim...”[38]


Şəhid yadigarlarının hüzurunda


O, şəhid ailələri ilə görüşmək üçün xüsusi vaxt ayırmışdı. Daim onların könlünü alır, fədakarlıq və sabitqədəmliklərindən enerji alırdı. İmam Musa Sədr bir dəfə tənha qalmış altımış yaşlı qadınla görüşməli idi. Onun ailəsinin bütün üzvləri bombardmanlarda və müxtəlif hadisələrdə şəhid olmuşdu. Bir müddət öncə sonuncu övladını itirən bu qarı imam Musa Sədri çox həvəslə qarşıladı. İmam Musa sədr otağın bir küncündə oturmuşdu. Qarı onun qarşısında oturub heç nə danışmırdı. Amma birdən titrək səslə danışmağa başladı: “Ey imam, sən nə üçün qadınlara tə’lim ordusu yaratmamısan. Əgər belə bir ordu olsaydı, mən orada döyüş qanunlarını öyrənib, şəhadət iftixarına nail olardım.”[39]
Başqa bir görüş iki övladını itirmiş ailə ilə oldu. Ailənin atası imam Musanı görərkən belə dedi: “Ey imam! Narahat olma. Mənim başqa üç oğlum da var. Yoldaşım və özümlə birlikdə beş nəfərik. Biz hamımız şəhadətə hazırıq.” [40]


Sərrast baxış


İmam Musa Sədr İslam maarifi, dini məsələlər və hökmlər barəsində düzgün və dəyərli nəticəyə gəlirdi. Dünyanın yaranışı haqda geniş və aşkar fəlsəfi və arifanə nəzərə malik idi. Onun bütün nəzəriyyələri Əhli-beyt (ə) məktəbindən qaynaqlanırdı. Belə bir düşüncədə olması onu elmi, ədəbi, siyasi, ictimai və hərbi meydanda dövrünün yüksək şəxsiyyəti etdi. Dərin düşüncə və təfəkkürə malik olması müxtəlif ərsələrdə üzərinə düşən məsuliyyəti yerinə yetirərkən müvəffəq olmasına səbəb oldu. Beləliklə, imamın bir sıra düşüncə və baxışlarına nəzər salırıq.


İslam dünyagörüşü


O, Quran ayələrinə əsaslanaraq yaranışın ədalət və haqq üzərində möhkəmləndiyini və daim kamilliyə və qurtuluşa doğru hərəkət etdiyini düşünürdü. Onun fikrincə yaranışda səbəbsiz heç nə yoxdur; hər bir şeyin son dərəcə diqqət və zərifliklə yaradılması açıq-aşkar görünür. Beləliklə batil, zülm və xəyanət hər nə qədər güclü və əhatəli olsa da məhv olasıdır. Yalnız ədalət, haqq və onların tərəfdarları əbədidir.


İslami insanşünaslıq


İmam Musa Sədr “Rum” surəsinin 30-cu ayəsinə istinad edərək insan yaranışının hənif (təkallahçılıq) dini əsasında olduğunu bildirir və bu söz üzərində çox möhkəm dayanırdı. O belə deyirdi: “...İslam baxımından bütün insanlar pak fitrətlə yaradılmışdır. Mühitin təsir və sıxıntısı onun özünü büruzə verməsinin qarşısını alır, insan zülm və fəsada əl bulaşdırır. Lakin yenə də həmin halda pak fitrət onu düzgünlüyə dəvət edir...”
Beləliklə, qəlbin dərinliyində mövcud olan bir qüvvə insanı xeyir işlərə çağıran dəvətçi ilə həmkarlıq edərək onu ilahi hədəflərə doğru həvəsləndirir.


Qeybi qüvvələr


O inanırdı ki, insan fitrətindən əlavə, bir çox gizli qüvvələr böyük insanlara xidmət edir. Bu qüvvələr insanpərvər amalları gerçəkləşdirmək yolunda həmin şəxslərə yardımçı olur. Buna görə də doğru din və həqiqət uğrunda çalışarkən çətinliklər və tənhalıqdan qorxmaq lazım deyil. Əksinə, bu yolda böyük addımlarla addımlayıb, çalışmaq lazımdır. İmam Musa Sədr bu inancda idi və öz e’tiqadını əməldə də göstərdi. O sə’ylərindən, ixlasından, qeybi qüvvələrdən kömək alaraq öz qurtuluş amallarını milyonlarla məhrum insanların qəlbinə hopdurdu.


Təbliğdə yenilik


İmam Musa Sədr müvəffəq olduğu elmi təcrübələri haqqında belə deyir: “...bu addımlar mənim iki ildən az müddət ərzində Livanın Sur şəhərində qazandığım təcrübələrə əsaslanır. Mənə açıq-aydın əyan oldu ki, təbliğ kamil şəkildə bəyan olunsa, İslamın və xalqın ruhi ehtiyacları nəzərə alınsa, hər hansı bir də’vət dövrə münasib olsa çox təsirli ola bilər. Belə bir dəvəti bütün təbəqədən olan insanlar, hətta ipə-sapa yatmayanlar və nadanlar qəbul edirlər...Tam yəqinliklə bildirirəm ki, vacib əməlləri və vəzifələri yerinə yetirmək üçün yol tam açıqdır. Hamı, uzaq və yad olanlar da dini qəbul edib onun uca göstərişlərinə əməl etməyə hazırdır... Təbliğdə ixlas, zövq və çalışmaq kifayət edir...”


Nizam-intizam zərurəti


O başqa bir məclisdə nizam-intizamın təsirli əhəmiyyəti barədə belə deyirdi: “...mən döyüşdən qayıtmış bir əsgərəm. Allah mənə elə bir yerdə iş təyin etmişdir ki, düşmənlə üzbəüz dayanmışam. Buna görə də səhlənkarlığın acısını hiss edirəm. Müharibə dili ilə desək, döyüş bölgəsindəyəm, İslam düşmənlərinin dağıdıcı zərbəsini dadıram...”[41]
O, söhbətinin davamında “Ər-Rəhman” surəsinin 7-8-ci ayələrinə istinad edərək nizam-intizamın və proqramlı hərəkətin əhəmiyyətini bəyan edərək deyir: “...Allah-təala nə üçün bizi bu ayədə ədalətə və nizam-intizama dəvət edir? Çünki dünya nizam əsasında qurulmuşdur. Beləliklə, əgər biz bu dünyanın övladları olmaq istəyiriksə, əgər yaşayıb, fəaliyyət göstərib, səmərəyə çatmaq istəsək gərək nizamlı şəkildə işləyək. Hərc-mərclik və nizamsızlıq bu dünyada yalnız məhvlə nəticələnir. Çünki bizim yaşadığımız dünyada hər bir şey nizam əsasında qurulmuşdur. Bir çox ayələrdə bildirilir ki, dünya haqq, ədalət və nizam-intizam əsasında möhkəmlənmişdir. Hər kim bu dünyada nizam-intizamsız olsa nəticəyə çatmayacaq...”[42]


İslami mədəniyyət və incəsənət


O, İslami mədəniyyət və incəsənət haqqında bir çox sözlərə malik idi. İmam Musa Sədr “tövhidşünaslıq”, “əbədiyyət”, “həmahənglik”, “bəsirət” və “quruculuq” kimi məsələləri İslam mədəniyyətinin bariz səciyyələrindən sayırdı.[43]
“...Şərq incəsənəti və ədəbiyyatının bir hissəsi olan İslami incəsənət və ədəbiyyat düşüncə dərinliyi və gözəllik baxımından dünya incəsənəti və ədəbiyyatı xəzinələrindəndir. İspaniyalı şair Mikayıl Onamono və Almaniyalı Höte kimi dünyanın müasir sənətkar və ədəbiyyatçıları İslam incəsənəti və ədəbiyyatından ilham almışdır. İslami incəsənətin me’marlıq və rəssamlıqda olan böyük təsirini unutmaq olmaz...”
Sənət müsəlmanlar üçün dünyəvi, ümumi və gözəl bir məfhumdan qaynaqlanır: “Allah gözəldir və gözəlliyi sevir!” Bu məfhum bütün varlıq aləminə təcəlla etmişdir. Biz İslam cəmiyyətində xüsusi fərqli təbəqənin rifahına həsr olunmamış gözəl sənətkarlıq nümunələri hiss edirik. Bu sənətkarlıq nümunələri həyatın bütün yönümlərində - evlərdə, məscidlərdə, kitablarda, onların cildlərində, bazarlarda və ictimai yerlərdə əks olunur. Şam, İsfahan və sair şəhərlərdə mövcud olan qədim evlərə, bazarlara, məscidlərə və tarixi binalara azca nəzər salmaqla müsəlmanların geniş sənətkarlıq nümunələri olduğunu görəcəyik.[44]


İdeoloji hücum


İmam Musa Sədr 1962-ci ilin aylıq dini yığıncağında mədəniyyətə təcavüz olunduğunu xatırlatdı. Bir sıra mətləbləri bəyan etməklə ideoloji hücum adlı yeni bir təcavüzdən söz açdı. O bildirdi ki, bu təcavüz siyasi, hərbi və iqtisadi təcavüzdən daha qorxuludur. İmam Musa Sədr sözünə belə davam etdi:
“...Düşüncə azadlığını itirmiş bir millət üçün fikri azğınlıqdan, ideoloji təcavüzdən qurtulmaq çox çətindir, belə bir təcavüz çox təhlükəli və dərin təsirə malikdir... Çox təəssüf ki, müsəlmanlar arasında bu acı həqiqət dəhşətli və qeyri-adi bir şəkildə peyda olmaqdadır; yazıçılar, natiqlər, ixtiraçılar və adi xalq ictimai, hətta əxlaqi və tərbiyəvi məsələlərdə qeyri-islami ideologiyalardan təqlid edirlər. Qərb alimlərinin nəzəriyyələrinin və hətta kəlamlarının çərçivəsindən xaric olmurlar. Onlar İslami tövsiyə və nəzəriyyələri hətta bir nəzəriyyə kimi mütaliə etməkdən də imtina edirlər.
Bu qədər dəyərli düşüncə və ideyası olan bir millətin əməl məqamında bütün bunları kənara qoyması təəccüb doğurur. Onlar bu düşüncə və ideyalardan hətta nəzəriyyə kimi də istifadə etmirlər...”[45]


Gerilik amilləri


O, müsəlmanların geriləməsinin səbəbinin üç şeydə (süstlük və tənbəllik, yalançılıq, istismara düçar olmaq) olduğunu bildirən nəzər sahiblərinə kömək edərək bu üç mehvərin əsas amillərini araşdırırdı. O belə deyirdi: Müsəlmanların tənbəl olmasının səbəbi nədir? Onların yalançılıq kimi rəzil sifətlərə aludə olmasına nə bais oldu? Hansı səbəblərə görə istismarçılar bu qədər rahatlıqla böyük İslam cəmiyyətinə daxil oldular və nəticədə müsəlmanlar istismara düçar oldu?
İmam Musa Sədr bu sualları açıqlamaqla geniş bir mövzunu bəyan edir və sonda belə bir nəticəyə çatır ki, müsəlmanların əsas gerilik səbəbi cəmiyyətin islahı istiqamətində fəaliyyət göstərən vahid təşkilatın olmamasıdır. Həzrət Peyğəmbərin dövründə məhz risalət, imamət və rəhbərlik nəticəsində belə bir hökumət və təşkilat yarandı. Bir çox insanlar İslami tərbiyə aldılar və əxlaqi baxımdan uca məqama çatdılar. Həmçinin İslami cəmiyyət də inkişaf etməyə başladı. İmam Musanın bütün söhbətlərindən belə bir nəticə əldə edirik ki, o müsəlmanların istiqamətlənməsi üçün dini bir hökumətin olmasını zəruri hesab edir. İmam Musa Sədr öz əqidəsinə müəyyən miqdarda əməl donu geyindirə bildi. Beləliklə, bu ölkədə “Livan şiələrinin ali məclisi” adı altında ali bir təşkilat yaratdı.


Tələb olunmuş iman


O, siyasi və ictimai həyatında bə’zi darbaxışlı və düşüncəsiz insanlarla qarşılaşırdı. Belə insanların fikrincə siyasətə qatışıb, xalqın problemləri ilə maraqlanmaq dini bir alim üçün təqvasızlıq və iman zəifliyi nişanəsidir. Lakin imam Musa Sədr belə insanların qarşısında müqavimət göstərib öz düşüncələrini müdafiə etdi:
“...Mənim haqqımda deyirlər ki, Seyid Musa həddini aşıbdır; o gərək iman, namaz və sair ibadətlərlə kifayətlənsin. Çox yaxşı, mən Allaha imanla kifayətlənəcəm. Lakin doğrudan da Allaha iman nədir? Allaha iman zalım hökumətlərin taxt-tacını qorumaq, xalqı sakitləşdirib onları səbrə dəvət etməkdirmi?!
İman Quran məntiqində belə izah olunur: “Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar və yoxsulu yedirtməyə rəğbətləndirməz. (Nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar.)[46] Həqiqi iman odur ki, insanın başqalarının problemlərinə biganə qalmasına mane olsun. Qonşusu ac olduğu halda gecəni (rahatçılıqla) sübh edən şəxsin Allaha və qiyamət gününə imanı yoxdur. Bu bizim anlamadığımız imandır...”[47]


Qəbul olunmuş namaz


İmam Musa Sədr üçün zöhd, təqva, səbr və bu kimi digər kəlmələr öz həqiqi mə’nasını daşıyırdı. Onun fikrincə bu dəyərli kəlmələrdən heç zaman sui-istifadə etmək olmaz. O daim çalışırdı ki, bu müqəddəs kəlmələrin mənasında edilmiş dəyişiklikləri aradan götürsün və onları öz əslinə qaytarsın. Bu səbəbdən, imam Musa Sədr namaz haqda belə deyirdi:
“...Qardaşlar! Hansı namaz Allah dərgahında qəbul olunur? Xalqı zülümkarlığa etiraz etməkdən çəkindirən namazmı?! Xalqı düzgün yoldan azdıran, ölkənizin (Livan) məsul şəxslərini zülm və sitəmə şövqləndirən namazmı?! Heç zaman! Belə bir namaz Allah dərgahında qəbul deyil. Xalqa xidmətlə yanaşı olan namaz qəbul olunur!
“Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakarlıq edər və zəkat verməyə mane olarlar.”[48] Əgər qonşularının hüquqlarını tapdasan namaz səni behişt əvəzinə cəhənnəmə daxil edəcək.[49]


İctimai həyat


İmam Musa Sədr “Əsr” surəsinin 3-cü ayəsinə (və təvasəv bil-həqqi və təvasəv bis-səbr) əsaslanaraq ictimai həyatın zəruri olması qənaətinə gəlir, guşənişinliyi ziyan və azğınlıq səbəbi hesab edirdi. O deyirdi ki, Allah bu ayədə mö’minləri bir-birlərini tövsiyə etməyə dəvət edir. Deməli, möminlər bir-birlərini tövsiyə etmək üçün cəmiyyətdə iştirak etməlidirlər və bu yolla onların təkamülü üçün zəmin yaranır. Ayədə göstərilmiş tövsiyə kəlməsindən insanların bir-birinə kömək etməsi və ictimai həyat nəzərdə tutulur. Ayədəki bu göstəriş hər bir müsəlman üçün vacibdir. Hər bir müsəlman bu növ əməlləri yerinə yetirməli, imanını kamilləşdirməlidir. Əks halda onu əbədi ziyan və azğınlıq gözləyir.[50]


İnfaq və dirçəliş


İmam Musa Sədr “Bəqərə” surəsinin 195-ci ayəsini (Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.) təfsir edərkən elm, təcrübə, can, mal, məqam və sair bu kimi şeylər bəxşiş etməklə gerçəkləşən infaqlar arasında can infaqının daha çox fəzilətli olduğunu bildirir. O deyirdi: Öz sərvətimizi kasıba verdikdə, məqam və vəzifəmizi başqasına tapşırdıqda, yaxud elm və təcrübəmizi kiməsə bəxşiş etdikdə malik olduğumuz sərmayələrimizdən bir hissəsini əta etmiş oluruq. Lakin Allah yolunda canını verən şəxs həqiqətdə hər bir şeyindən əl çəkir. Buna görə də Allah-təala onun bütün günahlarını bağışlayır və şəhid qanı cəmiyyətin dirçəliş və möhkəmlik mənşəyinə çevrilir.
İmam Musa Sədr mal infaqını ictimai ədalətin gerçəkləşməsinə və ayrıseçkiliyə səbəb olan təbəqələrin yaranmasının qarşısının alınmasına səbəb sayır. O deyir:
“...Əgər cəmiyyətdə infaqın rəvac tapmaması nəticəsində müxtəlif təbəqələr arasında fasilələr yaranarsa və cəmiyyətə zülm-sitəm hakim kəsilərsə, bütün bunların zərər- ziyanı ilk növbədə infaqdan imtina etmiş şəxslərə, sonra başqa insanlara dəyəcəkdir. Eyni zamanda əgər infaqın rəvac tapması nəticəsində cəmiyyət dirçələrsə, bu dirçəlişdən ilk növbədə infaq edən şəxslər faydalanacaqdır.[51]

 

DÖRDÜNCÜ FƏSİL

MƏZHƏBLƏR VƏ DİNLƏR ARASINDA VƏHDƏT

Vəhdət ruhu

 

İmam Musa Sədrin çoxdankı məqsəd və arzularından biri də bütün dünyada İslam ümmətinin bir olması idi. O gəncliyinin ilk çağlarından (Qum elmi hövzəsində təhsil alarkən) bu mühüm iş haqda düşünürdü. İmam Musa Sədr hövzədə keçirilən toplantılarda və ustadların qarşısında bu məsələni önə çəkirdi. 1947-ci ildə onun hələ iyirmi yaşı olmamışdı. Bu vaxtlar Əllamə Əmininin Nəcəfdən Tehrana gəlib bir neçə gün orada qalacağı haqda məlumat alır. İmam Musa Sədr fürsəti qənimət hesab edir və yaxın dostlarının biri ilə Tehrana, Əllamə Əmininin görüşünə tələsir. İmam Musa Sədr ustadın qarşısında müxtəlif elmi məsələləri bəyan etməklə yanaşı, düşmənə qarşı sünni ilə şiə arasında vəhdətin zəruriliyi haqda söz açırdı. O, ustadın qarşısında bu mövzuda danışır və öz əsaslarından müdafiə edirdi.[52] Sanki Allah-təala bu məsələni onun fitrətində İslam ümməti üçün əmanət qoymuşdu.

Beləliklə, imam Musa Sədr 1959-cu ildə Livana daxil olarkən ilk fürsətdə Sur şəhərində sünni alimləri ilə dostluq əlaqələri qurmağa başladı. O, sünnilərin müftisi Məhyəddin Həsənlə möhkəm əlaqələr saxlamağa başladı. Bu əlaqə o qədər yaxın və səmimi oldu ki, Qədir-xum bayramı, ramazan ayının gecələri, aşura və tasua günləri kimi mərasimlərdə onlar bir yerdə olurdular. Onlar “Qədim” məscidi və ya imam Sadiq (ə) mərkəzi kimi müştərək məkanlarda xütbələr oxuyurdular. Şiə və sünnilərdən ibarət xalq toplusu onların çıxışlarına qulaq asırdılar. Əgər onları tanımayan bir şəxs məclisə daxil olsaydı hansının şiə, hansının sünni olduğunu təyin edə bilməzdi.

İmam Musa Sədr deyirdi: Şiə ilə sünni arasında ixtilaf və ziddiyyət yoxdur. Bunlar vahid bir dindən olan iki məzhəbin ardıcıllarıdır. O bu düşüncəsi ilə Livandakı birləşdirici fəaliyyətlərini genişləndirdi. 1965-ci ilin yayında şimali Afrika ölkələrinə iki aylıq səfəri zamanı yeni və tarixi bir addım atmaqla Misir, Mərakeş və Əlcəzairin İslami mərkəzləri ilə Livan şiə mərkəzləri və elmi hövzələri arasında möhkəm və işlək əlaqələr yarada bildi. [53]

 

Tarixi bir məktub

 

İmam Musa Sədr “Livan şiələrinin ali məclisi” təşkil olunduqdan sonra bu məclisin rəyasətinin təyin edildiyi gün (hicri-şəmsi, 1348/3/2, cümə; miladi 1969/5/23) qətiyyətli nitq söylədi. Bu yığıncaqda Livanın böyük siyasi, məzhəbi, dini, elmi şəxsiyyətləri, mədəniyyət xadimləri və prezident cənab Şarl iştirak edirdi. İmam Musa Sədr iştirakçıları salamlayıb təşəkkürünü bildirdikdən sonra məclisə hazırladığı proqramını onlara açıqladı. O hazırladığı proqramda iki nöqtəyə xüsusi yer ayırmışdı:

1.Müsəlmanlar arasında ixtilaf yaranmaması üçün ciddi addımların atılması və kamil vəhdət əldə etmək üçün son dərəcə çalışmaq.

2. Livanın bütün dinlərdən olan tayfaları ilə həmkarlıq və ölkədə vəhdətin qorunması üçün çalışmaq.

Bu əsaslı proqram bir həftə sonra ali məclis tərəfindən nəşr olunmuş ilkin bəyanatda yenidən dərc edildi və Livanın hər bir yerində, əksər qəzetlərdə nəşr olundu. İmam Musa Sədr çıxış və bəyanatla kifayətlənməyib dərhal əməli addım atdı. 1348-ci ilin azər ayında (1969 oktyabr) Livanın müftisi Şeyx Həsən Xalidə bənzərsiz tarixi bir məktub yazdı. O məzhəblərarası birlik yaranması ilə bağlı dəqiq və zərif nöqtələri bəyan etməklə yanaşı bu mühüm və həlledici işdə ciddi addımların atılmasını istədi. Biz burada həmin məktubun tərcüməsini sizə təqdim edirik:

Bismillahir-rəhmanir-rəhim

Alicənab qardaşım, Livan respublikasının möhtərəm müftisi cənab Şeyx Həsən Xalidə.

Əssəlamu-ələykum və rəhmətullahi və bərəkatuh.

Qardaş! İndi isə öz təcrübəmi təvazökarcasına sizə təqdim edirəm. Mən dörd ay öncə “Darul-əftar”dakı görüşdə ərz etdim ki, müsəlmanların, onların düşüncələrinin və qəlblərinin arasında söz birliyi yaratmaq, daha dəqiq desək, müsəlmanların vəhdətini genişlətmək, davamlı məhəbbət və düşüncə sütunları ilə möhkəmlətmək iki yolla gerçəkləşə bilər:

 

1. Vahid fiqh yaratmaq

 

İslam evi vahid bünövrəyə malikdir. Əqidədə, səmavi kitabda, başlanğıc və əməldə vahid olan İslam ümməti cüz’i məsələlərdə də vəhdətə ehtiyaclıdır. Cüz’i məsələlərdə vəhdət yaratmaq və ya vəhdətə yaxınlaşmaq keçmişdəki saleh alimlərimizin nəzərindən qaçmamışdır. Min il öncə Şeyx Əbu Cəfər ibn Muhəmməd ibn Muhəmməd ibn Həsən Tusi fiqhin uyğunlaşdırılması mövzusunda “Xilaf” kitabını yazır. Əllamə Hilli (Həsən ibn Yusif ibn Mütəhhər) “Ət-təzkirə” kitabını yazmaqla Tusinin yolunu davam etdirir.

Fiqhdə uyğunlaşma fiqhdə vəhdətin yaranması ilə nəticələnir və bu şəriət hökmlərində vəhdətlə təkamülə çatır. Bizim dövrümüzdən otuz il öncə bir sıra dəyərli seçmə insanlar və mücahid İslam alimləri Qahirə şəhərində “Darut-təqrib beynəl məzahibil-islamiyyə” adı altında bir mərkəz təsis edirlər. Bu böyük şəxsiyyətlərin sırasında mərhum ustad Əkbər Şeyx Mahmud Şəltut, mərhum Şeyx Məhəmməd Mədəni, Əl-əzhər universitetində şəriət insitutunun rəisi, Livan, İran və İraqda Seyid Əbdül Həsən Şərəfüddin kimi böyük İslam alimləri, şiələrin təqlid müctehidi mərhum Ayətullah Seyid Hüseyn Bürucerdi, Darut-təqribin daimi baş katibi hörmətli Əllamə Şeyx Məhəmməd Təqi Qummi və ustad Əllamə Təbatəbainin adını çəkə bilərik. Darut-təqrib mərkəzi öz geniş xidmətlərindən əlavə, ayrı bir planı da həyata keçirmək arzusunda idi. Mərhum atam Seyid Sədrəddin “Ləvaul-həmd fil-əxbaril-xassə vəl-ammə” kitabını yazmaqla uyğun planın icrasına başlamışdı. Onun səyləri müxtəlif firqələr tərəfindən İslam Peyğəmbərindən (s) nəql olunmuş şəriət hökümləri və əqidəvi məsələlərə aid olan hədisləri toplamağa yönəlmişdi. O istəyirdi ki, bu kitab Qurani-kərimdən sonra müsəlmanların ikinci müraciət yeri olsun. Daha dəqiq desək, o pak peyğəmbər sünnətində vəhdət yaratmaq üçün çalışırdı.

Bu mərhələdə həmin alimlərdən bəziləri və başqa insanlar İslam məzhəbləri və fiqh haqqında tədqiqatlar və əsərlər təqdim etdilər. Bu zaman növbə fiqhi ensiklopediyanın yazılmasına çatır. Dəməşq universiteti “Əl-movsuətul-fiqhiyyə” kitabını, Əl-əzhər universiteti isə “Movsuətun əbdun-nasir əl-islami” kitabını tərtib etməyə başlayır. Böyük ustad Seyid Məhəmməd Təqi Həkim uyğun fiqhin əsasları haqqında dəyərli bir kitab hazırlayır. Bu qurucu səylərin ilk səmərələrini İslam firqələrinin fəqihlərinin rəftarlarında açıq-aşkar müşahidə edirik. Bu o deməkdir ki, biz Allahın köməkliyi ilə “fiqhi vəhdət”in bir neçə addımlığındayıq.

 

2. Müştərək səylər

 

Bizim Livandakı şəraitimiz kimi müstəsna şəraitlərdə bu yoldan istifadə etmək daha münasibdir. Belə bir şəraitdə bu yoldan istifadə etsək daha tez nəticə əldə edərik. Bu yol müxtəlif hədəflərin gerçəkləşməsi üçün müştərək qüvvələrin çalışmasıdır. Bu yol öz-özlüyündə vəhdətyaradıcı amildir. Müştərək çalışmalar sayəsində qarşılıqlı etimad güclənir, qəlblərdə aramlıq yaranır, əqidə və münasibətlərdə vəhdət meydana çıxır. Müştərək çalışmaların bəzi məqsədlərini nəzərdən keçirək:

a) Şər’i hədəflər

Dini mərasimlər və bayramları eyniləşdirmək, azan və camaat namazı kimi ibadətlərin təşkil olunması. Məsələn, yeni elmi üslubla üfüqdə ayın görüntü bucağını təyin edib, bayram gününü dəqiqləşdirməliyik ki, bütün müsəlmanlar bir gündə bayram etsinlər. Bu işlə bayramın fərqli günlərdə olması nəticəsində yaranmış ictimai problemlərdən də uzaq olarıq. Məsələn, tətil günlərinin bilinməməsi və bayram münasibəti ilə get-gəllərin çətinlik yaratması kimi məsələlər. Biz həmçinin hamı tərəfindən qəbul olunacaq azan forması haqqında düşünə bilərik.

b) İctimai hədəflər:

Müştərək səylərdən biri də savadsızlıqla, evsizliklə mübarizə, yetimləri himayə etmək və zəhmətkeş təbəqənin həyat tərzini yüksəltmək yönümündə ola bilər. Bu məqsədlə müəssisələr təşkil etmək və ya mövcud müəssisələrə köməklik göstərmək çox sadə bir işdir.

c) Milli vəhdət:

Vətənpərvərlik hisslərimizdə vəhdətə malik olmağımıza şübhə yoxdur. Fələstinin azadlığı üçün fəal iştirak, məkirli düşmənin iti tamahından Livanı qorumaq vəzifəsi, Fələstinin müqəddəs müqavimət qüvvələrini himayə etmək, hər an gözlənilən təcavüzlə üzləşmək üçün qardaş ərəb ölkələri ilə yüksək şəkildə həmkarlığın zərurəti, İsrailin Livanla üzləşdikdə məğlub olub, istismar tamahını unutması üçün Livanda, xüsusi ilə də Livanın cənubunda mühafizə yaratmaq və bu kimi sair məsələlər azca belə ixtilafımız olmayan məsələlərdəndir. Bununla belə uyğun hədəflərə çatmaq üçün dəqiq araşdırmalara, məsuliyyətlərin müəyyənləşdirilməsinə, bütün vətən oğullarının öz aralarında, ölkə məs’ulları və ərəb rəhbərləri ilə münasibətdə yekdil qərara gəlmələrinə, eləcə də bütün dünya müsəlmanlarının və vicdan sahiblərinin səfərbərliyinə ehtiyac var. Hər iki tərəf həqiqi iştirakçı olmalıdır, yəni əlimizdən gələni əsirgəməməliyik. Uyğun işlərin gerçəkləşməsi üçün icra planını birlikdə araşdırmalıyıq ki, fəaliyyətlərdə uyğunluq yaransın və çətinliklər asanlaşsın. Bütün bunlar cənabınıza təklif etdiyim bir sıra nümunələr idi. Ümid edirəm ki, məsələyə hərtərəfli baxılacaq və göstərişinizlə mütəxəssislər müştərək komitələr təşkil edib yubanmadan işə başlayacaqlar.

Alicənab! Bu məktubu imzalamamışdan öncə sizin diqqətinizi mübarək ramazan ayının yaxınlaşmasına yönəldirəm. Bildiyiniz kimi bu mübarək ay qəhrəmanlıq və mənəviyyat ab-havası yaratmaq üçün bənzərsiz fürsətdir. Bu yolla müsəlmanlar əbədi tarixi xatirələrini yenidən dirildib, öz böyük tarix səhnəsini təkrarlaya bilərlər. Beləliklə, ümid edirəm tez bir zamanda Darul-fətvanın məs’ullarına göstəriş verəsiniz ki, şiələrin İslami ali şurasının təbliğat və yayım komitəsinin üzvləri ilə əlaqə saxlasınlar. Fəal və mütəxəssis möminlərin bir qismi rəsmi təbliğat idarələrində iştirak etsinlər. Bununla da qəlblərdə qəhrəmanlıq, həqiqətsevərlik və xeyriyyəçilik şö’lələrinin alovlanması üçün mübarək aya uyğun ab-havanın yaranmasına lazım olan kamil proqramlar gerçəkləşsin. İslama, mütləq yaxşılığa, şiələrin ali şurasındakı qardaşlarıma və ixlaslı qardaşınız üçün sizin can sağlığınızı arzulayıram.

Musa Sədr 27 rəcəb, 1389 (19 oktyabr, 1969)

 

Fiqhdə vəhdət

 

İslamın sünni və şiələrdən ibarət böyük şəxsiyyətləri arasında məzhəblərarası vəhdət mövzusu ilə bağlı ilk mərhələdə mənfi və müsbət iki nəzəriyyə mövcuddur. Bu mövzuya mənfi yanaşanların fikrincə şiə və sünni arasında heç bir müştərək nöqtə mövcud deyil. Onların fikrincə bu iki məzhəbin hər bir şeyi bir-biri ilə fərqlidir; buna görə də vəhdət yaratmaq üçün nə imkan, nə də dəlil var. Bu fikirdə olanlar azlıq təşkil edirlər. Onların belə bir mövqe tutması sədaqətli və yaxşı niyyətlərdə olmalarına baxmayaraq, tarix boyu İslam düşmənlərinin, şərq və qərb istismarçılarının sui- istifadəsinə şərait yaratmış və İslam dünyası üçün bir çox problemlərin yaranmasına səbəb olmuşdur. Bütün bunlar çox aydındır və izaha ehtiyac yoxdur. Bu mövzuya müsbət yanaşanlar da öz aralarında məsələnin necəliyi baxımından bir neçə qrupa bölünürlər.

Birinci qrupun fikrincə müsəlmanlar arasında vəhdət yaratmaq üçün məzhəblərin əqidə və əhkamlarında birliyə çatmağa ehtiyac yoxdur; hər bir məzhəb öz əqidə və əhkamını qorumalıdır. Məzhəb ardıcılları öz əqidə və əhkamını qorumaqla yanaşı başqa məzhəbin ardıcılları ilə birlik yaratmalıdırlar. İmam Musa Sədr bütün bunların lazım olduğunu qəbul edir, lakin vəhdət əldə etmək üçün kifayət etmədiyini bildirir. Çünki əməl mərhələsində qarşıya çıxan bir sıra problem və maneələr müsəlmanların vəhdətə çatmağını mümkünsüz edir.

İkinci qrupun əqidəsinə görə bütün İslam məzhəbləri öz əhkam və əqidələrini qorumaqla yanaşı məzhəblər arasındakı müştərək nöqtələri önə çəksinlər. Bu nəzəriyyə əsasında böyük və bərəkətli addımlar atılıb. Misal üçün mərhum Şeyx Tusi (r) dəyərli “Xilaf” kitabını yazıb. Həmçinin Əllamə Hilli “Təzkirə” kitabını tərtib etmişdir. Bu gün də bacarıqlı şiə və sünni alimləri tərəfindən “uyğun fiqh” mövzusunda dəyərli kitablar yazılmaqdadır.

Belə bir nəzəriyyə yalnız alimlər arasında və elmi məclislərdə gündəmdə olmuş, lakin milyonlarla insan toplusu üçün mühüm təsir bağışlaya bilməmişdir.

Böyük ehtimala əsasən imam Musa Sədrin rəhbərlik etdiyi üçüncü qrup digər nəzər sahiblərinə və onların ardıcıllarına hörmətlə yanaşaraq, irəli sürdükləri nəzəriyyələrinin kifayət etmədiyini bildirmişlər. Beləliklə, onlar fiqhdə vəhdət nəzəriyyəsini irəli sürmüşlər. İmam Musa Sədr deyir: “İslam evi vahid sütunlar üzərində ucalmışdır. İslam ümməti eyni əqidəyə, kitaba və kökə malikdir. Uyğun məsələlərdə bir əqidədə olan ümmət cüz’i məsələlərdə də vəhdətə ehtiyaclıdır.”[54]

İmam Musa Sədr h.q. 1389-cu il zil-hiccə ayında (miladi, 1970) Qahirə şəhərində keçirilən illik İslami konfransda elmi şəxsiyyətlər qarşısında çıxış etdi. O öz çıxışında həmin mövzunu vurğuladı. İmam Musa Sədr uyğun mövzu haqqında hazırladığı planını iclasda açıqladı. Onun planı əksəriyyət tərəfindən qəbul olundu. İmam Musa Sədr Qahirədə çap olunan “Əl-müsəvvər” qəzetinin müxbirinə müsahibə verərkən məzhəblərarası vəhdətlə bağlı verilmiş sualı belə cavablandırdı:

“...Bu iş yalnız fiqhi vəhdətə çatdıqdan sonra mümkündür. Məzhəb rəhbərlərinin zahiri müzakirələri və boş söhbətləri ilə heç nə alınmayacaq. Çünki məzhəblər öz ardıcıllarının canına hopmuşdur. Mən uyğun hədəfin gerçəkləşməsi üçün İslam dünyasının böyük alimlərindən təşkil olunmuş bu topluma ümidvaram. Qahirə İslam dünyasında münasib mövqeyə malik olduğu üçün bu hədəfin gerçəkləşməsində təsirli rol oynaya bilər...” ( Bu müsahibənin tam mətni 1970/3/7 tarixində Livanın “Əl-ənvar” qəzetində dərc edilmişdir.)

O İslam məzhəblərinin alim və fəqihləri ilə keçirdiyi hər bir görüşdə məzhəblərarası vəhdət məsələsini önə çəkir, xüsusi ilə fiqhdə vəhdət mövzusunu açıqlayırdı. Sonrakı il (1971/4/19) Qahirədə keçirilən İslami araşdırmalar cəmiyyətinin altıncı konfransında iştirak edib, Misirin döyüş cəbhəsində və Süveyş kanalında hərbi qüvvələrin nümayəndələri ilə görüşdü. Daha sonra qəsbkar İsrailə qarşı cihadın əhəmiyyətini izah edib, İslam ümmətinin vəhdətə çatması məsələsinə işarə etdi. O həmçinin dini atributlar və mərasimlərdə vəhdət əldə etməyin əhəmiyyətini vurğuladı.[55] Hicri-şəmsi 1352-ci ildə (miladi 1973) Əlcəzairdə keçirilən “İslami təfəkkürün tanınması” yeddinci illik konfransda Əlcəzair nəşri olan “Əl-mücahid” jurnalına verdiyi müsahibəsində yenidən uyğun mövzunu açıqlamağa başladı.[56]

Əlbəttə imam Musa Sədrin fiqhdə vəhdət deməkdə məqsədi o deyildi ki, məzhəb fəqihləri arasında heç bir fikir ayrılığı olmasın və onların hamısı fiqhi məsələlərdə eyni fitva versinər. Onun fikrincə yaranmış ixtilaf fiqhin kamilləşməsinə, ictihadın dirçəlməsinə və müctəhidin hərəkətinə səbəb olur. O deyir: Nə qədər ki, bu fikir ayrılıqları nəzəri xarakter daşıyır, xeyir-bərəkət, inkişaf və təkamül səbəbi olacaqdır. Lakin cəmiyyətdə əməli baxımdan fərqli fitvalar verilərsə, bu halda fitva və dini atributlarda pərakəndəlik məzhəb ardıcıllarının pərakəndəliyinə səbəb olacaqdır. Demək, İslam ümmətinin parçalanmaması üçün bütün nəzəriyyələr sonda vahid bir şəkil almalıdır. İmam Musa Sədr misal üçün həcc əməllərini, azanı, dini bayramları, ramazan və şəvval ayının daxil olmasını qeyd edərək deyir:

“...Məsələn, yeni elmi üsulubla üfüqdə ayın görünmə bucağını təyin edərək bayram gününü dəqiqləşdirmək olar. Bununla da müsəlmanlar hamısı bir gündə bayram keçirər. Eyni zamanda bayramın bir neçə gündə keçirilməsi nəticəsində yaranan get-gəllərin və tətil günlərinin dəqiq vaxtının bilinməməsi kimi problemlər aradan götürülər. Həmçinin hamının qəbul edəcəyi azan forması haqda araşdırma aparmaq olar...”[57]

İmam Musa Sədrin fiqhdə vəhdət təklifi ilk dəfə olaraq h.q. 1389-cu il rəcəb ayının 27-si (məbəs bayramı günü) Livanın müftisi Şeyx Həsən Xalidə yazdığı məktubda bəyan olundu. Həmin tarixdən təqribən otuz dörd il keçir. Kiçik bir kənd şəklini almış bugünkü dünya, xüsusi ilə də İslam dünyası fiqhi vəhdətin həyata keçməsinin zərurətinə günü-gündən daha çox ehtiyac duyur. Amerikanın başçılığı ilə dünyanın istismarçıları hər gün boş bəhanələrlə İslama qarşı müharibə e’lan edir və hər dəfə İslam ölkələrindən birinə təcavüz edib öz imperialist siyasətlərini həyata keçirirlər. Belə bir vəziyyətdə kiçik İslam kəndindən bir-birinə zidd səslərin ucalması ağılsızlıqdır.

Əlbəttə bu mühüm işin gerçəkləşməsi asanlıqla başa gələsi deyil. Uyğun məqsədə çatmaq üçün İslam dünyasının dərdli alimlərinin, böyük fəqihlərinin səylərinə, düşüncələrinə və tədbirlərinə ehtiyac var. İmam Musa Sədr də bu həqiqəti nəzərdən qaçırmırdı. O məktubunun başqa bir qismində belə deyir:

“...Bununla belə uyğun hədəflərə çatmaq üçün dəqiq araşdırmalara, məsuliyyətlərin müəyyənləşdirilməsinə, bütün vətən oğullarının öz aralarında, ölkə məsulları və ərəb rəhbərləri ilə münasibətdə yekdil qərara gəlmələrinə, eləcə də bütün dünya müsəlmanlarının və vicdan sahiblərinin səfərbərliyinə ehtiyac var. Hər iki tərəf həqiqi iştirakçı olmalıdır, yəni əlimizdən gələni əsirgəməməliyik. Uyğun işlərin gerçəkləşməsi üçün icra planını birlikdə araşdırmalıyıq ki, fəaliyyətlərdə uyğunluq yaransın və çətinliklər asanlaşsın.

 

Məsihi alimlərlə əlaqə

 

İmam Musa Sədr İslam məzhəbləri arasında vəhdətdən əlavə, ilahi dinlər arasında bir növ birliyin olması fikrində idi. Buna görə də Livana daxil olarkən siyasi və məzhəbi məsihi qrupları ilə əlaqələr saxlamağa və danışıqlar aparmağa səy göstərdi. O bu məqsədyönlü işini günbəgün genişləndirməkdə idi. Qısa bir müddətdə bütün məsihi alim və şəxsiyyətlərlə tanış oldu, onların bir çoxu ilə, xüsusi ilə də Yepiskop Yusif əl-Xuri (Mitran Maruni) ilə rəsmi şəkildə dostluq rabitəsi qurdu. [58]

O qurduğu əlaqələrlə kifayətlənmir və daim məsihi zümrələri ilə münasibətini genişləndirirdi. Bəzi seçilmiş məsihiləri ictimai fəaliyyətlərində və xeyir işlərində özünə həmkar etdi. 1959-cu ilin yayında məsihilərin tanınmış şəxsiyyətlərindən biri Rəflə Mənsəd özünün buz istehsal edən e’malatxanasının qazancının üçdə birini xeyriyyəçi müəssisələrdən birinə vəqf etdi. Bu xeyriyyə cəmiyyəti Livanın cənubundakı imkansızlara kömək məqsədi ilə imam Musa Sədr tərəfindən idarə olunurdu. İki məsihi həkim həmin müəssisənin rəsmi üzvü oldular. Onlar müraciət edən xəstələri pulsuz müalicə edirdilər.[59]

 

Məzlum məsihinin himayəsi

 

1341-ci ilin tir ayında (1962 yanvar) Sur şəhərində dondurma satan bir müsəlman öz qonşusu olan başqa bir dondurma satan məsihiyə zülm etdi. O xalq arasında şayiə yaydı ki, məsihilərin dondurması İslam baxımından murdardır və müsəlmanlar ondan alıb istifadə etməməlidirlər. Bu təbliğat öz təsirini göstərdi və məsihinin ticarəti zəiflədi. Bu vaxt məsihi imam Musa Sədrə şikayət edib ondan kömək istədi. İmam macərədan xəbərdar olan kimi əvvəlcə məsihinin könlünü aldı, sonra həmin müsəlmana xəbər göndərdi ki, öz pis əməlindən əl çəksin. Lakin o imam Musa Sədrin nəsihətlərinə qulaq asmadı. Bir neçə gün sonra imam Musa Sədr kitab əhlinin pak olmasına əsaslanan öz aşkar fitvasına arxalanaraq bir neçə nəfərlə yanaşı məsihinin mağazasına getdi. İmam Musa Sədr yenidən məsihinin könlünü alıb, onun dondurmasından yedi. O bu hərəkəti ilə zülmə düçar olmuş bir məsihinin hüququnu müdafiə etdi. [60]

Bu mövzu Livanın “Ən-nəhar”, “Əl-həyat” və “Lisanul-hal” kimi mühüm qəzetlərində geniş əks-səda doğurdu, imam Musa Sədrin vasitəsi ilə məsihiyyətlə İslam arasındakı əlaqələrin möhkəmlənməsinə səbəb oldu. O həmin il Mitran və sair seçilmiş üzvlərin dəvəti ilə “ictimai hərəkatın dirçəlişi mərkəzi şurası”na üzv oldu. Daha sonralar məsihi rəhbərlərin dəvəti ilə onların kilsə kimi dini mərkəzlərində müxtəlif mövzular haqda, xüsusi ilə də dinlərarası münasibət barədə söhbətlərdə iştirak etdi.

 

Məsihilərlə birgə yaşayış

 

O bu yolda böyük addımlar atır və belə deyirdi: “...biz vahid bir İslam cəbhəsi yaratmağın tərəfdarıyıq. Elə bir cəbhə ki, məsihi həmvətənlərimizlə həmkarlıq etmək üçün bizə qüdrət versin və biz məsihilərlə müsəlmanların yaşamasını mümkün bir iş hesab edək. İsrail dünyada belə bir işin mümkün olmamasına çalışır. İsrail çalışır ki, yəhudi, müsəlman və məsihinin bir-birinin kənarında yaşaya biləsi müstəqil Fələstinin yaranması mümkün olmasın...”[61]

Onun fikrincə müsəlmanlarla məsihilərin birgə yaşaması misilsiz bir anlaşmadır. Bu ne’mətdən ictimai problemləri həll etmək üçün faydalanmaq lazımdır. O bu baxımdan o qədər səy göstərib inkişaf etdi ki, əxlaqi cəhətdən məsihi məclislərində etimad qazandı. İmam Musa Sədr bu barədə belə söyləyir: “...Livanda məsihilərin təhsil mərkəzi sayılan və keşiş hazırlayan “Dəyrəl-məxxiləd” adlı bir müəssisə məni söhbət etmək üçün dəvət etdi...Söhbətimdən bir müddət ötdükdən sonra müəssisənin müdiri Livanın ümumi təbliğat idarəsinin məsihi müdirinə belə demişdi: Seyid Musanın bir saat ərzində bu məclisə bəxş etdiyi ruhaniyyət bizim bunlara altı il ərzində öyrətdiyimiz ruhaniyyətdən üstün idi. Bəli! Bu həqiqət mənə yox, pak İslam dininə aid edilməlidir...”[62]

Onun məsihi cavanlara, tələbələrə və elmi şəxsiyyərtlərə ardıcıl olaraq söhbət etdiyi mühüm məsihi məclislərindən biri də Trablos şəhərinin böyük və tarixi Mar-marun kilsəsində təşkil olunurdu. Bəşra şəhəri Livanın maruni məsihilərinin əsas mərkəzlərindən biridir. Bu şəhərə minlərlə cavan və müxtəlif məsihi zümrələrindən olanlar toplanır, vəsfə gəlməz eşq və maraqla imam Musa Sədrin söhbətlərinə qulaq asırlar.[63] Bu cavanlar imam Musa Sədrə aşiq olmuşlar. Belə ki, onların əksəri əqd oxutdurmaq üçün imam Musa Sədrin yanına gedirdilər.[64]

 

İllik iclasın təşkili

 

Hicri-şəmsi, 1344-cü ilin ordibehişt ayında (miladi 1965, may ayı) imam Musa Sədr başqa bir mühüm addım ataraq İslam və Məsihiliyin elmi şəxsiyyətləri ilə həmkarlıq etməklə “İslam və Məsihiyyət arasında söhbət” adı altında elmi iclas təşkil etdi. Bu iclas “Ənduhul-Lobnaniyyə” məhəlləsində keçirildi. İclasda İslam və məsihiyyətin Nəsri Solhəb, Corc Xızr, Fransua Dobrelator, Yusif Əbuhəlqə, Həsən Səb, Yevakim Mübrək və Sübhi Saleh kimi tanınmış şəxsiyyətləri iştirak edib, mə’ruzələr söylədilər. İmam Musa Sədr bu iclasda iştirakçılar üçün yenilik sayılan “İslam və iyirminci əsrin mədəniyyəti” mövzusunda geniş söhbət etdi.[65]

Bu iclasda müsəlman və məsihi alimlərinin söhbətləri tir ayınadək dinlərarası söhbətlərin genişlənməsinin yolları barədə oldu. Müştərək bir bəyanatla söhbətlərin ilk mərhələsi sona çatdı. Bu bəyanatda bir neçə əsas nöqtəyə işarə olunmuşdu:

1.Təkallahçılıqda dinlərin müştərək tərəflərini önə çəkmək;

2. Əxlaqi və insani dəyərlərin qorunması;

3. İslam və məsihiyyət arasında danışıqların genişlənməsində Livanın müstəsna rolu;

4. Dinlərarası danışıqların Livanda milli vəhdətin möhkəmlənməsində mühüm rolu;

5. Səmavi dinlərin müqayisəli araşdırılması üçün ali məktəbin təsis olması;

6. Danışıqların genişlənməsi üçün bütün müsəlman və məsihi alimlərinin həmkarlığının zərurəti.

Bu iclas sonrakı illərdə də “İslam və məsihiyyətdə ədalət” kimi müxtəlif mövzularla öz fəaliyyətini davam etdirdi. İclasda İslam və məsihiyyətin siyasi, mədəni və elmi şəxsiyyətləri iştirak edirdilər.

 

Vəhdət bayraqdarı

 

İmam Musa Sədr bir şiə alim və ruhani kimi məsihilərin tanınmış şəxsiyyətləri və xalq ilə əlaqələri möhkəmlətmək üçün rəsmi iclaslardakı iştirakı ilə kifayətlənmirdi. O, bayram günlərində və müxtəlif münasibətlərlə onların evlərinə gedib, yas məclislərində iştirak etməklə məsihilərin sevinc və kədərinə şərik olurdu. Məsihilər ona öz rəhbərləri qədər hörmət edirdilər. Hətta bəzi hadisələrdə rəhbərlərindən çox ona inam göstərirdilər.

İmam Musa Sədr Hicri-Şəmsi 1356/5/31 (1978. m.) tarixində “Mondi morninq” jurnalına verdiyi müsahibəsində məsihilər arasındakı mövqeyini belə təsvir edir:

“...Güman etmirəm ki, Livanda mənim tək kimsə bütün dinlərə məxsus insanların birgə yaşayışı və milli vəhdətin qorunması üçün bayraqdarlıq etmiş olsun. Mən Musa Sədr adlı bir şəxsiyyət olduğumdan daha çox milli vəhdət simvolu olmuşam. Beləliklə, fitnəkarların nəzərincə aradan götürülməyim lazım idi. Mən bütün dini tayfaların rəisləri ilə siyasi, mədəni və ictimai əlaqələr saxlamağımla yanaşı elə bir inam qazanmışdım ki, üç il öncə kilsədə mömin məsihilər üçün oruc moizəsin (məsihilərin xüsusi mərasimi) oxudum. Belə bir iş bəlkə də tarixdə ilk dəfə idi. Macəranın sonundan agah olmağınız üçün ərz edirəm: Mənim etdiyim iş buna bənzəyir ki, bir məsihi rəhbər müsəlmanlar üçün cümə namazının xütbəsini oxuyur. Buna görə də mən sülhsevər Livanda müxtəlif tayfaların birgə yaşayışının bayraqdarı, milli vəhdət və təkallahçı dinlərin qardaşlıq simvolu idim. Beləliklə, mənim mənəvi şəxsiyyətimə terror üçün təbliğatlarla hücuma başladılar, bütün işlərimi və siyasi mövqeyimi sual altına aldılar...”[66]

Keşiş Yevakim Mübarək adlı məsihi məzhəb rəhbərlərindən biri Beyrutun “Ən-nəhar” qəzetindəki məqaləsində öz nəzərini belə bildirir:

“... Əlbəttə heç kəs Seyid Musa Sədrin şiə olmasını inkar etmir. O öz fəaliyyətinə bu ölkənin şiələrinin hüquqlarını qorumaq məqsədi ilə başladı. Lakin bu fəaliyyət indi daha uzaq görənliklə davam etdirilir. Şiələrin daim İslamda ədaləttələb və ziyalı təbəqə olduqlarını unutmamalıyıq. Onlar bu yolda çoxsaylı qurbanlar vermişlər. Buna görə də livanlıların xeyiri ondadır ki, keçmişdə azadlıqtələb və insani məqsədlərini nəzərə alaraq marunilər və dəruzilər hərəkatına hörmət etdikləri kimi, indi də Musa Sədr hərəkatına köməkçi olmalıdırlar. Bu hərəkat Fələstin inqilabı ilə əlaqəli və həmahəngdir...”

Livanda tanınmış məsihi təfsirçisi ustad İlyas Əl-Dəyri imam Musa Sədr şəxsiyyətinin bu yönümü haqqında belə yazır:

“...Allah-təala imam Musa Sədri yüz il qorusun! Onun ömrün uzatsın ki, dünyada oyadıcı zəng olsun; xalq nigarançılıqdan gözünü yuma bilməyib nalə çəkdiyi vaxt yuxuya qərq olmuşları ayıltsın. Allah onu öz tayfasına və Livanın sair məhrumları üçün daim qorusun...

...Bu Livanda köməksizlər və zülmə düçar olmuşlar nə qədər çoxdur! Zülmü məhv edib, məhrumiyyəti aradan götürəcək bir ələ necə də çox ehtiyac var! Onun səsi kimi bir səsə, qəlbi kimi bir qəlbə hədsiz ehtiyac duyulur...Bəlkə birinci dəfədir ki, dini bir şəxsiyyətin hərəkatı firqə rəngini almamış və təəssübdən uzaq qalmışdır.

Bütün bunlara səbəb odur ki, bu imam və şiə rəhbərin hərəkatı maruniləri, sünniləri, ortodoksları heyran edib bir araya gətirmişdir... Xülasə, budur imam Sədr! Budur cəmiyyətin, tayfasının, siyasi rəhbərlərin və günahsız mö’min dəstəsinin nəzərində onun aşkar həqiqətlər və sənədlər əsasında təyin olunmuş məqamı!

 

Ardı burada

 

İstinadlar

 

[27] Ayətullah Məhəmməd İbrahim Cənnatidən nəql olunub.

[28] “Şiənin izzəti”, Möhsin Kəmaliyan və Əkbər Rəncbər Kermani, s.139-183

[29] “Şiənin izzəti”, s.225

[30] Həmin mənbə, s.284

[31] “Livan”, şəhid Çəmran, s.316

[32] “Şiənin izzəti”, s.214

[33] Müraciət edin: 3-cildlik “İmamın dostları” əsərinə

[34] “İmamın dostları”, c.1, s.248, 291

[35] “Şiənin izzəti”, s.297

[36] Ayətullah seyyid Əli Muvəhhid Əbtəhidən nəql olunub

[37] Besət həftənaməsi

[38] “Şiənin izzəti”, s.288

[39] Şəhid Çəmrandan nəql olunub, “Livan”, s.94

[40] Həmin mənbə, s.12

[41] İslam simasının salnaməsi, s.75

[42] Həmin mənbə, s.77

[43] (Bu haqda ətraflı məlumat almaq üçün müraciət edin: İmam Musa Sədr, Məhrumların ümidi, s.271)

[44] İslam və 21-ci əsrin mədəniyyəti, imam Musa Sədr, Əli Höccəti Kermaninin tərcüməsi, s.127

[45] “Aylıq söhbət salnaməsi”, s.26

[46] “Maun”, 1-3

[47] “Besət” həftənaməsi

[48] “Maun”, 4-7

[49] “Besət” həftənaməsi

[50] “Dirasatun lil-həyat”

[51] “Əhadisus-sehr”, s. 57-68

[52] “Nameye-Mufid”

[53] “Oğurlanmağın sirləri”, s.44

[54] Şeyx Həsən Xalidə yazdığı məktubun bir qismi

[55] “Əl-mühərrir” qəzeti, Beyrut, 1971.4.20

[56] “Əl-mücahid” jurnalı, nömrə 678, 1393-cü il rəcəb 13, Miladi 1973

[57] Livananın müftisi Şeyx Həsən Xalidə yazdığı məktubun bir qismi

[58] İmam Musa Sədr, “Məhrumların ümidi”, s.278

[59] “Ayın söhbəti salnaməsi”, 2-ci il, s.39

[60] “Şiənin izzəti”, s.216

[61] “İmam Musa Sədrin rəvayətində Livan”, Əli Höccəti Kermani, s.86

[62] “İslam siması” salnaməsi, s.90

[63] “Şiənin izzəti”, s.142, höccətul-İslam Seyid Əbuzər Amilidən nəql olunub.

[64] İmam Musa Sədr, “Məhrumların ümidi”, s.281

[65] Uyğun çıxışın bütöv mətni “Əbcədiyyətul-həvar” kitabı, s.43-də dərc edilmişdir.

[66] “Tərcoman” jurnalı, s.42

 

Mənbə: Əbdürrəhim Əbazəri, "İmam Musa Sədrin həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ