EURO 1,9783 NEFT 48,06
USD 1,7012 RUB 0,0289

İmam Musa Sədr kimdir? (I hissə)

İmam Musa Sədr kimdir?

Müqəddimə

 

İdeoloji hərəkat öncüllərini düşüncə baxımından öz ardıcıllarından daha güclü və daha qətiyyətli saymalıyıq. Bu şəxsiyyətlər bəzən tarixi-ictimai və ya ideoloji mühiti cuşa gətirib çeşidli proqramlarla cəmiyyətin düşüncə üfüqündə yeni baxışlara yol açırlar. Bu insanların yol seçmək baxımından əhəmiyyəti əsasən iki yönümdə qaynaqlanır: Onlar bir tərəfdən mütəfəkkir olaraq öz mühitinin ideoloji tarixindən faydalanır, digər bir tərəfdən, konservativ düşüncəli mütəfəkkirlərin ziddinə olaraq novator addımlar atırlar. Bu iki yönüm arasında orta yolu tutmağı bacaranlar ideoloji hərəkat avanqardlarına çevrilir. Tarixdə belələri az olsa da, keyfiyyət baxımından onların işi misilsiz təsirə malik olmuşdur.

İdeoloji hərəkat öncüllüyü ictimai və e’tiqadi səhnədə özünü göstərdiyi vaxt əhəmiyyətli olur. Adət-ən’ənələr, bir sıra e’tiqadlar təəssüb olaraq bəşər həyatının davamlı səciyyələrindəndir. Təəssübə əsaslanan bu keyfiyyətləri ağıl süzgəcindən keçirib məntiqi davam etdirmək üçün yetərincə qətiyyət və biliyə ehtiyac var.

İdeoloji hərəkat tarixində Seyid Camal Əsədabadi, Ayətullah Bürucerdi, Şeyx Şəltut kimi şəxsiyyətlərin adı əbədi həkk olunmuşdur. Bu insanların fəaliyyətləri sayəsində ölü nöqtədən başlayaraq ideal, Allahpərəst amallara doğru hərəkat formalaşmışdı. Bu istiqamətdə İmam Xomeyninin rolu diqqəti daha çox cəlb edir. İslam inqilabı formalaşdıqdan sonra ictimai-siyasi səhnədə labüd dəyişikliklər baş vermişdir.

İdeoloji hərəkatların araşdırılması ilə məşğul olan müəssisə bu qəbil hərəkat liderləri və onların düşüncələri ilə tanışlıq üçün ədəbiyyat nəşrini özünə vəzifə bilir. Hərəkat öncüllərinin təcrübələri ilə tanışlıq ən önəmli ehtiyaclardandır.

Hərəkat öncüllərinin təqdimatı ona görə zəruri sayılır ki, bu hərəkatlar öz-özlüyündə islahatçı bir cərəyandır. Bu yolda addım atanlar uyğun ideoloji xəttin keçmiş tarixini öyrənməyə məcburdur. İdeoloji hərəkat tarixi və hərəkat öncüllərinin düşüncə və təcrübəsi ilə tanışlıq ən səmərəli yoldur. Qədim mirasa diqqətsizlik çox vaxt uğursuzluqla nəticələnir.

Qarşınızdakı kitabçada ideoloji hərəkat tarixinin önəmli simalarından olan İmam Musa Sədr haqqında danışılır. Bu məcmuə cənab Höccətül-İslam Əbdürrəhim Əbazərinin zəhmətləri sayəsində ərsəyə gəlmişdir. Kitabın ərsəyə gəlməsində cənab Mahmud Mehdipurun da zəhmətləri var. Araşdırma mərkəzi əziz müəllifə və araşdırma mərkəzinin elmi heyətinin möhtərəm üzvü Seyid Həsən Rəbbaniyə öz təşəkkürünü bildirir. Ümid edirik ki, hörmətli araşdırmaçıların daha çox diqqəti sayəsində bu yönümdə ədəbiyyatların nəşri genişlənəcək.

Araşdırma mərkəzi

 

BİRİNCİ FƏSİL

HƏYAT TARİXÇƏSİ

Təvəllüd və ailə

 

İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin Eşqəli məhəlləsində ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr övladının adını Musa qoydu. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdi.

Şərafətli Sədr ailəsi şiələrin yeddinci imamı imam həzrət Musa Kazim nəslindən, ələvi seyidləri silsiləsindən sayılır. Bu pak nəsil uzun əsrlər Sədr və Şərəfüddin silsilələri ilə davam etmişdir. Bu nəsildən böyük elmi, siyasi, ictimai şəxsiyyətlər ərsəyə gəlmiş, onların hər biri İran, İraq və Livanda elm və cihad öncülü olmuşdur. Seyid Saleh, Seyid Şərəfüddin imam Musa Sədrin babalarındandır. Bu mücahid alim Hicri-qəməri tarixi 1112-ci ildə Livanın cənubunda Sur şəhərinin tabeçiliyində olan Şəhur kəndində dünyaya göz açmış və orada yaşamışdır. Osmanlı sərkərdə Əhməd Cərrar Cəbəl-Amildə şiə alimlərini qətliam edərkən Seyid Şərəfüddin onunla mübarizəyə qalxmışdır. Cərrarın adamları Seyid Şərəfüddinin Seyid Hibtullah adlı cavan oğlunu onun gözü qarşısında öldürdülər. Seyid Şərəfüddin özü həbs olunub uzun müddət Əkka şəhərində zindanda saxlanıldı. Zindandan çıxan alim İraqa hicrət etdi və Nəcəf şəhərində həmişəlik məskunlaşdı. O, Hicri-qəməri tarixi 1198-ci ildə dünyasını dəyişmişdir.

Seyid Salehin digər bir oğlu Ayətullah Seyid Sədrəddin Sədr (h.q. 1193-1262) öz dövrünün Nəcəf alimlərindən, müctəhidlərindən biri idi. O böyük müctəhid Şeyx Cəfər Kaşiful-Ğitanın qızı ilə evlənmişdi. Seyid Sədrəddin Nəcəfdən İsfahana hicrət etmiş, həmin şəhərdə məskunlaşmışdır. Bu böyük alimin İsfahanda beş oğlu dünyaya gəlmiş və onların hər biri dəyərli alim olmuşdur. Onların kiçiyi Ayətullah Seyid İsmail Sədr idi. O beş yaşında ikən atasını itirir. Seyid İsmaili qardaşı Seyid Məhəmməd, “Ağa Müctəhid” adı ilə tanınmış şəxs himayəyə götürür. O, Seyid İsmailə sərf-nəhv, məntiq və bəyan elmlərini öyrədir. Seyid İsmail on dörd yaşında olarkən qardaşını da itirir. Həmin vaxtdan onun tə’lim-tərbiyəsi ilə Şeyx Məhəmməd Baqir İsfahani adlı alim məşğul olur. Seyid İsmail vaxtı fövtə vermədən təhsilə məşğul olur, qısa bir müddətdə tanınmış din alimlərindən, təqvalı şəxslərdən biri kimi tanınır. O, Hicri-qəməri 1339-cu ildə Kazimeyndə dünyasını dəyişmişdir. Bu böyük müctəhidin dörd oğlu olmuşdur: Seyid Sədrəddin, Seyid Məhəmməd Mehdi, Seyid Heydər, Seyid Məhəmməd Cavad. Bu dörd övladın hər biri Nəcəf və Kazimeyn şəhərinin tanınmış elmi şəxsiyyətlərindən, təqlid mərcələrindən olmuşdur.[1]

Seyid Sədrəddin Sədr, yə’ni İmam Musa Sədrin atası Hicri-qəməri, 1298-ci ildə Kazimeyndə dünyaya gəlmişdir. O, elə həmin şəhərdə də müqəddimə elmləri atasından öyrənmişdir. Sonradan Kərbəlaya getmiş, Şeyx Həsən Kərbəlayinin hüzurunda elmin yüksək dərəcələrinə yiyələnmişdir. Sonra atasının tövsiyəsi ilə Nəcəfə hicrət etmiş, Axund Xorasani və Seyid Kazim Yəzdinin “xaric” dərslərində iştirak etmiş və nəhayət ictihad dərəcəsinə çatmışdır. Bu alim öz dövründə Nəcəfdə mütərəqqi hərəkatlara rəhbərlik etmişdir. Onun adı hələ də İraqın ədəbi hərəkatında hörmətlə yad olunur. Bu şəxs İrana hicrət edib Məşhəddə məskunlaşdıqdan sonra Ayətullah-üzma Hacı Ağa Hüseyni Qumminin qızı ilə evlənmişdir. Qum elmi hövzəsinin tə’sisçisi Şeyx Əbdül Kərim Hairi Yəzdinin də’vəti ilə o Qum şəhərinə hicrət etmiş, mərhum Hairi dünyasını dəyişdikdən sonra Ayətullah Xansari və Ayətullah Höccət ilə birlikdə Qum elmi hövzəsini idarə etmişdir.[2] Mərhum Ayətullah Bürucerdi Quma gəldiyi vaxt böyük alicənablığa malik Ayətullah Sədr xanım Məsumənin hərəmində öz pişnamaz yerini Ayətullah Bürucerdiyə vermişdir. Həmin vaxtdan sonra bir daha orada pişnamaz dayanmamışdır.[3] Ayətullah Seyid Sədrəddin Sədr Qum elmi hövzəsində fiqh, üsul dərslərini tədris etməklə yanaşı şagirdlər tərbiyə etmiş, elmi, mədəni və tibbi xidmətlər göstərmişdir. Bu şəxs məzhəblər arasında vəhdət üçün çalışan öncüllərdən olmuşdur. Bu məqsədlə “Əl-Mehdi” kitabını tərtib etmiş, bütün dəlilləri sünni kitablarından iqtibas etmişdir. Nəhayət, uzun illər fəaliyyətdən sonra Hicri-qəməri 1373-cü ildə dünyasını dəyişmiş, həzrət Məsumənin hərəmi civarında dəfn olunmuşdur.

 

Şəhidin əmisi övladları

 

Böyük filosof və fəqih Ayətullah şəhid Seyid Məhəmməd Baqir Sədr və bacısı Amənə mərhum Ayətullah Seyid Heydər Sədrin övladlarındandır. Şəhid Sədr Hicri-qəməri 1353-cü ildə Kazimeyn şəhərində dünyaya göz açmışdır. Müqəddimat və ali səth təhsilindən sonra Nəcəfə yola düşmüş, dayısı Ayətullah Şeyx Məhəmməd Riza Ali-Yasindən “xaric”, Ayətullah Xoidən fiqh və üsul elmini öyrənmişdir. İctihad dərəcəsinə çatmış bu şəxs fəlsəfə dərslərini Ayətullah Şeyx Sədra Badikubidən əxz etmişdir.[4] İmam Xomeyninin (r) təbirincə, elm və əxlaq ustadı olan Amənə Bintil-Huda qardaşı Ayətullah Seyid Məhəmməd Baqir Sədrlə birlikdə Hicri-qəməri 1400-cü il cəmadiəl-u’la ayının iyirmi üçündə İraq rejimi tərəfindən şəhadətə çatdırıldı. Bu iki şəhidin al-qana qəltan olunmuş cəsədləri Vadiussəlam qəbristanlığında İmam Musa Sədrin digər bir əmisi olan Ayətullah Seyid Məhəmməd Sadiq Sədrə təhvil verilmişdir. Alim qüsül, kəfən və namazdan sonra onları məxfi şəkildə imam Əlinin (ə) qəbri civarında, Şərəfüddinin ailə məzarlığında dəfn etmişdir. Şəhid Seyid Məhəmməd Baqir Sədr imam Musa Sədrin bacısı ilə izdivac etmişdir. Bu izdivacdan üç qız, bir oğlan dünyaya gəlmişdir. Hazırda bu böyük şəhidin üç qızı Ayətullah şəhid Məhəmməd Sədrin gəlinləridir. Ayətullah şəhid Seyid Məhəmməd Sədr (Seyid Məhəmməd Sadiq Sədrin oğlu, imam Musa Sədrin əmioğlusu) Nəcəfdə mühüm elmi şəxsiyyətlərdən sayılmışdır. Ondan çox dəyərli əsərlər qalmışdır. Bu şəxs Hicri-qəməri1362-ci ildə dünyaya göz açmış, h.q. 1419-cu ildə İraq rejimi tərəfindən şəhadətə yetirilmişdir. [5]

Livanda Sədr və Şərəfüddin ailələri bir kökdəndir və əmioğludurlar. Seyid Salehin dövrünədək Seyid Şərəfüddin “Şərəfüddin” adı ilə tanınırdı. Amma onun övladı mərhum Seyid Sədrəddin şiə dünyasının rəhbərliyi məqamına çatdıqdan sonra bu ailə Sədr adı ilə tanınmağa başladı. Məzhəblərarası vəhdət hərəkatının öncüllərindən olan mücahid alim Ayətullah Seyid Əbdül Hüseyn Şərəfüddin həm Sədr ailəsi ilə əmioğludur, həm də onun anası, Ayətullah Seyid Hadi Sədrin qızı xanım Zəhra Sədr ailəsindən sayılır.[6]

 

Ana babası

 

İmam Musa Sədrin anası, bibi Səfiyyə, pak peyğəmbər sülaləsindən olan bu qadın fədakar həyat yoldaşı, övladları üçün mehriban ana olmuşdur. Qum elmi hövzəsinin əksər böyük alimləri bu qoca ananı ehtiramla yad edirlar. Bu xanım bir əsrə yaxın ömür sürdükdən sonra Hicri-qəməri1419-cu ildə Qum şəhərində dünyasını dəyişmişdir. Onu həzrət Məsumənin pak hərəmi civarında dəfn etmişlər. Onun qəbri Pərvin Etisaminin məqbərəsinin cənubundadır.

Bu xanımın atası təqvalı alim, böyük mücahid Ayətullah-üzma hacı ağa Şeyx Qummi olmuşdur. Onun kökü iyirmi səkkiz vasitə ilə imam Həsən Müctəbaya çatır. Bu şəxs Hicri-qəməri 1282-ci ildə Qum şəhərində anadan olmuş, Qumda müqəddimə elmləri başa vurduqdan sonra Tehrana, Samirraya və Nəcəfə hicrət etmişdir. Həmin şəhərin elmi hövzələrində təhsilini davam etdirmiş, Mirza Məhəmməd Həsən Şirazi, Mirzə Əbülhəsən Cəlbə, Ağa Əli Müdərris, Mirzə Əli Əkbər Hökmi Yəzdi, Mirzə Həbibullah Rəşti, Axund Xorasani, Seyid Məhəmməd Kazim Yəzdi, Seyid Əhməd Kərbəlayi kimi böyük ustadlardan fiqh, üsul, fəlsəfə, irfan, əxlaq öyrənmişdir. O yüksək ictihad məqamına çatmışdır. Ayətullah Mirzə Məhəmməd Təqi Şirazinin tövsiyəsi ilə Hicri-qəməri 1331-ci ildə müqəddəs Məşhəd şəhərinə hicrət etmiş, elmi hövzənin rəhbərliyini və şəhər camaatına rəyasəti öz öhdəsinə götürmüşdür. Bu mübariz müctəhid Rza xanın hicab və ruhanilərə qarşı proqramları ilə mübarizə aparmış, Məşhədin Gövhərşad məscidində tarixi qiyamda iştirak etmiş və Kərbəlaya sürgün olunmuşdur. Rza xan qaçan vaxt mücahid alim sürgündə yeddinci ili başa vururdu. Ayətullah Qummi imam Rizanı (ə) ziyarət qəsdi ilə İrana gəlir, bütün şəhərlərdə onu izdiham qarşılayır. O, beş maddədən ibarət bəyannaməsini e’lan edərək qeyri-islami qanunlara qarşı mübarizəsini davam etdirir. Ayətullah Qummi Hicri-qəməri 1366-cı ildə dünyasını dəyişmişdir. Bu yorulmaz mücahidin cənazəsi həzrət Əlinin (ə) hərəmi yaxınlığında Şeyxuş-şəriə İsfəhaninin məqbərəsində torpağa tapşırılmışdır.

 

Təhsil

 

İmam Musa Sədr ibtidai və orta təhsilini Qum şəhərinin “Həyat” ibtidai mədrəsəsi və “Sənam” məktəbində başa vurmuş, Hicri-qəməri1361-ci ildə Qum elmi hövzəsinə daxil olmuşdur. Orta və ali təhsili başa vurduqdan sonra fiqh və üsul üzrə xaric dərslərində iştirak etmiş, böyük ustadlardan bəhrələnmişdir. Həmin ustadlardan bə’zilərini xatırlayaq: Ayətullah Seyid Məhəmməd Baqir Sultani Təbatəbai, Şeyx Əbdül Cəvad Cəbəl-Amili, Ayətullah Muhəqqiq Damad, Ayətullah Seyid Məhəmməd Təqi Xansari, Ayətullah Höccət Kuhkəməri, Ayətullah Seyid Sədrəddin Sədr (atası), Əllamə Təbatəbai, Ayətullah Seyid Kazim Şəriətmədari, Ayətullah Seyid Rza Sədr (qardaşı).

İmam Musa Sədr hövzədə təhsil almaqla yanaşı 1379-cu ildə Tehran universitetinə daxil olmuşdur. Ustad universiteti müvəffəqiyyətlə başa vurub iqtisadi-hüquq ixtisası üzrə diplom almışdır.

İmam Musa Sədr öz uca ruhundan və yüksək təlaşından faydalanaraq fars və ərəb dilləri ilə yanaşı ingilis və fransız dillərini öyrənmiş və bu istiqamətdə yüksək müvəffəqiyyət əldə etmişdir.

 

Tə’lim-tərbiyə

 

O öncə Qum elmi hövzəsində bir neçə tələbəyə “Şərhi-lümə” kitabını tədris etmişdir. Bu kitabın mürəkkəb mövzularını öz aydın bəyanı ilə tələbələrə çatdıran ustad Qum elmi hövzəsinin tanınmış müəllimləri cərgəsində yer tutmuşdur. O fiqh, üsul, məntiq, fəlsəfə dərslərini ən ali səthdə tədris etmişdir. “Mütəvvəl”, “Qəvanin”, “Vəsail”, “Məkasib” kitabları onun tədris etdiyi kitablardandır. İmam Musa Sədrin tanınmış şagirdləri olmuşdur. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani, Ayətullah Şeyx Yusif Saneyi, Ayətullah Şeyx Məhəmməd Rza Təvəssüli, Ayətullah Şeyx Əli Əsğər Müslimi Kaşani, höccətül-İslam Məhəmməd Cavad Höccəti Kirmani, höccətül-İslam Məhəmməd Hüseyn Behcəti, Ayətullah Zeynəl-Abidin Qurbani, höccətül-İslam Seyid Məhəmməd Ğərəvi, höccətül-İslam Seyid İsa Təbatəbai ustadın tanınmış şagirdlərindəndir.

 

Nəcəfə hicrət

 

Atasının vəfatından sonra imam Musa Sədr öz fiqhi-üsuli biliklərini dərinləşdirmək, Nəcəf elmi hövzəsinin böyük fəqihlərinin elmi və əxlaqi bərəkətindən faydalanmaq üçün oraya hicrət edir. Hicri-qəməri1377-ci ilədək, təqribən dörd il müddətində Ayətullah Seyid Möhsün Həkim, Ayətullah Seyid Əbdülhadi Şirazi, Ayətullah ağa Şeyx Hüseyn Hilli, Ayətullah ağa Şeyx Sədra Badikubi, Ayətullah Seyid Mahmud Şahrudi, Ayətullah Seyid Əbülqasim Xoyi kimi dünya şöhrətli alimlərdən faydalanır. O bərəkətli fiqh bəhslərində iştirak etməklə yanaşı öz əmisi oğlu şəhid Seyid Məhəmməd Baqir Sədr və Ayətullah Seyid Məhəmməd Əli Müvəhhid Əbtəhi ilə üsul və fəlsəfə sahəsində araşdırmalara məşğul olur. Bütün bunlarla yanaşı “Rəsail”, “Məkasib”, “Şərhi-mənzumeyi-səbzivari” kitablarının tədrisinə məşğul olub.[7] İmam Musa Sədr Qum elmi hövzəsində olduğu kimi, Nəcəf elmi hövzəsində də həmkarları arasında öz elmi üstünlüyünü qoruyub saxlayır, heyrətamiz istedadı ilə hamının diqqətini cəlb edir. Nəcəf elmi hövzəsinin böyük alimləri və müctehidləri imam Musa Sədrin hərtərəfli şəxsiyyətinə xüsusi hörmətlə yanaşmış, ümidlə baxmışlar. Mərhum Ayətullah Xoyi dərsin gedişatında kimsəyə irad icazəsi vermirdi. Amma böyük ustad imam Musa Sədrin iradlarını diqqətlə dinləyirdi. [8] O deyirdi: “Mən Musa Sədrə o qədər ümid edirəm ki, onun daha üç il Nəcəfdə qalacağı təqdirdə şiə elmində böyük şəxsiyyətlərdən olacağını düşünürəm.”[9] Ayətullah Xoyi imam Musa Sədrin Livana hicrət xəbərini eşidəndə çox təəssüf etmiş və demişdi: “Ey kaş onu tanımamış olaydım.”[10]

İmam Musa Sədr Nəcəfə hicrət etməzdən öncə Qum elmi hövzəsində yüksək ictihad dərəcəsinə çatmışdı. O müctəhid üçün zəruri olan ixlas, zöhd və təqva ilə yanaşı fövqəladə yaddaş, fərasət, agahlıq kimi səciyyələrə malik idi. Bu xüsusiyyətlər onu öz dövründə nadir insanlardan etmişdi. Bu barədə Ayətullah Seyid Məhəmməd Baqir Sultani Təbatəbai belə söyləyir: “Musa Sədr Nəcəfin bariz elmi şəxsiyyətlərindən idi. O əvvəla, gənc idi, ikincisi onun Livan kimi dərdi vardı. Əgər cənab Musa Livana getməyib daha bir neçə il Nəcəfdə qalsaydı Nəcəfin tanınmış müctəhidlərindən olardı. O Nəcəf elmi hövzəsində o qədər diqqəti özünə çəkmişdi ki, haqqında belə danışılırdı: “Qum alimləri Nəcəf alimlərindən üstündürlər.” Ustad bu günün bir çox müctehidlərindən daha güclü idi. Mən bu günkü ictihad mənasını nəzərdə tutmuram. O, şübhəsiz, müctəhid idi. “Müctəhid” sözünü lap qədim mənasında ona aid etmək olardı. Cənab Musa çox fəzilətli bir insan idi. Heyf ki, ondan lazımınca bəhrə götürülmədi. Zənnimcə cənab Musa böyük qardaşı mərhum hacı ağa Rzadan da yuxarı qalxmışdı. Əgər qalsaydı, şübhəsiz önə keçərdi. Cənab Musa Qumda qalıb Nəcəfə gəlməsəydi belə, hazırda böyük şiə mərcələrindən olardı...”[11]

 

“İslam məktəbi” dərgisinin təsisi

 

İmam Musa Sədr Hicri-qəməri1377-ci ilin qışında Nəcəfdən Quma qayıtdı. O ötən illərdə öz dostları və həmfikirləri ilə Qum elmi hövzəsində elmi bir dərgi hazırlamağa çalışırdı. Öz yoldaşlarına bu barədə və’d vermişdi. Onlar belə bir qərara gəlmişdilər ki, xalqla daha yaxın rabitə, gənc nəsil və universitet tələbələrinin hidayəti üçün yeni bir üsula əl atılmalıdır. Faydalı mövzuların əks olunduğu, hamının diqqətini özünə çəkə biləcək həftəlik və ya aylıq dərginin nəşri onların son qərarı olmuşdu. Amma həmin vaxt elmi hövzədə belə bir fəaliyyət üçün münasib şərait yox idi. Bu iş bəlkə də mümkünsüz idi. Çünki həmin vaxt hövzə tələbəsinin sadəcə qəzet oxuması təqvasızlıq və zəif iman əlaməti sayılırdı. Belə bir mühitdə ruhani şəxsin qəzet yazıb, qəzet çap etməsi barədə danışmağa dəyməz. Bu istiqamətdə fəaliyyət göstərən ruhaniləri böyük problemlər gözləyirdi. Bu istiqamətdə polad iradəyə, fövqəladə şücaətə ehtiyac vardı. Nəhayət, Musa Sədrin və onun dostlarının ciddi təlaşları sayəsində Hicri-qəməri 1377-ci ildə Qum elmi hövzəsində “İslam məktəbindən dərslər” adı altında dərginin ilk nömrəsi çap olundu. Bu dərgi uzaq görən müctəhid Ayətullah-üzma Bürucerdinin razılığı ilə qarşılandı. “İslam məktəbi” dərgisində çap olunan məqalələrin hər biri hövzənin və İranın mövcud fəzasında yenilik kimi qarşılanırdı. Dərgidə əqidələr, məzhəbər, dinlər, İslam tarixinin araşdırılması mövzusunda yazılar, tərcümələr, iqtisad və əxlaqla bağlı məqalələr əsas yer tuturdu. “İslam məktəbi” dəyərli bir dini mənbə olmuşdur. Amma imam Musa Sədrin “İslam məktəbində iqtisad” məqaləsi xüsusi bir təravətə malik idi. Bu məqalə diqqətli mütəxəssis və alimləri məftun etmişdi. Ustad şəhid Mürtəza Mütəhhəri məqalə ilə bağlı münasibətini bildirib buyurmuşdu: “Bu məqalələrdə təravət var, hazırkı vəziyyətdə onlar çox zəruri görünür.”[12] İmam Musa Sədr uyğun məqalədə rəvan qələm və yüksək baxışla bir sıra mühüm iqtisadi məsələləri nəzərdən keçirmiş, iqtisadi amillərin (iş, sərmayə, alət) hər birinin istehsaldakı rolunu müxtəlif və dünyanın iqtisadi sistemlərinə uyğun prizmalardan araşdırmışdı. Sonra İslam iqtisadi məktəbində istehsalçının yerini aydınlaşdırmış, sonda İslam məktəbini dünyanın ən inkişaf etmiş məktəbləri ilə müqayisə edib belə bir nəticəyə gəlmişdir ki, İslam iqtisadi nizamı cəmiyyətdəki reallıqlara əsaslanır. Materialist məktəblərdə isə iqtisada münasibət reallıqdan uzaqdır.

Bu məqalələr dərginin on sayında (3-12) ardıcıl şəkildə çap olundu. Sonra onlar müstəqil kitab şəklində ərsəyə gəldi. Uyğun məqalələr imam Musa Sədrin “İslam məktəbində” birinci və sonuncu yazısı idi.

 

Milli mədrəsələr hərəkatı

 

Müstəbid şah rejimi zamanı üzdəniraq qərb mədəniyyəti müxtəlif yollarla müsəlman İran gəncləri arasında yayılırdı. Belə bir təbliğat üçün mədəniyyət mərkəzləri, təhsil müəssisələri münasib hədəf olmuşdu. Bəzi ziyalınüma müəllimlər qərbin təsiri altında dinsizliyi təbliğ edib düşmən dəyirmanına su tökür, millətin övladlarını azğınlığa sürükləyirdi. Bu səbəbdən də mö’min və etiqadlı ailələr övladlarını dövlət məktəblərindən çıxarırdı. Ölkənin gələcəyi üçün belə bir münasibət çox təhlükəli idi. Belə bir vəziyyət savadlı və mö’min gənc nəslin tərbiyəsinə imkan vermirdi. Dövlət aparatındakı ən mühüm kürsülərdə ən azı millətin talehinə biganə adamlar oturmuşdu. Məhz bu məqamda özünü məs’ul sayan imam Musa Sədr şəhid doktor Behişti kimi dostlarla həmkarlıq edib düşmən qarşısında cəbhə açdı. O, dövlət məktəbləri müqabilində milli məktəblər açmaqla Qum gənclərinin İslami tərbiyəsinə başladı. Ustad “Sədr məktəbi” adı ilə öz müdiriyyəti altında təhsil ocağı təsis etməklə Hicri-qəməri1377-ci təhsil ilində Qumda milli mədrəsə hərəkatını gücləndirdi. Bu məktəb öncə İrəm küçəsində fəaliyyətə başladı. Sonra Səfaiyyə xiyabanının başlanğıcındakı dörd yol ayrıcında yerləşən binaya köçdü. Bu bina mərhum Kamkarın sərmayəsi ilə tikilmişdi. İmam Musa Sədr Livana hicrət etdikdən sonra məktəb Əhməd Övhədinin müdiriyyəti altında öz işini davam etdirdi.

 

İKİNCİ FƏSİL

LİVANDA İSLAHAT VƏ TƏLAŞ

Livana səfər

 

İmam Musa Sədr Hicri-qəməri 1379-cu il cəmadiul-əvvəl ayında Livanın tanınmış alimlərinin də’vəti ilə bir aylıq Livana yola düşdü. Amma orada mövcud vəziyyəti müşahidə edib, şiələrin və müsəlmanların acınacaqlı vəziyyətindən xəbər tutub məsuliyyət hiss etdi və alimlərin dəvətinə müsbət cavab verərək Livanda qaldı. İmam Musa Sədrin Livandakı fəaliyyətlərinə nəzər salmazdan öncə Livanın həmin vaxtkı coğrafi, siyasi, iqtisadi, ideoloji, məzhəbi vəziyyətini nəzərdən keçirək.

 

Coğrafi durum

 

Dörd milyon əhalisi olan Livan Asiyanın qərbində, Aralıq dənizinin şərq sahillərində yerləşir. Şimal və qərb tərəfdən Suriya, cənub tərəfdən Fələstinlə qonşudur. Beş dairədən (vilayətdən) ibarətdir: Mərkəzi Cəbəli-Livan, cənubi Livan, Bəqa, Beyrut, şimali Livan. Bu ölkə dəniz səviyyəsindən 3 min metr yüksəklikdədir. Sahəsi on min dörd yüz kvadrat kilometrdir. Livanın paytaxtı Beyrut şəhəridir. Trablos, Cubeyl, Cəvinə, Sur, Seyda, Bə’lbək, Zəhlə Livanın tanınmış şəhərləridir. Bu ölkədə kənd təsərrüfatı daha çox inkişaf edib. Xaricə portağal, banan, alma, zeytun, limon və üzüm ixrac olunur. [13]

 

Dini, məzhəbi və siyasi vəziyyət

 

Livanda on altı tayfa var və hər tayfanın rəsmi məzhəbi mövcuddur. Onlardan daha çox tanınmışları: Şiə, sünni, dəruzi, maruni məsihilər, katolik məsihilər, protestant məsihilər, ortadoks məsihilər, İncil əhli, ermənilər, siryanilər, protestant ermənilər, siryani ermənilər.

Bu arada şiələr, sünnilər, məsihlər sayca daha çoxdurlar, əksəriyyəti isə şiələr təşkil edir. Həqiqətdən uzaq statistikalarda isə məsihilərin çoxluğu bildirilir. Hicri-qəməri1340-cı ildə Fransanın müdaxiləsi ilə rəqəmlərdə kütləvi saxtalaşdırma aparıldı. Nəticədə, maruni məsihilər hamıdan çoxsaylı göstərildi. Onlardan sonra sünni müsəlmanlar, üçüncü yerdə şiə müsəlmanlar gəlirdi. Hicri-qəməri1352-ci ildə tayfa qanunu adlı bir qanun təsdiqləndi. Saxta statistika əsasında hakimiyyət üç tayfa arasında bölüşdürüldü: Şiələr iyirmi faiz, sünnilər otuz faiz, məsihilər əlli faiz. Beləcə, ölkənin üç mühüm kürsüsü-prezidentlik, müdafiə nazirliyi, mərkəzi bankın rəisliyi məsihilərə verildi. Yüz nəfər deputat arasında əllisi məsihi, otuzu sünnü, iyirmisi şiə olmalı idi. Başqa dövlət vəzifələri, hətta tələbə qəbulu uyğun nisbət əsasında aparıldı.[14] Hicri-qəməri1363-cü ildə nəhayət uzun mübarizələrdən sonra Livan zahirən öz müstəqilliyini əldə etdi. Amma məmləkətə yeni bir istismar hakim oldu. Tayfa prinsipləri əsasında hakimiyyət bu gün də davam etməkdədir.

 

Siyasi partiyalar

 

Livan mühüm siyasi və coğrafi əhəmiyyətə malik olduğundan super güclər, ərəb dövlətləri ona göz dikmişlər. Livan uzun illərdir ki, hegemon qüdrətlərə məxsus siyasi baxışların savaş mərkəzidir.

Hər bir dövlət Livanda öz siyasi, mədəni, hətta hərbi doktrinasını yeritməyə çalışır. İmam Musa Sədrin fəaliyyətə başladığı dövrdə Livanda yetmişdən artıq sol və sağ yönümlü partiyalar fəaliyyət göstərirdi. Bu partiyaların hər biri hansısa xarici dövlətin himayəsi altında idi. Ən məşhur partiyalar:

1. Amerika və İsrailin təsiri altında olan “Felanj” adı ilə tanınmış Kətaib partiyası (Rəhbəri Pir Cəmil)

2. Amerika muzduru, İsrailin həmkarı Kamil Şəmonun Əhrar partiyası;

3. “Əbu-Urz” adı ilə tanınmış İtan Səfərin Hurasul-hurz partiyası;

4. Keçmiş sovetlər ittifaqının təsiri altında olan, Corc Havinin rəhbərlik etdiyi Kommunist partiyası;

5. Kamal Conblat və onun oğlu Vəlid Conblatın rəhbərlik etdiyi sosialist partiyası;

6. Çinin himayəsi altında olan Kommunist təşkilatı;

7. Suriyanın təsiri altında olan Asim Qansurənin rəhbərlik etdiyi Suriyanin Bəs partiyası;

8. İraqın təsiri altında olan, Əbdülməcid Rafiinin rəhbərlik etdiyi İraqın Bəs partiyası;

9. İbrahim Qəlilatın rəhbərlik etdiyi Əl-Mürabitun partiyası;

10. Kamal Şətilanın rəhbərlik etdiyi milli fəhlə birliyi;

11. Ənam Rədin rəhbərlik etdiyi Suriyanın İctimai qüvvələr partiyası.

Doktor Mustəfa Çəmranın yazdığına əsasən, bu partiyaların hər biri xarici dövlətə bağlı olduğundan kimsə onlara etimad göstərmirdi. Yalnız vəzifə və pul xatirinə bu partiyalara üzv yazılırdılar.

 

Unutqanlıq

 

Livan xalqı və Livan məmləkətinin böyük tarixi və mədəniyyəti var. Bu mədəniyyəti Livan xalqının Əhli-beyt maarifinə ardıcıllığı ərsəyə gətirmişdir. Uyğun mədəniyyət ilk dəfə həzrət Əlinin (ə) vəfalı yardımçısı Əbuzər Ğəffarinin vasitəsi ilə bütün Livanda kök atmışdır. Şiə dünyasının bir çox adlı-sanlı alimlərinin məhz bu məmləkətdə dünyaya göz açması onun mədəniyyətinin necə bərəkətli olduğunu göstərir. Həmin alimlərdən bəzilərinin adını yada salaq:

1. Məhəmməd ibn Məkki Dəməşqi Amili (“Lümə” kitabının müəllifi, “Şəhidi-əvvəl”adıyla tanınmış);

2. Nurəddin Əli ibn Əbdül Əla (“Cameul-məqasid” kitabının müəllifi “Mühəqqiq Kərəki adıyla tanınmış);

3. Zeynəddin Əli ibn Əhməd Amili (“Şərhi-Lümənin” müəllifi “Şəhid-Sani”adı ilə tanınmış )

4. Seyid Məhəmməd Amili (“Mədarik”in müəllifi );

5. Şeyx Həsən ibn Zeynəddin (“Məalim”in müəllifi );

6. Şeyx Bəhaüddin Amili;

8. Seyid Sədrəddin Amili;

9. Seyid Əbdül-Hüseyn Şərəfüddin ( “Əl müraciət”in müəllifi )

Bu elmi, mədəni və tarixi sərmayələr müqabilində Fransa istismarı, sol və sağ partiyaların, eləcə də hökumət orqanlarının ölkə vətəndaşları, xüsusi ilə şiələrlə təhqiramiz rəftarı xalqın biganələşməsi, öz mədəniyyətini unutması, geri qalmış bir xalqa çevrilməsi ilə nəticələndi.

Varlı və əyyaş insanlar üçün əyləncə mərkəzinə çevrilmiş Beyrut şəhəri əslində şərqin eyş-işrət məkanı olaraq gənc oğlanları və qızları özünə cəzb edirdi. Yoxsulluq və aclıq ucbatından bu şəhərə üz tutan gənclər çarəsizlikdən özlərini azğın adamlara satır, çirkin və qeyri-əxlaqi işlərlə razılaşırdılar. Onlar birdəfəlik öz qövmünü, qəbiləsini, ailəsini tərk edir, atılmış vəziyyətdə yaşayırdı. Beyrut şəhəri məhz açıq-aşkar pozğunluq mərkəzinə çevrildiyindən “şəhərlər gəlini” adlandırılırdı. İstismarçılar öz rəzil mədəniyyətlərini müsəlmanlar arasında yaymaq üçün hər il ilin gözəl qadınını bu şəhərdən seçirdilər.[15] Mədəni və iqtisadi yoxsulluq imam Musa Sədrdən öncə elə bir həddə çatmışdı ki, müsəlmanlar öz əqd, toy, dəfn mərasimlərini kilsələrdə keçirir, ölülərini məsihi qəbristanlığında basdırırdılar. Ən acınacaqlısı budur ki, gənclər və savadlı nəsil materialist məktəblərə doğru axışır, bunu özləri üçün fəxr sayaraq öz müsəlmanlıqlarından həqarət duyurdular. Müsəlmanlıq bədbəxtlik, məhrumiyyət amili kimi tanınırdı. Bəli, imam Musa Sədr məhz belə bir durumda Livana daxil oldu.

 

İlkin fəaliyyətlər

 

İmam Musa Sədrin Livandakı fəaliyyətlərini dörd prinsip üzərində təsvir etmək olar:

a) Mədəniyyət-din: İmam Musa Sədr Livana daxil olduğu andan əsaslı və dəqiq bir proqramla hərəkət etməyə başladı. O ardıcıl şəkildə məscidlərdə, məktəblərdə, universitetlərdə, sair ictimai mərkəzlərdə nitq söyləyir, faydalı siniflər təşkil edərək gənc nəsli mə’lumatlandırmağa çalışırdı. Qısa bir müddətdə bir çox müsəlman və məsihi gənclər imam Musa Sədrin qurtuluş müjdəli düşüncəsinin təsiri altına düşdü. Beləcə, mədrəsələr, məktəblər, universitetlər qərb mədəniyyətinə qarşı polad səngərlərə çevrildi.

b) İqtisadiyyat-mədəniyyət: İmam Musa Sədr mədəni işlərlə yanaşı xalqın iqtisadi problemlərinə də diqqət yetirirdi. Əslində bu iki yönümü bir-birindən ayrılmaz sayır və deyirdi: “Ümumi şəkildə Livan xalqının yaşayış səviyyəsini yaxşılaşdırmaq, xüsusi ilə müsəlmanların elmi səviyyəsini yüksəltmək mənim dini vəzifəmdir. Mən əminəm ki, hazırkı maddi durumla düşüncə səviyyəsini qaldırmaq olmaz...”[16] Bu səbəbdən də o əsaslı bir addım ataraq təhsil, tərbiyə və iqtisad mərkəzlərini hərəkətə gətirməyə başladı. Aşağıdakı işlər nəzərdə tutulurdu:

1. Cəbəli-amilin peşə məktəbi gənc oğlanlara xarratlıq, dülgərlik və qaynaqçılığı öyrətsin;

2. Mərhum Şərəfüddinin yoxsullara yardım cəmiyyətinin fəallaşdırılması, həqiqi ehtiyaclıların müəyyənləşdirilməsi, onlar üçün təlim-tərbiyə işləri;

3. Yoxsul və himayəsiz qalmış qızlara dərzilik, toxuculuq, əl işləri öyrətmək üçün qızlar evinin təsisi;

4. Tibb bacıları hazırlayan müəssisələr və qızlar üçün münasib iş yerlərinin açılması;

5. Xalçaçılıq sənətini öyrədən müəssisələr, ehtiyaclılar üçün bu sahədə iş yerlərinin açılması;

6. Yoxsul sinfin sağlamlığına xidmət üçün tibbi mərkəzlərin açılması;

7. İslamın düzgün təbliği üçün elmi hövzələrin təsisi;

8. Qadınların problemlərinin həlli üçün qadın təşkilatlarının təsisi;

9. Kimsəsiz uşaqların himayəyə alınması üçün yetimxanaların təsisi;

10. Savadsızlıqla mübarizə müəssisələrinin təsisi;

11. Əlillər evinin təşkili;

12. İdman mərkəzlərinin açılması, gənclərin ruhi, psixoloji, hərbi hazırlığının təşkili.

Nəzərdə tutulan mərkəzlərin açılışı istiqamətində fəaliyyətlər həmin dövrdə Livan müsəlmanlarının iqtisadi dirçəlişində mühüm rol oynadı. İqtisadi inkişaf gücləndi, insanların nikbinliyi artdı. İmam Musa Sədrin proqramları və fəaliyyətləri bu gün də Livan dövləti üçün nümunədir. Ölkənin iqtisadi dirçəlişi üçün uyğun iqtisadi proqramlardan istifadə edilir.

c) Siyasət-təşkilatçılıq: İmam Musa Sədr öz fəaliyyətlərinin üçüncü mərhələsində daha əsaslı bir proqram üzrə “Livan şiələrinin ali məclisi” adı altında məclis təsis etdi. Bu tarixi addımın səbəbi Musa Sədrin özünün şiə olması deyildi. Sadəcə, ölkədə şiələrin vəziyyəti sünni və məsihilərin vəziyyətindən daha acınacaqlı idi.

Həmin dövrdə mövcud on beş firqə azlıqda olsa da, onların hər birinin rəsmi qurumu və rəhbərliyi vardı. Bu qurum və rəhbərlik öz üzvlərinin haqlarını müdafiə edirdi. Şiələrinsə heç bir təşkilatı yox idi. İmam Musa Sədr Hicri-qəməri1386-cı il Rəbiüs-sani ayının 27-də Beyrutda keçirdiyi böyük mətbuat konfransında şiələrin problemlərini mütəxəssiscəsinə, rəqəmlər əsasında açıqladı. Sonra bu problemlərin həlli üçün Livanda rəsmi şiə məclisinə ehtiyac olduğunu bildirdi. Müxtəlif fərdlərin və qrupların ciddi müxalifətinə baxmayaraq, nəhayət, imam Musa Sədrin təklifi məclisdəki şiə nümayəndələr tərəfindən rəsmi layihə şəklində təqdim olundu. Layihə müzakirə olunaraq h.q. 1387-ci ilin Səfər ayında təsdiq edildi. Uyğun proqram əsasında şiələrə ilk dəfə icazə verildi ki, öz haqlarının müdafiəsi üçün şiə məclisi təşkil etsinlər. Belə ki, ali şiə məclisi h.q. 1389-cu ilin yayında böyük şiə alimlərindən doqquz nəfərlik şər’i hey’ət, on iki nəfərlik icra heyəti seçməklə rəsmi işə başladı. Həmin il ciddi bir yığıncaqda şər’i və icraçı hey’ət üzvlərinin əksəriyyətinin rəyi ilə imam Musa Sədr ali məclisin rəisi seçildi. Rəyasət üçün altı il vaxt nəzərdə tutuldu. H.q. 1399-cu ilin səfər ayında bu müddət dəyişdirildi və imam Musa Sədr altımış beş yaşınadək uyğun məsuliyyəti öhdəsinə götürdü. O, dörd il ardıcıl şəkildə fəal çalışdı və sübut etdi ki, bu məclis prezidentdən, baş nazirdən, məclisdən daha çox fəal olmuşdur. O, şiələrə məxsus olsa da, Livanın bütün məhrumlarına və ehtiyaclılarına kömək üçün ciddi təlaşlar göstərmişdir.[17]

d) Əqidə-ordu: İmam Musa Sədrin əsas proqramının dördüncü mərhələsi əqidə və hərb yönümlü iki mərkəzin təşkili idi. Bu mərkəzlərdən biri “yoxsullar hərəkatı” digəri, “əməl hərb təşkilatı” adlanırdı. Livan mühitində istənilən bir partiya və siyasi təşkilat xaricdən ideoloji və maddi dəstək alırdı. Yoxsullar hərəkatı ilk azad hərəkat oldu. “Nə şərq, nə də qərb” şüarı ilə 1391-ci ildə fəaliyyətə başlayan bu hərəkat ölkədəki ideoloji, mədəni və əxlaqi boşluğu doldurmağa çalışırdı. Məhz bu hərəkatın təlaşları sayəsində insanlar İslam maarifi ilə yaxından tanış olurdu. Həftə və ay ərzində çeşidli siniflər təşkil olunur, Seyid Məhəmməd Hüseyn Fəzlullah, Şeyx Mehdi Şəmsuddin, imam Musa Sədr, şəhid doktor Mustafa Çəmran kimi alimlərin vücudu sayəsində gənc nəsil həqiqətdən xəbər tuturdu. Yoxsullar hərəkatı tədricən öz fəaliyyət dairəsini genişləndirdi. İnsanlar hərəkatın nümayəndəlikləri qarşısında növbədə dayanır, adlarını qeyd etdirirdilər; qısa bir müddətdə cənub məntəqəsində üzvlərin sayı artdı, böyük şəhərlərdə, xüsusi ilə paytaxtda hərəkata qoşulanların sayı çoxaldı. Dörd il sonra, “Yoxsullar hərəkatında saysız islamçı və inqilabçı gənclər tərbiyə olunduğu bir vaxt imam Musa Sədr növbəti bir addım ataraq Hicri-qəməri 1395-ci ilin məhərrəm ayında imam Hüseyn (ə) qiyamı mövzusundakı çıxışlarından birində “Əməl” hərbi təşkilatının təsisi barədə məlumat verdi. Həmin vaxt əksər solçu və sağçı firqələrin və qrupların silahlı dəstələri vardı. Lakin bu qrupların ideoloji xətti olmadığından xarici təcavüzlərin qarşısını ala bilmirdilər. Bu səbəbdən də Livan sərhədləri çox asanlıqla tapdalanırdı. Bəlkə də ölkədəki milli və dini qarşıdurmaların əsas amili xaricə bağlı olan partiyaların özü idi.

Əməl hərbi təşkilatı Livanda əmin-amanlığı təmin etmək üçün səhnəyə daxil oldu və öz vəzifəsini müvəffəqiyyətlə yerinə yetirdi. Artıq bu təşkilatın fəaliyyəti düşmənləri qəzəbləndirirdi. Bu hərbi mərkəzdə əvvəlcə Cəbəli-amildəki peşə məktəbinin və yoxsullar hərəkatının yetmişədək gənci toplanmışdı. Onlar Bə’lbək tabeliyində olan Yəmunə qəsəbəsində fəaliyyətə başladılar. Bir müddət sonra Fələstin Fəth təşkilatının həmkarlığı və yardımı ilə Əməl “Eynun-nəbiyyə” adlı böyük təlim mərkəzinə köçdü.[18] Əməl yeddi ay gizli fəaliyyət göstərdi. Hicri-qəməri 1354-cü ildə tank əleyhinə minalardan istifadə qaydalarını öyrənərkən minalardan biri partladı və təşkilatın iyirmi yeddi öncül gənci şəhadətə çatdı. Bu partlayış əməl təşkilatının fəaliyyətini üzə çıxardı. Həmin hadisədən sonra Eynun-nəbiyyə təlim mərkəzi ləğv olundu, mərkəz “Cənata” adlı başqa bir məntəqəyə köçürüldü. Fəal hərbi qüvvələrin təlimi davam etdirildi.

Digər bir tərəfdən, şiələrin hərbi gücü artdıqca solçu və sağçı qüvvələr öz varlıqları üçün təhlükə hiss edirdilər. Onlar Livan dövləti ilə əl-ələ verib müxtəlif üsullarla Əməl hərbi təşkilatını zəiflətməyə çalışırdılar.

 

Fitnə şəraitləri

 

1970-ci ilin qanlı sentyabr hadisələrində İordaniya ərazisində yerləşmiş on beş minlik fələstinli qırğına məruz qaldı və sağ qalanlar həmin məntəqəni tərk edib Livana sığındılar. Həmin vaxt cənubdakı şiələr imam Musa Sədrin tövsiyəsi ilə fələstinlilərin istiqbalına çıxdı. Onlara evlər, torpaqlar, düşərgələr verildi. Fələstinlilərlə həmrəylik nümayişləri keçirildi. Qısa bir müddətdə fələstinlilər Livanda məskunlaşıb oradan İsrail əleyhinə pərakəndə hərbi əməliyyatlar keçirməyə başladılar. Digər bir tərəfdən, müsəlman fələstinlilərin cənub şiələri ilə Musa Sədrin rəhbərliyi altında birləşməsi İsraillilərin narahatçılığını iki qat artırdı, Livan dövləti, sol və sağ partiyaları qorxuya saldı.

Uyğun qruplar Livan dövləti ilə həmkarlıq edib İsrailə dolayısı ilə arxa durdular, birləşmiş bir cəbhə yaratdılar. Bu cəbhə şiələrə qarşı qətl-qarət törətməklə onlar üzərindəki hakimiyyətini qorumağa çalışırdı. Bu səbəbdən də müxtəlif bəhanələrlə partiyalar və məzhəblər arasında daxili çəkişmələr şö’lələndi. Daxili təlaşların mühüm səbəblərindən biri solçu və sağçı partiya rəhbərlərinin Livanı parçalamaq istəyi idi. Kətaib partiyası başçıları İsrailin aşkar muzdurları kimi çıxış edərək Livanın məsihilər yaşayan məntəqəsində maruni hökuməti təşkil etmək istəyirdilər. Onların bu planı İsrail tərəfindən himayə olunurdu. Kamal Conblatın rəhbərlik etdiyi bəzi solçu partiyalar Livanın cənubunda kommunist rejim yaratmağa çalışırdı. Sovetlər ittifaqı Sur və Seyda körfəzlərinin işğalı müqabilində onlara öz himayəsini təklif edirdi. Beləcə düşmənin ilkin hədəfi imam Musa Sədrin rəhbərlik etdiyi şiələrin məhvi idi. Növbəti addım Livanın parçalanmasına yönəlmişdi. Bu iki mühüm məqsədə çatmaq üçün ara qızışdırılır, fitnə-fəsad yaradılırdı. Həmin fitnələri xülasə şəkildə nəzərdən keçirək. Şəhid doktor Mustafa Çəmran deyirdi: “Livan hadisələri girdabında olmayan bir şəxs imam Musa Sədr hərəkatının mahiyyətini dərk edə bilməz.”[19]

 

1. Ordu tərəfindən qırğın

 

1973-cü ildə Corc Həbəşin rəhbərlik etdiyi xalq cəbhəsindən bir neçə fərd partlayış törətmək istədilər. Amma partlayışdan öncə terrorçular həbs olundu. Xalq cəbhəsi həmin şəxslərin azadlığa buraxılmasını tələb etdi. Livan dövləti müqəssirləri azad etməkdən boyun qaçırdı. Cavab olaraq cəbhə üzvləri Livan ordusunun bir zabit və bir əsgərini girov götürdü. Onları Səbra düşərgəsinə apardılar. Bunun ardınca Livan ordusu toplardan istifadə etməklə Səbradakı Fələstin düşərgəsini bombaladı. On dörd gün havadan və yerdən atəşlər davam etdi. Həmin vaxt Suriya qoşunu fələstinlilərin müdafiəsinə qalxaraq Livana daxil oldu. Bir neçə şəhər ələ keçirildi. Elə həmin vaxt İsrail münasib fürsətdən istifadə edib Livanın cənubuna hücum etdi. Zahirən bu fitnəni Fələstinə aid bir təşkilat törətsə də, imam Musa Sədr Fələstin xalqının xeyrini və bütün müsəlmanların məsləhətini nəzərə alaraq məsələyə qatışdı. Öncə bəyanat verərək Livan ordusuna müraciət etdi. Bombardmanlar davam edəcəyi təqdirdə əks tədbirlərin görüləcəyi ilə hədələdi. Məzhəb rəhbərlərindən tələb etdi ki, Fələstinin müdafiə komitələrini yaratsınlar. Sonra Suriyanın prezidenti Hafiz Əsədlə əlaqə saxlayıb Suriya qoşunlarının Livandan çıxmasına nail oldu. Beləcə, hər iki tərəfə təsir göstərməklə Livan dövləti ilə Fələstin mübarizləri arasında atəşkəsə müvəffəq oldu. Diqqət müştərək düşmənə (İsrailə) yönəldi.

 

2. Fələstinlilərin bədnam olunması

 

1974-cü ildə ilk dəfə Fələstin mövzusunun birləşmiş millətlər təşkilatında müzakirəsi üçün şərait yarandı. Bu tarixi yığıncağın nəticəsi fələstinlilərin xeyrinə oldu. Ona görə də İsrailin təhlükəsizlik orqanları aranı qatmaq üçün ciddi təlaşlara başladılar. Onlar fələstinliləri terrorist kimi tanıtmağa çalışır, fələstinli rəhbərlərin beynəlxalq məclislərdə iştirakına mane olurdu, fitnələr törətməklə məsihilərlə fələstinliləri bir-birinə qarşı qoyur, münasibətləri qızışdırırdılar. Nəzərdə tutulmuş iclasdan bir ay qabaq Kətaib partiyasının muzdurları Beyrut ərazisində on bir fələstinlini qətlə yetirdilər. Artıq qarşıdurma üçün tam şərait yaranmışdı. Həmin vaxt Yasir Ərəfat imam Musa Sədrə müraciət etdi, o da öz növbəsində şücaətli bir addım ataraq Kətaib rəhbəri Pir Cəmillə təmas saxladı. Məntəqədə sülh bərqərar oldu. Bir ay sonra beynəlxalq iclas keçirildi və tarixdə ilk dəfə dünyanın 105 ölkəsi Fələstin millətini rəsmi şəkildə tanıdı. Bu qələbə Fələstin xalqı üçün olduqca dəyərli idi.[20]

 

3. Başqa bir fitnə

 

1975-ci ilin mart ayında Seyda əhalisi Mə’ruf Sə’din rəhbərliyi ilə böyük nümayiş keçirtdilər. Onlar Amerika şirkətləri tərəfindən hüquqları tapdanmış balıqçıların müdafiəsinə qalxmışdı. Fitnəkarlar dərhal işə başladılar. Mə’ruf Sə’d nümayişçilər arasında şəhadətə yetirildi. Atəş hərbi qüvvələr tərəfindən açıldığı üçün xalq və ordu arasında qarşıdurma yarandı. Həmin vaxt Kətaib firqəsi də orduya tərəfdarlıq bəhanəsi ilə xalqa qarşı çıxdı. Bu qırğın o qədər əhatəli oldu ki, hətta, milli, siyasi və məzhəbi yönümlü şəxsiyyətlər meydanı tərk etdi, səsini çıxara bilmədi. Xalq da onların ardınca tutduğu mövqelərdən geri çəkildi.

Həmin vaxt imam Musa Sədr yeganə şəxsiyyət idi ki, Mə’ruf Sə’din dəfnində iştirak üçün xalqı ürəkləndirdi. O uyğun mərasimdəki çıxışında orduya müraciətlə dedi: “Ordu xalqın keşikçisi, vətənin müdafiəçisi olmalıdır. Onun vəzifəsi ölkənin sərhədlərini qorumaqdır. Əgər cənub sərhədlərdə İsrailə sıxılası güllə milli mübariz, azad insan Mə’ruf Sə’di qanına qəltan edəcəksə, əgər ordu bir dəstənin əlində alət olacaqsa, belə bir ordunun həmişəlik məhvi daha yaxşıdır...”

İmam Musa Sədrin orduya qarşı çıxışları yenidən fəaliyyətləri gücləndirdi, xalq səhnəyə çıxdı. Düşmənlərin xalqı səhnədən çıxartmaqla bağlı planları puça çıxdı, nəhayət əmin-amanlıq ölkəyə qayıtdı.

 

4. Eynur-rəmanə faciəsi

 

Nisbi sakitlikdən çox keçməmiş bir çox qruplar Kətaib firqəsinin başçılığı ilə aranı qızışdırmağa başladılar. Silah dolu gəmilər Livana yan aldı. Firqələr silahlandırıldı. İslam dini və Fələstinə qarşı təbliğatlar şiddətləndi. Müsəlmanlar qətl-qarətdə ittiham olundu. Livanın cənubundakı əhali Fələstinə himayədarlıqda suçlandı, xain adlandırıldı. Soyuq müharibə zirvə həddinə çatdı. Livan böyük bir partlayış vəziyyətinə gəlib çıxmışdı. Məqsəd aydın idi. Onlar yenidən Fələstini meydana sürükləmək, İsrailə bəhanə vermək, fələstinliləri qətli-am etməklə bu işğal olmuş ölkəni tarix səhifəsindən həmişəlik silmək istəyirdilər. 1975-ci il aprel ayının on üçündə günortaya yaxın faciəli bir hadisə baş verdi. Livanlı və fələstinli sərnişinləri aparan avtobus Eynur-rəmanədə Kətaib kilsəsinin qarşısından keçərkən vəhşi hücuma mə’ruz qaldı, sərnişinlərin hamısı öldürüldü. Qətlə yetirilənlərin cəsədləri saatlarla yerdə qaldı. Bu hadisə müsəlmanları çox qəzəbləndirdi. Həmin vaxt daim ara qızışdıran solçu partiyalar intiqam məqsədi ilə meydana daxil oldular. Məzhəblər və firqələr arası savaş yenidən alovlandı. İmam Musa Sədr bütün nüfuz və gücünü işə saldı, tərəflərdən atəşkəs üçün razılıq aldı. Sonra o, siyasi və əxlaqi təzyiqlərlə qarşı tərəfləri müzakirə masası arxasına oturda bildi. Atəşkəs sülhə çevrildi. Hətta Kətaib firqəsi çıxılmaz vəziyyətdə qalıb cinayətinə görə üzr istədi. Bu firqə öhdəsinə götürdü ki, avtobusa hücum çəkmiş on dörd silahlı şəxs məhkəmə orqanlarına təhvil verilsin. Solçu partiyalarsa öncə barışığa getmirdilər. Onlar qətiyyətlə savaş istəyirdilər. Amma İmam Musa Sədrin sülhə doğru atdığı addımlar qarşısında çarəsiz qalıb sülh müqaviləsini imzaladılar. Solçu partiya rəhbərlərindən biri olan Kamal Conblat iclasdan çıxarkən imam Musa Sədrə dedi: “Sən çox sevilirsən! Çox şöhrətli olmusan. Amma qazandığın şöhrəti qorumaq istəsən, sülhdən yox, savaşdan danışmalısan!” İmam Musa Sədr onun cavabında dedi: “Mən şəxsi şöhrət yox, bədbəxt millətin xoşbəxtliyi üçün çalışıram.”

Qeyd etməliyik ki, bu atəşkəs firqələr tərəfindən on səkkiz dəfə pozuldu. Nəhayət imam Musa Sədrin ciddi təlaşları sayəsində sülh yarandı.[21]

 

5. Fitnəkar qətllər

 

Atəşkəsin pozulduğu son faciəli hadisə fitnəkar qətllərlə sonuclandı. Solçu və sağçı partiyalar xalq arasında müharibə alovunu qızışdırmaq üçün müsəlman məntəqələrində məsihiləri, məsihi məntəqələrində müsəlmanları qətlə yetirməyə başladılar. Belə bir məqamda məsihilər sağçı, müsəlmanlar isə solçu partiyalara sığınıb silah əldə etməyə məcbur idilər. Fitnəkarlıq və məzhəbi qarşıdurma alovu Livanı görünməmiş bir həddə ağuşuna aldı.

Həmin vaxt imam Musa Sədr Allaha təvəkküllə, kamil ixlasla meydana daxil olub, Livanın müxtəlif şəhərlərinə səfərə çıxdı. O müsəlmanların və məsihilərin müxtəlif toplantılarında çıxış edir, düşmənin fitnəkar planlarını açıqlayırdı. O tərəfləri düşmən qarşısında müvafiq cəbhədə birləşməyə dəvət edirdi. Qəbilə və məzhəb ixtilaflarının zirvə həddinə çatdığı Bə’lbək şəhərində çıxış edən imam Musa Sədr dedi: “Əgər Beyrutda mənim oğlumu öldürsələr, icazə vermərəm ki, Bə’lbəkdə günahsız bir məsihidən intiqam alsınlar. Çünki bu iki hadisə arasında heç bir əlaqə yoxdur. Müsəlman da məsihi də bu millətin düşmənləri tərəfindən qətlə yetirilmişdir.”[22] İmam Musa Sədr bu çıxışı ilə böyük müvəffəqiyyət əldə etsə də, solçu firqələr və onların qəzetləri məhz həmin cümləni şüar edərək imam Musa Sədri məsihilərə tərəfdarlıqda ittiham etdilər. Amma o, bu kimi hadisələrdən sarsılıb ümidini itirmədi; qardaş qırğınına son qoymaq, e’tibarlı sabitlik yaratmaq üçün misilsiz və tarixi bir addım atdı. 1975-ci ilin iyun ayında Beyrutun Amiliyyə məscidində aclıq aksiyasına başladı. Bu tarixi bir bəyanatda öz istəklərini bir neçə bənddə şərh edib bildirdi ki, bu bəndlər həyata keçənədək aclığı dayandırmayacaq. Bəyanatdakı şərtlər:

1. Qırğının dayandırılması, bütün qüvvələr tərəfindən atəşkəsin qəbulu;

2. Solçu və sağçıların iştirakı olmadan müvəqqəti hökumətin qəbulu;

3. Törədilmiş hadisələri araşdırıb cinayətkarları cəzalandırmaq üçün təftiş komitəsinin yaradılması;

4. Xalqa dəymiş ziyanı təyin edib ödəmək üçün müvafiq komitənin təsis edilməsi;

5. İmkansızlara yardım komitəsinin təşkili.

Xalq arasında müxtəlif təbəqələr aksiyaya qoşuldu. Bə’lbək kimi böyük şəhərlərdən minlərlə insan Beyruta gəlib imam Musa Sədrə qoşuldu. Yaxşı fikirdə olmayanlar yanacaq doldurma məntəqələrində benzinin satışın qadağan etdilər. Dövlət radiosu Beyrutun böhranlı olduğunu e’lan etdi və bu şəhərin küçələrindəki qarşıdurmalardan xəbər verdi. Lakin bütün bu təbliğatlara baxmayaraq, xalq imam Musa Sədri himayə edəcəyini bəyan etdi. Aksiyanın ikinci günü məsihilər bir sıra bəyanatlarla imam Musa Sədrin təklif etdiyi hökumət planını himayə etdilər. Məsihilərin bir çoxu öz kilsələrində aclıq aksiyasına başladılar. Müsəlmanların da bir çoxu kilsələrə gedib onlara qoşuldular. Üçüncü gün məsihilərin böyük şəxsiyyətləri Amiliyyə məscidində imam Musa Sədrin görüşünə tələsdilər. Livanın əksər böyükləri, siyasətçilər, sünnə əhlinin rəhbəri Həsən Xalid, Yasir Ərəfat, Suriyanın xarici işlər naziri Xəddam onu himayə etmək üçün Amiliyyə məscidinə getdilər.

Aksiya zamanı xalq məscidin ətrafına toplanmışdı. Onlarda qəribə əhval-ruhiyyə mövcud idi. İmam Musa Sədr onlara təmiz və aydın nitq söyləyirdi. Bu zaman məqsədsiz solçu və sağçı partiyalar havadan və yerdən atəş açmağa başladılar. Kətaib partiyasından olanlar qumbara atanlardan atəş açmaqla imam Musa Sədrin oyadıcı səsinin xalqın qulağına çatmamasına çalışırdılar. Solçu partiyalar (müsəlman kommunistlər) şayiə yaymaqla onu qorxaq kimi tanıtdırmağa çalışırdılar. Onlar deyirdi ki, sən dünənədək “silah kişinin zinətidir” deyirdin. Necə oldu ki, bu gün məscidin küncündə gizlənib sülhdən dəm vurursan?! Lakin sonda onun ixlası öz təsirini göstərdi. Şiə, sünni və məsihilərdən ibarət xalq toplusu bu sülhsevər insana qoşuldular. Ümumi qəzəbin coşduğunu görən dövlət də çarəsiz qalaraq imam Musa Sədrin tələblərinə təslim oldu. Beləliklə, onun təklif etdiyi hökumətin təşkil olunmasına zəmin yarandı.

Dördüncü gün imam Musa Sədr aclıq aksiyasını dayandırdı. O, xalqa öz təşəkkürünü bildirdiyi bəyanatında belə əlavə etdi: “...Mən istədim və məsciddə aksiyaya başladım. Bununla da Livan xalqına və bütün dünyaya sübut etdim ki, bu ölkədə odlu silahdan daha kəsərli olan başqa bir silah var. Bu iman, vicdan və agahlıq silahıdır! Livanın şərəfli və vətənpərvər əhalisinin əksər hissəsi bu silahla silahlanmışdır...” [23]

 

6. Zəhlə faciəsi

 

Düşmənin fitnəsi davam edirdi. Onlar Livan xalqının əmin-amanlıqda olması ilə razılaşa bilmirdilər. Fitnə törədib, qətl-qarət etmək üçün ən kiçik fürsətlərdən mümkün qədər istifadə edirdilər. 1975-ci il iyul ayının iyirmisi, şənbə günü (1395-ci il Rəcəb ayının onu) Zəhlə şəhərinin çayxanalarından birində bir müsəlmanla bir neçə məsihi arasında mübahisə yarandı. Nəticədə müsəlman kişi qətlə yetirildi. Məhkəmə hadisəni araşdırdıqdan sonra iki nəfəri ölümə məhkum edib həbs etdi. Şəhər məsihiləri bu həbsə etiraz edib, hücum çəkərək məhkumları həbsxanadan azad etdilər. Başqa bir tərəfdən qəzəbli müsəlmanlar meydana atıldılar. Yenidən qarşıdurmalar başlandı. Qısa bir müddətdə baş vermiş qarşıdurmalar Trablos və Beyrut kimi böyük şəhərlərdə də özünü göstərdi. Kətaib partiyası fürsətdən istifadə edib kütləvi şəkildə şiə qırğınına başladı. Bu fitnə on gün ərzində davam etdi. Bu müddətdə yalnız başı kəsilənlərin sayı iki yüzü ötdü. Şəhid Doktor Mustafa Çəmran bu növ qətllərdən mö’cüzəvi şəkildə qurtulmuş şəxslərdən idi. Bu acı hadisədə 7 min nəfər öldü və 20 min nəfər yaralandı. Beləliklə, Livan yenidən süqut astanasına yuvarlandı.[24]

Bu arada bütün dinlər və məzhəblərdə siyasət, məzhəb və mədəniyyət xadimləri arasında ilk və son söz deyə bilən yeganə şəxs yenə də imam Musa Sədr idi. O, son zamanlar özünün dəstəyi ilə baş nazir təyin edilmiş Rəşid Kərami ilə məşvərət edib televiziyaya çıxdı; məhəbbətli çıxışına Quran və İncil tilavəti ilə başladı. İmam Əlinin (ə) Nəhcül-bəlağədəki hikmətli sözlərinə əsaslanaraq müsəlmanlarla məsihilər arasında sülh və birliyin qorunmasının zəruriliyini açıqladı. O, bəşəriyyəti istismar edən xəyanətkar sövdagərlərin baş vermiş qarşıdurmadakı roluna işarə etdi. Onun çıxışı xalqa çox təsirli oldu. Daha çox düşmənin təhriki nəticəsində baş vermiş bu qədər böyük qırğından sonra tərəflər müharibəyə son qoymağı qərara aldılar. Sabahı gün Livana sülh və əmin-amanlıq hökm edirdi.

 

7. Fələstinin daim himayə olunması

 

Bu qarşıdurmalarda düşmənin məqsədi müsəlmanları, məsihiləri, xüsusi ilə də fələstinliləri bir-birlərinin canına salıb, Nildən Fərata kimi ərazini qəsb etməyə zəmin yaratmaq idi. İmam Musa Sədr bütün bu hiylələrdən xəbərdar idi. O daim Fələstini bu fitnələrdən qorumağa çalışırdı. Bu səbəbdən də özünü və mübariz şiələri onlara sipər edib, düşmənlərin bəhanələrini kəsirdilər. Bu fədakarlıqlar şiələr üçün çoxsaylı şəhidlər və maddi xəsarətlər bahasına başa gəlsə də, onların məzlum simasına edilmiş töhmətləri aradan götürdü. Sübut olundu ki, şiələr Fələstinin ən yaxşı, ən rəhimli hamiləridir və onlar Fələstin üçün canlarından belə keçirlər.

İmam Musa Sədr daim Fələstinin aqibəti haqda düşünürdü. O, iştirak etdiyi məclislərdə qətiyyətlə bildirirdi ki, biz Fələstin məsələsini qorxub-çəkinmədən öhdəmizə götürməli və bu yolda qurban verməkdən çəkinməməliyik.[25] O, Fələstin məsələsini çox geniş şəkildə bəyan edirdi: “Fələstinin azadlığı üçün çalışmaq islami, məsihi müqəddəsliklərin azadlığı və insani hürriyyət yolunda çalışmaqdır. Bu həmçinin yer üzündə Allah adının pak qalması üçün mücadilədir. Çünki sionizm öz rəftarları ilə Allahın adını ləkələyir...”[26]

 

Ardı burada

 

İstinadlar

 

[1] Seyid Möhsin Əmin, “Ə’yanuş-şiə”, c.3, s.403
[2] Musa Sədr, “Livan”, müqəddimə
[3] Əli Dəvani, “Ayətullah Bürucirdinin həyatı”, s.119
[4] Mustafa Qulizadə, “Şəhid Sədr”, c.21-29
[5] “Şəhid Sədr”, s.142
[6] “Müasir mədəniyyət tarixi”, s.25
[7] Ayətullah Əbtəhi İsfəhani və Ayətullah Müslim Kaşaninin söhbətlərindən
[8] “Elm nuru” dərgisi
[9] “Müasir tarix və mədəniyyət”, s.130
[10] “Namei-Müfid”
[11] “Müasir tarix və mədəniyyət”, s.55
[12] Əli Dəvani, “Mürtəza Mütəhhəri”, s.26
[13] Şəhid Çəmran, “Livan”, s.29
[14] Şəhid Çəmran, “Livan”, s.37
[15] “Livan”, 30-40
[16] “Savakın məlumatları”, c.1, s.333
[17] “Məhrumların ümidi”
[18] Şəhid Çəmran “Livan”, s.99
[19] Şəhid Çəmran, “Livan”, s.95
[20] Şəhid Çəmran, “Livan”, s.146
[21] “Məhrumların ümidi”
[22] Şəhid Çəmran “Livan”, s.182
[23] “İmam Musa Sədr”, s. 184
[24] “Livan”, şəhid Çəmran, s.194
[25] “Məcəlleye süruş”, n.116, s.32
[26] Həmin mənbə

 

Mənbə: Əbdürrəhim Əbazəri, "İmam Musa Sədrin həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ