EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299

İmam Həsən (ə) kimdir? (II hissə)

İmam Həsən (ə) kimdir?

* Məzlumların köməkçisi

* Misilsiz bir bəxşiş

* Müaviyə ilə sülhün (atəşkəsin) səbəbləri

* Sülhün səbəbləri İmamın öz dilindən

* Sülh müqaviləsinin mətni

* Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh, İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi?

 

Əvvəli burada

 

Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları

 

İmam Həsən (əleyhissəlam) onun sülhünə e’tiraz edən bir nəfərin cavabında bu acı həqiqətlərə işarə edərək öz sülhünün səbəblərini belə bəyan etdi:

«Mən hökuməti Müaviyəyə onunla vuruşmağa heç bir tərəfdarım olmadığından həvalə etdim, əgər tərəfdarım olsaydı, gecə-gündüz onunla vuruşub işi birdəfəlik həll edərdim. Mən Kufə camaatını yaxşı tanıyıram və onları dəfələrlə sınamışam. Onlar islah olunmayacaq azğın insanlardır. Nə vəfalıdırlar, nə də ki, iki nəfəri bir-biri ilə yola gedirlər. Onlar zahirdə bizə itaət edir, batində isə bizim düşmənlərimizlə əlbirdirlər.»[23]

İkinci İmam öz dostlarının bu süstlüyündən və ona arxa olmadıqlarından çox narahat olmuş və bir gün çox şiddətli bir xütbə söyləmişdir. Xütbədə bə’zi məsələlərə işarə edib buyurmuşdur:

«Nə dinləri, nə də abır-həyaları olmayan adamlara təəccüb edirəm! Vay olsun sizlərə! Müaviyə məni öldürmək üçün sizə verdiyi və’dələrin heç birinə əməl etməyəcək. Əgər mən Müaviyəyə bey’ət etsəm, öz şəxsi vəzifələrimi indi olduğundan da yaxşı yerinə yetirərəm. Lakin hökumət Müaviyənin əlinə düşsə, o qoymayacaq mən öz cəddimin şəriətini cəmiyyətdə icra edim.

And olsun Allaha, (sizin xəyanətiniz səbəbindən) məcbur olub hökuməti Müaviyəyə təhvil versəm, yə’qin bilin ki, Bəni-Üməyyənin hökumət bayrağı altında heç vaxt üzünüz gülməyəcək və cürbəcür əzab-əziyyətlərlə rastlaşacaqsınız. İndi elə bil öz gözlərimlə görürəm ki, sabah sizin uşaqlarınız onların uşaqlarının qapısı qarşısında durub onlardan su, çörək istəyəcəklər. Hansı ki, həmin su və çörəyi Allah sizin uşaqlarınız üçün qərar verib və sizin uşaqlar onun həqiqi sahibidirlər. Bəni-Üməyyənin uşaqları onları öz qapılarından qovub öz haqlarından məhrum edəcəklər.»

Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu:

«Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı, heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni-Üməyyəyə haramdır...»[24]

Müaviyənin çirkin hökumətinin mahiyyətini yaxşı tanıyan İmam Həsən (əleyhissəlam) bir gün Müaviyənin hazır olduğu bir məclisdə çıxış etmiş və çıxışında buyurmuşdur: «And olsun Allaha, nə qədər ki hökumət Bəni-Üməyyənin əlindədir, xoş həyat görməyəcəksiniz.»[25]

Bu, tənbəllik səbəbindən və gələcəkdə rahat yaşamaq məqsədilə Müaviyə ilə mübarizə etməkdən boyun qaçıran İraq əhlinə bir xəbərdarlıq idi. Daha onların xəbəri yox idi ki, Müaviyənin hökumətində heç vaxt öz arzularına çatmayacaqlar.

 

Sülh müqaviləsi və İmam Həsən əleyhissəlamın məqsədləri

 

İmam Həsən (əleyhissəlam) yuxarıda qeyd etdiyimiz səbəblərə görə Müaviyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Müaviyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmam əleyhissəlamın ixtiyarında qoymuşdu. Hətta Müaviyə İmam (əleyhissəlam) üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki, İmam (əleyhissəlam) ona nə yazsa, Müaviyə qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu.[26] İmam Həsən (əleyhissəlam) bu fürsətdən necə lazım idisə istifadə edərək İmam əleyhissəlamın ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Müaviyənin dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsinin mətni tam, mükəmməl və tərtiblə deyil, pərakəndə şəkildə verilmişdir. Hər tarixçi onun bə’zi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda, təxminən kamil şəkildə bir müqavilə düzəltmək olar. Kiçik bir baxışda İmam Həsən əleyhissəlamın sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və tə’kidə nəzər salmaqla İmam Həsən əleyhissəlamın siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəl’adə tədbirini müşahidə etmək olar.

İndi sülh müqaviləsinin maddələrini ayrı-ayrılıqda araşdırmazdan qabaq beş maddədə cəmlənmiş sülh müqaviləsinin hamısını əziz oxucuların nəzərinə çatdırırıq.

 

Sülh müqaviləsinin mətni

 

Birinci maddə: Həsən ibn Əli (əleyhissəlam) hökuməti Müaviyəyə o şərtlə təhvil verir ki, Müaviyə hökuməti Qur’an qayda-qanunu və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etməlidir.

İkinci maddə: Müaviyədən sonra hökumət Həsən ibn Əli əleyhissəlamın ixtiyarına keçməlidir. Əgər onun (İmam Həsən əleyhissəlamın) başına bir iş gələrsə, Hüseyn ibn Əli (əleyhissəlam) hökumət başına gələcək. Həmçinin, Müaviyənin özündən sonra canişin tə’yin etməyə haqqı yoxdur.

Üçüncü maddə: Əmirəlmö’minin Əli əleyhissəlama namaz qılarkən hörmətsizlik edib onu söyməyin, lə’nətlənməyin qarşısı alınsın və o Həzrət yaxşılıqla yad edilsin.

Dördüncü maddə: Kufə beytül-malında olan beş milyon dirhəm pul Müaviyənin hökumətinə verilməkdən istisna olunur və həmin pulu İmam Həsən əleyhissəlamın özü lazımi yerlərə sərf edəcək. Həmçinin, Müaviyə beytül-maldan ayrılan payda Bəni Haşimi Bəni Üməyyədən üstün tutmalıdır. Eləcə də Müaviyə Darabegərd şəhərinin xəracının bir milyon dirhəmini Əli əleyhissəlamın rəhbərliyi altında Cəməl və Siffeyn döyüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir.[27]

Beşinci maddə: Müaviyə bütün əhaliyə, istər Şam, istər İraq, istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha tə’qib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Onları Müaviyənin hökumətinə qarşı keçmişdəki fəaliyyətlərinə görə axtarışa mə’ruz qoymamalı, xüsusilə keçmiş kin-kudurətə görə İraq əhalisinə əziyyət verilməməlidir. Bundan əlavə, Müaviyə Əli əleyhissəlamın dostlarını harda olursa olsunlar amanda saxlamalı və onların heç birinə əziyyət etməməlidir. Əli əleyhissəlamın şiələrinin canı, malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa mə’ruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əli əleyhissəlamın şiələrindəki beytül-mal onların özlərində qalmalıdır.

Həmçinin, Həsən ibn Əli (əleyhissəlam) və qardaşı Hüseyn ibn Əli (əleyhissəlam) və eləcə də, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.

Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam ə’yan-əşrafı buna şəhadət verdilər.

Beləliklə də, İmam Həsən (əleyhissəlam) hələ uşaq olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alih) gələcəkdən verdiyi xəbər həyata keçdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün İmam Həsən əleyhissəlamı (uşaq olarkən) minbərin başına çıxmış görüb buyurdu: «Mənim bu övladım müsəlmanların ağasıdır. Allah onun vasitəsilə iki müsəlman dəstə arasında sülh yaradacaq.»[28]

 

İmam Həsən əleyhissəlamın Müaviyə ilə sülh etməkdə məqsədi

 

Dünyanın böyük şəxsiyyətləri, ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki, ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür.

Bu məsələyə əsaslanaraq İmam Həsən (əleyhissəlam) da çalışırdı ki, öz yüksək məqsədlərini mümkün qədər tə’min etsin. Buna görə də, Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, hökuməti Müaviyəyə bu şərtlə təhvil verdi ki, Müaviyə hökuməti Qur’an qayda-qanunları və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etsin. Mə’lumdur ki, İmam əleyhissəlamın məqsədi qüdrəti ələ almaq və İslam hökuməti təşkil verməklə yanaşı həm də cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsaydı, yenə İmam əleyhissəlamın məqsədi az da olsa tə’min olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra İmam Həsən (əleyhissəlam) İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş İmam Həsən əleyhissəlamdan böyük olduğunu[29], o dövrdə artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu mə’lum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əli əleyhissəlamın rəsmi şəkildə heç bir qorxu olmadan lə’nətləndiyi, bu işin bir bid’ət kimi camaat arasında yayıldığı və Əli əleyhissəlamın şiə və dostlarının, eləcə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinin (qohum-əqrəbasının) hər yerdə tə’qib olunduğu və tutularaq cürbəcür təzyiqlərə mə’ruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi və’dini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil.

 

Kufədə toplanış

 

Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər (İmam Həsən əleyhissəlamla Müaviyə) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki, indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.

Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tə’nə və təhqirlə dedi: «Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm.»

Daha sonra dedi: «Bunu bilin ki, Həsən ibn Əli əleyhissəlamla bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur.»[30]

Beləliklə də, Müaviyə İmam Həsən əleyhissəlamla bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu.

 

Müaviyənin cinayətləri

 

Müaviyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə əksinə, cinayətlərini daha da artırdı. O, Əli əleyhissəlama əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı, Əli əleyhissəlamın vəfalı, böyük dost və şiələrinə həddən artıq darısqallaşdıraraq Hicr ibn Ədiyy kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Əli əleyhissəlamın şiələrinə yönələn qətl, işkəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Belə ki, Əli əleyhissəlamın əksər dostları ya tutulub həbs edilir, ya dərbədər düşür, ya da öz ev-eşiklərindən uzaq düşüb sıxıntılı mühitdə yaşayırdılar. Müaviyə təkcə Əli (əleyhissəlam) və şiələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi.

Təbəri bu barədə yazır: «Bəsrə əhalisi Darabegərdin xəracını verməyib dedi ki, bu mal bizim beytül-malın olub və bizə məxsusdur.»[31]

Bir çox ardıcıl döyüşlər nəticəsində artıq vuruşmaqdan yorulub öz tayfa başçılarının sözü, Müaviyənin təbliğatçılarının hiyləgər tabliğatı və yağlı və’dələri ilə sülh etməyə razılaşan camaat nə vaxtsa oyanmalı idi. Onlar döyüşə qarşı yorğunluq göstərməklə, Müaviyənin yalan və yağlı və’dələrinə inanmaqla və kor-koranə öz tayfa başçılarının sözü ilə sülhü qəbul etməklə necə böyük səhvə yol verdiklərini anlamalı idilər. Bu isə təkcə bir yolla - öz gördükləri işin acınacaqlı nəticələrini görməklə mümkün idi. Bundan əlavə, müsəlmanlar Əməvi hökumətinin əsl və həqiqi sifətini görməli, onların cəmiyyətdə yaratdıqları çətinlikləri, məhrumiyyətləri, ardıcıl axtarışları və zülmləri öz gözləri ilə görməli idilər.

İmam Həsən əleyhissəlamın və onun ən yaxın dostlarının o həssas dövrdə həyata keçirmək istədiyi məsələ o idi ki, bu hadisələri olduğu kimi camaata göstərsinlər, camaatın ağıl və düşüncəsi nəticəsində onları Əməvi hökumətinin bu cür acınacaqlı işlərinin əleyhinə qiyama hazırlasınlar. Deməli, İmam Həsən (əleyhissəlam) sülh edibsə, bu ağır yükü boynundan atmaqdan ötəri sülh etməyib, əksinə ona görə sülh edib ki, mübarizəni başqa sahədə aparsın. Elə sülhdən sonra baş vermiş hadisələr də bu məsələyə kömək etdi və İraq əhalisini qəflət yuxusundan oyatdı. Təbəri yazır: «Müaviyə (sülh müqaviləsi bağlanandan sonra Kufə yaxınlığındakı) Nüxeylə adlı bir yerdə düşərgə saldı. Bu zaman xəvaricin bir dəstəsi Müaviyənin əleyhinə qiyam edib Kufə şəhərinə daxil oldu. Müaviyə Şam əhalisindən bir dəstəsini onlara qarşı vuruşmağa göndərdi, lakin xəvaric onları məğlubiyyətə uğratdı. Bundan sonra Müaviyə Kufə ordusuna xəbər göndərdi ki, xəvarici məhv etsinlər, əks təqdirdə Kufə əhalisi amanda olmayacaq.»[33]

Beləliklə, Əli əleyhissəlamın və İmam Həsən əleyhissəlamın ordusunda vuruşmağa razı olmayan İraq əhalisi onların və xəvaricin müştərək düşməni olan Müaviyə tərəfindən xəvariclə vuruşmağa məcbur oldular. Bu da onu göstərir ki, camaat Müaviyənin hökumətində arzuladığı sülh və asayişə heç vaxt çatmamışlar.

 

Qorxu içində saxlamaq və aclıq siyasəti

 

Bundan əlavə, Müaviyə camaata qarşı insaniyyətdən uzaq olan bir siyasət də yeridirdi. Bu siyasəti qorxu içində saxlamaq və aclıq siyasətindən başqa bir şey adlandırmaq olmaz. O, bu yolla İraq əhalisini həyat səhnəsindən götürürdü. Müaviyə bir tərəfdən İraq əhalisini hər cür çətinliklər qarşısında qoyur, digər tərəfdən də onları öz hüquqlarından məhrum edirdi.

Sünni məzhəbinin görkəmli alimi ibn Əbil Hədid yazır: «Harada şiə var idisə, qətlə yetirilirdi. Bəni-Üməyyə tərəfindən şiə olduğunu ehtimal verən şəxslərin əl-ayaqları kəsilirdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinə məhəbbəti olanların hamısı ya həbs edilir, ya mal-dövlətləri müsadirə olunur, ya da evi viran edilirdi. Şiələrə qarşı təzyiqlər o qədər artmışdı ki, Əli əleyhissəlamı sevmək nisbəti küfr nisbətindən pis sayılırdı və onun ardınca acınacaqlı əzablar gözlənilirdi. Kin-küdurət doğuran bu siyasətin icrasında Kufə şəhərinin vəziyyəti hər yerdən pis idi. Çünki Kufə Əli əleyhissəlamın şiələrinin mərkəzi hesab olunurdu. Müaviyə Ziyad ibn Süməyyəni Kufənin valisi tə’yin etdi, sonradan Bəsrənin də hökumətini ona tapşırdı. Bir vaxtlar Əli əleyhissəlamın şiələrindən olan Ziyad onları çox yaxşı tanıyırdı. O, şiələri harada gizlənmişdilərsə, tapıb öldürdüyünü öldürdü, bə’zilərini hədələyərək əl-ayaqlarını kəsdi, gözlərini çıxartdı, xurma ağaclarının budaqlarından asdırdı və onları İraqdan didərgin saldı. Belə ki, daha şiənin tanınmış şəxsiyyətlərindən heç biri İraqda qalmadı.»

 

Kufə və Bəsrədə təzyiqlərin artması

 

Yuxarıda qeyd etdik ki, İraq əhalisi, xüsusən də kufəlilər hamıdan çox təzyiqlərə mə’ruz qalırdılar. İş o yerə çatmışdı ki, onlar öz e’tibarlı, inamlı dostlarının evinə get-gəl edib bir gizli söhbət etmək istədikdə, ev sahibinin xidmətçisindən qorxduqları üçün ondan xəbərçilik etməyəcəyi barədə and almayınca sözə başlamazdılar.

Müaviyə ölkənin bütün valilərinə məktub yazıb onlara tapşırdı ki, şiə və Əli (əleyhissəlam) övladlarının şəhadətini də qəbul etməsinlər.

O, məktubların birində belə yazır: «Əgər iki nəfər bir nəfərin şiə olduğuna şəhadət verərsə, dərhal onun adını beytül-maldan silin və onu hüququndan məhrum edin.»[34]

Növbə ilə altı ay Kufədə, altı ay Bəsrədə vali olan Ziyad Bəsrədə olmadığı dövrdə öz işlərini Səmürə ibn Cündəbə tapşırırdı. Səmürə bu müddətdə (altı ayda) səkkiz min nəfəri qətlə yetirdi. Ziyad ona dedi: Qorxmursan ki, onların arasında biri günahsız olar? Səmürə dedi: “Onların iki bərabərini öldürsəm də, yenə qorxmaram.”

Əbu Səvar Ədəvi deyir: «Səmürə bir gün hamısı Qur’anı əzbərdən bilən qırx yeddi qohumumu öldürdü.»[35]

 

Sülh - Aşura hərəkatı üçün zəminə yaradan

 

Bu qorxulu hadisələr İraq əhalisini möhkəm oyatdı və əhali Əməvi hakimiyyətinin əsl mahiyyətini az da olsa, tanıdı. Onlar artıq sakit oturmaqdan, süst qalmaqdan bezmişdilər. Tayfa başçılarının İmam Həsən əleyhissəlamın sülhündən istifadə edib Müaviyənin «səxavətindən» bəhrələndiyi bir vaxtda İraqın adi əhalisi öz ayaqları ilə tərəfinə getmiş və öz əlləri ilə ona be’yət etmiş Müaviyənin zalım hökumətinin əsl mahiyyətini yavaş-yavaş tanımağa başlayırdı.

Müaviyə Müğeyrə ibn Şü’bəni Kufəyə, Abdullah ibn Amiri isə Bəsrəyə başçı tə’yin etdi. Osmanın ölümündən sonra Bəsrədən çıxıb getmiş Abdullah yenidən oraya qayıtdı. Müaviyənin özü isə Şama gedib Dəməşqdə ölkə işlərinin tədbirinə başladı.

İraq camaatı hər dəfə Əli əleyhissəlamın dövründəki yaşayışlarını yada saldıqda, qəmgin olur və Əli əleyhissəlamı himayə etmədiklərinə görə peşmançılıq çəkirdilər. Eləcə də, Şam əhalisi ilə bağladıqları sülhə görə peşman olmuşdular. Onlar bir-biri ilə rastlaşanda, bir-birini danlayır, bir-birindən soruşurdular ki, görəsən, nə olacaq, nə etməliyik? Sülhdən bir neçə il keçməmişdi ki, Kufə şəhərinin nümayəndələri İmam Həsən əleyhissəlamı görüb onunla söhbət etmək və onun sözlərinə qulaq asmaq üçün Kufədən Mədinəyə get-gəl etməyə başladılar.[36]

Bu əsasa görə İmam Həsən əleyhissəlamın sülh dövrü gələcək günə qədər camaatın azğın Əməvi hökumətinə qarşı hazırlıq və döyüş üçün məşq etmək dövrü hesab olur. Elə bir gün ki, İslam cəmiyyəti artıq həmin gün mübarizə etmək üçün hazır olacaqdı.

 

Qiyam etmək üçün hazırlığı bildirmək

 

İmam Həsən (əleyhissəlam) sülh edəndə, hələ camaatın düşüncə tərzi o dərəcəyə çatmamışdı ki, İmam əleyhissəlamın məqsədini tə’min etsin. O zaman İslam cəmiyyəti arzu və istək zəncirlərinin əsiri idi. Bu həmin arzu və istək idi ki, camaatda məğlubiyyət ruhiyyəsi yaratmışdı. Buna görə də, İmam Həsən əleyhissəlamın qarşısında duran məqsəd camaatın fikrini Əməvi hökumətinə qarşı qiyama yönəltmək, camaata Əməvi hökumətinin həqiqi mahiyyətini başa düşüb fikirləşmək üçün fürsət verməkdən ibarət idi. Xüsusilə qeyd etmək lazımdır ki, İmam Həsən əleyhissəlamın Əməvi hökumətinin cinayət və zülmlərinə, onların Qur’an və İslam qayda-qanunlarını kəskin surətdə pozmasına işarə etməsi, camaatın fikrini tamamilə oyadırdı. Yavaş-yavaş bu oyanış artdı və İraqın böyük şəxsiyyətləri İmam Hüseyn əleyhissəlamın yanına gəlib ondan qiyam etməsini istədilər.[37]

 

Hadisələrin Mədinədə tə’siri

 

İmam Həsən əleyhissəlamın şəhadətindən sonra İmam Hüseyn (əleyhissəlam) İmamət məqamını öz öhdəsinə götürdü. Bu vaxtlar Müaviyənin törətdiyi cinayətlər Mədinədə səs-küyə səbəb olmuş və İmam Hüseyn əleyhissəlamın böyük şiə şəxsiyyətləri ilə İraq, Hicaz və başqa yerlərdə təşkil etdiyi ictimai yığıncaqların əsas söhbətinə çevrilmişdi. Məsələn, Müaviyə Hicr ibn Ədiyy və onun yol yoldaşlarını öldürdükdən sonra Kufənin adlı-sanlı şəxsiyyətlərindən bir neçəsi İmam Hüseyn əleyhissəlamın yanına gedərək məsələdən onu xəbərdar etdilər. Bu xəbərin yayılması ilə bütün mö’minlər arasında hökumətə qarşı böyük nifrət hissi oyandı.

Bu məsələdən mə’lum olur ki, artıq o vaxtlar Əməvi hökumətinə qarşı müntəzəm olaraq müxalifətlər irəli sürülürdü. Bu müxalifətin təbliğatçıları və əsas aparıcı qüvvələr İmam Həsən əleyhissəlamın sayca az olan ən yaxın dostları idi. İmam Həsən (əleyhissəlam) öz ağıllı tədbiri ilə onların canını Müaviyənin apardığı çirkin bəlasından qoruyub saxlamışdı. Bu azsaylı dəstənin məqsədi o idi ki, qiyamın yetişməsi və camaatı qiyama hazırlamaq məqsədilə Müaviyənin hakimiyyəti dövrü ərzində törətdiyi bütün cinayətləri camaatın yadına salsın.[38]

Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh, İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi?

Ötən araşdırmalarda İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini aydınlaşdırdıq. Burada belə bir sual irəli gəlir ki, nəyə görə İmam Həsən (əleyhissəlam) sülh, İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi? Əgər sülh etmək düzgün fikirdisə, bəs onda nəyə görə İmam Hüseyn (əleyhissəlam) Yezidlə sülh bağlamadı? Yox əgər vuruşmaq lazım idisə, onda nəyə görə İmam Həsən (əleyhissəlam) vuruşmadı?

Bu sualların cavabını bu iki böyük İmamın yaşadığı müxtəlif şəraitli dövrdə və Yezidlə Müaviyənin rəftarında axtarmaq lazımdır. İndi Müaviyə ilə Yezidin rəftarındakı fərqli cəhətlər haqqında az da olsa, sizə mə’lumat veririk.

 

Müaviyənin baş aldatmaları

 

Müaviyə hakimiyyəti dövründə avam, aldadıcı plan və siyasətlərlə öz hökumətini şər’i və İslami bir hökumət kimi göstərməyə çalışırdı. O, camaatın fikrini onun hökumətinin həqiqi İslam siyasətindən kənar olduğunu anlamaqdan yayındırırdı. Düzdür, Müaviyə əməldə İslamı təhrif etmiş və əsl İslam hökumətinin yerinə Əməvi hakimiyyətini gətirib çıxarmaqla İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi, lakin bununla belə yenə də İslamın zahirinə əməl edir, zahirdə İslam qayda-qanunlarına riayət edirdi. Arada olan pərdələri cırmırdı, sarayında azca da olsa, İslamın zahiri qayda-qanunlarını dəyişməyə qoymurdu. O, çox yaxşı bilirdi ki, din və İslam xilafəti adı ilə camaata başçılıq edir. Buna görə də, aşkarda elə bir iş görməməli idi ki, camaat o işi dinə qarşı mübarizə kimi qələmə versin. Çünki Müaviyə də elə bu dinə əsasən, camaata rəhbərlik edirdi. Əksinə, o tutduğu mövqeyə uyğun olaraq həmişə öz əməllərini din çərçivəsində yerləşdirirdi. İslam və din qayda-qanunlarına uyğun olmayan işləri isə gizlində görürdü.

Bundan əlavə, Müaviyə çətinlikləri həll etməkdə və müşkülatı yoluna qoymaqda fövqəl’adə bir siyasət işlədirdi. Çətinlikləri xüsusi yollarla həll edirdi. Ancaq Yezid bu cür siyasət yeritmirdi. Elə bu iki səbəbə görə Müaviyənin hakimiyyəti dövründə qiyamın qələbə ilə nəticələnməsi və şəhadətin müsbət tə’sir verəcəyi sual altında qalırdı. Çünki camaat o vaxt Əməvi hakimiyyətinə qarşı qiyam etməyi düzgün hesab etmirdi. O vaxt camaatda Əməvi hakimiyyətinə qarşı hələ nifrət hissi oyanmamışdı. Cəmiyyətin ümumi fikri Müaviyənin İslamdan kənar olduğunu hələ anlamadığına görə, bə’zi gözlənilməz ünsürlər səbəbindən İmam Həsən əleyhissəlamın Müaviyə ilə mübarizəsi haqqın batilə qarşı mübarizəsi kimi yox, hakimiyyət uğrunda mübarizə kimi hesab olunurdu. Belə bir vaxtda şəhid olmaq qiyamın məqsədlərini irəli aparmaqda heç bir kömək etməz, camaatın ümumi rə’yi səhv formalaşar və bununla da, həqiqət heç olardı.

 

Münasib olmayan mühit

 

Yuxarıda qeyd etdik ki, Müaviyənin dövründəki siyasi vəziyyət elə bir halda deyildi ki, bir nəfər islahedici müəyyən bir yolla işi həll edə bilsin. Cəmiyyət öz ağlı ilə öz yolunu tə’yin edə biləcək səviyyədə deyildi. Əksinə, onda vəziyyət elə idi ki, o vəziyyətdə hər hansı bir islahedici fəsad rəhbərlərin əməllərini gözləməli, fürsət düşdükdə öz imkanlarını, ətrafdakıları və düşmənlə mübarizəsini nəzərə almaqla əks tədbirlər görməli idi. Bununla da, “məğlub olmuş həqiqət”ə “qalib gəlmiş yalan” qarşısında qələbə qazandırmalı idi. İmam Həsən əleyhissəlamın dövründəki əsas müşkül də elə bu idi. O dövrdə şəhadət lazımi şərait istəyirdi ki, fərdi şəhadətdən çıxıb ictimai şəhadətə çevrilsin. Şəhidin qanı camaatda yeni fikir yaratmalı idi.

Tarixi faktlar göstərir ki, İmam Həsən (əleyhissəlam) onun ətrafına toplaşmış süst ordu ilə (onların gördükləri bə’zi işləri sizin nəzərinizə çatdırmışıq) ayağa qalxıb Müaviyə ilə vuruşsaydı, onu tezliklə bir qəhrəman kimi şəhid etməzdilər. Onu əsir tutardılar. Müaviyə istəyirdi ki, özünün və ailəsinin (qohum-əqrabasının) İslam ordusu qarşısında rüsvayçılığını və bu orduu tərəfindən əsir olunmalarının əvəzini Məhəmmədin (səlləllahu əleyhi və alih) ailəsinin böyüklərindən birini əsir tutmaqla çıxsın. Deməli, əgər İmam Həsən (əleyhissəlam) məğlub olsaydı, qəhrəman bir şəhid kimi (Aşurada olduğu kimi) öldürülməz, Müaviyə tərəfindən əsir olar və nəhayət müəmmalı şəkildə öldürülərdi. Bu da o dövrdə haqqa dəyəcək böyük bir ziyan olardı. Əgər İmam Həsən əleyhissəlamın ordusu Müaviyənin ordusu ilə döyüşdə məğlub olsaydı, Müaviyənin ordusu müsəlman şəhərlərinə hücum edib bacardığı qədər əhalini qırardı. Xüsusilə də, Həzrət Əli (əleyhissəlam) və İmam Həsən əleyhissəlamın tabeçiliyində olan Məkkə, Mədinə, Kufə, Bəsrə və digər şəhərləri talan edərdi. Beləliklə də, ölənlərin sayı Kərbəladan fərqli olaraq məhdud qalmaz və həddi aşıb-daşardı. İmamın qarşısını aldığı hədər qanın tökülməsi də elə bu idi.1

Bəlkə də elə bu səbəblərə görə (və İmam Hüseyn əleyhissəlamın İmam Həsən əleyhissəlamın sülhünə razılıq bildirmək məqsədilə) İmam Hüseyn (əleyhissəlam) qardaşının şəhadətindən sonra Müaviyənin son on il hakimiyyəti dövründə, yə’ni, təxminən hicrətin əllinci ilindən altımışıncı ilinədək qiyam etmədi. İmam Hüseyn (əleyhissəlam) o vaxt münasib fürsətin ələ düşməsi üçün günləri sayır və camaatın ümumi fikrini oyatmaqla kifayətlənirdi. Çünki İmam Hüseyn (əleyhissəlam) əgər o vaxt qiyam etsəydi, bu qiyam İslam cəmiyyətində necə nəticələnəcəyi və camaatın fikrində necə cilvələnəcəyi mə’lum deyildi.

 

Yezid - İslam cəmiyyətinin nifrətamiz siması

 

Yuxarıda dediyimiz məsələlər Yezid barəsində tamamilə əksinədir. Çünki Yezidin, həm atası Müaviyənin yeritdiyi siyasətdən başı çıxmırdı, həm də din adı altında camaata rəhbərlik etdiyi İslam dininin zahirindən də çox uzaq idi.

Yezid hələ bişməmiş, şəhvətpərəst, özbaşınalıq edən, ehtiyat və uzaqgörənlikdən uzaq olan bir gənc idi. O, ağılsız, qorxusuz, kefcil, əyyaş və çox aşağı səviyyəli fikir düşüncəsinə malik olan bir adam idi.

Hakimiyyətə gəlişindən qabaq həvayi-nəfsinin qulu və dünya təmayüllü Yezid hakimiyyətə gəldikdən sonra da, atasından fərqli olaraq heç İslamın zahirinə də əməl etmirdi. O, hətta zahirdə də özünü dindar və imanlı bir şəxs kimi göstərmirdi. Əksinə, qorxusuzluğu nəticəsində İslamın zahiri qayda-qanunlarını da pozur və şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni edirdi. O, açıq-aşkar şərab içir və açıqcasına fitnə-fəsad törədirdi. Yezid siyasi nöqteyi-nəzərdən o qədər zəif idi ki, İslamla barışmaz düşmən olan və cahiliyyət dövrünü xatırladan Bəni-Üməyyə hakimiyyətinin əsl mahiyyətini camaata aşkar etdi. Yezidin bu qanun pozuntuları və işlərə laqeyd yanaşması artıq onun xilafət məqamını qoruyub saxlamağa ləyaqəti olmadığını və müsəlmanların rəhbəri olmasına səlahiyyəti çatmadığını hamıya sübut etmişdi. Buna əsasən, Bəni-Üməyyə hakimiyyətinin muzdurları İmam Hüseyn əleyhissəlamın qiyamını camaatın fikrində müttəhəm edə bilməzdilər. Çünki camaat Yezidin dini qayda-qanunlarla heç cür uyğunluğu olmayan işlərini öz gözləri ilə görürdü. Elə Yezidin bu rəftarı onun hökumətini devirmək üçün qiyam etmək fikrini camaatda oyatmaq üçün mühüm amil hesab olunurdu. Belə bir dövrdə camaat İmam Hüseyn əleyhissəlamın qiyamını siyasi ixtilaf və vəzifə üstündə mübarizə kimi yox, Peyğəmbər (səlləllahu əleyhi və alih) balasının İslamı qorumaq məqsədilə batil hökumət əleyhinə mübarizəsi kimi qələmə verirdi.

 

Qiyamçılar qüvvə toplayır

 

İmam Hüseyn əleyhissəlamın qiyamının başqa bir səbəbini də, İmam Həsən əleyhissəlamın sülhündən sonra şiələrin də’vətinin genişlənməsində və ümumi fikrin oyanmasında axtarmalıyıq. Çünki İmam Həsən əleyhissəlamın sülhündən sonra Əməvi hökumətinə qarşı yaranmış hərəkat günbəgün artır və hərəkatın dairəsi genişlənirdi. Müaviyənin də siyasəti istər bilərəkdən, istərsə də, bilməyərəkdən bu hərəkatın genişlənməsinə gətirib çıxarmışdı. Çünki İmam Həsən əleyhissəlamın şəhadətindən sonra meydanı bir az açıq görən Müaviyə get-gedə vəziyyəti camaata (xüsusən də, Əli əleyhissəlamın şiələrinə) çətinləşdirir və əlindən gələn zülmü edirdi. Müaviyənin müsəlmanların hüquqlarına dəfələrlə təcavüz etməsi və onun ordusunun günahsız insanları qırması, yaxud əziyyət verməsi, sülh müqaviləsini pozması, sülh müqaviləsində qeyd olunanın əksinə olaraq özündən sonra Yezid üçün vəliyyi-əhd adı ilə camaatdan bey’ət alması, nəhayət İmam Həsən əleyhissəlamı zəhərləməsi Bəni-Üməyyə hakimiyyətini daha da ləkələyən və onun mövqeyini bir qədər də zəiflədən məsələlər idi. Bu hadisələr şiələrin birləşməsi və Əməvi hökumətinə qarşı cəbhənin güclənməsinə və tədricən İmam Hüseyn əleyhissəlamın qiyamının başlanmasına səbəb oldu.

Görkəmli Misir alimi və yazıçısı doktor Taha Hüseyn sülh müqaviləsindən sonra Müaviyənin şiələri tə’nə və tənqid etməsini qeyd edərək yazır: «Müaviyənin son on il hakimiyyəti dövründə şiələrin işi artdı və onların də’vəti İslam ölkəsinin Şərqində və ərəb məntəqələrinin Cənubunda həddən artıq yüksəliş tapdı. Belə ki, Müaviyənin ölümü zamanı camaatın əksəriyyəti, xüsusən də, İraq əhalisi Müaviyəni lə’nətləməyi və Əhli-beyt məhəbbətini özlərinə bir dini vəzifə kimi hesab edirdi.»1 Beləliklə də, İslam cəmiyyəti Əməvi hökumətinin həqiqi simasını kifayət qədər tanıdı. Onlar bu hökumətin işkəncələrini kifayət qədər daddılar və bu hökumətin müsəlmanların hüquqlarına etdiyi təcavüz və zülmləri gördülər. Bu hökumətin Müaviyənin hakimiyyəti dövründə üzünə keçirdiyi üzlük kənara çəkilərək camaat onun həqiqi qiyafəsini tanıdı. Bunun da nəticəsində Müaviyənin ölümü və İslam cəmiyyətinin oyanması ilə Müaviyənin dövründə baş tutacaq bir qiyama mane olan səbəblər aradan qaldırıldı və Əməvi hökumətinə qarşı qiyam üçün yol açıldı. Belə bir vaxtda Hüseyn ibn Əli (əleyhissəlam) azğın Bəni-Üməyyə hökumətinə qəti zərbə endirərək o böyük və misilsiz qiyamı həyata keçirtdi.

 

İlhamverən qiyam

 

İmam Hüseyn əleyhissəlamın qiyamı cəmiyyətdə böyük dönüş yaradaraq vəziyyəti dəyişdirdi. Bütün fikirləri Əməvi hökumətinə qarşı yönəldərək «Təvvabin» qiyamı, Mədinə əhalisinin qiyamı, Muxtari-Səqəfinin qiyamı, Zeyd ibn Əli ibn Hüseyn əleyhissəlamın qiyamı və bir neçə başqa ardıcıl qiyamlara səbəb oldu. Əgər bu qiyam İmam Həsən əleyhissəlamın dövründə və o Həzrətin başçılığı altında həyata keçsəydi, heç bir nəticəsi olmayacaqdı.

İmam Hüseyn (əleyhissəlam) həqiqətdə öz əziz qardaşının tutduğu proqramla irəliləyirdi. Çünki İmam Həsən (əleyhissəlam) son dərəcə vüqarla kütbeyin insanların səhvlərinə dözərək o dövrün həqiqətlərinin üstü-örtülü olması nəticəsində sülh imzalamaqla yavaş-yavaş qiyam üçün zəminə yaradaraq camaatın beynində inqilabi fikirlər oyatdı. Elə ki şərait tamamilə hazır oldu, Hüseyn ibn Əli (əleyhissəlam) fəsad mərkəzinə hücumun rəhbərliyini öz öhdəsinə götürdü.

 

Tərəfdarların fərqi

 

İmam Həsən əleyhissəlamla İmam Hüseyn əleyhissəlamın yaşadığı dövr arasındakı fərqdən əlavə, bu iki İmamın tərəfdarları arasındakı fərqi də nəzərə almaq lazımdır. İrəlidə qeyd etmişdik ki, İmam Həsən əleyhissəlamın ordusu bir şayiə eşitməklə bir-birinə dəydi və bə’ziləri İmamın çadırına hücum edərək hətta onun ayağı altındakı xalçanı da qarət etdilər. İmamla Şam ordusuna qarşı vuruşmaq və bu yolda can vermək istəyənlərin özləri fitnə yaradaraq İmamı tək qoydular. İndi onları İmam Hüseyn əleyhissəlamın tərəfdarları ilə müqayisə edin. İmam Hüseyn əleyhissəlamın tərəfdarları Aşura gecəsi (Tasua günü) (İmam Hüseyn əleyhissəlama) deyirdilər: «And olsun Allaha, əgər bilsək ki, öldürüləcəyik, sonra bizi dirildib yenə öldürərək yandırıb külümüzü küləyə verəcəklər və bu işi yetmiş dəfə təkrarlayacaqlar, sənin yolunda can verməmiş yenə səndən ayrılmarıq. Ölmək ki, bir dəfədən çox deyil! Özü də şəhadətə yetişmək kimi ölmək. Bu, əbədi səadət və izzətdir!»

Bəli, bu cür insanlarla bəşəriyyət tarixində «şəhadət» adlı bir şövq, göylərdə «Aşura» adlı bir zümzümə yaratmaq olar. Lakin o cür şəxslərlə (İmam Həsən əleyhissəlamın dövründəki adamlarla) nə qələbə mümkündür, nə də şəhadət. Onlar adamı əl-qolu bağlı düşmənə təhvil verər və adama əsirlik zillətindən başqa heç bir şey nəsib etməzlər. İmam Həsən əleyhissəlamın mübarizə səngərini dəyişməsinin səbəbi də elə bu idi. Başqa sözlə desək, İmam Həsən (əleyhissəlam) mübarizə məqsədini yox, formasını dəyişdi. Elə bil ki, nəqliyyat vasitəsi gedə-gedə namaz qılan şəxs nəqliyyat vasitəsi sağa-sola dönərkən o da yerini dəyişir, ancaq cəhəti (qibləyə tərəf durmaq) olduğu kimi qalır. Haqq tərəfdarlarının məqsədi də daima batilə qarşı mübarizə etmək olub. İstər bu mübarizə Aşurada (Kərbəla çölündə), istər Kufənin məhəllə və küçələrində, istər Mədinə məscidində, istər Bağdad zindanında və istərsə də ayrı yerlərdə olsun.

İmam Həsən (əleyhissəlam) o dövrdə haqq-ədalətin yayılmasına böyük mane olan Müaviyəni hədəf tutmuşdu. Bu ali məqsədə gah ordu hazırlamaqla yetişmək istəyir, gah da sülhü qəbul etmək tədbiri ilə.1

 

Bir vəzifənin iki tərəfi

 

Nəzər sahibləri olan düşüncəli insanların fikrincə Sabat günündəki fədakarlıq hadisəsi Aşura gününün hadisəsindən daha artıq olmuşdur. Çünki İmam Həsən (əleyhissəlam) həmən gün fədakarlıq səhnəsində səbirli və dözümlü bir qəhrəman rolunu məğlub olub əldən düşmüş bir şəx simasında oynadı. Buna görə də, Aşura şəhadəti ilk növbədə İmam Həsən əleyhissəlama sonra isə İmam Hüseyn əleyhissəlama yetişmişdi. Çünki Aşura hərəkatının əsas banisi İmam Həsən (əleyhissəlam) olmuş, İmam Hüseyn (əleyhissəlam) isə onu sona çatdırmışdır.

İmam Həsən əleyhissəlamın qiyamının həqiqəti, öz səbr və hikməti sayəsində aşkar etməyə bağlı idi. İmam Hüseyn əleyhissəlamın parlaq qələbəsinin səbəbi də, məhz həqiqətin bu cür aşkara çıxması idi. Elə bil ki, İmam Həsən əleyhissəlamla İmam Hüseyn (əleyhissəlam) (İslamın ziddinə olan Əməvi hökumətinin əsl mahiyyətini aşkar etmək və camaatı qəflət yuxusundan oyatmaq üçün) müttəfiq olaraq bir proqram əsasında hərəkət etmiş və hər biri bir rolda çıxış etmişlər. Təkcə fərq budur ki, İmam Həsən (əleyhissəlam) öz rolunu hikmətli səbr əsasında, İmam Hüseyn (əleyhissəlam) isə mərdcəsinə qiyam etmək əsasında ifa etmişdir. Beləliklə də, bir məqsədə çatmaq üçün mükəmməl bir taktika yaranmışdır.

Sabat və Kərbəla hadisəsindən sonra camaat oyanıb hadisələr və vəziyyətin gedişi haqqında və Bəni-Üməyyə hakimiyyətinin əsl mahiyyəti barədə fikirləşməyə başladı.»1

Bu həqiqətləri nəzərə alaraq deyə bilərik ki, əgər İmam Hüseyn (əleyhissəlam) öz əziz qardaşı İmam Həsən əleyhissəlamın vaxtındakı şəraitdə olsaydı, eynilə İmam Həsən əleyhissəlamın gördüyü işi görəcəkdi. Eləcə də, İmam Həsən (əleyhissəlam) İmam Hüseyn əleyhissəlamın yerində olsaydı, eynilə İmam Hüseyn əleyhissəlamın gördüyü işi görəcəkdi. Çünki bu iki İmam hərə öz vaxtının şəraitinə uyğun olaraq öz vəzifələrini yerinə yetirmişlər.

İslam peyğəmbəri bu hadisələri nəzərə alaraq öz uzaqgörənliyi ilə bu iki övladı barədə buyurmuşdur: «Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) İslamın iki İmamıdırlar. İstər sülh etsinlər, istərsə də qiyam.»[39]

 

Sülh, yoxsa məsləhət?

 

Bu bölməni Tehran şəhərində çap olunmuş «Günün qadını» jurnalından götürülmüş «Sülh, yoxsa məsləhət?» adlı başlıqla yekunlaşdırırıq.

İmam Həsən əleyhissəlamın sülhünü, başqa sözlə desək, Müaviyə ilə bağladığı atəşkəsi bəlkə də, İslam dünyasında İmamət məqamının ən çətin mərhələlərindən biri kimi adlandırmaq olar. Tarixin bu inqilabi hərəkəti və onun insanı üzən çətinliklərinə dözmək həmişə mübahisələr törətmiş və suallara səbəb olmuşdur. Bu hadisənin acınacaqlı çətinliklərinə Həzrət Əli əleyhissəlamın oğlu İmam Həsən (əleyhissəlam) imana nisbət öz ali məqamı ilə dözmüş, ondan başqa heç kəs bunlara dözməmiş və dözə də bilməz. Ancaq təəssüflər olsun ki, qərəzi olanlar qərəz məqsədi ilə, cahillər də öz nadanlıqları nəticəsində bu cür iman əsasında çəkilmiş planı təhrif etmiş və pis mə’nalara yozmuşlar.

İmamların hamısı təqva nümunəsi və hərənin özünəməxsus yolu olmuşdur. Təqva hamısında müştərək cəhət olmuş, yolları isə bir-birindən fərqlənmişdir.

Əli əleyhissəlamın seçdiyi yol iki hissədən - sükut və qiyamdan təşkil olmuş və ümməti qabağa aparmışdır. İmam Həsən əleyhissəlamın yolu birinci mərhələdə, İmam Hüseyn əleyhissəlamın yolu isə ikinci mərhələdə atalarının yolu kimidir. Əli (əleyhissəlam) sükut etmədən qiyam edib xəbərdaredici və həyatverən şəhadətə çatmazdı. İmam Hüseyn əleyhissəlamın da fəryadı və canfəşanlığı qardaşının sülhü olmadan özünü tarixə sala bilməzdi.

İmam Həsən əleyhissəlamı öz sağlamlığını güdən bir şəxs kimi fikirləşənlər və eləcə də, şur və həyəcan nəticəsində İmam Həsən əleyhissəlamın da şəhadəti seçib Sabatda (Sabat sülh müqaviləsi bağlanan yerin adıdır. Onunla əlaqədar olaraq sülh bağlanan günün də adı Sabat günü adlandırılmışdır. İmam Həsən əleyhissəlamın bu sülhü inqilabi və tarixi bir hadisə olmuş, başqa sözlə desək, İmam Həsən əleyhissəlamın Aşurası olmuşdur.) yeni bir Aşura, Kufədə yeni bir Kərbəla yaratmasını arzulayanların hamısı səhv fikirdədir.

 

Yol seçmək mübarizənin ən əsas cəhətidir

 

Ola bilsin şəhadətə dözmək İmam Həsən (əleyhissəlam) üçün daha asan olardı. Ancaq o da, təkcə İslam və müsəlmanları fikirləşməli və mübarizənin ən əsas yolunu seçməli idi. Bir az fikirləşdikdə, görürük ki, İmam Həsən əleyhissəlamın dövründə sülhdən başqa heç bir yol yox idi. O da ancaq yaxşı ölmək və məqsədə çatmaq üçün idi. Əgər İmam Həsən (əleyhissəlam) tək qaldığı bir dövrdə qardaşı kimi qiyam edib şəhid olsaydı, İmamət xətti qırılardı. Əgər İmam Həsən əleyhissəlamın da qardaşı Hüseyn (əleyhissəlam) kimi yetmiş iki dostu olsaydı, bəlkə o da, İmam Hüseyn (əleyhissəlam) kimi qiyam edərdi. Ancaq düşmən onun ordusunu başından uzaqlaşdırdığı və hətta İmam əleyhissəlamın öz arvadını onu zəhərləmək üçün razı saldığı, İmam əleyhissəlamın ordusunun başçılarını İmam əleyhissəlamı qolubağlı Müaviyəyə təslim etmək üçün pulla aldatdığı və nəhayət İmam əleyhissəlamın qiyam üçün kömək istəyəcəyi bir ordunun başçısını İmam əleyhissəlamın öz əleyhinə qiyama qaldırdığı bir halda, İmam əleyhissəlamın sülhdən başqa çarəsi vardımı? İmam əleyhissəlamın e’tibar edəcəyi təkcə insan var idisə, o da İmam Hüseyn (əleyhissəlam) idi. Ancaq onu da sabahın Aşurası gözləyirdi. Əgər Kərbəla şəhadətinin İmam Hüseyn əleyhissəlamın başına gəlməzdən qabaq İmam Həsən əleyhissəlamın başına gəldiyini qeyd etməsək və İmam Həsən əleyhissəlama Sabat günü fədakarlıq meydanında məğlub olmayan bir qəhrəman rolunu məzlum və əldən düşməmiş məğlub (yə’ni, sülhü məcbur olub qəbul etmişdir) bir şəxs simasında ifa etməsinə nəzər salmasaq, insafsızlıq etmiş olarıq.

Əgər İmam Həsən (əleyhissəlam) Müaviyə ilə sülh sazişi bağlamasaydı və həmən sülhün pozulması sınağı camaat üçün irəli gəlməsəydi, şübhəsiz ki, İmam Hüseyn əleyhissəlamın qiyamı da baş tutmayacaqdı. Əgər İmam Həsən (əleyhissəlam) Müaviyəni özündən sonra canişin tə’yin etmək hüququndan məhrum etməsəydi və Müaviyə Yezidi özündən sonra canişin tə’yin etməklə bu maddəni pozmasaydı, nə İmam Hüseyn əleyhissəlamın qiyam etməyə bir səbəbi olardı, nə də onun ardıcılları ona bəraət qazandırmaq üçün bir sübut tapa bilərdilər.

 

Sabat və Aşura - Əməvilərin çirkin cahiliyyətinin ifşaçısı

 

O vaxtın camaatı Sabat və Aşura hadisələrinə nəzər salıb Əməvilərin çirkin cahiliyyətini açıq-aşkar gördü. Gördülər ki, İmam Həsən (əleyhissəlam) sülh bağladı, ancaq Müaviyə sülhün şərtlərini pozaraq beş maddənin heç birinə riayət etmədi. Nə öz hakimiyyəti dövründə Qur’an və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsi ilə hərəkət etdi, nə özündən sonra hakimiyyəti onun əsl sahibinə verdi, nə xəlifə seçməyi şuraya tapşırdı, nə minbərin hörmətini Əli əleyhissəlamı söymək üzündən qoruyub saxladı, nə söz verdiyi (Darabegərd məntəqəsinin) xəracını verdi, nə də Əli əleyhissəlamın şiələrini kişilikdən uzaq olan əzab-əziyyətlərdən qorudu. Nəhayət İmam Həsən əleyhissəlamı da zəhərlədi.

 

Ən böyük istək və bacarmamaq

 

İmam Həsən əleyhissəlamın sakit, İmam Hüseyn əleyhissəlamın isə səs-küylü qiyamı nəticəsində gizli məsələlər üzə çıxaraq gizli fikirlər aşkar oldu. Bu, İslamın İmam Həsən əleyhissəlamda gizlənmiş qəzəbi idi. Bu qəzəb İmam Həsən əleyhissəlamda qalaraq İmam Hüseyn əleyhissəlamın bədənində cuşa gələn İmamət bünövrəsinin qanına çevrildi.

İmam Həsən (əleyhissəlam) istəyib, ancaq istədiyini yerinə yetirə bilməməyin bir nümunəsi idi. O, elə bir mücahid idi ki, döyüşlərdəki şücaəti hamını heyran qoymuş və elə bir övlad idi ki, atasının rəşadət məktəbindən şəhadət məktəbinə qədər ondan bəhrələnmiş və irs aparmışdı. İmamət meydanındakı vəzifəsini təkcə sülhdə görüb necə böyüklük və səbirlə onu qəbul edərək dözdü. Bu İmam Həsən əleyhissəlamın seçdiyi yolun gözəlliyi idi. Bundan başqa heç bir şey deyildi. O, sükut və sülhü qılıncın tiyəsinə oturtmaqla, İslamı qoruyub saxladı. Onun kəsici dili, qəti xütbələri və kəskin çıxışları qılınc sükutunun əvəzini lazımi şəkildə çıxaraq bu yolla qardaşının qanlı qiyamı üçün lazım olan şəraiti hazırladı. İş o yerə çatmışdı ki, Müaviyə onunla söhbət etməkdən qorxur və hiylə ilə çalışırdı ki, onun səsini boğsun və mümkün qədər onu məclislərdə danışmağa qoymasın.

 

Geniş meydanlarda cihad

 

İmam Həsən (əleyhissəlam) islah yolunda ən böyük addımı atdı. Fitnə-fəsad və silahın hakim olduğu bir dövrdə əxlaq, məhəbbət və islah məktəbinin qapılarını açaraq məqsədi islahdan başqa heç nə olmayan bir şəxs kimi öz adını Allah Rizası ilə əvəz etdi. O, ilk mərhələdə sülhə əl atmadı, əksinə, işin axırında və bütün mübarizə meydanlarında məğlub olduqdan sonra sülhü qəbul etdi. Onun mübarizəsi müxtəlif cəhətləri olan geniş meydanlarda oldu. Düşmənlə mübarizə zamanı həm ordunu, həm səngəri, həm də hiylə və kələklərlə üzləşməyi imtahana çəkdi. Münafiq səhabələrinə qarşı islah qüvvəsindən, nəfslə mübarizədə isə, qəzəbini boğub məcbur edilmiş sülhü qəbul etməkdən istifadə etdi.

Bu məzlum və sakit İmamın cihadlarına hətta gözucu da olsa, nəzər salmaqla hər e’tiraza cavab vermək olar...

 

İstinadlar

 

[23] Biharül-ənvar, c.44, səh.147.

[24] Cəlaul-uyun, c.1,səh.345-346.

[25] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.3,səh.405.

[26] Əl-Kamilu fit-tarix, c.3, səh.405; Əl-İstiab, c.1,səh371.

[27] Biharül-ənvar, c.44, səh.10.

[28] Təzkirətül-xəvas, səh.194; Usdul-ğabə, c.2, səh.12; Nurul əbsar, səh.121 və Ət-təbəqatul-kubra, c.1, səh.26; Ənsabul-əşraf, c.3, səh.42.

[29] Həsən ibn Əli əleyhissəlamın sülhü, səh.278.

[30] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.16, səh.15; İrşad (Şeyx Müfid), səh.191.

[31] Tarixül-üməmi vəl-mülük, c.6, səh.95.

[32] Əl-Kamilu fit-tarix, c.3, səh.405.

[33] Tarixül-üməmi vəl-mülük, c.6, səh.95.

[34] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.11, səh.43-45.

[35] Tarixül-üməmi vəl-mülük, c.6, səh.132.

[36] Əli (əleyhissəlam) və övladları, səh.207.

[37] İmam Hüseyn (əleyhissəlam) yanına gələnləri İmam Həsən əleyhissəlamın yanına göndərərək bildirirdi ki, indi ayağa qalxmaq vaxtı deyil. Nə qədər ki, Müaviyə sağdır, inqilab heç cür baş tutmayacaq.

[38] İmam Hüseyn (əleyhissəlam) inqilabının araşdırılması, səh.178-179.

1 İmam cəmiyyət gözündə, səh.121, 133, 171.

1 Əli (əleyhissəlam) və övladları, səh.298

1 İmam cəmiyyətin gözündə, səh.129-130.

1 İmam Həsən əleyhissəlamın sülhü, səh.20-21.

[39] Mənaqibi-Ali-Əbutalib, c.3, səh.394.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ