İmam Həsən (ə) kimdir? (I hissə)

İmam Həsən (ə) kimdir?

* Məzlumların köməkçisi

* Misilsiz bir bəxşiş

* Müaviyə ilə sülhün (atəşkəsin) səbəbləri

* Sülhün səbəbləri İmamın öz dilindən

* Sülh müqaviləsinin mətni

* Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh, İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi?

 

İmam Həsən əleyhissəlamın həyatı barədə qısa məlumat

 

Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi, şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.1

İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

 

Məzlumların köməkçisi



İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məs’uliyyət daşıyırlar. Dərin mə’nəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər tə’min etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər (İmamlar) bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar.

İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bə’zi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi.

Süyuti öz kitabında yazır:«Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.»1

 

İbrətamiz incəlik



İmam Həsən (əleyhissəlam) bə’zi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (əleyhissəlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən (əleyhissəlam) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən (əleyhissəlam) kasıba çoxlu pul verərdi.

 

Elm və fəzilət ailəsi



Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: “Məni elə bir adamın yanına göndər ki, mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən (əleyhissəlam) və Abdullah ibn Cə’fərə tərəf işarə edib kişiyə dedi ki, orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən (əleyhissəlam) buyurdu: “Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki, mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən (əleyhissəlam) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn (əleyhissəlam) da qırx doqquz dinar, daha sonra Abdullah ibn Cə’fər qırx səkkiz dinar kişiyə verdilər.

Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: “Nə oldu?” Kişi cavab verdi ki, səndən pul istədim verdin, ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri (İmam Həsən (əleyhissəlam)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: “Bu ailə elm, hikmət çeşməsi, fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?[1] ”

 

Misilsiz bəxşiş



İmam Həsən (əleyhissəlam) bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o Həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o Həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-ne’mətinə olan e’tinasızlığını da göstərir. Tarixçilər yazırlar: «İmam Həsən Müctəba (əleyhissəlam) ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.»[2]

 

Vasitəli köməklik



İmam Həsən əleyhissəlamın şəxsiyyətinin böyük və ali olması bir nəfər imkansız şəxsin onun evindən əliboş geri qayıtmasına icazə vermirdi. İmamın birbaşa və bilavasitə kömək etməyə imkanı olmadıqda, vasitəli şəkildə imkansızların ehtiyacını ödəməyə çalışardı. O, müxtəlif yollarla tədbir görüb ehtiyacları ödəyər və müşkülatı həll edərdi.

Belə rəvayət olunur ki, bir gün Həzrətin cavanlıq dövrlərində ikinci xəlifənin zamanında kasıb bir kişi onun (ə) yanına gəlib kömək istədi. İş elə gətirmişdi ki, həmin vaxt İmamın pulu yox idi. Digər tərəfdən də kasıb kişinin onun evindən əliboş geri qayıtması İmam əleyhissəlamı utandırırdı. Buna görə İmam Həsən (əleyhissəlam) kişiyə buyurdu:

- Səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan?

- Hara?

- Bu gün xəlifənin qızı rəhmətə getmişdir, xəlifə qızına əza saxlayır, hələ heç kəs ona gəlib başsağlığı verməmişdir. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan.

- Xəlifəyə necə başsağlığı verim?

- Xəlifənin yanına gedib belə de: “Əlhəmdu lillahilləzi sətərəha biculusikə əla qəbriha və la hətəkəha biculusiha əla qəbrik.» İfadənin mə’nası belədir: “Həmd olsun Allaha ki, səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı.» Yə’ni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa, bu, atasının sayəsindədir. Yox əgər sən ondan tez ölsəydin, ola bilərdi ki, onun həyası getsin.

Kasıb kişi İmam əleyhissəlamın dediyi kimi də etdi.

Məhəbbətlə dolu olan xəlifənin qəlbində böyük tə’sir göstərdi və onun kədərini, qəm-qüssəsini azaltdı. Xəlifə əmr etdi ki, kişiyə bəxşiş versinlər. Sonra xəlifə kişidən soruşdu: “Bu sözləri sən özündən dedin, yoxsa səni bir öyrədən var?” Kişi cavab verdi ki, xeyr, bunları mənə Həsən ibn Əli (əleyhissəlam) öyrətmişdir. Xəlifə dedi: “Doğru deyirsən, o, fəsahətli və şirin sözlər mənbəyidir.”1

 

İmam Həsən əleyhissəlamın Müaviyə ilə bağladığı sülhün səbəbləri haqqında araşdırmalar



İmam Həsən əleyhissəlamın həyatının ən əsas və ən mühüm hissəsi onun Müaviyə ilə sülh bağlaması və İmamın məcburi şəkildə xilafətdən, eləcə də İslam hökumətindən kənarlaşdırılmasıdır. İmam əleyhissəlamın həyatının bu hissəsi barədə çoxlu söhbətlər olmuş və hətta bu hissə diqqətsiz dostların və qərəzçi düşmənlərin səhvə yol verməsinə səbəb olmuşdur.

Bə’ziləri İmam Həsən əleyhissəlamın həyatını və o günkü dövrün hadisələrini mütaliə edərək belə suallar irəli sürürlər ki, nəyə görə İmam Həsən (əleyhissəlam) Müaviyə ilə sülh etmişdir? Məgər Əli əleyhissəlamın şəhadətindən sonra o Həzrətin şiələri və ardıcılları onun oğlu İmam Həsən əleyhissəlama bey’ət etməmişdilər? Yaxşı olmazdımı ki, İmam Hüseyn (əleyhissəlam) qaldıran qiyamı, İmam Həsən (əleyhissəlam) elə əvvəlcədən qaldıraydı? Belə olduqda ya qalib gələrdi, ya da şəhadəti ilə Müaviyənin hökumətini laxladardı.

Bu suallara cavab verməzdən qabaq üç məsələyə diqqət yetirmək lazımdır:

1. İmam Həsən əleyhissəlamın imamətindən qabaqkı mübarizələri

Tarix şahiddir ki, İmam Həsən (əleyhissəlam) çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O, İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi.

 

İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə



İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli əleyhissəlamın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi.[3] Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli əleyhissəlamın bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.[4]

İmam Həsən (əleyhissəlam) Kufəyə gələndə, hələ Əbu Musa Əş’əri Kufənin Osman tərəfindən tə’yin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əş’əri bu vəzifəsindən istifadə edərək Əli əleyhissəlamın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən (əleyhissəlam) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.[5]

 

İmam Həsən (əleyhissəlam) Siffeyn döyüşündə



İmam Həsən əleyhissəlamın Siffeyn döyüşündə də ordunu səfərbər edib Əli əleyhissəlamın başçılığı altına gətirməkdə böyük rolu olmuşdur. O Həzrət öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əli əleyhissəlamın ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı vuruşmağa də’vət edirdi.[6]

İmam Həsən əleyhissəlamın haqq yolunda fədailiyi o dərəcədə idi ki, Əli (əleyhissəlam) Siffeyn döyüşündə öz səhabələrinə deyirdi ki, Həsən və qardaşı Hüseynin (əleyhimassəlam) mübarizə etməkdən qarşısını alın, məbada onların ölümü ilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) nəsli kəsilə.[7]

 

2. İmam Həsən əleyhissəlamın Bəni-Üməyyə ilə kəskin mübarizələri



İmam Həsən (əleyhissəlam) haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O, Müaviyənin qeyri-İslami hərəkətlərini açıq-aşkar tənqid edir və Müaviyənin, ümumiyyətlə, bütün Bəni-Üməyyənin nankor və çirkin sabiqələrini qorxmadan açıb söyləyirdi.

İmam Həsən əleyhissəlamın Müaviyə və onun əlaltıları ilə, o cümlədən Əmr As, Ütbə ibn Süfyan, Vəlid ibn Ütbə, Müğeyrə ibn Şü’bə və Mərvan ibn Həkəm kimilərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir.[8]

İmam Həsən (əleyhissəlam) hətta sülh bağladıqdan və Müaviyənin qüdrəti bir az artıb mövqeyi gücləndikdən sonra o, Kufəyə gələndən sonra İmam (əleyhissəlam) minbərə çıxıb sülh bağlamasının səbəblərini söyləyərək Əli əleyhissəlamın ailəsinin üstünlüklərini (fəzilətlərini) bəyan etdi və sonra hər iki dəstənin (həm öz dəstəsinin, həm də Müaviyənin dəstəsinin) qarşısında Müaviyənin zəif cəhətlərinə işarə edib onun idarə etdiyi hökuməti aşkar şəkildə tənqid etdi.[9]

Əli əleyhissəlamın şəhadətindən və İmam Həsən əleyhissəlamın Müaviyə ilə sülh bağlamasından sonra xəvaric (Əli əleyhissəlamın üstünə qiyam çəkib Nəhrəvan döyüşündə məğlub olanlar) bütün qüvvələrini Müaviyənin əleyhinə səfərbər etdilər. Kufədə Müaviyəyə xəbər çatdı ki, Hövsəreyi-Əsədi adlı xəvaric başçılarından biri onun əleyhinə qiyam qaldırıb öz ətrafına ordu toplamışdır. Müaviyə öz mövqeyini qoruyub saxlamaq və İmam Həsən əleyhissəlamın ona tabe olduğunu sübut etmək üçün Mədinəyə getməkdə olan İmam əleyhissəlama xəbər göndərdi ki, Hövsərənin qiyamını yatızdırıb sonra öz yoluna davam etsin. İmam Həsən (əleyhissəlam) ona cavab göndərdi ki, mən müsəlmanların qanının tökülməməsinə görə səndən əl çəkdim (səninlə sülh bağladım). Bu o demək deyil ki, mən sən deyənə qulaq asıb başqaları ilə vuruşam. Əgər vuruşmalı olsam, hamıdan qabaq birinci səninlə vuruşaram. Çünki, səninlə mübarizə etmək xəvariclə vuruşmaqdan daha vacibdir.[10]

İmam əleyhissəlamın bu cümlələrində mübarizə ruhu açıq-aşkar hiss olunur. Xüsusən İmamın əzəmətlə Müaviyəyə dediyi «səndən əl çəkdim» ifadəsi bu mə’nanı vurğulayır.

 

3. İslamda sülhün qaydası



Nəzərə almaq lazımdır ki, İslam dinində müharibə və cihad haqqında ümumi bir qanun yoxdur. İslam dini müəyyən şəraitdə müsəlmanlara kafirlərə qarşı vuruşmağı əmr etdiyi kimi bə’zi vaxtlarda da vuruşmağın bir nəticə verməyəcəyini görüb işi sülhlə həll etməyi əmr edir.

Biz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) həyatında bu iki halın hər ikisini müşahidə edirik. İslam peyğəmbəri Bədr, Ühüd, Xəndək və Hüneyndə döyüşürdüsə, digər şəraitdə isə qələbəni qeyri-mümkün gördükdə, kafirlərlə sülh bağlayır və müvəqqəti olaraq döyüşdən əl çəkir və bu yolla İslamın inkişafına şərait yaradırdı.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) Bəni-Zəmrə və Bəni-Əşcə’ eləcə də (Məkkə əhalisi ilə) Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir.[11]

Buna əsasən, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) o günlər bə’ziləri üçün mə’lum olmayan ali məsləhətlərə görə düşmənlə müvəqqəti sülh bağladı, İmam Həsən (əleyhissəlam) da Allah tərəfindən dini rəhbər seçildiyi üçün hadisənin bütün cəhətlərindən başqalarından daha yaxşı xəbərdar idi. Buna görə də, özünəməxsus uzaqgörənliyi ilə İslam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayır.

Bu mövzu (İmam Həsən əleyhissəlamın sülhü) pis mə’nada başa düşülməməlidir. Əksinə, o Həzrətin elədiyi hərəkət eynilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Hüdeybiyyə sülhündə) elədiyi hərəkət kimi nəzərə alınmalıdır.

İndi isə İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini və onun tarixi əhəmiyyətini yaxşı anlamaq üçün tarixi səhifələməli və bu məsələni əsas tarixi faktlara istinad edərək araşdırmalıyıq.

Qısa olaraq deməliyik ki, əslində İmam Həsən (əleyhissəlam) öz istəyi ilə sülh etmədi, əksinə, o sülh etməyə məcbur oldu. Yə’ni, vəziyyətin və şəraitin yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki, sülh etmək İmam Həsən (əleyhissəlam) üçün zəruri bir məsələyə çevrildi və o Həzrət sülh etməkdən savayı başqa bir çarə görmədi. Belə ki, kim o Həzrətin yerində olub həmin şəraitdə olsaydı, sülhdən başqa çarəsi olmazdı. Çünki İslam hökumətinin həm xarici şəraiti, həm də İraqın daxili vəziyyəti və habelə, İmamın ordusu döyüşə hazır deyildi. İndi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq.

 

Xarici siyasət nöqteyi-nəzərindən



O vaxtkı xarici siyasət nöqteyi-nəzərindən müsəlmanların bir-biri ilə vuruşması İslam aləminə heç bir fayda verməyəcəkdi. Çünki İslamdan güclü zərbələr alan Şərqi Roma imperiyası bu məğlubiyyətlərin əvəzini çıxmaq və özünü İslam nüfuzundan azad etmək üçün münasib bir fürsət axtarırdı. İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq istədiyini eşidən Roma imperiyasının başçıları belə fikirləşdilər ki, öz məqsədlərini həyata keçirmək üçün ən yaxşı fürsətdir. Buna görə də, müsəlmanlardan əvəz çıxmaq, böyük bir ordu ilə İslam ölkəsinə hücum etmək qərarına gəldilər. Belə bir vaxtda vəzifəsi İslamın əsasını qorumaq olan İmam Həsən (əleyhissəlam) kimi bir şəxsiyyət bu təhlükəni İslam ölkəsindən dəf etmək üçün ruhu sıxıntılı və düşüncəsiz insanların tə’nələri ilə nəticələnməsinə baxmayaraq sülhü qəbul etməkdən başqa bir yol seçə bilərdimi?

Görkəmli tarixçi Yə’qubi yazır: «Müaviyə (İmam Həsən əleyhissəlamla sülh bağlayıb) Şama qayıdandan sonra ona xəbər çatdı ki, Roma imperatoru İslam ölkəsinə hücum etmək məqsədilə böyük və nizamlı bir ordu ilə Romadan çıxmışdır. Müaviyənin belə böyük bir ordu ilə üzləşməyə imkanı olmadığından onlarla sülh bağlayıb yüz min dinar Şərqi Roma imperatoruna verməli oldu.»[12] Bu tarixi sənəd göstərir ki, iki müsəlman dəstənin bir-biri ilə döyüşmək istədiyi bir vaxtda onların müştərək düşməni - Roma imperiyası bu fürsətdən istifadə edib onlara hücum etməyə hazırlaşmışdı. Təbii ki, belə bir vəziyyət də İslam ölkəsini çox ciddi bir təhlükə ilə üzləşdirirdi. Əgər belə bir vaxtda İmam Həsən (əleyhissəlam) qoşun çəkib Müaviyə ilə vuruşsaydı, bu döyüşdə nə İmam Həsən (əleyhissəlam) qalib gələcəkdi, nə də Müaviyə. Əksinə, bu döyüşdə qalib gələn tərəf Şərqi Roma imperiyası olacaqdı. Ancaq bu təhlükə İmamın uzaqgörənliyi, tədbir və güzəştə getməsi nəticəsində dəf oldu. İmam Baqir (əleyhissəlam) İmam Həsən (əleyhissəlam)ın sülhünə irad tutan bir nəfərə buyurdu ki, əgər İmam Həsən (əleyhissəlam) sülh etməsəydi, İslamı böyük təhlükə gözləyirdi.[13]

 

Daxili siyasət nöqteyi-nəzərindən



Hamıya mə’lumdur ki, hər hansı bir rəhbər və ya başçı döyüş meydanında düşmənə qalib gəlmək istəyirsə, gərək güclü və hazırlıqlı orduya malik olsun. Lakin belə bir orduya malik olmadan döyüşə girmək biabırçı məğlubiyyətdən başqa heç bir nəticə verməyəcək. İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini daxili siyasət nöqteyi-nəzərindən araşdırdıqda, gözə çarpan əsas səbəb məhz belə bir ordunun olmamasıdır. Çünki İraq camaatının, xüsusilə də Kufə əhalisinin İmam Həsən əleyhissəlamın dövründə nə ruhən döyüşə hazırlığı var idi, nə də ordu təşəkkül tapa bilmişdi.

 

Döyüş yorğunluğu



Cəməl, Siffeyn və Nəhrəvan döyüşləri, həmçinin Əbu Musa Əş’əri ilə Əmr As arasındakı danışıqlardan sonra İraq, Hicaz və Yəməndə baş verən və bir çox tələfatlarla nəticələnən Əli əleyhissəlamın və Müaviyənin qoşunları arasındakı qırğınlar Əli əleyhissəlamın dostlarının əksəriyyətində yorğunluq əmələ gətirmiş, onlar daha döyüşməmək və sülh etmək fikrinə düşmüşdülər. Çünki onlar Əli əleyhissəlamın beş illik hakimiyyəti dövründə başdan-başa müharibələrdə olmuşdular. Digər tərəfdən də onların döyüşü heç də yadelli işğalçılara qarşı deyil, əksinə, dünən onlarla qardaş olub bu gün Müaviyənin ordusuna qatılmış adamlarla olmuşdu.1

İraq camaatı bəhanələr gətirməklə Şam ordusunun Hicaz, Yəmən və İraqda törətdikləri vəhşiliklərinə qarşı vuruşmaq üçün ordunu göndərməkdə tənbəllik edib, başlarının dinc olması ilə əslində döyüşdən yorulduqlarını bildirirdi. İraq camaatının Əli əleyhissəlamın yenidən qüvvə toplayıb Siffeyn döyüşünə də’vətini gec qəbul etməsi bu yorğunluğa açıq-aşkar bir nümunədir.2

Doktor Taha Hüseyn Əbu Musa Əş’əri ilə Əmr As arasındakı danışıqlardan və Siffeyn döyüşünün sonundakı vəziyyətin gərginləşməsini qeyd etdikdən sonra yazır: «Sonra Əli (əleyhissəlam) Şama hücum etmək qərarına gəldi. Lakin ordusundakı münafiqlər - “Kufəyə qayıdıb işlərimizi səliqə-sahmana salaq, ondan sonra bir az da çox qoşunla düşmənin üstünə hücum edərik” - dedilər. Əli (əleyhissəlam) onlarla birgə Kufəyə gəldi və bir daha döyüşə getmədi. Çünki ordusunda olanların hər biri öz evinə dağılışıb şəxsi işlərilə məşğul olmağa başladılar. Döyüşmək üçün o qədər səhlənkarlıq edib süstləşdilər ki, Əli (əleyhissəlam) artıq onlara qarşı naümid oldu. Əli (əleyhissəlam) daima onları cihada də’vət edir və bunu dəfələrlə təkrar edirdi, ancaq onlar İmamın də’vətini nə eşidir, nə də qəbul edirdilər. Hətta iş o yerə çatmışdı ki, Əli (əleyhissəlam) bir gün xütbələrinin birində buyurdu: «Öz asiliyinizlə mənim əmrimdən çıxdınız. Hətta iş o yerə çatdı ki, Qüreyş dedi: Əbutalibin oğlu şücaətli kişidir, ancaq döyüşməkdən xəbəri yoxdur. Allah babalarına rəhmət eləsin, kim döyüşməyi məndən yaxşı bilir?»

Əli (əleyhissəlam) şəhadətə yetişdikdən sonra onun yerinə İmam Həsən (əleyhissəlam) hakimiyyətə gəldikdə, bu məsələ daha da qabarıq surətdə aşkar oldu. Xüsusilə İmam (əleyhissəlam) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa də’vət edəndə onlar İmam əleyhissəlamın də’vətini çox gec qəbul etdilər.

Yuxarıda deyilənlərdən əlavə, o dövrün İraq camaatı mütəşəkkil və vahid deyildi. Əksinə, cəmiyyət müxtəlif ünsürlü və bir-biri ilə zidd olan dəstələrdən təşkil olunmuşdu. Belə ki, bə’zi vaxtlar bu dəstələr bir-biri ilə heç cür yola gedə bilmirdilər. Bir dəstə çox təhlükəli olan Əməvilər sülaləsinin tərəfdarı, digər bir dəstə həm Əməvilərlə, həm də İmam Həsən əleyhissəlamla vuruşmağı özlərinə vacib bilən xəvaric dəstəsi, başqa bir dəstə müxtəlif yerlərdən gəlib İraqda məskunlaşmış və sayı iyirmi min nəfərə çatan qeyri-ərəb müsəlmanlar, başqa bir dəstə də əqidəsi sabit olmayan, İmam Həsən əleyhissəlamla Müaviyə arasında hansı birinin üstün olmasında şəkk edən insanlardan ibarət idi. O dövrün İraq və Kufə əhalisi bu dəstələrdən təşkil olunmuşdu. Bunlardan fərqli olaraq digər bir dəstə də Əli əleyhissəlamın həqiqi dostları idi.[15]

 

Pərakəndə ordu



Əhali arasındakı bu dəstələr təbii ki, İmam Həsən əleyhissəlamın ordusunda da yayılmış, ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də, xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi.

Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Müfid və başqa tarixçilər İmam Həsən əleyhissəlamın ordusundakı bu təhlükə barədə belə yazırlar: «İraq əhalisi çox gec və süstlüklə İmam Həsən əleyhissəlamın ordusuna qoşuldu. İmam Həsən əleyhissəlamın təşkil etdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi:

1) Əli əleyhissəlamın şiələrindən ibarət tərəfdarları;

2) Xəvaric; (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsən əleyhissəlamın dəstəsinə qoşulması Müaviyə ilə düşmənçiliklərinə görə idi.)

3) Dünyapərəst və mənfəətpərəst şəxslər; Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsən əleyhissəlamın ordusuna qoşulmuşdular.

4) İkiürəkli və şəkk edən insanlar; Onların nəzərincə İmam Həsən (əleyhissəlam) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi.

5) Nəhayət, din xatirinə yox, əksinə, qəbilə düşmənçiliyinə görə və sadəcə olaraq öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.[16]

Beləliklə də, İmam Həsən əleyhissəlamın ordusu Müaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu.

 

Canlı sənəd



O dövrün İraq əhalisinin pərakəndəliyini və camaatın döyüşə qarşı süstlüyünü, əslində heç kim İmam Həsən əleyhissəlamın özündən yaxşı bəyan edə bilməz. İmam Həsən (əleyhissəlam) ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O, sözlərinin əsnasında buyurdu: «Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış, öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz, lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik, ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bə’ziləri Siffeyn döyüşündə, bə’ziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını, yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır, ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq, bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa, deyin, onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox, əgər sağ qalmaq istəyirsinizsə, deyin, onda bu təklifi qəbul edib sizin razılığınızı tə’min edək.»

İmam əleyhissəlamın sözləri bu yerə çatanda hamı bir ağızdan biz yaşamaq istəyirik, biz sağ qalmaq istəyirik1 - deyə qışqırdı.

Döyüş ruhiyyəsindən məhrum olmuş belə bir ordu ilə İmam Həsən (əleyhissəlam) Müaviyəyə qarşı necə mübarizəyə girişə bilərdi? Müxtəlif ünsürlü dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə bilən bir ordu ilə qələbəmi əldə etmək olar? Fərz edək ki, İmam Həsən (əleyhissəlam) deyil, Müaviyə belə bir qoşuna başçılıq edir, o İmam əleyhissəlamın gördüyü bu, işdən (sülhdən) başqa bir iş görə bilərdimi?

Bəli, bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin iki addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İndi bunun şərhini sizin nəzərinizə çatdırırıq.

 

İmam Həsən əleyhissəlamın ordunu səfərbər etməsi



Keçmiş və müasir tarixçilər bə’zi tarixi hadisələri dəyişdirib onun əksini yazırlar. Onlardan bə’ziləri belə iddia edirlər ki, güya İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq məqsədi yox idi. Elə xilafətin ilk günlərindən bu fikirdə idi ki, Müaviyədən maddi imkanlar alıb rahat yaşasın. Müaviyə ilə müxalifət edirdisə də, bu imkanları tə’min etmək üçün edirdi.

Əldə olan tarixi sənədlər göstərir ki, bu töhmətlər tamamilə yalandır və tarixi həqiqətlərlə heç cür uyğun gəlmir. Çünki əgər İmam Həsən (əleyhissəlam) Müaviyə ilə vuruşmaq fikrində deyildisə, bəs nəyə görə ordu toplayırdı? Halbuki bütün tarixçilər deyirdilər ki, İmam Həsən (əleyhissəlam) ordu toplayıb döyüşə hazır oldu. Lakin bir tərəfdən İmam əleyhissəlamın ordusundakı dəstəbazlıq və pərakəndəliklər, digər tərəfdən də Müaviyənin xaincəsinə qurduğu hiylələr nəticəsində İmam əleyhissəlamın nizami qoşunu döyüş başlamazdan qabaq və heç bir vuruş olmadan bir-birindən ayrıldı və camaat İmam əleyhissəlamın ətrafından dağıldı. İmam Həsən (əleyhissəlam) da çarəsizlikdən döyüşməyib, sülhü qəbul etdi.

Buna əsasən, İmam Həsən əleyhissəlamın hərəkəti qiyam, müharibə e’lan etmək və ordu toplamaqla başladı, sonra da vəziyyəti və İslam cəmiyyətinin şəraitini dərindən yoxlayıb zamanın məsləhətinə uyğun olaraq şərti sülhlə nəticələndi.

İndi isə oxucuların nəzərini bu barədə daha geniş mə’lumata cəlb edirik.

 

Əhdini danan camaat



Bir az bundan qabaq deyildiyi kimi İraq və Kufə camaatı sözübütöv və mütəşəkkil deyildi. Əksinə, onlar vəfasız, e’timad edilməyən və hər gün bir bayraq altında yığışan (külək hara əsdi, ora meyl edən), mövcud olan vəziyyətdən və zəmanənin qüdrətindən istifadə edən adamlar idi. Elə buna görə də, İmam əleyhissəlamın ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını səfərbər etməsilə həmzaman Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi İmam Həsən əleyhissəlama xəyanət edərək Müaviyəyə məktub yazıb bildirdilər ki, onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə də’vət edərək söz verdilər ki, Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsən əleyhissəlamı tutub ona verəcək, ya da ona sui-qəsd edəcəklər.

Müaviyə həmin məktubları olduğu kimi İmam Həsən əleyhissəlama göndərib bildirdi ki, bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən?[17]

 

Xain sərkərdə



İmam Həsən (əleyhissəlam) Müaviyə ilə döyüşmək məqsədi ilə Kufəni tərk etdikdən sonra Übeydullah ibn Abbası on iki min nəfərlik döyüşçü ilə ordunun ön hissəsinə, özünün ən yaxın dostlarından olan Qeys ibn Sə’d və Səid ibn Qeysi[18] isə Übeydullaha müşavir və canişin tə’yin etdi. Belə ki, bu üç nəfərdən birinin başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi.

İmam Həsən (əleyhissəlam) qoşunun hərəkət edəcək səmtini müəyyən edib belə göstəriş verdi ki, Müaviyənin qoşunu ilə rastlaşdıqda onların hərəkətinin qarşısını alıb İmamı bu işdən xəbərdar etsinlər və İmam da əsas ordu ilə onlara qoşulsun.[19]

Übeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin adlı bir yerdə Müaviyənin ordusu ilə üz-üzə gəldi və Übeydullahın ordusu elə oradaca düşərgə saldı. Az bir zamanda İmama xəbər çatdı ki, Übeydullah Müaviyədən bir milyon dirhəm alıb səkkiz min nəfərlə onun tərəfinə keçmişdir.

Təbii ki, bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir vaxtda ordunun ruhiyyəsinin zəifləməsinə və İmam Həsən əleyhissəlamın nizami mövqeyinin bir-birinə dəyməsinə çox böyük tə’sir göstərmişdi. Çox şücaətli, imanlı və Əli əleyhissəlamın ailəsinə qarşı vəfalı olan Qeys ibn Sə’d ordunun sərkərdəliyini öz öhdəsinə götürür və özünün ruhlandırıcı çıxışı ilə döyüşçülərin ruhiyyəsini artırmağa çalışır. Müaviyə onu da pulla ələ almaq istəyir, lakin Qeys ona aldanmayıb İslam düşmənlərinin qarşısında axıra qədər durur.[20]

 

Xaincəsinə görülmüş hiylələr



Müaviyə təkcə Übeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o, İmam əleyhissəlamın ordusunu zəiflətmək və ordu arasında şayiə yaymaq məqsədilə öz casus və muzdurlarını İmam əleyhissəlamın başçılıq etdiyi orduya göndərdi. Onlar İmam əleyhissəlamın başçılıq etdiyi orduda belə bir şayiə yaydılar ki, Qeys (ön xəttin başçısı) Müaviyə ilə saziş bağlayıb, eyni zamanda Qeysin də ordusu arasında şayiə yaydılar ki, İmam Həsən (əleyhissəlam) də Müaviyə ilə sülh bağlamışdır. İş o yerə çatdı ki, Müaviyə camaatın gözündə zahirən yaxşı olan adamlardan bir neçəsini İmam Həsən əleyhissəlamın hüzuruna göndərdi. Onlar gəlib Mədain düşərgəsində İmam əleyhissəlamla görüşdülər. İmam əleyhissəlamın çadırından kənara çıxdıqda, camaat arasında car çəkdilər ki, Allah Peyğəmbər (əleyhissəlam) nəvəsinin vasitəsi ilə fitnəni yatırtdı və müharibəni sakitləşdirdi. Həsən ibn Əli (əleyhissəlam) Müaviyə ilə sülh edərək camaatın qanının tökülməsinin qarşısını aldı.

Onlar özlərinə qarşı camaatın e’timadını doğrultduqlarına görə heç kim araşdırma aparmadan onların sözlərinə inanıb İmam əleyhissəlamın əleyhinə qiyam qaldıraraq o Həzrətin çadırına hücum edib çadırda nə var idisə, hamısını qarət etdilər. Hətta İmam əleyhissəlamı öldürmək fikrinə də düşdülər. Ancaq sonradan hamı dağıldı.

 

Xəvaricin xəyanəti

 

İmam Həsən (əleyhissəlam) (ordu ilə birgə) Mədaindən Sabata tərəf hərəkət etdi. Yolda gizlənmiş və qabaqcadan İmam əleyhissəlamı güdən xəvaricdən biri o Həzrətə güclü bir zərbə endirdi. İmam Həsən (əleyhissəlam) bu zərbə nəticəsində ağır yaralanaraq çoxlu qan itirdi və zəiflədi. İmam əleyhissəlamın bir neçə yaxın dostu onu yenidən Mədainə qaytardı. Mədaində İmam əleyhissəlamın halı aldığı zərbə nəticəsində çox ağırlaşdı. Bundan istifadə edən Müaviyə vəziyyəti tam ələ aldı. Lazım olan nizami ordunu itirib tək qalmış İmam Həsən (əleyhissəlam) məcbur olub sülh təklifini qəbul etdi.[21] Deməli, əgər İmam Həsən (əleyhissəlam) sülhü qəbul edibsə, bundan başqa çarəsi olmayıb. Necə ki, Təbəri və digər tarixçilər yazırlar: «Həsən ibn Əli (əleyhissəlam) yalnız ordusu onun başından dağılıb tək qaldığı halda sülhü qəbul etməyə razı oldu.»[22]

 

Ardı burada

 

İstinadlar

 

1 Mənaqibi-Ali-Əbutalib (İbn Şəhr Aşub) c.4, səh.28; İrşadi-Şeyx Müfid, səh.187.

1 Tarixül-xüləfa (Süyuti), səh.189.

[1] Biharül-ənvar, c.43, səh.333.

[2] Tarixül xüləfa. səh.190; Tarixi-Yə’qubi, c.2, səh.215; Təzkirətül-xəvas səh.196.

1 Həyatul-imamil-Həsən (əleyhissəlam), c.1, səh.302.

[3] Mənaqibi-Ali-Əbutalib, c.4, səh.21.

[4] Tarixi-Yə’qubi, c.2, səh.170; Əl-İmamətu vəs-siyasət, c.1, səh.67.

[5] Əl-Əxbarut-təval, səh.144-145.

[6] Vəq’ətu Siffeyn, səh.113.

[7] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.11, səh.25 (Xütbə 200).

[8] Ehticac, səh.144-150.

[9] Ehticac, səh.156.

[10] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid) c.5, səh.98; Əl Kamilu fit-tarix. c.3, səh.409.

[11] İmam Həsən (əleyhissəla) ona Müaviyə ilə sülh bağlamasına irad tutan bir kişiyə belə cavab verir: Mən Peyğəmbərin (səlləllahu əleyhi və alih) sülh bağladığı səbəblərə əsasən sülh bağladım. Biharül-ənvar, c.144, səh.2

[12] Tarixi-Yə’qubi, c.2, səh.206

[13] Biharül-ənvar, c. 44, səh.1.

1 Cəməl döyüşündə otuz mindən çox, Nəhrəvan döyüşündə xəvaricdən dörd min, Siffeyn döyüşündə isə iki tərəfdən yüz on mindən çox itki olmuşdur. (Tarixi-Yə’qubi, c.2, səh.172-182; Mürucuz-zəhəb, c.2,səh.393).

2 Səvrətül Hüseyn (əleyhissəlam), səh.197-200.

1 İslam aynası səh.2501 İslam aynası səh.250-251

Nəhcül-bəlağə (İbn Əil Hədid c.16,səh.38) Ənsabul-Əşraf səh.60

[14] İmam Həsən əleyhissəlamın sülhü (Şeyx Razi), səh.102.

[15] İmam Həsən əleyhissəlamın sülhü, səh.68-74.

[16] Əl-İrşad, səh.189.

1 Usdul-Qabə fi mə’rifətis-səhabə, c.2, səh.13-14; Əl-kamilu fit-tarix c.3, səh.406; Biharul-ənvar, c.44, səh.21.

[17] Əl-İraşd, səh.191.

[18] Yə’qubi öz kitabında Səid ibn Qeysin adını qeyd etməmişdir. Lakin digər tarixçilər onun adını yazmışlar.

[19] Məqatilut-talibin, səh.40.

[20] Məqatitul-talibin, səh.42.

[21] Tarixi-Yə’qubi, c.2, səh.205.

[22] Tarixi-Təbəri, səh.92; Usdul ğabə, c.2, səh.14.

 

Mənbə: Mehdi Pişvayi, "İmam Həsən Müctəba əleyhissəlamın həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ