EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299

İlham Zəkiyev kimdir?

İlham Zəkiyev kimdir?

İlham Zəkiyev (tam adı: İlham Əzizağa oğlu Zəkiyev; d. 3 mart 1980, Sumqayıt, Azərbaycan SSR, SSRİ) - Azərbaycanlı paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007, 2010) və altıqat çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015), 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisi.

"Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olub. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev snayperlə başından vuruluduqdan sonra görmə qabilliyətini itirmiş, və bundan sonra cüdo ilə ciddi məşğul olmuşdur.

 

Həyatı

Uşaqlıq və yeniyetməlik illəri

 

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisi olan Əzizağa Zəkiyevin ailəsində anadan olub. Ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var. Sumqayıt şəhərinin 5 saylı orta məktəbinin məzunudur. Məktəblik dövründə ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub. İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olurdu. Onun sayəsində İlhamın da idmana həvəsi yaranmışdı.

1995-ci ildən Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur.

1998-ci ilin iyun ayında Azərbaycan kubokunun qalibi oldu. Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırdı.[2] Lakin Moskvadakı olimpiadaya getmək ona müyəssər olmadı. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırıldı və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başladı.

 

Hərbi xidmət və görmə qabilliyətinin itirilməsi


Beyləqan rayonunun Daşburun stansiyasında əsgərləri mövqelərə bölüşdürəndə, onun komandiri Zəkiyevi fiziki görünüşümə və idman göstəricilərinə görə öz yaşıdlarından seçildiyim üçün "N" saylı kəşfiyyat taburuna göndərdi. O, yeddi ay orduda nümunəvi xidmət eləyib, fəxri fərmanlar aldı.

1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahından girib, sol gicgahımdan çıxmışdı. O, beş gün koma vəziyyətində qalır və həkimlər onun öləcəyini bildirirlər. Beşinci gün İlham rayon xəstəxanasında, anasının səsini eşidib özünə gəlir. Lakin gözlərini açanda, heç nə görmür. O, kor olmuşdu. İlhamın anası xatırlayır:

" Biz onu rayon hərbi hospitalında tapdıq. Vəziyyəti çox ağır idi. Həkimlər ümidlərini itirmişdilər. "İdmançı olduğu üçün ürəyi hələ də mübarizə aparır", - onlar deyirdilər. Mən onu çağırdım, "Oğlum, İlham" dedim. İlham çox zəif bir səslə mənə cavab verdi, "Mənə soyuqdur" dedi. Onda hamı başa düşdü ki, İlham ölümə qalib gəldi. Mən öz jaketimi çıxarıb onun üstünə sərdim. Yanında əyləşdim, isti çay verdim. "
O, evinə I qrup Qarabağ əlili kimi döndü.

 

Dörd illik fasilə


O, 19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşür. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması böyük bir fantaziya kimi qəbul edilə bilərdi.[2] Buna baxmayaraq İlham idmana yenidən qayıtmaq üçün yollar arayırdı:

" Bir dəfə məndən soruşdular ki, sən necə görmürsən? Mən də cavab verdim ki, sizin gördüyünüzü mən hiss edirəm. Amma mən hiss etdiyimi siz görmürsünüz.
İlham Zəkiyev "
2002-ci ildə o, Gənclər və İdman Naziri Əbülfəz Qarayev ilə görüşür, nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına köməklik edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.

 

Böyük idmana qayıdışı və sonrakı karyerası

2000-ci illər

 

O, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlamışdır. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxmışdır. O, püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışdı və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub oldu. Buna baxmayaraq, İlham Zəkiyev bürünc medala sahib oldu və 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazandı.

O, Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu idi. Onnun Afinada ilk qarşılaşdığı idmançı, Kvebekdəki yarışmada məğlub olduğu kubalı dünya çempionu oldu. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib yarımfinala qalxdı. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub etdi. Finalda isə Böyük Britaniyadan olan rəqibimə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları Çempionu adını qazandı.

Bir ildən sonra isə Niderlandda keçən Avropa Çempionatının final yarışmasında Fransanı təmsil edən Julien Torini məğlub edərək Avropa çempionu oldu. 2006-cı ildə Fransada keçirilən Dünya Çempionatında bürünc medal qazandı. 2007-ci ildə Bakıda keçirilən Dünya Çempionatında yenə də qalib oldu. Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışmasında qızıl medala layiq görülüb.

2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub etdi.

 

2010-cu illər


2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olub. 2013-cü ildə altıncı dan qara kəmərə sahib olub. Həmin il Londonda keçirilən Paralimpiya oyunlarında ilk görüşündə Heydər Heydərovla qarşılaşıb və ona heç bir şans verməyib. Növbəti - 1/4 finalda Zəkiyevin rəqibi yaponiyalı Kento Masaki olub. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılıb. Nəticədə Zəkiyev təsəlliverici görüşlərə qatılıb və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medalla kifayətlənib.

2015 Avropa Oyunlarının açılış mərasimində məşəli yandırmışdı. 2015-ci ildə birinci Avropa Oyunlarında Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı yazdı. O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2015-ci ilin idman laureatları arasında "İlin idmançısı" arasında ikinci yerə layiq görülüb.

Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını yığmanın kapitanı İlham Zəkiyev aparıb. O, həmin vaxt milli geyimdən istifadə edib. Geyimin müəllifi Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır. O, 2016 Yay Paralimpiya Oyunlarında cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərmişdir.

 

Təhsili


İlham Zəkiyev 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnmişdir.

 

Şəxsi həyatı


2005-ci ildə ailə həyatı qurub. Toy ərəfəsində ölkə prezidenti İlham Əliyev ona məktub göndərmişdi və toydan sonra Zəkiyevə avtomobil də hədiyyə etmişdi. Üç övladı var: iki oğul, bir qız.

Bakının "Neftçi" klubunun sadiq azarkeşidir.[ 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı "İşıqlı Zülmət" filmini çəkilmişdir. İlham Zəkiyev dindar müsəlmandır və gündəlik namaz ibadətini yerinə yetirir. 2015-ci ildə Məkkədə Həcc ziyarətində olub. 2015-ci ildən BP-nin idman elçisidir.

 

Beynəlxalq müsabiqələrdə finala yolu

 

Təltif və mükafatları


İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da "Şöhrət" ordeninə; 2009-cu ilin mart ayının 5-də "Əməkdar idman ustası" adına; 2012-ci ildə "Tərəqqi" medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb. 2016-cı ildə İlham Zəkiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

 

Uğurları

 

Cüdo üzrə Sumqayıt çempionu
Cüdo üzrə Gənclər arasında Azərbaycan çempionatının mükafatçısı
Sambo üzrə Gənclər arasında Azərbaycan çempionu
1998 - Azərbaycan kubokunun qalibi
2003 - Gözdən Əlillərin Dünya Oyunlarında bürünc medalçısı
2004 - XII Yay Paralimpiya Oyunlarının Çempionu
2005 - Avropa Çempionu
2006 - Dünya Çempionatında komanda bürünc mükafatçı
2007 - Avropa Çempionu
2007 - Gözdən Əlillərin Dünya Oyunlarının qalibi
2008 - XIII Yay Paralimpiya Oyunlarının Çempionu
2009 - Avropa Çempionu
2010 - Dünya Çempionu
2011 - Gözdən Əlillərin Dünya Oyunlarının gümüş mükafatçısı
2011 - Avropa Çempionu
2012 - XIV Yay Paralimpiya Oyunlarının Bürünc mükafatçısı
2013 - Avropa Çempionu
2015 - Dünya Çempionu
2015 - 2015 Avropa Oyunları Çempionu
2015 - Avropa Çempionu


Şəxsi


2008 -  "Şöhrət" ordeni
2009 - Azərbaycanın Əməkdar İdman ustası
2012 - "Qızıl çinar" beynəlxalq mükafatı
2012 - "Tərəqqi" medalı
2016 - "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"


Fəxri vətəndaşlıq


2015 - Füzuli rayonunun Fəxri vətəndaşı

 

Mənbə: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ