EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296

Fuad Quliyev kimdir?

Fuad Quliyev kimdir?

Fuad Xəlil oğlu Quliyev 1941-ci il iyulun 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1948-ci ildə Bakı şəhərindəki 160 saylı orta məktəbin birinci sinfinə getmiş və 1958-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Gənc Fuad mühəndis olmaq məqsədilə sənədlərini 1958-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna vermişdir. O, imtahanları müvəffəqiyyətlə verib institutun neft-mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu bitirib mühəndis-mexanik ixtisası almışdır.

Sovet dövründə Azərbaycan Neft və Kimya İnstitutunu bitirən mütəxəssislər SSRİ-nin müxtəlif sənaye müəssisələrinə göndərilirdi. O da mühəndis-mexanik kimi 1963-cü ildə təyinatla Belarusiya SSR-in Kriçev sement-şifer kombinatına göndərilir. O, 1963-1965-ci illərdə Kriçev sement-şifer kombinatında sex mexaniki vəzifəsində işləmiş və kombinatda işin ahəngdarlığını artırmaq məqsədilə bir sıra səmərəli təkliflər irəli sürmüşdür.

1965-ci ildə Bakıya qayıdan F.Quliyev Elmi-Tədqiqat Neftmaşınqayırma İnstitutunda işə girir. O, 1965-1973-cü illərdə həmin institutda əvvəl kiçik, sonra isə böyük elmi işçi vəzifələrində çalışmış və neft quyuları üçün avadanlıqların, alətlərin, aqreqatların layihələşdirilməsi və s. aparılan elmi-tədqiqat işlərində yaxından iştirak etmişdir.

1973-1977-ci illərdə F.Quliyev Bakı kondisioneri Elm-İstehsalat Birliyində konstruktor bürosunun xüsusi texnoloji qurğuların konstruktorlaşdırılması şöbəsinin müdiri, bu büronun baş mühəndisi, 1977-1982-ci illərdə isə Birliyin baş mühəndisi vəzifələrində çalışmışdır. F.Quliyev bu dövrdə Birlikdə özünü çalışqan, səmərəli təkliflər irəli sürən mütəxəssis və təşkilatçı kimi göstərmişdir.

1969-82-ci illərdə Azərbaycan KP MK birinci katibi işləmiş, dünyada tanınmış siyasi və dövlət xadimi Heydər Əliyevin imzaladığı Azərbaycan KP MK bürosunun 1982-ci il 30 noyabr tarixli qərarında deyilir: “SSRİ elektrotexnika sənayesi nazirliyinin Fuad Xəlil oğlu Quliyevin Bakı Məişət Kondisionerlər zavodunun direktoru təyin edilməsi haqqında təklifini qəbul etmək”. Bu qərardan sonra F.Quliyev Bakı kondisionerləri Birliyinin baş direktoru olmuş və 1982-1994-cü illərdə birliyə başçılıq etmişdir. F.Quliyev bu vəzifədə Birliyin müəssisələrində müxtəlif məişət kondisionerlərinin, mətbəx kombaynlarının, elektrik şirəçəkənlərin, elektrik mühərriklərinin və s. istehsal olunması, dünya standartlarına uyğun gəlmələri və birliyin Azərbaycanın qabaqcıl sənaye müəssisələri cərgələrində addımlaması sahəsində xeyli iş görmüşdür.

Azərbaycanın ən böyük və müasir sənaye müəssisələrinin birinə başçılıq edən, artıq özünü istehsalata rəhbərlik etmək qabiliyyətinə malik olduğunu göstərən F.Quliyev 1994-1995-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tövsiyəsi ilə baş nazirin birinci müavini olmuş, baş nazir vəzifəsini icra etmişdir. O, bu vəzifələrdə respublikanın xalq təsərrüfatının geriliyini aradan qaldırmaq, inflyasiyanın qarşısını almaq sahəsində xeyli iş görmüşdür.

F.Quliyev 1995-ci ilin may ayından 1996-cı ilin iyul ayına kimi Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışmışdır. O, bu vəzifəyə başladığı ilk gündən sənaye məhsullarının, xüsusən neft sənayesinin aşağı düşməsinin qarşısının alınması, iqtisadi böhranın aradan qaldırlıması, Azərbaycan neft sənayesinin və onunla bağlı sənaye sahələrinin təkmilləşdirilməsi, yeni-yeni texniki avadanlıqlarla təmin olunması, ümumiyyətlə, respublikanın düşdüyü ağır vəziyyətdən çıxarması üçün dünyanın bir çox ölkələrinin müxtəlif şirkət və iri sənaye müəssisələri ilə sazişlər, müqavilələr bağlanmasında yaxından iştirak etmişdir.

F.Quliyev baş nazir olduğu dövrdə dünyanın bir sıra ölkələrinin baş nazirləri və diplomatik nümayəndələri ilə görüşlər keçirmişdir. O, bu görüş və danışıqlar zamanı Azərbaycanın iqtisadi və siyasi vəziyyəti haqqında söhbət açmış, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi haqqında ətraflı məlumat vermişdir.

1995-ci il noyabrın 12-də Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə çoxpartiyalı əsasda seçkilər keçirildi. Milli Məclisə seçilənlərdən biri də F.Quliyev olmuşdur.

1980-1990-cı illərdə F.Quliyev xalq təsərrüfatında əldə etdiyi müvəffəqiyyətlərə görə SSRİ-nin orden və medalları ilə təltif olunmuş, elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR-in əməkdar mühəndisi adına layiq görülmüşdür.

P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ