1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:04.10.2017 12:35:30

Mən qınaqçı deyiləm, heç kimi qınamıram, sadəcə dua edirəm: ilahi, kaş bilməyənlər də biləydi Hüseynə əza saxlamağın necə bir həzz olduğunu!

Xacə Nəsirəddin Tusi kim olub, hansı dühanın sahibi olub, onun elmə verdiyi töhfələr və s. haqda danışmağa gərək duymuram, çünki siz də bixəbər deyilsiniz ki, bu haqda kifayət qədər yazılıb da, danışılıb da: təkrara nə hacət! Məsələn, deməyəcəyəm ki, çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız şərqdə deyil, həmçinin avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid “Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının avropada yayılmasında böyük iş görüb. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur;

Deməyəcəyəm ki, dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Şeyxin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu haqda da danışmayacağam. Bundan başqa, onun tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərlərininsə, sadəcə adlarını çəkəcəm:

"Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və sair və ilaxır.

Şeyxin “Əxlaqi-Nasiri” adlı möhtəşəm əsərini isə şəxsən oxumuşam.

Bunları yazmayacaqdım, söz-sözü çəkdi yazdım. İndi görün nə deyirəm:

Yazırlar, bir dəfə şeyx Tusi, aylardır üstündə ciddi-cəhdlə işlədiyi bir elmi məsələnin həllini düz gecənin tən yarısı tapır, bu kəşfdən o qədər xoşbəxt olur, o qədər vəcdə gəlir ki, elə gecəylə evinin pəncərisini laybalay açıb sağ-sola belə səslənir:

Ehey!!! Hardadır şahlar və şahzadələr! Desinlər görüm: indicə mənim duyduğum bu həzzi onlar nədən duya bilərlər?!

Biz bilmərik, elm-əhli anlayar - Tusinin o gecə, o an nə demək istədiyini, hansı həzzdən söhbət etdiyini.

Bəzi həzzlər var ki...

Mən qınaqçı deyiləm, heç kimi qınamıram, sadəcə dua edirəm: ilahi, kaş bilməyənlər də biləydi Hüseynə əza saxlamağın necə bir həzz olduğunu!

Fəqət sözüm bu deyil, sözüm başqadır.

Bu qədər səs-küylü əsərlərin sahibi olan Şeyx əsərlərinin birində belə yazır:

"Əgər imamlardan göstəriş olmasaydı ki, aşura günü yas tutulsun, aşuranı imam Hüseynin timsalında, Haqqın qələbəsi günü kimi bayram edərdim. Lakin nə hikmətsə, həm Peyğəmbər (s) özü, həm imamlar (ə) təkidlə, məhərrəmlikdə əzadarlığın zəruriliyini vurğulayıblar".

“Nə hikmətsə...” deyir Xacə, alicənablıq edir, böyüklərin dediyinə təslim olur. Sanki eyni ilə böyük türk şairi Fazil Kısakürək kimi danışır: “Mənim istədiyimi Rəbbim mənim üçün istəmirsə, söhbət bitmişdir!” Bax, mən bu təvazökarlıqdan doğan böyüklüyün (!!!) qarşısında baş əyirəm. Müasir dünya bu böyüklüyün qıtlığını yaşayır əfsus,

Tusivari alicənablıq nümunələri çatmır dünyamızın.

"Cəhalət" deyib bir kənara atmağa nə var ki? Ağız büzmək, qulp qoymaqdan daha asan və daha zəhmətsiz bir iş varmı bu dünyada. Etmir bunu Tusi, “nə hikmətsə...” deyir, təmkinli, alicənab davranır. Haqlısınız, Tusinin bu addımına təvazökarlıqla yanaşı, ehtiyatlılıq da demək olar. Onda mən də deyərəm ki, ehtiyat igidlərin yaraşığıdır: igidlər böyükdür!

Allah və din qarşısında olan belə alicənablığa başqa bir dühanın, məsələn, İbni Sinanın da əsərlərində rast gəlirik, üstəlik, bu statistikanı uzatmaq da olar, lakin... deməyim o ki, anlamadığına dərhal daş atmaq kiçiklərin tərzidir, böyüklər dayanar, düşünər, düşünər, ağlına bir şey gəlməsə, olsun, yenə də ehtiyatlı danışar – xüsusən, əgər bu anlaşılmaz olan məsələ hikmət mənbəyinin (Allahın) sözüdürsə!

Bizsə tez daş atırıq.

Tusi nəhənglikdə olsaydıq neynərdik...!

Belə ehtiyatlılıq elmin, tərəqqinin qarşısını alır deyirsizsə bəs Tusi necə yetişdi? Niyə bu cür alicənablığı ona böyük kəşflər etməsi üçün mane olmadı? Yox, atam, qardaşım, yox, məsələ bu deyil, başqadı...

Matəm günlərini yaşayırıq, başqa yerləri demirəm, elə vətənimizdəki əzadarlıqları, aşura yürüşlərindəki izdihamı təhlil etsək, etmək istəsək... ortaya maraqlı bir sual çıxar:

Niyə?!

Bax, bu “niyə” haqqında səmimi danışan yoxdur, məsələn, tutaq ki, tarixçi Altay Göyüşov iki il qabaq etiraf etmişdi:

“Azərbaycan respublikasının müstəqillik tarixindən bu yana builki qədər izdihamlı Aşura yürüşü olmamışdı”.

Cəsarətli etirafdır! Fəqət, niyə?

Kifayət qədər polemik, dərin və çoxşaxəli mövzu deyilmi?
Bizsə sadəcə daş atırıq, vəssəlam!

Bir dənə də “klişəmiz” var: cəhalət! Hansı sahə haqda dəqiq təhlillər edib, tədqiqatlar aparmağa hünərimiz çatmırsa, dərhal adını cəhalət qoyub vicdanmızı rahatladırıq. Deyən yoxdu ki, ay bala, nə cəhalət, bu qədər təpiyə, topa, tüfəngə rəğmən, get-gedə artan bu boyda izdiham deyirəm ey sizə, iz-di-ham! Bu niyə, necə, nə təhər olur?!

Bəlkə də aşuranın TƏNQİDİNƏ xərclənən ömür, enerji, sərmayə onun TƏDQİQİNƏ xərclənsəydi, insanımız çoxdan haqqa vaqif olub səcdəyə düşmüşdü. Yox!...

Biz sadəcə daş atırıq, bir az da məzə üçün -uşaqcasına!

Tusivari alicənablığı çatmır dünyamızın...

İlqar Kamil.


İlqar Kamil yazır: "Biz sadəcə daş atırıq, bir az da məzə üçün -uşaqcasına!"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ