EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:18.05.2019 13:23:18

Hər il Ramazan ayı gəldikdə müsəlmanlarda orucun tutulması ilə bağlı bir çox suallar yaranır.

Hər il Ramazan ayı gəldikdə müsəlmanlarda orucun tutulması ilə bağlı bir çox suallar yaranır.

Oxucuları maraqlandıran suallara cavab almaq üçün tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli müsahibəsini təqdim edirik:

- Hər il Ramazan ayının ilk günündə sünnilər və şiələr arasında fikir ayrılığı yaranır. Bunu həll etmək, ortaq məxrəc tapmaq mümkün deyil?

- Azərbaycanda bunun həlli yolu artıq tapılıb. Əslində bu sünni-şiə məsələsindən daha çox ölkələrin coğrafi mövqeyi ilə bağlı olan məsələdir. Bir ölkədə ayın görünməsi başqa bir ölkədə orucun tutulmasına səbəb ola bilməz.

- Amma bu bizdə şiə-sünni fikir ayrılığı kimi qəbul olunur...

- Təmamilə yanlışdır. Çünki Azərbaycan daxilində ayın müəyyən edilməsi, ayın daxil olması Şamaxı rəsədxanası, Qafqaz Müsəlmanlar İdarəsi arasında komissiya yaradılıb. Ayın müşahidə olması nəticəsində ayın birinci günü elan olunur. Mən özüm də bu komissiyanın üzvüyəm və biz orada teleskoplar vasitəsilə Ayı müşahidə edirik. Bunu bir çox müsəlman ölkələri edir.

- Əslində məntiqlə Azərbaycanda Ay nə vaxt görünübsə, məzhəbindən asılı olmayaraq bütün dindarlar həmin günü Ramazan ayının ilk günü kimi qəbul etməlidirlər...

- Son illərdə bu məsələdə müəyyən qədər tənzimləmə var. Bundan sonra da tənzimlənmə olacaq.

- Namaz qılmayan şəxs oruc tuta bilərmi və onun orucu qəbuldurmu?

- Namaz qılmaq ayrı ibadətdir, oruc tutmaq ayrı. Hər ikisi Allahın vacib buyurduğu əməllərdir. Bir insan namazı yerinə yetirmirsə, təbii ki oruc tuta bilər. Yəni namaz qılmayan insanın da oruc tutması vacibdir. Biz bəzən insanları ibadətdən çəkindiririk. Namaz qılmırsansa, oruc tuta bilməzsən, tutursansa orucun qəbul deyil demək təmamilə yanlış bir şeydir.

Oruc insanı Allaha yaxınlaşdıran ibadətdir, bəzi hallarda insanlar oruc tutar, sonradan digər digər dini hökmlərə də rəğbət yaranır. Buna görə də oruc tutub, namaz qılmayan insana deyə bilmərik ki, oruc tutma. İkisinindən birini və ya hər ikisini edirsə, bu yenə də yaxşı əməldir.

- Səhər imsaka oyanmadan oruc tutmaq istəyənlər çoxdur. Bunu etmək olarmı?

- Oruc tutan insanın imsaka oyanması bəyəniləndir. Amma bir insan oyanmadısa və ya yuxuda qaldısa, yenə də orucunu tutmalıdır. Bilərəkdən və ya bilməyərəkdən imsak yeməyən insanlar oruc tutmaqda davam etməlidirlər. Onları orucları düzgündür.

- Bir tanışımız oruc tutarkən siqaret çəkir və bunu onunla əsaslandırır ki, Quranda siqaretlə bağlı heç bir qadağa yoxdur. Orucu pozulurmu?

- Orada məsələ siqaret yox, qatı tüstünü udmaqdır. Hər bir halda qatı tüstünü və tozu udmaq orucu batil edər. Siqaret çəkmək qatı tüstünün udulması olduğundan orucu batil edər.

- Dindarlar arasında daha bir əbədi anlaşılmazlıq var, bəziləri hava qaralanda orucu açırlar, bəziləri isə namaz vaxtı girmədən, azan verilmədən bunu etmirlər. Ən doğrusunu hansılar edir?

- Gün batandan bir qədər sonra namaz vaxtı girir. QMİ-nin cədvəlinin düzgünlüyünə mən şəxsən cavab verə bilərəm. O cədvəldə göstərilən vaxtda iftarı açmaq lazımdır. Yəni məğrib namazının vaxtı girdikdən sonra iftarı açmaq lazımdır.

- İslamı yanlış anlayanlar, yetərli dini bilgisi olmayan bəzi insanlarda belə düşüncə var; Ramazan ayında namaz qılıb-oruc tutmaq, günahlardan uzaq olmaq vacibdir, digər aylarda yox. Məgər yerdə qalan 11 ayda ibadət etmək lazım deyil və ya günah işlətmək olar? İstərdik, bu məsələyə də aydınlıq gətirəsiz?

- Ramazan ayında oruc tutmaq hətta Qurani Kərimdə var: Ey iman gətirənlər, sizdən öncəkilərə vacib olduğu kimi oruc sizə də vacibdir ki, bəlkə pəhrizkarlardan, təqvalılardan olasız. Oruc insanda hansısa bir mənəvi keyfiyyəti formalaşdırmaq üçündür. Oruc yalnız Ramazan ayının ibadəti deyil. Oruc insanda özünə hakim olma hissini, iradəsini gücləndirir, İnsan yeganə varlıqdır ki, özünə “yox” deməyi bacarır. İnsanda bu güc var. İnsan 2 yol ayrıcında qalır və ondan toqquşan müxtəlif istəkləri ilə mübarizə aparır. Ramazan ayının orucu bizə ağlımızın seçimi ilə davranmağı öyrədir. Yəni nəfsimizin, istəklərimizin əsiri olmayaq. Ramazan ayı bizə həqiqi azadlığı daddırır. Amma bu yalnız 1 ay ərzində olmamalıdır, sonra bütün həyatımızda tətbiq edilməlidir. Ramazan ayının orucu özü bir dəyərdir, yaşam modelidir.

Ramazan ayında biz gün ərzində insan üçün yemək-içmək kimi ən zəruri ehtiyaclardan imtina edirik. İnsan bunu etməklə sanki məşq edir və nəfsinə yox deməyi öyrənir. Çünki insan öz istəklərinə sərhəd qoymadıqda tamahkar bir varlığa çevrilir, dünya hərisi olur, nəyisə əldə etmək üçün başqalarının ruhuna təcavüz edir. Beləcə zülm yaranır. Amma insan özünü cilovlasa heç kimlə işi olmaz, haqsızlıq etməz. Oruc əslində həm fərdi təkamülü, həm də ictimai münasibətləri tənzimləmək üçündür.

Sizin sözünüzə qüvvət, bu ay bitdisə, sonra nə istəsən etmək, elə bu ayın fəlsəfəsinə ziddir.

- Cinsi azlığın oruc tutması, ümumiyyətlə dini ayınləri yerinə yetirməsi nə dərəcədə doğrudur? Nəzərinizə çatdırım ki, bunu edənlər az deyil.

- Quranda və hədislərimizdə açıq-aydın deyilir ki, bu qadağan olunmuş əməldir. Onların tutduğu yol insan təbiətinə, fitrətinə zidd olan bir əməldir. Təbii ki, bu insanlar müxtəlif vasitələrlə özlərini o işlərdən qoruya bilərlər. Amma bir insan vacib ibadətləri yerinə yetirirsə, biz ona qadağan edə bilmərik. Biz nə kimisə zorla ibadətə vadar edə bilərik, nə də qadağan edə bilərik. Hər bir halda Allah rəhmlidir və bu onun Allahla öz aralarında olan münasibətdir. Bu haqqda hansısa söz söyləmək çətindir.

- Yəni Allahla bəndənin arasına girmək istəmirsiz.

- Bəli.

- Səfərdə olan insan orucu necə tutmalıdır?

- Gedib-qayıtmaq məsafəsi 45 km-dən artıq olarsa oruc tutmamalıdır. Gedib günorta namazınadək qayıdacağıqsa, oruc tuta bilərik. Yəni səhər çıxıb, günorta azanına qədər qayıtdıqsa və yaxud da, günorta azanından sonra yola çıxırıqsa oruc tutmaq olar. Əgər getdiyimiz yerdə 10 gündən az qalacağıqsa oruc tutmamalıyıq.

- Körpələrinə süd verən analar oruc tutmazsa qəzası vacibdirmi?

- Süd verən analar oruc tutmasa yaxşıdır, çünki südləri azala bilər. Bəli, növbəti Ramazan ayına qədər oruc tutmayan günlərin qəzasını tutmalıdır.

- Əgər kimsə oruc tuta bilmirsə, neyləməlidir?

- Üzrlü səbəbdən oruc tutmayanlar - o xəstələr ki, oruc onların səhhətinə ziyan vurur, hamilə qadınlar, süd verən analar, çox yaşlı insanlar və bir də səfərdə olanlar növbəti Ramazan ayına qədər qəzalarını tutmalıdırlar. Sağalmaz xəstələrin üzərindən oruc götürülür. Amma yaxşı olar ki, 1 günün əvəzinə bir imkansız insanı doyuracaq qidanın pulunu ödəsinlər. Məsələn, bu məbləğ 1 kq çörək miqdarında ola bilər.

- İftar süfrələrinin verilməsi ilbəil artır. Misal üçün, biz 400-500 imkansız ailəyə iftar süfrəsi vermişik. Əks tərəfdə isə bir nəfərlik menyu 50-100 manat olan olan bahalı iftar süfrələri var.

- Təəssüf ki, iftar süfrəsi bəzən şan-şöhrət, rəqabət vasitəsinə çevrilir. İnsanlar sanki bir-biri ilə bu məsələdə də yarışırlar. İftar süfrələri maksimum sadə və doyumlu olmalıdır.

Təmamilə haqlısız, zəngin insanlar israfçılığa yol verib ancaq zəngin insanları dəvət edib, adını iftar süfrəsi qoymaq... Hər halda biz Allahdan bu süfrələrin qəbul olmasını diləyirik, amma yaxşı olardı ki, Ramazanda orucun mahiyyətinə uyğun iftar süfrələri təşkil olunsun.

Mən iftar süfrələrinə yalnız ehtiyaclı insanlar dəvət olunmalıdır fikrinin tərəfdarı deyiləm. Əksinə, düşünürəm ki, zəngin və ehtiyaclı insanlar iftar süfrələrinin arxasında bir araya gəlsinlər. Çünki ayrı-seçkilik salınarsa ehtiyaclı insanda utanc hissi yaranar, zənginlərdə təkəbbür hissi yaradar. Məncə iftar süfrələri qarışıq olmalıdır. Yoxsullarla zənginləri bir araya gətirməlidir. Orucluq məhz həmin bu sosial bərabərliyi təbliğ edir.

- Bu ayda oruc tutan və tutmayan insanlara nə tövsiyə edərdiniz?

- Orucluqdan dərs almağı tövsiyyə edərdim. Dinimiz təfəkkür, düşüncə dinidir. Bəzən biz axına düşüb, kiminsə təsiri ilə dinə üz tuturuq. Bu yanlışdır, bu fanatizmdir. Hətta doğru əməli belə kiminsə təsiri altında ediriksə, müstəqil qərar vermiriksə, bu yanlışdır. Ramazan ayında insanlara düşünmək fürsəti verilir. İnsan düşünməlidir ki, mən niyə müəyyən saatlarda ac qalıram? Mənim yemək yeyib-yeməməyimin Allaha çoxmu fərqi var? Bu nə dərəcədə Allah üçün önəmlidir? Araşdırdıqda görürük ki, bu bir fəlsəfədir. Yəni insan kimliyi haqqında sualların cavabını tapmalıdır. Mən düşünürəm ki, insanlığın əsas problemi bundadır ki, XXI əsrdə hələ kiməm sualına cavab tapa bilmir. Kimi deyir insan yırtıcı bir heyvandır, kimi başqa bir ictimai varlıq adı qoyur. Hərə insan haqqında fərqli danışır. Dinimizin insan haqqında konsepsiyası bunu ifadə edir: İnsan ilahi bir ruh daşıyıcısıdır. İnsan adı bioloji varlıq deyil, insanın ehtiyacları yemək-içməklə məhdudlaşmır. Mən oruc tutanlara tövsiyə edərdim ki, bu ayda özlərini tapsınlar, öz həqiqi kimliklərini kəşf etsinlər.

Bu ay həm də ruhun nəfsani istəklər üzərində qələbəsidir. Bu ayda biz bu qələbənin təntənəsini qeyd edirik. Ona görə də, oruc halında olan insanın qəlbində qəribə bir sevinc olur. Bu maddi şadlıqdan fərqlənir. İnsan özünü rahat hiss edir, qəlbində bir aramlıq hissi yaşanır.

Oruc tutanlara tövsiyə edərdim ki, bu ayda bir qədər düşünməklə, özünü təftişlə məşğul olsunlar. Belə etməklə bu aydan daha çox faydalanarıq. (baku.ws)


Hacı Şahin: “Onlar oruc tutmasa yaxşıdır”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstandan sığınacaq istəyən və dünən həbs olunan azərbaycanlı fəal ekstradisiya olunacaqmı?
    2017- ci ildən Gürcüstandan sığınacaq istəyən və orada yaşayan ictimai fəal Avtandil Məmmədov yerli polis tərəfindən saxlanılıb.
     18.06.2019
    Magistraturaya ixtisas seçimi bu gün başa çatır
    Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq istəyən bakalavrlara müraciət edib.
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ