EURO 1,9201 NEFT 56,54
USD 1,8045 RUB 0,0302
  1. http://www.islamazeri.az/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:13.08.2016 13:20:33

...Şəkillərinə baxıram... Əcəb qəşəng oğlandır. Bütün şəkillərində gülür... Təbəssümü adamın ürəyini dağlayır.

Anası  Rumiyyə dil-boğaza qoymur, elə hey balasının boyunu oxşayıb, ağlayır.  Söz soruşmağa da çətinlik çəkirəm. Necə danışım ki, qəlbinə yol tapım, necə könlünü alım? Əziz balasından əbədi ayrılan ananın könlünü nə ilə almaq, nə ilə ovutmaq olar ki?..

İsmayıllının Tircan qəsəbəsinin Maçax kəndində  doğulmuşdu - 2 aprel tarixində Azərbaycana şan-şöhrət gətirən, qalibiyyət vuruşunda qanı ilə imzası qalan 23 yaşılı Mikayıl Vahabzadə. Əvvəlcə Tircan qəsəbəsindəki 9 illik məktəbi, sonra isə Yeniyol kənd orta məktəbini bitirmişdi. Qismətində ali məktəb də var idi. Sumqayıt Dövlət Universitetini Fizika və elektroenergetika fakültəsini 2015-ci ildə "əla" qiymətlərlər bitirəndən iki ay sonra Vətənə əsgəri borcunu vermək üçün hərbi xidmətə yollanmışdı. İki aydan sonra evinə dönüb, məktəbdə fizika dərsi deyəcəkdi...

Bəzən Tanrı taleyimizi bəd yazır. Bəndənin istəyini yox, özü istədiyini edir. Bir aydan artıqdır ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın qapısını döyür, dərdlərinə şərik olmağa çalışıram.  Tanrı dərgahında həmişə oyaq olan, yaşayan şəhidlərimizin haqqında danışılan həqiqətlərdən bir nəticəyə gəlirəm ki, Tanrı heç vaxt nadürüst bəndəsini ŞƏHİDLİK zirvəsinə yüksəltmir.  O MƏQAMI  istər yaşı az olsun, istərsə də ahıl yaşlı olsun, ancaq kamil və ləyaqətli, cəmiyyətdə hörmət qazanan, Vətəni özünə TƏN bilənlərə verir. İndi müsahiblərim  o dirilər haqqında elə danışırlar ki, fikirləşirsən ki, az yaşında, bu uşaq haradan məqam tapıb bu qədər hörmət-izzət qazana bildi. Əslində yaşadıqları o kiçik və mənalı ömür qibtə ediləsidir.

"Oğlumu mənə verin, tutaram sizi qanlı..."


Mikayılın anası Rumiyyə Vahabovanın  şirin-şəkər balası ilə sonuncu görüşü mart ayının 12-də, Tərtərdəki hərbi hissədə olmuşdu. Deyir ki, Tərtər ona düşməndir:

"Mənə düşmən Tərtərdir.

Çiçəkləri nə tərdir.

Balamı məndən aldı, 

Ah bu necə Tərtərdir?...

Maralın gözü qanlı,

Topuğu, dizi qanlı.

Balamı mənə verin,

Tutaran sizi qanlı.

Aprelin 2-si kənddə toya getmişdik. Gec gəldik. Televizoru açdıq ki, dünya dağılır.  O gündən Mikoşumdan xəbər ala bilmədik. Evdəkilər və dostları çox vaxt Mikayılı əzizləmək məqsədi ilə "Mikoş" deyə çağırırdılar. O gündən sonra düz aprelin 8-nə kimi atası Yaqub Tərtər, Yevlax, Gəncə...  təmas xəttinə yaxın rayonların hamısında oğlumu axtardı, bir xəbər deyən olmadı... Qapı-qapı gəzib komandirlərə, hərbiçilərə yalvardı...

Mikayıl bizi elə hörmətə mindirmişdi ki... Diplom almışdı. Sevinirdik.  Çox əziyyətlə oxumuşdu. Atasına əziyyət verməsin deyə, özü dərsdən sonra gedib Sumqayıtda restoranlarda, kafelərdə işləyirdi, öz dərs pulunu, yaşamaq pulunu çıxarırdı. 

Dünyanın gərdişindən,

Təng oldum gərdişindən.

Mərdin başı qal  çəkir,

Namərdin gərdişindən.


O, bizə heç əziyyət vermədi axı... barı bir dəfə üstümə çımxıraydı... İndi atasının üzünə baxa bilmirəm. Kasıb olmuşuq, ancaq xoşbəxt ailə olmuşuq. Aramızda qarşılıqlı hörmət, məhəbbət olub. Mənim oğlum bir mələk idi, ilahi varlıq idi. Məni bəxtəvər ana elmişdi. Bundan sonra kim toylarda quş kimi süzəcək? Oynayanda tamaşasına dururdular  balamın. Kim şənləndirəcək kəndimizin toylarını ? Nə danışım?! Yaraşıqlı balam gedib əlimdən... Qardaşını tək qoyub gedib əlimdən...

Gedər tərlanım gəlməz,

Qəlbi yaralım gəlməz.

Sən gəlməsən qapıya,

Oğul, qərarım gəlməz.

Bu aprel ayı bizimlə yola getmir. Neçə illərdir ki, hər il aprel ayında itkilərimiz olur... Nə qədər doğmalarımızı aprel ayında itirmişik".

Baxdım ki, Rumiyə ananı ovundura bilmirəm, atası Yaqub kişi ilə söhbət etmək istədim.  Danışmadı. Kənd camaatı dedi ki, oğlunu axtarmağa gedib-gələndən sonra susur, heç kimlə kəlmə kəsmir.


"Arzularım o qədər çoxdur ki, qorxuram ömrüm çatmaya"

Mikayıl Vahabzadənin haqqında Sumqayıt Dövlət Universitetində onunla bir qrupda təhsil almış dostları öz xatirələrini bölüşdülər. Mənə göndərdikləri məktublarında gənc Mikayıl haqqında xatirələri həyəcansız oxumaq mümknü deyil. Onunla bir kursda oxumuş Turanə Bəşirova yazır:

"Ən yaxın dostum idi Mikayıl. Onun yoxluğuna inanmaq istəmirəm.  Bizim qrup yoldaşlarımız  belə  ayrılmaq haqqında düşünməmişdik. Fikirləşməzdik ki, sıramızdan kimsə yox ola bilər. Mikayıl xatirimdə sadə, səmimi dost kimi yaşayacaq. Universitetdə oxuduğu müddətdə  hamının hörmətini qazandı. Əsgəri xidmətə getməzdən əvəvl telefon danışığımız olmuşdu. Dedi ki, Tərtərdə hərbi xidmətdə olacaq. Ona "sağ-salamat qayıt" deyə uğurlu yol arzuladım. Cavab verdi ki, bəlkə sağ-salamat qayıtmadı. Elə bul ki, ürəyinə dammışdı. Acıqlandım, telefonun bu başında ona söyləndim ki, Allah səni anana bağışlasın. Ancaq indi onunla fəxr edirəm. O ŞƏHİDLİK zirvəsini fəth edib. Məkanı Cənnət olsun".


Tələbə yoldaşı  Güldəstə Abdulova:

"Mikayıl  qrupumuzun ən fəal və eyni zamanda savadlı tələbəsi idi. Kənardan ciddi təsiri bağışlayan bu oğlanla, yaxından tanış olandan sonra onu özümə arxa, dayaq bildim. Bizim qrupun qızlarının hamısını  bacı kimi sevirdi, hörmət edirdi. Hamımıza "qızım" deyə müraciət edirdi. Mikayıl gözəl şeirlər yazırdı, şahanə rəqs etməyi var idi. Oynayanda qollu-budaqlı çinara bənzəyirdi. Onu təkcə bizim qrup yox, universitetin bütün müəllim və tələbə heyəti sevirdi. O mənim üçün gəncliyin, insanlığın nümunəsi olaraq qalacaq. Ağlıma belə gətirə bilmirəm ki, Mikoşumuz yoxdur. O bizim ürəyimizdə həmişə yaşayacaq".

Qrup yoldaşı Gülnar: "Mikayıl qrupumuzun ən zəhmətkeş tələbəsi idi. Həm işləyir, həm oxuyurdu. Sonuncu dəfə ötən il 8 Mart qadınlar bayramı günüdə yığışmışdıq. Tədbirdə  ona söz veriləndə dedi ki, bu, bizim birlikdə keçirdiyimiz son bayramımızdır. Biz də etiraz etdik ki, niyə son? Siz oğlanlar hərbidən gələndən sonra, yenə yığışarıq.  Mikini itiridik... Şəhidlik zirvəsinə ucaldı, ailəsini, yaxınlarını, bizi tərk etdi... Onun yasına getmişdik... Həmin gün dəhşət idi... Mikinin anasının fəryadı heç vaxt qulaqlarımdan getməyəcək... Biz onu torpağa tapşırdıq, əmanət etdik... Ağır itkidir...".

İsmayıllı rayonunun  Təzəkənd sakini, Mikayıl Vahabzadənin qrup yoldaşı Nübar:

"Biz Mikayılla rayonda eyni müəllimin yanına hazırlıq kursuna gedirdik. Əvəllər mənə özündən müştəbeh, özündən razı birisi təsirini bağışlamışdı.2011-ci ilin sentyabr ayında bildim ki, ikimiz də Sumqayıt Dövlət Universitetinin Fizika və  elektroenergetika fakultəsinin 544-cü qrupuna daxil olmuşuq. Çox sevindim. Sumqayıtda Mikayıl mənə çox doğma gəldi. Necə olmasa da eyni rayondan gəlmişdik. Qəriblikdə doğma yerin adamı başqa olur. 4 il ərzində o mənə qardaş oldu.  Onu hər zaman özümə arxa, dayaq bildim. Ən asan, ən çətin  problemlərimin həllində onu yanımda gördüm.  Mikayılın elə gözəl, sonsuz arzuları var idi ki... Bir dəfə söhbət əsnasında dedi: "Arzularım o qədər çoxdur ki, qorxuram ömrüm çatmaya". İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Onun ən böyük arzularından biri ŞƏHİD olmaq idi. Əsgərlikdən söhbət düşəndə "Mən Şəhid olacağam"  deyirdi. Hərbi xidmətini bitirməyə 2 ay qalmış onun Vətən uğrunda şəhid olduğunu eşitdim. Şəhidlik hər kəsə nəsib olmur. Çünki Şəhidlər ölməz. Qardaşımın məkanı cənnət olsun".

544-cü qrupun keçmiş tələbəsi Nərmin:

"2011-ci ildə Sumqayıt Dövlət Universitetində ilk dərs günündən sonra 4 il bir yerdə təhsil almışıq. O həmişə, hər yerdə birinci olmaq istəyirdi. Mikayıl başqa uşaqlardan fərqli olaraq dərslərini özü oxuyurdu, dərsə hamıdan əvvəl gəlib, qabaq sırada əyləşirdi. Bir sözünü heç unutmayacağam: "Bacışka, mən  şəhid olacağam".  Qrupumuzda 20 qız oxuyurdu. Elə bilirik ki, 20 bacını qardaşsız  qoyub. Mikoşumuz bizə çox sözlər vermişdi. Həmişə vədinə əməl edirdi. Bir dəfə də demişdi ki, "bacışka, əsgərlikdən gələndə sizi evimizə qonaq çağıracam. Görün sizə necə qulluq edəcəyəm...".  İlk dəfə sözünü pozdu Mikoşumuz. Onun tabutunu Maçax kəndindəki evində biz qarşıladıq. Biz cavanıq, gəncik. Həyat bizə belə bir ağrıya dözməyi bacarmağı da öyrətdi. Mikayıl bilmədi ki, 544-cü qrupun 20 qızı aprelin o ağır günlərində nələr çəkdi.Hamımız həm Mikayıl üçün, həm də Ordumuzun əsgərləri üçün dualar etdik gecə-gündüz...  Bizim mərd, igid qardaşımız. Adın çəkiləndə qürur duyacağıq səninlə...".


Mukayıl Vahabzadə haqqında ən sonda ürək sözünü deyən qrupun rəhbəri Xədicə Əliyeva oldu: 

"Qrupumda 20 qız, 12 oğlan var idi. Onların hamısını öz balam kimi sevirdim. O qrupun uşaqlarında bir fərqlilik vardı. Mikayıl isə tam fərqli gənc idi. Özünə qarşı tələbkar, son dərəcə mədəniyyətli, savadlı, geniş dünyagörüşlü, istiqanlı, narahat... Qrupda geridə qalan, davamiyyəti zəif olan tələbələrin də qayğısını çəkirdi. Özü həmişə birinci idi. İstəyirdi ki, hamı birinci olsun. Gecələr restoranda ofisiant işləyib, gündüzlər dərsə gəlirdi. Universiteti fərqlənmə diplomu ilə bitirdi. Ona diplomunu elə məzun günündə verdilər. Çox vətənpərvər idi. Yüngül təbiətli, yüngül xasiyyətli oğlanları sevməzdi. Deyirdi ki, "belələrindən necə vətən qoruyan olacaq? Kişi gərək bir az ağır təbiətli olsun". Mikoş mənə çox əziz idi. Elə bir ölçü vahidi tapmıram ki, onun dəyərini təyin etsin. Rəhbərlik etdiyim həmin qrupda 10 tələbəm əsgər idi. Vəziyyət ağırlaşanda Mikayıla yazdım ki, özündən bir xəbər yazsın. Cavab gəlmədi.  Adətən telefonu bağlı olurdu. Əsgərlərə telefon işlətməyə icazə olmadığından, o ancaq  vaxt tapanda açardı telefonunu. Hətta əsgəri xidmətdə olanda da bütün bayramlarda yazıb məni təbrik edirdi... Onun haqqında danışmaq mənim üçün çox ağırdır. Mən də anayam axı... Onun anası Rumiyyə xanımın fəryadlarını heç vaxt unutmayacağam... Ancaq Vətəni Vətən edən Mikayıl kimi qeyrətli oğlanlarımız, şəhgidlərimizdir!".

Belə... Bu da 23 yaşı bu il iyul ayının 25-də tamam olacaq, gənc Mikayıl Vahabzadənin həyat hekayəti... 

Sumqayıt Dövlət  Universitetində indi təhsil alan tələbələrdən ŞƏHİD məzunların adına hər hansı bir guşə açılması və ya onların anım tədbirlərinin keçirilib-keçirilmədiyi barədə soruşdum... Hamısının cavabı bir oldu: "Biz də çox istərdik ki, universitetin  böyük zalında, ya foyedə bizim universitetdə oxumuş, döyüşlərdə həlak olmıç qəhrəmanların  portretləri asılaydı... Belə bir tədbir keçirilsəydi, o şəhidlər anılsaydı, yəqin ki, burada təhsil alan tələbələrin mənəvi formalaşmasında dərin iz buraxardı...

 ... Ancaq neyləmək olar ki, bu təhsil ocağının rəhbərliyinin belə əhəmiyyətli məqamlardan ya xəbəri yoxdur, ya da işləri çoxdur.../modern.az

Aida Eyvazlı


Ən böyük arzusuna çatan şəhidimiz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lavrov Suriya üzrə Astanada keçiriləcək görüşün əsas hədəflərini açıqladı
    Rusiyanın xarici işlər naziri Astana görüşünün əsas məqsədləri haqda danışdı.
     17.01.2017
    İran Səudiyyə Ərəbistanının dəvətinə müsbət cavab verdi
    İran qarşıdan gələn həcc səfərinə 80 min zəvvar üçün hazırlıq görməyi planlaşdırır
     17.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ