EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:09.10.2017 13:22:47

Orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində tarix dərsliyində yer almış xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqlarını əhatə edən “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin təsvir olunması ilə bağlı tənqidi müzakirələr bitmək bilmir.

Bir neçə gündür ki, sosial şəbəkələrdə Təhsil Nazirliyi, kitabın çap olunduğu “Şərq-Qərb” nəşriyyat evi və kitab müəllifləri sərt tənqid olunur.

Təhsil Nazirliyi məsələ ilə bağlı həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhvin olduğunu bildirib.

“Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq, məktəb kitabxanalarına təhvil verilib”.

Qafqazinfo “Şərq-Qərb” nəşriyyat evindən münasibət öyrənməyə cəhd göstərsə də, nəşriyyatdan müdiriyyətin olmadığını və bununla bağlı hər hansı bir açıqlama verə bilməyəcəklərini qeyd ediblər.

Maraqlıdır ki, nazirlik kitabın çapında texniki səhv olduğunu etiraf etsə də, məşhur ekspert Kamran Əsədov açıqlamasında həmin xəritənin 25 ildir ki, dərsliklərdə istifadə olunduğunu və bir ay ekspert nəzarətindən çıxdığını söyləyib: “Xəritədə Armeniya vilayətinin adı silinməklə 4 dildə dərslik nəşr etmək, onu tam ibtidaidən yazmaq, redaktə etmək qısa müddət üçün çox çətindir. Dərsliyi yazıb tenderə qoşulduq. Ona ekspertlər də baxıb və bir ay ictimai müzakirəyə çıxarılıb. Heç bir şəxs o qeydlə bağlı bizə məlumat verməyib ki, bu var. Əlbəttə ki, Azərbaycan və digər dillərdə olan nəşrlər kimi həmin adın silinməsi daha məqsədəuyğun olardı, amma bu, bizim tarixdən qaçmağımız deməkdir. Heç kim demir ki, bu xəritə "Böyük Ermənistan" dövlətinin xəritəsidir. Bu, tarixdə e.ə. ll-b.e. III əsrlərinə aid Roma imperiyasının xəritəsidir, sərhədləridir və onun vilayətləridir”.

Dərsliyin müəlliflərindən biri olan Faiq Babayev də həmkarının fikirlərini dəstəkləyərək, mediada yer alan fotonun xəritənin bir hissəsi olduğu üçün faktları təhrif etdiyini bildirib: “Burada faktlar təhrif olunub. Sözügedən məsələ dərsliyin Azərbaycan dilli versiyasında yoxdur. Müəlliflər də azərbaycandilli varianta cavabdehdir. Sonradan dərslik həm rus, həm də gürcü dillərinə tərcümə olunub. Düzünü desək, bu zaman həm tərcüməçinin, həm də redaktorun müəyyən qüsurları ola bilər. Ancaq xəritəyə diqqətlə baxsaq, tamam başqa bir şey aşkar olunur. Xəritə ilə bağlı fikir bildirənlərin çoxunun əlinin altında həmin dərslik yoxdur, sadəcə, fotoya baxaraq şərh verirlər. Fotoda xəritənin bir hissəsi verilib. Birincisi, xəritə Roma imperiyasına həsr olunub. Yazılıb ki, Roma İmperiyasının ən güclü zamanındakı sərhədləri bənövşəyi rənglə verilib. Bənövşəyi xəttin içində də bir əyalət kimi Ermənistanın adı var. Burada Ermənistan dövlətindən yox, Roma İmperiyasının tərkibində olan əyalətin bir müddət belə adlandırılmasından söhbət gedir. Təbii ki, o söz orada olmasa, daha yaxşı olardı. Amma bu, elə bir qeyri-adi qəbahət deyil. Bir anlıq təsəvvür edin ki, Sovet dövrünün xəritəsini veririk və orada da 15 respublikadan biri Ermənistandır və biz onun adını vermirik”.

Müəllif onu da qeyd edib ki, nəşriyyat xoşagəlməz rezonans yarandığı üçün dərhal o tirajı geri çağırıb və kitabı yenidən çap edərək göndərib: “İndi stəkan içərisində fırtına yaratmaq istəyirlər. İnternetdə görürəm, kim ağzına nə gəlir, yazır. Bu, ancaq təəssüf doğurur”.

Müəlliflər Təvəkkül Əliyev və Şamil Əmrahov xəritənin şərtlərinin mediada yer alan fotoda göstərilməməsinin yanlış anlamalara səbəb olduğunu vurğulayıb. Ş.Əmrahov sözügedən hadisəni iyrənc siyasət adlandırıb: “Azərbaycan dili variantında belə bir şey yoxdur. İndi texniki səhv olub. Ancaq mediada xəritənin bir hissəsi verilib. Yanda xəritənin şərtləri var və yayılmış fotoda o göstərilməyib. Ona görə də xəritədə nə deyildiyi tam bəlli olmur. Əslində, o xəritədə göstərilir ki, Ermənistan elə Roma İmperiyasının tərkibində olub. İndiki kimi, o vaxt da Ermənistan bir qul olub. Hazırda iyrənc siyasəti olan adamlar çoxdur və bu texniki səhvdən məharətlə istifadə etdilər”.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.(Qafqazinfo)


“Böyük Ermənistan” xəritəsini təqdim edənlər: Bu, iyrənc siyasətdir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ