EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:30.01.2019 23:36:36

Azərbaycanın 11 parçası Londonda...

Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli kreditlərindən həm ölkə daxilində, həm də kənarda ağır miras kimi qalan çoxlu şirkət var. Bu şirkətlər dövlət mülkiyyətinə keçsə də, onların idarə olunması haqda bilgi çox azdır. Böyük Britaniyadakı şirkətlər də belələrindəndir.

Maliyyə nazirliyinin iki il öncəki açıqlmasını xatırlayaq. Nazirlik ABB-dən milyardlarla dollar və avronun çıxarıldığını elan etmişdi. ABB-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həbsindən sonra (2016-cı ildə) nazirliyin rəsmisi onu milyardlarla pulu “ofşorlarda yaradılmış şirkətlər” vasitəsilə ölkədən çıxarmağa yardım etməkdə suçlamışdı. Bəs o ofşor şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf edilən vəsaitlərin hansı hissəsi geri qaytarılıb? Hökumət bu haqda ictimaiyyətə hələ heç bir açıqlama verməyib.

Böyük Britaniyanın şirkətlər reyestrində açıq olan və daim yenilənən məlumatlar toplusu xaricdəki şirkətlərin-ABB-nin “zəhərli aktivlər” adlandırılan kreditlərindən faydalanmış şirkətlərin bir hissəsinin maliyyə durumuna azacıq işıq salır. Həmin məlumatları təhlil edəndə bir məqam da diqqəti çəkir. Şirkətlərdən birinin “ana şirkəti” məşhur qalmaqalın-beynəlxalq mediada “Azərbaycan paltaryuyanı” adını almış korrupsiya və çirkli pulların yuyulması qalmaqalının iştirakçısıymış...

 

Azərbaycanın 11 parçası Londonda

 

Britaniyada 2004-2008-ci illərdə qeydiyyata alınmış, ən azı, 11 şirkət ABB-nin aktivlərinin restrukturizasiyasından sonra Azərbaycan Respublikasının nəzarətinə keçib. Məlumat bazasındakı sənədlərə görə, ötən dövrdə onların ikisinin (“Euro Associates (UK) Limited” və “Euroilgas Industries PLC”) ləğv olunması haqda qərar verilib. Bu iki şirkətin aktivləri 55 milyon dollar dəyərində qiymətləndirilir, borcları isə bundan iki dəfə çoxdur. Aktivlərin o borcları bağlamağa kifayət edib-etmədiyi açıqlanmır.

Azərbaycan hökuməti ABB-nin xarici borc öhdəliklərinin ödənilməsinə dövlət büdcəsindən milyard dollarlarla vəsait xərcləyib. Amma bankın xaricdəki aktivlərinin qaytarılıb-qaytarılmadığı bərədə hesabat verən yoxdur.

Maliyyə hesabatlarındakı məlumatlar əsasında aparılan hesablamalara görə, Azərbaycan dövlətinin nəzarətinə keçmiş 11 şirkətin müxtəlif hesabat tarixlərinə (2017-2018-cı illər üzrə) borc öhdəlikləri toplam 104 milyon 916,8 min funt, 213 milyon 13,8 min dollar və 38 milyon 806,5 min avro təşkil edib. Şirkətlərin elan olunan aktivlərinin dəyəri isə bu məbləğlərdən xeyli azdır. Borcun hansı hissəsi ABB-nin qaytarılmayan kreditlərinin payına düşür? Bu haqda maliyyə hesabatlarında bir söz deyilmir. İctimaiyyətə açıq olan informasiya hələlik budur: Bu şirkətlər Britaniyada, Virgin Adaları və Nevis kimi ofşorlarda, təsisçisinin adı gizli saxlanılmaqla yaradılıb. 2016-cı ilin aprelindən başlayaraq Azərbaycan dövlətinin, eləcə də “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatının təsisçiliyi ilə ofşor bölgədə qeydiyyatdan keçmiş “Agrarcredit Asset Management Limited” şirkətinin nəzarətindədir. Azərbaycan dövləti adından çıxış edənin adı çəkilməsə də, ünvanı göstərilir: Bakı şəhəri, Lev Landau,16 (Vergilər Nazirliyinin ünvanı).

Ləğv edilən iki şirkətdən başqa Azərbaycan dövləti hazırda “Marduk Univers Ltd”, “Kingsway Business Limited”, “Camelot Oil & Gas Developments Limited”, “Hagaro Ltd”, “Winchester Trade and Developments Ltd”, “Adelaide Park Holdings Ltd”, “Royle Trade & Commerce LLP”, “Tritech Commerce LLP”, “Inter Professional Sport Club Ltd” şirkətlərinin sahibi qismində çıxış edir. Azərbaycanın nəzarətinə keçdikdən sonra bu şirkətlərin hüquqi ünvanları Londondakı Bruton küçəsi, ev 25-dən Great Portland küçəsi, 85 nömrəli evə dəyişdirilib. Şirkətlərin direktorları arasında həm Azərbaycan (İntiqam Xəlilov), həm də Dhirsinqh Codhun, Katerina Vafea, Kristos Kakourides və Yekaterina Cuqeli Kamp kimi Britaniya və Kipr vətəndaşları var. Adı çəkilən şirkətlərin ilkin təsisçiləri isə “Java Group Limited” (Cəbəlüttariq), “Leekis Enterprises Limited” və “Freeside Limited” (Nevis), “Woodstock Directors Limited”, “Biloxi Global Inc”, “Xenon Group Trading Inc”, “Flayton Finance Corp.” (Britaniyanın Virqin adaları), eləcə də ayrı-ayrı əcnəbilər (Svetlana Vormsbexer, Katerina Pursbax, Valeriya Streker, Dhirsinqh Codhun) olublar.

 

Cahangir Hacıyev və dostları ya da

 

Cahangir Hacıyev 42,5 milyonluq təyyarəni necə alıb?

Bu şirkətləri bir ortaq cəhət birləşdirir; onların vaxtilə C. Hacıyevin dostlarından olmuş Xaqani Bəşirovla bu və ya digər şəkildə bağlılığı var. Bu şəxs Fransa vətəndaşlığı alıb, biznesini əsasən Lüksemburq üzərindən idarə edir, ABB ilə çoxdan, həm də çox yaxın münasibətlərdə imiş. ABB-nin maliyyə durumunun kritik həddə çatdırılmasında “xidmətləri” olsa da, X.Bəşirov məsuliyyətdən yayına bilib. O, Avropada biznes fəaliyyətini davam etdirməkdədir.

Azərbaycanın mülkiyyətinə keçmiş “Camelot Oil & Gas Developments Limited” şirkətinin izləri isə bir başqasına deyil, ABB-nin keçmiş şefinə aparıb çıxarır. Hesabatlara görə, 2008-ci ilin iyununda bu şirkətin BƏƏ, Kipr və Britaniyada 3 törəmə müəssisəsi (“Camelot Oil & Gas Developments FZCO”, “Arguros İnvestment Company Ltd” və “Berkeley Business Limited”) olub. “Camelot Oil & Gas Developments Limited” törəmələrinin səhmlərinin 80-100%-nə sahibmiş. Onlardan biri-“Berkeley Business Limited” 2016-cı ilin aprelində Cahangir Hacıyevin nəzarətinə keçib. C. Hacıyev 2015-ci ildən həbsdə idi. Bankirin adından yazılmış elektron hesabatı Britaniyanın qeydiyyat orqanına kiprli Kostas Nikolaou təqdim edib. Britaniyanın şirkətlər reyestrində bu şirkətə dair müqavilələrdən məlum olur ki, C. Hacıyev Gulfstream G550 təyyarəsini məhz “Berkeley Business Limited” şirkəti vasitəsilə ABŞ-dakı istehsalçıdan satın alıb. Təyyarə ona 42,5 milyon dollara başa gəlib.

13 illik fəaliyyətdən sonra bu ilin yanvar ayının 22-də ömrünü başa vuracağı elan edilən “Euroilgas Industries PLC” şirkətində payların əsas hissəsi “Biloxi Global İnc” ofşor şirkətinə məxsus olub. Onun çoxsaylı direktorları arasında X.Bəşirov da vardı. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) 2017-ci ildə çoxlu bank məlumatları sızmasına istinadla yazırdı ki, bu şirkət “Azərbaycan Paltaryuyanı” adını almış pul yuyulması prosesinin iştirakçılarındandır. 2013-cü ildə şirkət pulyuma sxeminin dörd əsas iştirakçısından biri - “Hilux Services LP” şirkətindən müxtəlif xidmətlərə görə 3,06 milyon ABŞ dolları alıb. Bir il sonra isə sifarişlərin ləğv edildiyini səbəb göstərərək, pulun bir hissəsini geri ödəyib.

 

“Aqrarkredit”in gizli qalan əməliyyatı

 

Britaniyada kök salmış şirkətlərin Azərbaycan dövləti qarşısında öhdəliklərinə görə bir funt da olsa, ödədiyi, hələ ki, məlum deyil. ABB-nin xarici aktivləri üzrə əməliyyatlara dair indiyədək cəmi bir məlumat verilib, o da yarımçıq. 2018-ci ilin əvvəlində bankın problemli aktivlərinin bir hissəsini idarə edən “Aqrarkredit” BOKT Qapalı Səhmdar Cəmiyyəti “ABB” Açıq Səhmdar Cəmiyyətinin köhnə borc öhdəlikləri üzrə iddia hüquqlarını hərracda satıb. Satılan 3 köhnə borc öhdəliklərinin məbləği 2 milyon 10,3 min avro və 86 milyon 993,4 min ABŞ dolları olub. Bu vəsaitləri Kiprin “Luxside Trading S.A.” və Lüksemburqun “Lux Technology S.A” (bu şirkətin direktoru X.Bəşirovdur) şirkətindən almaq hüququ ABB-dən “Aqrarkredit”ə 2015-2016-cı illərdə keçib. Heç nəyə nail olmayan “Aqrarkredit” QSC isə 2017-ci ilin oktyabrında bu borcları almaq hüququnu satmaq haqda qərar verib. Düzdür, hərrac baş tutub, müştəri də tapılıb-borcları qaytarmaq hüququnu Rusiyanın “Marin” şirkəti alıb. Lakin “Aqrarkredit” ABB-nin borcu neçəyə satdığını açıqlamayıb. (Turan.az)


Beynəlxalq Bankın itmiş milyardlarının səsi İngiltərədən gəlir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: Trampın son qərarı sabitlik üçün təhdiddir
    İran XİN başçısı ABŞ prezidentinin qərarı haqda danışıb.
     26.05.2019
    Tramp Buşu qınadı: Biz İraqa girməməli idik...
    Donald Tramp ölkəsinin başlatdığı İraq əməliyyatını şərh edib.
     26.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ