1. http://www.islamazeri.az/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:14.12.2016 21:20:10

İlahiyyatçıların vəhdət həftəsində mühüm mesajları...

Aləmlərə rəhmət olaraq göndərilmiş Həzrət Rəsulallahın (s) mövludu münasibəti ilə sizi təbrik edirik.

İslamazeri.az olaraq ilahiyyatçılara suallarla müraciət etdik. Həftə ərzində onların dəyərli fikirlərini izləyicilərimizlə paylaşacağıq.

Suallarımızı "Dini Araşdırmalar Mərkəzi"nin icraçı direktoru, ilahiyyatçı Natiq Rəhimov cavablandırıb.

 

Peyğəmbərin həyatından götürüləcək ən mühüm amil hansılardır? Hansı ki, onları həyatımızda tətbiq etməklə həqiqi müsəlman ola bilərik.

Peyğəmbərin (s) həyatından ala biləcəyimiz ən əsas dərs mənim anlamımda o Həzrətin (s) şəxsi nümunə olması amilidir. Yəni, Həzrət (s) gətirdiyi bütün hökmlərə hamıdan daha artıq və hamıdan daha ciddi əməl edirdi. Şəxsi nümunə faktoru çox mühümdür. İnsanın uğur qazanmasının əsas səbəblərindən biri də budur. Peyğəmbərin (s) də öz İlahi missiyasına uğurla əməl edib, gözəl nəaliyyətlər qazana bilməsinin bir sirrini bunda axtarsaq, düşünürəm ki, yanılmarıq. Əgər həzrət (s) öz gətirdiklərinə hamıdan daha ciddi əməl etməsəydi, xalqın gözündə etimad və ehtiram sahibi ola bilməzdi, sözlərinin kəsəri olmazdı. Əməllərinin də bərəkəti bu qədər olmazdı. Biz nümunə götürməliyik ki, dediyimiz sözlərə özümüz ciddi və məsuliyyətli yanaşaq, əvvəla özümüz buna əməl edək.

 

Vəhdət həftəsinin anlamı nədir? Əhəmiyyəti nə qədərdir?

Bunun tarixi haqqında bəzi kitablarda məlumatlar verilib. Mən də vəhdət haqqında kitabımda bunun tarixçəsi haqqında yazmışam.

1947-ci ildə şiə və sünni aləminin aparıcı simalarının təşəbbüsü ilə Misirdə "Dar əl-Təqrib Beyn əl-Məzahib əl-İslamiyyə" ("İslam Məzhəbləri Arasında Yaxınlaşma Evi") adlı qurum yaradıldı. Bu qurumun yaradılmasının təşəbbüskarı şiə məzhəbli alim və ictimai xadim Ayətullah Məhəmməd Təqi Qumi, təşkilatın vətəni və iqamətgahı isə sünni ölkəsi kimi tanınan Misir idi. "Dar əl-Təqrib"in fəaliyyətini həm şiə, həm də sünni dünyasının açıqfikirli simaları himayə edirdilər. O dövrün mərceyi-təqlidi Ayətullah əl-üzma Birucerdi təşkilatın elmi fəaliyyətinə himayə göstərir, bu layihəyə maddi cəhətdən də yardım edirdi. Qarşı tərəfdən isə Qahirənin "əl-Əzhər Universiteti"nin rektorları və Misir qaziləri mərhum Şeyx Əbdülməcid Səlim, Şeyx Məhəmməd Məraği və Şeyx Mahmud Şəltut bütün nüfuz və qüvvələrini "Dar əl-Təqrib"in çiçəklənməsinə sərf edirdilər. Mərkəz öz fəaliyyəti boyunca “Risalət əl-İslam” adlı rüblük jurnal nəşr etdirirdi. Həmin jurnalın yazarları sırasında o zamanın ən məşhur müsəlman tədqiqatçıları və yazarları - sünni aləmindən Məhəmməd Fərid Vəcdi, Abbas Mahmud əl-Aqqad, Məhəmməd Əbu Zöhrə, Misir qazisi Şeyx Həsəneyn Məhəmməd Məxluf, Məhəmməd Tantavi, Əbdülhəlim Mahmud, Məhəmməd Qəzzali, şiə dünyasından Ayətullah əl-üzma Şeyx Məhəmməd Hüseyn Kaşif əl-Ğita, Seyid Əbülqasim Xoyi, Əllamə Seyid Hibətəddin Şəhristani, Seyid Məhəmməd Sadiq əl-Sədr, Şeyx Məhəmməd Cavad Müğniyə və başqalarının adları gözə çarpırdı.

"Dar əl-Təqrib" cəmiyyəti İranda əhli-sünnə alimlərinin, Misirdə isə şiə müəlliflərinin klassik əsərlərini tanıtdırır və çap etdirir, müştərək konfrans və simpoziumlar keçirirdi. Təbiidir ki, bu təşkilatın fəaliyyətinin nə qədər mühüm olduğunu təəssübkeş qüvvələr anlaya bilməzdi. Sonrakı illərdə "əl-Əzhər Universiteti"nə başçılıq etmiş mərhum Şeyx Mahmud Şəltut xatırlayırdı ki, bəzi sünnilər "Dar əl-Təqrib"in onları şiələşdirmək istədiyini sanır, bəzi şiələr isə onları sünniləşdirməyə çalışdığını düşünürdülər.

Təəssüf ki, bu gözəl təşəbbüs bir neçə ildən sonra Misirdə maneələrlə qarşılaşmağa başladı. Həm dövlət orqanları, həm də bəzi qaragüruhçu din xadimləri tərəfindən yaradılan süni çətinliklər "Dar əl-Təqrib"in işini imkansızlaşdırdı. Bu arada Şeyx Mahmud Şəltutun və vəhdət hərəkatının digər mühüm simalarından daha bir neçəsinin vəfatı da hərəkata ciddi zərbə oldu. Nəhayət, "Dar əl-Təqrib"in Misirdəki fəaliyyəti dayandırıldı.

Bir müddətdən sonra İran İslam Respublikası məzhəblərarası dialoq ideyasını dirçəltdi və artıq iqamətgahı İranda yerləşən "Məcmə əl-Təqrib Beyn əl-Məzahib əl-İslamiyyə" ("İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası") adı altında yeni qurum işə başladı. "Məcmə əl-Təqrib" çərçivəsində həyata keçirilən ən səmərəli tədbirlərdən biri “Vəhdət həftəsi” ərzində məzhəblərarası dialoqa həsr olunmuş beynəlxalq konfransların təşkilidir.

Həzrəti Muhəmməd Peyğəmbərin (s) doğum günü sünni aləmində rəbiül-əvvəl ayının 12-də, şiə dünyasında isə həmin ayın 17-də qeyd edilir. Vəhdət həftəsi ideyasının kökündə bu iki tarixi birləşdirib bir həftə davam edən bayram şəklində keçirmək durur. Məhz həmin günlərdə hamısı Muhəmməd (s) ümməti sayılan, ona endirilmiş Qurana inanan, onun sünnəsinə əməl edən müsəlmanların vəhdətinə həsr edilmiş elmi-praktik konfranslar keçirilir. Dünyanın şiəli-sünnili onlarla ölkəsindən nümayəndələrin və ən nüfuzlu din xadimlərinin iştirak etdikləri konfransda məzhəblərarası qarşıdurmaların səbəblərini araşdıran, bunları aradan qaldırmaq yollarını təklif edən, şiə-sünni birliyinin əsas istiqamətlərini göstərən məruzələr səslənir.

 

Vəhdət həftəsini neçə qeyd etməliyik? İslamın təbliği və müsəlmanların vəhdətinin güclənməsi üçün hansı işləri görsək daha müvəffəqiyyətli addımlar atmış olarıq?

Əlbəttə, vəhdət ideyası ilin bütün günlərində bizim diqqət mərkəzimizdə olmalı və bu ideyaya əməl etməliyik. Sadəcə, ilin bəzi günlərində bunu təşkilatlanmış formada icra edirlər.

Əsas təkliflər:

- Vəhdət uğrunda çalışmaları cəmiyyətin bir təbəqəsinin, məsələn, alimlərin öhdəsinə atıb, kənara çəkilmək olmaz. Hamı buna yardım etməlidir.

- Sadə və dini savadı olmayan camaat məzhəb mübahisələrindən uzaq olmalı, bu mübahisələri alimlərin öhdəsinə buraxmalıdırlar.

Diqqət yetirin, birinci yazdım ki, VƏHDƏT ÇALIŞMALARINI hamı etməlidir, amma MƏZHƏB MÜBAHİSƏLƏRİNİ alimlər aparmalıdır.

- İxtilaf yaradan mövzulardan uzaq durmaq lazımdır.

- Müştərək mövzulara və dəyərlərə üstünlük verilməlidir.

- Qarşı məzhəbi olduğu kimi, onun öz ana mənbələrinə əsasən tanımaq və onun müqəddəsatına hörmət etmək lazımdır.

- Vəhdət hərəkatının tarixi təcrübəsini öyrənmək və ibrət almaq lazımdır.

- Bu işin tez əmələ gələcəyini düşünmək sadəlövhlükdür. Ona görə də səbirli olmaq lazımdır.

- Ruhanilər öz fətva və çıxışlarına məsuliyyətlə yanaşmalıdırlar. Ən mühümü elə bəlkə də budur.


Bayram həftəsindən mesajlar: "O Həzrətdən götürəcəyimiz ən önəmli amil..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya Yəmənə görə dünya ictimaiyyətini qınadı
    Rusiya xarici işlər naziri Yəmən münaqişəsi barədə münasibət bildirib.
     24.03.2017
    Xarici bloqqer 10 dollara Bakıda bunları etdi - VİDEO
    Dryu Binski adlı ABŞ-lı bloqqer ölkəmizdə olub.
     24.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ