EURO 2,0003 NEFT 51,8
USD 1,7009 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:18.01.2017 15:24:50

Camaat yuxarıda əyləşən böyük adamlardan ciddi şikayət edir. Niyə?

Camaat yuxarıda əyləşən böyük adamlardan ciddi şikayət edir. Niyə? Bunun daha niyəsi yoxdur ki...

Qohumbazlıq, yerlibazlıq, rüşvətxorluq, abırsızlıq, qanmazlıq, utanmazlıq, həyasızlıq və sairə və ilaxır dilxoşluqlar...

Yuxarıda əyləşənlər öz aralarında qara camaatın dediklərini danmırlar. Danmaq mümkün də deyil. Fəqət, əllərini yelləyib deyirlər ki, "bu şikayətlərin hamısının mənbəyi ədalət hissi deyil, adi paxıllıqdır. Balaca adamların əlinə girəvə düşsə, bizdən daha çox basıb yeyəcəklər. Təsadüfi deyil ki, xalqımızın ən sevimli atalar sözü "bacarana can qurban"dır".

Mən də düşünürəm və özümə sual verirəm ki, aya, bu böyüklər haqlıdırmı? Görəsən balaca adamların əlinə böyüklük etmək fürsəti düşsə, onlar da indiki böyüklərin etdiyini edəcəklərmi? Yoxsa indiki böyüklərə rəhmət oxutduracaqlar?

Bir tərəfdən yadıma balaca adamların kütləvi surətdə böyük vəzifələrə doluşması dövrü düşür və xatırlayıram ki, on nəfər balaca adamdan yalnız biri öz təmizliyini və insanlığını qoruya bilmişdi. Qalan doqquzu vəzifəsiz balacaların belinə hoppanıb minməyə başlamışdı.

Anlayıram ki, bunun səbəbi çox sadə idi: ailə tərbiyəsinin yoxluğunda, daha doğrusu, olan ailənin tərbiyəsizliyində idi. Yəni bu məxluqata valideyni tərbiyə verəndə nə Nizamidən, nə Füzulidən, nə "Quran"dan, nə "İncil"dən, nə İsa Məsihdən, nə Məhəmməddən, nə imam Əlidən, nə də Mahatma Qandidən xəbərləri olub. Başqa sözlə, xoşbəxtlikdən bəşəriyyətin ensiklopediyasında yazılanların hamısından bixəbər olublar. Bu valideynlər öz övladına yalnız bircə şeyi qandıra bilmişdilər: yuxarı dırmaşmaq və basıb yeyəndə utanmamaq lazımdır! Yəni indiki böyüklər kimi.

Bu kiçik haşiyədən sonra keçirəm mətləbə. Yeni İlə altı saat qalır. Yollanıram bayram süfrəsi üçün bir dənə çörək almağa. Hadisə vaqe olur dekabrın 31-də Politexnik Universitetin böyründəki dağlı təndiri satan çörəkçinin pəncərəsinin önündə. Çörəkçinin pəncərəsinin önündə on nəfər adam topa halında dayanıb. Ucadan hamıya salam verib Yeni İli təbrik edirəm və soruşuram ki, növbədə sonuncu kimdir. Bir xanım dinməzcə başı ilə işarə edir ki, "mənəm". Ucadan deyirəm: "Mən oldum sizdən sonra". Üç-dörd dəqiqədən sonra daha beş-altı adam yaxınlaşıb növbə tutur.

Başlayıram növbəyə baxmağa və təxminən nə qədər vaxt itirəcəyimi ölçməyə. Bu çörəkçini 30 ildir tanıyıram. Çörəyi əladır. Qazla işləyən sobaya hərəsində doqquz kömbə olmaqla altı lövhə qoyur. Doqquz vur altı ,eylər 54. Çörəyin bişməsi 15 dəqiqə vaxt aparır. Fikirləşirəm ki, məndən əvvəlki bu 10 adam nə qədər çörək almalıdır ki, mənə biri çatsın? 53 çörəkdən çox alsalar, mənə istədiyim bir çörək çatmayacaq və dübarə 15 dəqiqə gözləməli olacağam. Yenə düşünürəm ki, görəsən bu növbədə də "milli oyun"lar baş verəcək, ya yox? Müşahidəm "balaca" azərbaycanlıların ən adi şəraitdə davranışları barədə dəqiq nəticəyə gəlməyə imkan verəcək, zira, bu növbədə "böyük" azərbaycanlı yoxdur və ola da bilməz.

Bəli, məndən əvvəl duran səliqəli geyimli cavan yeni gələn müştərilərdən birini tanıyır, növbədən çıxır və baxışlarını hamıdan gizləyərək ona yaxınlaşır, heç kəs eşitməsin deyə ondan nəsə soruşur. Təzə növbəyə durmuş müştəri eriraz əlaməti olaraq başını bulayır. Bu səssiz mükalimədən tək mən yox, hamı anlayır ki, səliqəli geyinmiş cavan tanışına onun üçün cörək almağı təklif edir, tanış isə camaatı göstərib deyir ki, "ayıbdır camaatdan, eybi yoxdur, duraram, alaram". Cavan qayıdır öz növbəsinə.

Mən də anlayıram ki, bu cavan növbədəki öncül yerini özünə hörmət qazanmaq üçün fürsət sayır və bu fürsəti hörmət kapitalına çevirmək istəyir. Tanışının insaf hissi var və igidin bu istəyinə cavab vermir.

Bu vaxt növbəyə yeni bir müştəri qatılır. Bu adamı da cavan tanıyırmış. Cavan yenə baxışlarını camaatdan səylə gizləyərək növbəsindən çıxır, tanışına yan alır və pıçıltı ilə ondan nə qədər çörək istədiyini soruşur. Təzə müştərinin sifətində utancaqlıq hissi ilə razılıq hissinin xəlitəsindən törənən bir ifadə yaranır və ona nə qədər çörək lazım olduğunu cavana deyir. Cavan yenə baxışlarını camaatdan səylə qaçıraraq növbəsinə qayıdır.

Bəli, çörək bişib hazır olur, növbə hərəkətə gəlir. Növbədə birinci duran bir qədeşbala on çörək alıb gedir. "Belə getsə, daha 15 dəqiqə durmalı olacağam"- düşünürəm. Xeyr, çox çörək alan tək odur. İkinci adam iki çörək alıb gedir. Üçüncü üç çörək alır. Dördüncü iki çörək alır.

Növbə çatır cavana. Ayrı-ayrı üç kağız torbada doqquz çörək alır, çıxıb torbaların ikisini tanışlarına verir. Birinci tanışı narazıdır, lakin daha mətləbi uzatmayıb torbanı götürür və pulunu cavana verib tələsik uzaqlaşır. İkinci isə torbanı razılıqla götürür və qənaət etdiyi 15 dəqiqəni məzmunsuz həyatına sevincək əlavə edir.

Müxtəsər deyim, mənə çörək çatdı və onu alıb evimə yollandım. Yolda da düşündüm, bu səliqəli geyinmiş cavan nümunəvi azərbaycanlıdır. Onun əlinə növbəsindən bəhrələnmək fürsəti düşmüşdü və o, bu fürsətdən var gücü ilə istifadə etməyə çalışdı.

Nazirin əlinə ayrılmış büdcə pullarının bölüşdürülməsi fürsəti düşəndə, bizim şanlı nazir nə edir? Baxır növbəyə durmuş camaata, təbii ki, ilk olaraq öz ailə üzvlərini görür və ona tapşırılmış büdcədən onlar üçün "çörək" alır. Sonra görür qohumları, onlara da növbədən kənar "çörək" alır. Sonra yenə baxıb görür dostları, görür tanışları, görür yerliləri, hamısına "çörək" alandan sonra bəlli olur ki, "çörək" qurtarıb. Hamı başlayır gələn ilin büdcəsini gözləməyə.

Bu kiçik müşahidəmdən belə nəticəyə gəldim ki, həm milli əfkari-ümumiyyə adlanan məfhum bizdə Avropanın ədalət və abır üzərində qurulmuş ictimai davranış qaydalarından tam fərqlidir, həm də məhz bu "millilik" bizim indiki utanc doğuran vəziyyətimizin mənbəyidir. Günah "böyük"lərdə deyil, hərçənd ki, həm də və ilk növbədə, onlardadır.

Günah "balaca" adamlardadır, zira onlar xalqın əksər hissəsində vaxtilə yuva salıb yaşamış ədalət və insaf hisslərini çoxdan boğub qara torpağa gömmüşlər. Təsəvvür etdim ki, möcüzə baş verib və xalqın içindən çıxmış bu səliqəli geyimli cavanı nazir vəzifəsinə təyin etmişlər. Onun nəyi və necə edəcəyini bu çörək növbəsindəki davranışından görmək əsla çətin deyil.

Nəticə? Azərbaycan uzun müddət tələb edən maariflənmə mərhələsini keçməsə, yaxşılığa doğru dəyişikliyə ümid etməyə dəyməz.

Gürcüstanı nümunə göstərib deməyin ki, "gürcülər bacardı"! Mişa Saakaşvili gürcüləri döyə-döyə adam eləyirdi, qalxıb etimadsızlıq göstərdilər və inamla, addım-addım köhnə "milli" əyyama qayıdırlar.

Zərdüşt Əlizadə / Meydan TV


“Balaca” adamların “böyük” məcazı - MƏQALƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - Məleykə Abbaszadə
    “İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”.
     23.08.2017
    Səəd Həriri
    Livanın baş naziri “Hizbullah”-ın Suriyada terrorla mübarizə məsələsinə münasibət bildirməkdən imtina edib.
     23.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ