EURO 1,9801 NEFT 72,97
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:20.06.2018 17:03:32

Gürcü parlamentinin azərbaycanlı deputatından şok açıqlamalar.

Gürcüstanda son zamanlar ictimai-siyasi vəziyyətin gərginləşdiyi müşahidə olunur. Mitinqlər keçirilir və artıq ötən həftə mitinqçilərin tələbləri qarşısında baş nazir istefa verib. Bu hadisələrlə yanaşı qonşu ölkədə yaşayan azərbaycanlılarla bağlı da xoş olmayan proseslərin başlandığı xəbərləri gəlməkdədir. Gürcüstan prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Marneuli şəhər meri azərbaycanlı Temur Abazov həbs olunub. Onu Elçin Abdullayevə qarşı təhqirə yol verməkdə ittiham edirlər. Zorakılıq tətbiq etmək ittihamı ilə isə Gürcüstan parlamentinin üzvü keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milliyətçi Hərakat” Partiyasının üzvü, deputat Azər Süleymanova qarşı cinayət işi açılıb.

Gürcüstanda baş verənlərlə bağlı Azər Süleymanov “Yeni Müsavat”a açıqlama verib. Azər Süleymanov qeyd etdi ki, Gürcüstan gün-gündən geri gedir, ölkə 1990-cı illərə qayıdır: “Hakimiyyətdəki Gürcü Arzusu Partiyası, hökumətdəkilər bir-biri ilə yola gedə bilmirlər. Bir dövlətdəki prezident, baş nazir və parlamentin sədri bir-birinə düşmən münasibətdədir, orada irəliləyiş mümkün deyil, orada geriləmə, fiasko qaçılmazdır. Mən şahidiyəm ki, Gürcüstanın baş naziri, prezidenti və spikeri bir-birinə düşmən kimi yanaşırlar. Bu üç şəxs bir-biri ilə yol getmirlər, tədbirlərdə bir-birilə yanaşı belə oturmurlar. Problemlərdən biri bu vəziyyətdən qaynaqlanır. Gürcüstanı bu problemdən xilas etmək lazımdır.

Mixail Saakaşvilinin dövründə güclü və monolit komanda var idi. Hakimiyyət daxilində bir-birinə düşmən münasibət yox idi. Bu gün isə nazirlər bir-biri ilə yola getmirlər. Ölkədə çox ciddi ictimai gərginlik hökm sürür. Bütün savadlı insanlar kənarda qalıb, hər vəzifəli şəxs öz qohum-əqrəbasını yanına işə cəlb edir. Kadr məsələsində savada, peşəkarlığa yox, qohumluğa üstünlük verilir. Bir sözlə, Mixail Saakaşvilinin irəli apardığı Gürcüstanı indiki hakimiyyət geriyə aparır. Ölkədə narkomaniya, cinayətkarlıq baş alıb gedir. Mixail Saakaşvili Gürcüstanda rüşvəti kəsmişdi, rüşvət sözü insanların leksikonundan belə çıxmışdı. İndiki hakimiyyət elə bir vəziyyət yaradıb ki, artıq Gürcüstanda rüşvətxorluq tüğyan edir. 4 ildə beş dəfə baş nazir dəyişilib, İvanaşvili hökuməti özünün oyuncağına çevirib. İtirən isə Gürcüstandır.

Belə vəziyyət isə Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlişini labüd edir. Artıq xalq Saakaşvili dönəminin xiffəti ilə yaşayır. Yenə də gözlər cənab Saakaşviliyə dikilməkdədir. Mixail Saakaşvilini xalq yenidən hakimiyyətə gətirəcək. Artıq gün-gündən bu bir aksiomaya çevrilməkdədir".

Deputat onu da bildirdi ki, hər gün Gürcüstanda etiraz aksiyaları keçirilir. Artıq proses gedir: “Bu prosesdə bizim partiyadan başqa da partiyalar, ictimai təşkilatlar iştirak edir. İnsanlar artıq İvanaşvilinin partiyasının idarəçiliyi altında yaşamaq istəmirlər. Gürcüstan xalqı normal yaşayışı, qanunların hökmran olduğu dövrü 2003-2012-ci illərdə gördülər. Məhz həmin dövrdə yüz minlərlə vətəndaşımız Gürcüstana-evlərinə geri döndülər. Saakaşvili dönəmində Gürcüstan-Azərbaycan münasibətləri dünya ölkələrinin qibtə etdiyi səviyyədə yüksək idi. Mixail Saakaşvilinin Azərbaycana, azərbaycanlılara çox böyük sevgisi var. Onun Azərbaycan prezidenti cənab İlham Əliyevlə şəxsi dostluq münasibətləri də Azərbaycan-Gürcüstan münasibətlərində öz sözünü deyirdi. 2012-ci ildən sonra İvanaşvili komandası Azərbaycanla münasibətlərə xələl gətirən addımlar atmağa başladı. Çox yanlış xətt yürüdüldü və yürüdülməkdədir. Faktiki olaraq, Azərbaycanı fürsət düşən kimi şantaj etmək xətti əsas götürülüb. Gah Ermənistana Abxaziyadan dəmir yolu xəttini açmaqla bağlı, gah Rusiyadan, İrandan qaz almaq məsələsini ortaya atmaqla Azərbaycanı şantaj yolunu seçdilər. Gürcüstan ictimaiyyəti ayağa qalxdı və bu şantajlara qarşı çıxdı.

Son zamanlar isə hökumət Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqləri artırıb. Saakaşvilinin dövründə 3 minə yaxın Gürcüstan vətəndaşı olan azərbaycanlı ali məktəblərə qəbul olunmuşdu. Bu gün həmin tələbələr işsiz-gücsüz qalıblar. Heç birinə iş verilmir. Vəzifədə iki-üç azərbaycanlı var idi. Hökumət qurğu qurdu və onları vəzifədən çıxarıb həbsə atdılar. Şəxsən mənim özümə cinayət işi açıblar. Məni həbs edib bu şəkildə sıradan çıxarmaq istəyirlər. Mənə deputat mandatını İvanaşvili verməyib ki, İvanaşvili də alsın. Mənə mandatı seçicilərim verib. İvanaşvilinin gücü çatmaz mənim mandatımı əlimdən almağa. Bu işdə mən haqlıyam. Mən heç kimi döyməmişəm və təhqir etməmişəm. Sadəcə, bir nəfərə demişəm ki, nəyə görə sən öz üzvü olduğun Gürcü Arzusu Partiyasının adı ilə yox, bizim partiyanın adından çıxış edərək insanların ailəsini təhqir edirsən, sənin hərəkətin insanlığa yaraşmır. Bu hadisə 15-20 adamın gözü qarşısında olub. İndi mənim üzümə bir cinayətkarı və həmin cinayətkarın bacısı oğlunu durdurublar. Mən sübut eləmişəm ki, heç kimi döyməmişəm, həmçinin sübut eləmişəm ki, bu adam Gürcü Arzusu Partiyasının üzvüdür. Həmin adamın oğlu da dünən televiziyada çıxış edərək dedi ki, mənim atam Gürcü Arzusu Partiyasının üzvüdür, mitinqə getməsi isə mənim üçün də sirdir. Bütün bunları əslində hər kəs bilir. Sadəcə, qəsdən Azər Süleymanovu ləkələmək və sıradan çıxarmaq istəyirlər".

A.Süleymanov vurğuladı ki, Mixail Saakavilinin hakimiyyətə gəlməsi Gürcüstanla yanaşı Azərbaycanın da maraqlarına cavab verir. Lakin bu məsələdə Azərbaycanın ona dəstək verməsi mümkün deyil: “Çünki Gürcüstanla Azərbaycan müstəqil dövlətlərdir və heç bir dövlət bir-birinin daxili işlərinə qarışmır. Azərbaycan sadəcə, Saakaşvilinin hakimiyyətə gəlişini arzulaya bilər. Gürcüstanda yaşayan azərbaycanlılar isə bir vətəndaş olaraq Mixail Saakavilişinin gəlişini istəyirlər. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən olmasaydım, Mixail Saakaşvilinin parlamentdə fraksiyası yaranmazdı. Məni Saakaşvilinin yanından uzaqlaşdırmaq üçün hər cür təzyiqlər etdilər. Lakin nail ola bilmədilər. Mən ölərəm, ancaq Saakaşviliyə arxa çevirmərəm. Çünki Saakaşvili Gürcüstan xalqına demokratiya verdi, Gürcüstandakı azərbaycanlıların üzərindən ”ikinci sort vətəndaşlar" adını götürdü və azərbaycanlılar Gürcüstanın tam hüquqlu vətəndaşları oldular. Dmanisi, Bolnisi, Qardabani boşalmışdı. Saakavşilinin dövründə hamı evinə qayıtdı. Hər bir azərbaycanlı onun vaxtında özünü tam sığortalı vətəndaş hiss edirdi. Bu gün bu hüquqları bizim əlimizdən almaq istəyirlər. Hər kəs bilsin ki, Mixail Saakaşvili tezliklə Gürcüstana gələcək. Gürcüstan sonu qaranlıq yoldan dönəcək". (“Yeni Müsavat”)


Azərbaycanlı deputat: “Gürcüstanın baş naziri, prezidenti və spikeri bir-birinə düşmən kimi baxır”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ukraynadakı diasporumuz barışdı
    Fuad Muradov Ukraynadakı diasporu barışdırdı - Koordinasiya Şurası yaradılır...
     19.07.2018
    Kərkükdə ard-arda 8 partlayış: Ölən və yaralananlar var
    Kərkükdə dünən gecə baş verən 8 partlayışda 1 nəfərin həyatını itirdiyi, 18 nəfərin də yaralandığı bildirilib.
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ