EURO 2,0032 NEFT 63,37
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:06.03.2017 18:07:53

Azərbaycan animasiyasının tarixi

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir.[1] Hələ 1933-cü ildə “Azərbaycanfilm” studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il “Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir.

Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Papov yazdı. “Abbasın bədbəxtliyi” adlanan bu ssenariyə gənc rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov idi.

Bundan başqa Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülmüşdür. Filmin adı belə idi: “Sindbad dəniz səyyahıdır”. Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.

Qeyd etmək lazımdır ki, bundan sonra da kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişində cizgi rəsmlərindən istifadə edilmişdir. Bu filmlərin yaradılmasında rəssamlardan C.Zeynalov, M.Rəfiyev, A.Axundov, N.Məmmədov, B.Əliyev, quraşdırma çəkilişləri operatoru A.Milov iştirak etmişlər.

1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olunandan sonra direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqət yetirirdi.

1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında uzun fasilədən sonra yeni milli multiplikasiya filminin çəkilməsi qərara alınmışdı. “60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Ə. İsgəndərov qazetə verdiyi “Multifilmlər çəkəcəyik” başlıqlı müsabiqəsində demişdi: “...Bu il multfilmlər çəkilişinə başlamışıq. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmışdır. Multfilm sənətinin sirlərini öyrənmək üçün studiyamızda xüsusi kurs açılmışdır. “Mosfilm”lə daimi əlaqə saxlayıb onların iş təcrübəsini ətraflı öyrənir.”

1969-cu ildə fevralın 28-də Nazim Məmmədovun təklifi ilə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filminin istehsalına başlanılır. Bu, birhissəli rəngli cizgi filminin ssenarisini Alla Axundova yazmışdı. Filmin quruluşu əvvəlcə rəssam Ağanağı Axundova tapşırılmışdı. Hətta onun rəhbərliyi altında filmin xeyli hissəsi çəkilib qurtarılmışdı. Sonra kinostudiya rəhbərliyinin təkidi ilə Ağanağı Axundov filmin istehsalı prosesindən kənarlaşdırılmışdı. Bu işi davam etdirmək tanınmış sənədli filmlər rejissoru Yalçın Əfəndiyevə, filmin quruluşçu rəssamı və multiplikatoru Nazim Məmmədova tapşırılmışdı. Əfsuslar olsun ki, filimin çəkilişi başa çatmadı.

Nazim Məmmədovun özüsə bir-neçə il sonra bu mövzuya yenidən qayıdaraq, fərdi qaydada filmə bədii görüntü verəcəkdi və bu filmin taleyi daha uğurlu olacaq (Cirtdanın yeni sərgüzəştləri 1973).

Nəhayət “Cırtdan”-la bağlı bu qalmaqallardan bir il sonra 1970-ci ildə Nazim Məmmdov S. Ə. Şirvaninin əsəri əsasında “Ayı və siçan” adlı filmini çəkir. Bu “Azərbaycanfilm”də cizgi filmlərin sexinin bərpasından sonra çəkilmiş birinci tamamlanmış film idi. 1970-ci ildə ekranlara buraxılan film uşaqlarla yanaşı, həm də böyüklərin duyulası marağına səbəb olur.

Elə bu filmlə Nazim Məmmədov Azərbaycanda multiplikasiyanın əsasını qoydu. “Ayı və siçan”-ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixinin ikinci dövrü başlandı. Nazim Məmmədov bu filmin tamhüquqlu müəllifi oldu. O, həm filmin quruluşçu rejissoru və rəssamı, həm də multiplikatoru idi. Filmin ssenarisini görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin eyni adlı təmsili təşkil edirdi. Filmin xeyirxahlığı və yaxşılığın unudulmamasından bəhs edən ana xəttini qabardan rəssam bu yüksək məziyyəti rəsmlərin ovqat doğurucu gücü və obrazların dinamik-ritmlər hərəkətləri ilə göstərməyə nail olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, filmdə Nazim Məmmədovun üç funksiyasını öz üzərinə götürməsi ona düşündüyü yaradıcı eksperimentləri reallaşdırmağa imkan vermişdi. Bu da son nəticədə filmin uğurlu şərtləndirmişdi. Bu cür iş prinsipini rəssamın ürəyincə olduğundan o, növbəti işində də eyni yaradıcı taktikanı seçdi.

“Cırtdanın yeni sərgüzəşti” filmi (1973, rej. N.Məmmədov və B.Əliyev) kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. “Şahzadə - qara qızıl” film-nağılı (1974, rej. N.Məmmədov və B.Əliyev) poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır.

“Günlərin bir günündə” (1975), “Dınqıl sazım, dınqıl” (1976), “Pəncə...Qulaq...Palaz...Tikan” (1976) cizgi filmlərində (rej. M.Pənahi) ibrətamiz məsələlərə toxunulur.

“Şah və xidmətçi” filminin də (1976, rej. N.Məmmədov) əsasını N.Gəncəvinin əsərinin motivləri təşkil edir. Burada Azərbaycan oxucusuna çox yaxşı məlum olan sədaqətli nökər və amansız, qəddar şahın əhvalatı ekranda canlandırılmışdır.

“Toplan və kölgəsi” (1977), “Sonrakı peşmançılıq” (1978) və “Sehrlənmiş küpə” (1979) cizgi və applikasiya filmlərində də (rej. N.Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır.

“Qız qalası əfsanəsi” cizgi filmi (1978) adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılmışdır.

80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək ”, “Uçan zürafə”, “Qəribə əjdaha”, “Təqib”, “Yatmaq vaxtıdır”, “Balaca çoban”, “Humayın yuxusu”, “Sakit Yonun macəraları”, “Ana ağaca qonub” və s. cizgi, “Xeyir və Şər”, “Cırtdan-Pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” applikasiya üsulu ilə çəkilmişdir.

N.Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filmi (rej. N.Məmmədov) böyüklər üçün nəzərdə tutulmuşdur. Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin göstərdiyi bədxah əməllərdən danışılır.[2]

“Akvarium” applikasiya filmi (rəssam-rejissor F.Qurbanova) poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.

Azərbaycan animasiyasının yaradılması üzərində rəssam - multiplikatorların böyük qrupu işləmişdir. A.Axundov, N.Məmmədov və M.Rəfiyevdən başqa M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar.

80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün səhələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” - Azərbaycan animasiya filmləri deməkdir. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılmışdır.

90-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında “Bir dəfə haradasa...” (rej. V.Talıbov), “İthaf” (rej. Ş. Nəcəfzadə), “Oda” (rej. V.Talıbov, R.İsmayılov), “Sərkəyin dastanı” (rej. A.Məhərrəmov), “Göyçək Fatma” ilk dəfə Azərbaycanda çəkilən cizgi film-opera (rej. N.Məmmədov), “Karvan” (rej. N.Məmmədov), “Güzgü”, “Dəniz gəzintisi”, “Ümid” (hamısı rej. E.Axundov), “Söhbətül-əsmar ” (rej. E.Hami), “Şüəla” (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləridir.

 

Vikipediya


Azərbaycan animasiyası

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Yəmənə raket tədarükünə dair ABŞ-ın ittihamlarını rədd edib
    “Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz, təxribatçı və destruktiv ittihamı rədd edirik”
     15.12.2017
    Ölkəmizdə də
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ