EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:03.04.2017 10:15:00

Aprel döyüşlərindən 1 il keçdi

Aprel döyüşləri və ya Dördgünlük müharibə - 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

 

Haqqında
İlk döyüşlər


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin isə 12 hərbi qulluqçusu şəhid olub. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi.

2 aprel 2016-cı ildə beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edir. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad olundu.

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırdığıni elan edib. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Əməliyyatların dayandırılmasından sonra başlanılan döyüşlər
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərinin dayandırılmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib. Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 3 və 4-nə keçən gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb. Düşmənlə döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu şəhid olub.

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınması üçün Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Bu istiqamətdə düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 4-də axşam saatlarında Ermənistanın 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib, cəbhənin Xocavənd-Füzuli istiqamətində isə Ermənistanın 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb. Aprelin 5-ə olan məlumata görə bütün cəbhə boyu son iki gün ərzində döyüşlərdə vuruşan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aprelin 19-unda yayımladığı məlumata əsasən cəbhə bölgəsində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilib.[35] Növbəti gün, aprelin 20-sində yayımlanmış məlumatlarda isə qeyd edilir ki, yenə Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.

 

Atəşkəs


5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.

Ermənistan ordusunun bölmələri tərəfindən həmçinin aprelin 6-da Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı Azərbaycan ordusunun mövqelərini 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutub. Aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri Dördgünlük müharibədə uğursuzluğa görə işdən qovulmuşdur.

 

İtkilər
Azərbaycan tərəfi
Hərbi


Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərə məxsus 14 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən 100-dən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

İlk döyüşlərdə Azərbaycanın 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri Ermənistan tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd-Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub. Əks hücum zamanı Ermənistan Silahlı Qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayıb. Həmçinin, ermənilərin işğal olunmuş ərazilərdə ki, komanda-qərargah məntəqəsi darmadağın edilib.

 

Şəhidlərin siyahısı


Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının aprelin 6-na aid olan sözlərinə görə, hərbi əməliyyatlar zamanı Azərbaycanın 31 hərbi qulluqçusu şəhid olub. Azərbaycanın kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlara əsasən Azərbaycan 86 şəhidini dəfn edib.

SİYAHI

 

Mülki

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin aprel ayının 6-sında yayımladığı məlumata əsasən aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi kontekstində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, "2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub".

Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 2 may 2016-cı ildə Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat olmaqla cəmi 6 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin 2016-cı ilin may aynın 2-sində vurğuladığı məlumatda deyilir ki, "Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar; Belə ki, məcburi köçkünlərdən 16 nəfər həlak olmuş, 40 nəfər yaralanmış, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəymiş, onlardan 43 ev tamamilə dağıdılmış, 185 ev qismən dağıdılmış və 235-ə yaxın mal-qara tələf olmuşdur."

 

Mülki şəxslər
2000-ci doğulmuş Turanə Kamandar qızı Həsənli
1954-cü il doğulmuş Qaraş Şahmar oğlu Dadaşov
1993-cü il doğulmuş Orxan Valeh oğlu Rəhimov
1992-ci il doğulmuş Fərman Elçin oğlu Əsədli
1966-cı ildə doğulmuş Famil Əli oğlu Mustafayev
1943-cü ildə doğulmuş Əli Müseyib oğlu Hüseynov


Ermənistan tərəfi


2016-cı il 13 mayda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının sözlərinə görə, "düşmənin 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb". Ermənistan və Rusiya KİV-lərində yayımlanmış məlumatlara əsasən Ermənistan tərəfi döyüşdə öldürülmüş 100 hərbçisini dəfn edib:

SİYAHI

 

Şübhəli ölümlər: Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən 2016-cı ilin aprel ayının 11-ində sıravi Qarnik Qamletoviç Avetisyan bədbəxt hadisə nəticəsində ölüb. Növbəti gün, aprelin 12-sində sıravi Sevak Norayroviç Xaçatryanın, 25-ində isə sıravi Ovannes Vaçikoviç Petrosyanın başında güllə yarası izi olan meyidləri tapılıb. Yenə Ermənistan KİV-lərinə əsasən, 2016-cı ilin may ayının 4-ündə rəsmi olaraq yayımlanmış qısa məlumatlarda qeyd edilir ki, mayın 3-ündə sıravi əsgərlər İqor Akopyan və 19 yaşlı Koryun Arutyunyan ölü tapılıblar, meyidlərin üzərində işgəncə və odlu silah yarası izləri aşakarlanmamışdır.

 

Yekun


Ermənistan KİV-lərində Ermənistan prezidentinə istinadən yayımlanan məlumata əsasən Azərbaycan ordusu düşmən tərəfin nəzarətində olan 800 hektar (8 km²) ərazisini işğaldan azad edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 18 may 2016-cı ildə tarixində yayımladığı məlumatda bildirilir ki, "Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür; Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib."

 

Təltiflər

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunmuşdur.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenlərinə, "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülənlər vardır.

 

 

Reaksiyalar
Təşkilatlar


Avropa İttifaqı - Qurumun rəsmisi Federika Moqerini həmçinin təşkilatının getdikcə qarşıdurmanın ciddi xarakter almasından narahatlığını da bildirib. “Əmin olmaq istəyirik ki, münaqişə tərəfləri baş verənlərin məsuliyyətini anlayır və beynəlxalq təşkilatların narahatlığına anlayış göstərəcəklər. Biz münaqişənin danışıqlar masası arxasında və sülhlə nəticələnməsini istəyirik”.
BMT - Baş katib Pan Gi Mun bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırıb.
Avropa Şurası Parlament Assambleyasının Prezidenti, Pedro Aqramunt iki tərəfi atəşkəs rejiminə hörmət edib, dinc danışmalara qayıtmağa və həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrin əsasında Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən bütün silahlı qüvvələrini çıxarmağa çağırıb.


Dövlətlər


Almaniya - Xarici İşlər Naziri Frank-Valter Ştaynmayer hər iki tərəfi dərhal döyüşü dayandırmağa və atəşkəs rejiminə tam əməl etməyə çağırıb.
Türkiyə - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib. Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan başqa bir açıqlamasında isə "çox təəssüf ki, necə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün bizi bu mənzərə ilə qarşı-qarşıya qaldıq" demişdir.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu da İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı Davudoğlu "Azərbaycana qarşı edilən hücumlar və sonradan baş verən döyüşlərdə şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm" dedi. Həmçinin "Türkiyənin Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq müstəvidə tanınan sərhədlər çərçivəsində həll edilməsi üçün hər cür dəstəyi verməyə və haqlı mübarizəsində bütün imkanlarımızla Azərbaycanın yanında olacağıq" deyə bildirib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmet Yılmaz və Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər. Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulamış və Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə etmişdir.
Pakistan - Pakistan prezidentinin katibi Əhməd Fərrux bildirib ki, "Pakistan həmişə Azərbaycanın yanındadır" və "Azərbaycana qardaş və dost ölkədir".
Gürcüstan - Gürcüstanın Müdafiə Naziri Tinatin Xadeşeli Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin tezliklə beynəlxalq hüquq normaları əsasında sülhlə həll olunacağına ümid etdiyini bildirib.[214].
Qazaxıstan - Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk. Tərəfləri təmkinli olmağa və atəşkəs müqaviləsinə əməl etməyə çağırırıq.
İran - Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər. Danışıqlar zamanı, general-mayor H. Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib. General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.
Ukrayna - Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Belarus - Belarus Xarici İşlər Nazirliyinin aprelin 2-sində yayımladığı bəyanatdında deyilir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.


İctimaiyyətdə
Etiraz aksiyaları


Dördgünlük müharibə zamanı Azərbaycanın və dünyanın bir sıra şəhərlərində şəhidlərin xatirəsini, orduya dəstək, Azərbaycan torpağlarının suverenniyini, Ermənistana qarşı protestlərlə, yürüşlərlə və digər tədbirlərlə qeyd ediblər.

Azərbaycan - 2016-cı il 6 apreldə Bakıda minlərlə gənc cəbhə bölgəsindəki əsgərlərə dəstək məqsədilə küçələrə çıxıblar. Gənclər Şəhidlər xiyabanından fəvvarələr meydanına kimi yürüş ediblər. Orduya dəstək kampaniyaları həm də Azərbaycanın digər şəhərlərində keçirilib.
ABŞ - 2016-cı il 4 apreldə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yaşayan Güney və Quzeydən olan azərbaycanlıların bir qrupu Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiyalar ABŞ-ın Çikaqo və Nyu-York şəhərlərində də keçirilib.
Avstraliya - 2016-cı il 5 apreldə Kanberra şəhərində yaşayan bir qrup azərbaycanlı və burada təhsil alan tələbələr Avstraliya parlamentinin binası qarşısında aksiya keçiriblər.
Almaniya - 2016-cı il 6 apreldə Almaniyada yaşayan azərbaycanlılar, Berlində Ermənistan prezidenti Serj Sarkisyanla Almaniya kansleri Angela Merkelin baş tutacaq görüşünə etiraz ediblər. Həmin ilin 17 apreldə Almaniyanın Düsseldorf şəhərində azərbaycanlı fəallar aksiya keçirib.
Ukrayna - 2016-cı il 6 apreldə Kiyev şəhərində yaşayan və təhsil alan tələbə və azərbaycanlılar orduya dəstək aksiyası keçirib.
İtaliya - 2016-cı il 6 apreldə Roma şəhərində İtaliya Parlamentinin önündə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən son günlərdə təmas xəttində baş verən hadislərlə bağlı aksiya təşkil olunub. Aksiyada müğənni Vaqif Nağıyev də iştirak edib.
Latviya - 2016-cı il 7 apreldə Riqada azərbaycanlı tələbələr orduya dəstək məqsədi ilə aksiya keçiriblər.
Litva - 2016-cı il 7 apreldə Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri paytaxt Vilnüsdə və Kaunas şəhərlərinin mərkəzində keçirdikləri “Qarabağ Azərbaycana məxsusdur” şüarı ilə dəstək aksiya keçirilib.
Niderland - 2016-cı il 7 apreldə Ermənistan Respublikasının Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz aksiyası keçirilib. Piket Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub. Ümumilikdə aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.
Danimarka - 2016-cı il 7 apreldə Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.
Türkiyə - 2016-cı il 7 apreldə İstanbulun Taksim meydanında Qarabağa dəstək aksiyası keçirilib. 11 apreldə Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Unversitetində təhsil alan azərbaycanlı tələbələr, "Kansa kan, səninləyik, Azərbaycan", "Vətən sənə canım fəda", "Hər şey vətən üçün" və s. şüarları ilə Azərbaycan ordusunun cəbhə xəttindəki əməliyyatlarını dəstəkləyiblər.
Rusiya - 2016-cı il 8 apreldə Dağıstan Respublikasının Dərbənd şəhərində azərbaycanlılar milli orduya dəstək aksiyası keçiriblər.[237] 11 apreldə isə Sankt-Peterburq şəhərində Azərbaycan diasporu tərəfindən Azərbaycana dəstək aksiyası və avtomobil yürüşü təşkil edilib.
Gürcüstan - 2016-cı il 8 apreldə Gürcüstanda yaşayan azərbaycanlılar silahlı qüvvələrə dəstək aksiyaları keçirilib. Aksiyalar Tbilisidə və Qori şəhərlərində keçirilib.
İsveç - 2016-cı il 9 apreldə İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar ermənilərin təxribatçı hərəkətlərinə qarşı Stokholmun mərkəzində, Sergeltorg meydanında etiraz aksiyası keçiriblər.
Fransa - 2016-cı il 9 apreldə Ermənistanın Parisdəki səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.[241] Aksiya zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, Daşnaksutyun partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü aksiya yerinə yaxınlaşaraq əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq təxribat törədib. Təxribata baxmayaraq, aksiya nəzərdə tutulduğu qaydada davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.
Cənubi Koreya - 2016-cı il 10 apreldə Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziya və koreyalı tələbələr iştirak ediblər.
Böyük Britaniya - 2016-cı il 11 apreldə Londonda yaşayan azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz əlaməti olaraq aksiya keçiriblər.[243] Trafalqar meydanında toplaşan azərbaycanlılar buradan Böyük Britaniya baş naziri Devid Kameronun iqamətgahının qarşısına qədər yürüyüblər.[243] Aksiya iştirakçıları arasında Pakistan və Türkiyə vətəndaşları da olub.
Şotlandiya - 2016-cı il 9 apreldə Şotlandiyada yaşayan azərbaycanlılar Qlazqo şəhərində Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirib.
Polşa - 2016-cı il 11 apreldə Polşada yaşayan azərbaycanlılar tərəfindən bu ölkənin paytaxtı Varşava şəhərində yerləşən Ermənistan Respublikasının səfirliyi önündə aksiya keçirilib.
Belçika - 2016-cı il 11 apreldə Azərbaycan-Belçika Dostluğu Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Brüsseldə aksiya keçiriblər.
Kanada - 2016-cı il 11 apreldə Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və Erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.
İsrail - 2016-cı il 15 apreldə Netanya şəhərinin Mədəniyyət Mərkəzi qarşısında Azərbaycanın Ermənistana qarşı addımlarını dəstəkləyən nümayiş keçirilib.
Çexiya - 2016-cı il 16 apreldə Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Praqanın mərkəzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib.


İdmanda


Futbolda, boksda, voleybolda və digər növ idmanlarda bəzi idmançılar dördgünlük müharibənin şəhidlərini əsgər salamı və sayğı duruşu ilə yad ediblər. Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunu zamanı, Təbrizin "Traktor Sazi" klubu "Ya ölüm, ya Qarabağ", "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz", "Təbriz, Bakı, Ankara, biz gedirik Qarabağa" şüarları səsləndirilib, plakatlar qaldırılıb. Habelə, azarkeşlər "Sən yaşa, Azərbaycan" mahnısını xorla oxuyub.

 

Sosial mediada


Azərbaycan silahlı qüvvələrin videoda "Güplə, getsin" deməsi sosial şəbəkələrə sürətlə yayılmışdır. Azərbaycan tərəfli sosial media istifadəçiləri Facebook, Instagram və Twitter şəbəkələrində əsgərlərə #KarabakhNow, #GüpləGetsin, #Əsgərlərimizləyik, Ermənistan tərəfli sosial media istifadəçiləri isə #KarabakhPeace heşteqlərilə dəstəkləyiblər. Sosial mediada yayılan videoların birində, Ağdərə ətrafında Azərbaycan əsgərlərinin "Bizim Cəbiş müəllim" filmindən meyxana deməsi sosial şəbəkələrə sürətlə yayılmışdır:

Alov gedir, od gedir!
11 bir tək xod gedir!
Briqadanın ərləri,
11-in əsgərləri!


2016-cı il 9 apreldə Türkiyə milli futbol komandası və Barselona FK futbolçusu Arda Turan Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı kampaniyaya dəstək verilməsini istəyib. Turan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı Ağ evin saytında yerləşdirilən petisiyaya qoşularaq səs verib. Türkiyənin Qalatasaray və Fənərbaxça klubları da da sözügedən kampaniyaya qoşulduğunu rəsmən elan ediblər. Azərbaycanın suverenliyin dəstəkləyən digər tanınmış ictimai şəxslər aşağıda qeyd olunub:

Qazaxıstan - Talqat Kaliyev
Türkiyə - Aygün Attar, Əli Çelikkaya, Arda Turan, Demet Akalın, Acun Ilıcalı
Ukrayna - Mixail Saakaşvili
ABŞ - Donald Peyn
İslam Əməkdaşlıq Təşkilatı


Azərbaycana qarşı informasiya təxribatı


Dördgünlük müharibə zamanı bəzi Ermənistan və xüsusi ilə Rusiya KİV-ləri Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayıb.[265] 2016-cı il 5 apreldə Rusiyanın LifeNews telekanalının jurnalistləri, Azərbaycan ərazisində akkreditasiya olunmadan işlədiyinə görə ölkədən deportasiya olunub. Həmin gün, Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş ermənilərin mövqeyini dəstəkləyən bəyanatla çıxış edib. Bir müddət əvvəl isə Türkiyədəki Giresun Universitetinin Azərbaycan əsilli rektoru, professor Aygün Attar və türk yumor ustası Əli Çelikkaya Qarabağ haqqındakı təxribatçı açıqlamalarına görə, Dəmirtaşa qarşı iddia qaldırıblar.

Ermənistanı dəstəkləyən tanınmış ictimai şəxslər aşağıda qeyd olunub:

Rusiya - Larisa Dolina, Timur Vaynşteyn
Türkiyə - Səlahəddin Dəmirtaş
ABŞ - Kim Kardaşyan

 

Mənbə: Vikipediya


Aprel döyüşlərindən 1 il ötür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ