EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:17.09.2019 10:24:07

Keçən il həbs edilən Adnan Oktar və lideri olduğu qrupun bir çox üzvü bu gün ilk dəfə hakim qarşısına çıxarılacaq.

Keçən il həbs edilən Adnan Oktar və lideri olduğu qrupun bir çox üzvü bu gün ilk dəfə hakim qarşısına çıxarılacaq.

Cinayət işi çərçivəsində hazırlanan 3 min 908 səhifəlik ittiham aktında qrup "Adnan Oktar Silahlı Cinayət Təşkilatı" kimi tövsif olunur.

226 şübhəli haqqında 24 ayrı ittihamın irəli sürüldüyü cinayət işində ümumilikdə 125 zərərçəkən-şikayətçi var.

İstanbulda - Silivri Cəzaçəkmə Müəssisələrinin qarşısındaki böyük salonda keçiriləcək məhkəmə prosesinin həftələrlə davam edəcəyi gözlənir.

Adnan Oktar, onun dəstəsi və cinayət işinin məzmunuyla bağlı nələr məlumdur?

Adnan Oktar kimdir?

1956-cı ildə Ankarada dünyaya gəlmiş Oktar 1979-cu ildə İstanbuldakı Memar Sinan İncəsənət Universitetinin daxili memarlıq fakültəsinə qəbul olunub.

Fəaliyyətlərinə bu universitetin Fındıklı bölgəsindəki kampusuyla yaxınlardakı məscid və evlərdə dini sohbətlərlə başlayıb. Yavaş-yavaş öz ətrafında bir icma yaradıb.

Özünün Mehdi olduğuna eyham vuran, təkamülə və masonluğa qarşı olduğunu qabardan Oktar maddi vəziyyəti yaxşı olan ailələrin son siniflərdə və universitetlərdə oxuyan uşaqlarını dəstəsinə qatmağa başlayıb.

1980-ci illərin İstanbulunda onun adı orta və yuxarı sinif ailələrdə narahatlığa səbəb olan bir şəhər əfsanəsinə çevrilib.

O illərdə Oktar mətbuatda da görünməyə başlayıb, "Adnan hocaçılar" adı gizli-gizli populyarlaşıb.

1987-ci ildə daha sonra da istifadə edəcəyi Harun Yahya ləqəbiylə "Yəhudilik - Masonluq" adlı bir kitab yazan Oktar buna görə həbs olunub və 9 ay həbsxanada qalıb.

Azad ediləndən sonra şizofreniya diaqnozuyla Bakırköy Ruhi və Əsəb Xəstəlikləri Xəstəxanasında 10 ay qalan Oktar Məhkəmə Tibbi Ekspertiza İdarəsinin diaqnozunun "idealist Passoni"yə (liderlik sayıqlamaları olan şəxs) dəyişdirməsi nəticəsində azadlığa buraxılıb.

1990-cı ildə yaratdığı Elm və Araşdırma Vəqfi sayəsində təşkilatın işlərinə vəqf fəaliyyəti görüntüsü verilib.

"Akit" və "Milli Gazete" kimi mətbuat orqanlarında Oktarın məqalələri yayımlanıb.

"İslami yaradılış" adını verdiyi nəzəriyyəni müdafiə edən və Darvinin təkamül nəzəriyyəsini təkzib etdiyini irəli sürən Oktar 1990-cı illərdə və 2000-ci illərin əvvəlində təkamül nəzəriyyəsinə qarşı başlatdığı kampaniya çərcivəsindəki yazıları, konfransları və pulsuz yayılan kitablarıyla gündəmdəydi.

1999-cu ildə növbəti həbs edilən Adnan Oktar Dövlət Təhlükəsizlik Məhkəməsində iki il mühakimə olunub.

Qalın cildli, rəngli "Yaradılış Atlası" kitabının məktəblərə paylanması və hətta xaricdə tərcümə edilib universitetlərə də göndərilməsi xüsusilə diqqət çəkib. Daha kiçik həcmli kitablarsa küçələrdə, məktəb qapılarında, ticarət mərkəzlərində pulsuz paylanıb.

Təşkilatın 2011-ci ildə qurduğu A9 TV kanalı Oktarın ictimaiyyətdə daha çox tanınmasına və müzakirə edilməsinə səbəb olub.

Mediada "pişik balaları", təşkilatın özündə isə "bacılar" adlandırılan, bəzən erotik geyinən və qalın makiyaj çəkən qadın üzvlərlə televiziya proqramları xüsusilə geniş diskussiyalara səbəb oldu.

Həmin dövrdə Oktar yenə bu kanalda mason diplomu aldığını iddia etdi və İsraillə əlaqəsi olduğu ehtimalını yaradan çıxışlar etdi.

"Adnan Hocaçılar" kimlərdir?

Adnan Hoca təşkilatının üzvləri Oktara bağlılıq kriteriyasıyla bir araya gələn və qapalı kult sistemi içində yaşayan insanlardan ibarətdir.

Bu adamların kənardan evlənmələrinə icazə verilmir, evlilik ancaq qrup içində olur. Kənardan evlənənlərin boşanmaları tələb edilir.

Ciddi cinsi istismar olduğu deyilən təşkilatda bir çox qadının Oktarla dini nikah bağladığı da bilinir.

İctimaiyyətin gözü qarşısında olan kişilərin yaraşıqlı, qadınların gözəl, şux geyimli ve baxımlı olmalarına diqqət yetirilir.

Üzvlər əsasən təşkilata aid evlərdə qalırlar. Bunlardan ən mühümünün 2018-ci ildə ərazisində əməliyyat aparılan Kandillidəki villa olduğu bildirilir.

Kişi üzvlərdən əsgərliyə gətməmələri istənir, universitet tələbəsi olanların təhsili yarımçıq buraxdıqları barədə məlumat var.

Qeyd olunur ki, üzvlər həm ailələrinin varidatlarını təşkilata verməyə, həm də təşkilata pul qazandıracaq işlər görməyə razılıq veriblər.

İstər yeni, istərsə də köhnə üzvlər arasında bəzi varlı ailələrin nümayəndələri də var. Məsələn, Babuna ailəsinin bəzi üzvləri bu adamlar arasındadır.

Üzvlərlə ailələri arasında problem yarandığı təqdirdə əlaqələrinin tamamən kəsilməsi tələb olunub, həm hüquqi yollarla, həm də media və sosial şəbəkələr vasitəsilə ailələr qorxudulub.

Təşkilat üzvləri sosial mediadan sıx istifadə edir. Xüsusilə əməliyyatdan əvvəl zaman-zaman "Twitter"dəki bəzi etikətlərini TT siyahısına daxil etməyi bacarıblar.

İddialara görə, ayrılmaq istəyənlər təhdid edilir, təşkilat tərəfindən hədəfə alınır və ictimaiyyət arasında onlarla bağlı "FETÖ üzvü", "eskort" təbliğatı aparılır.

Verilədən ifadələrdən məlum olur ki, üzvlər, xüsusilə də qadınlar təşkilatdan ayrılmağa qorxublar.

Təşkilatın daxilində əsasən üzvlər fəaliyyət göstərib, kitabların yayılmasından tutmuş konfranslarda iştiraka qədərsə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tərəfdar qrupu yaradılıb.

Əməliyyat necə başladi? Seçilmiş tarix hansı mənanı verir?

İttiham aktına görə, cinayət işi Baş Nazirliyin Rabitə Mərkəzinə edilən bəzi şikayətlərdən və keçmiş təşkilat üzvlərinin zərərçəkən-şikayətçi qismindəki ifadələrindən sonra başlayıb.

"Uzun müddət əməllərinə göz yumulan təşkilata qarşı niyə məhz indi əməliyyat oldu?" - baş verənlər ictimaiyyətdə bu sualı yaradıb.

Mühüm faktlardan biri budur ki, 2017-ci ilin oktyabr ayında Oktarın ətrafındakı mühüm adamlardan olan Oktar Babunanın anası Səmin Babuna təşkilatla bağlı bir dosyeni prezident Receb Tayyib Erdoğana verdiyini deyib.

Babuna onunla görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, təşkilatı "FETÖ məhkəmələri qoruyurdu. İndi onlar yoxdur və lazımi tədbirlərin görüləcəyinə ümid edirəm. Tayyib bəyin onlardan xoşu gəlmədiyini gördüm".

Əməliyyatdan qısa müddət əvvəl Oktarla Din İdarəsinin rəhbəri arasında mübahisənin olması da diqqət çəkən hadisə hesab edilir.

Haqqında Oktarın "Maaşını fahişəxanalar ödəyir" dediyi Əli Ərbaş (Dini İdarənin rəhbəri) buna "Görünür, tamam ağlını itirib" deyə cavab verib, qısa müddət sonra isə Oktarın kanalını hədəfə alan nizamlama həyata keçirilib.

Başqa bir fikrə görəsə, hökumət Gülən qruplaşması və 15 iyul çevriliş cəhdindən aldığı dərsdən sonra Türkiyədə müxtəlif icma strukturlarını nəzarət altına almaq üçün əməliyyatlara başlayıb və Oktara qarşı əməliyyat bu prosesin tərkib hissəsi olaraq həyata keçirilib.

Din İdarəsinin mediaya keçən aylarda sızan, ancaq hazırlanma tarixinin daha köhnə olduğu ortaya çıxan; rəsmi qurumlar tərəfindən nə təsdiq, nə də inkar edilən gizli dini qruplarla bağlı hesabatı da bu fikrə arqument olaraq göstərilir.

Türkiyədəki bütün təriqət və icma strukturları haqda məlumat verilən bu hesabatda vurğulanıb ki, 15 iyuldan sonra bu strukturların nəzarət altına alınması vacib hala gəlib.

Oktar və təşkilat üvzləri nədə ittiham edilirlər?

Oktar və digər şübhəlilərə ümumilikdə 24 ayrı ittiham irəli sürülüb. Bunlar aşağıdakılardır:

  • siyasi və ya hərbi casusluq cinayətinə təşəbbüs;
  • cinayət məqsədilə təşkilat yaratmaq və idarə etmək;
  • cinayət məqsədilə yaradılan təşkilata üzv olmaq;
  • cinayət məqsədilə yaradılan təşkilata üzv olmamaqla birlikdə ona yardım etmək;
  • cinsi istismar;
  • cinsi təcavüz;
  • odlu silahlar və bıçaqlarla digər alətlər haqqındakı qanunu pozmaq;
  • təhsil hüququna mane olmaq;
  • şantaj;
  • əziyyət;
  • şəxsi azadlığından məhrum etmək;
  • cinayət yoluyla əldə ədilən əmlakın dəyərini gizləmək (çirkli pulların yuyulması);
  • təhqir;
  • 3628 saylı qanuna uyğun əmlak bəyanının vərilməməsi;
  • rüşvət və korrupsiyayla mübarizə qanununun pozulması;
  • şəxslər arasındakı danışıqların dinlənilməsi və yazılması:
  • fırıldaqçılıq;
  • təhdid;
  • şəxsi məlumatların yazılması;
  • qəsdən adam öldürməyə təşəbbüs;
  • silahlı terör qruplaşmasına üzv olmamaqla ona yardım etmək;
  • qaçaqmalçılıqla mübarizə qanununu pozmaq;
  • rəsmi sənədi pozmaq, yox etmək və ya gizləmək;
  • rəsmi sənədi saxtalaşdırmaq və cinayətkarın cinayətini ört-basdır etmək.

İttiham aktında təşkilatın məqsədi və strukturu necə müəyyən edilib?

İttiham aktında təşkilatın yeganə liderinin Adnan Oktar olduğu və təşkilat daxilində onun Mehdi kimi qəbul edildiyi bildirilir. Buna görə də təşkilat Oktara mütləq itaət şərtiylə fəaliyyət göstərib.

Qrupun məqsədi haqqında böyük bir bir arayış hazırlanıb. Qısaldılmış halda belə ifadə olunub:

"Təşkilatın qondarma Mehdiçilik hökmlərinə görə, öz ideologiyaları çərçivəsində şərh etdikləri dini əsaslara söykənən bir struktura sahib olduğu və özlərinin "münafiq" olarak dəyərləndirdikləri, onları qəbul etməyən vətəndaşlara qarşı həyata keçiriləcək hər cür qeyri-qanuni fəaliyyətin doğru qəbul edildiyi; cəmiyyətdən təcrid edilmiş şəkildə, lüks, dəbdəbə içərisində, hər cür maddi ehtiyacın qanun-qayda tanımadan ödəndiyi; cinsi münasibət də daxil, hər cür dünyəvi gözləntinin ənənəvi normalar və inanclardan uzaq yaşandığı; bütün bunları təmin etmək üçün də hər cür cinayətin normal sayıldığı qruplaşma strukturunun davamlılığını təmin etmək…"

Təşkilat üzvləri arasında iş bölgüsünün həyata keçirildiyi bildirilən ittiham aktına görə, bu vəzifə və iş bölgülərindən bəziləri bunlardır: polis imamı, ədliyyə imamı, pul imamı, hüquq qrupu, qız gətirmə qrupu, ticarət işləri qrupu, kitab yazma qrupu.

Təşkilatın iki nömrəli rəhbərinin Ülviyə Didəm Ürər, üç nömrəli idarəçisinin isə Tarkan Yavaş olduğu iddia edilir.

İddiaya görə, Oktar qrupunun silah gücü də var. Qrup silahlardan təşkilata müxalif olanları qorxutmaq üçün istifadə edir.

İttiham aktında qrupun FETÖ ilə əlaqəsinin olduğu da bildirilir.

Maliyyə gəlirləri məsələsində isə bunlar iddia olunur: təşkilat üzvlərinin ticarət fəaliyyətindən, o cümlədən, qanundankənar yollarla qazandıqları vəsaitlər və təşkilat üzvlərinin varidatlarından əldə edilib ianə adı altında təşkilata ötürülən pullar sayəsində böyük bir maliyyə bazası yaradılıb.

Cinsi istismarla bağlı bilinənlər nələrdir?

Cinsi istismar və təcavüz məsələsi Oktar və təşkilatına qarşı irəli sürülən və ictimaiyyətdə hələ əməliyyat başlamazdan əvvəl də tez-tez müzakirə edilən ittihamlardandır.

Təşkilatın içində olub sonradan ayrılan balaca qızların və qadınların cinsi istismara məruz qaldığı bildirilir.

İttiham aktında həmçinin qeyd edilir ki, üzv yığmaq üçün təşkilat 1990-cı illərdən etibarən "turniket sistemi" adı verilən cinsi istismar üsuluna əl atıb.

Balaca qızlar və qadınlar qrupun yaraşıqlı kişiləri tərəfindən ikili əlaqə qurulduğu görüntüsüylə və dini təlqinlərlə cinsi istismar və təcavüzə uğrayıblar, istismar videolarıyla psixologiyaları pozulan bu şəxslər şantaj yoluyla qrupa daxil olmağa məcbur edilib.

Daha sonra onlar təşkilatın başqa üzvləriylə cinsi əlaqəyə də məcbur ediliblər.

Ardınca qadınlar Oktarın hüzuruna çıxarılıb, yaşadıqları travmalardan sonra onu xilasedici olaraq qəbul etmələri təmin olunub və sonra Oktarın da təcavüzlərinə məruz qalıblar.

İttiham aktında bəzi anaların öz balaca qızlarını Oktara gətirdiklərinə dair iddialar da yer alıb.

Etiraf edənlər nə deyir?

Cunayət işindəki şikayətçilər arasında təşkilatın keçmiş üzvləri, təşkilatda ailə üzvləri olanlar, təşkilatdan zərər gördüyünü bildirənlər və etirafçılar var.

İstintaq müddətində şübhəlilərdən 25 nəfəri effektif peşmanlıq maddələrindən yararlanmaq üçün müraciət edərək könüllü ifadələr veriblər.

Keçmiş üzvlər və etirafçılardan xüsusilə qadınların ifadələri təşkilatda ciddi səviyyədə cinsi istismar olduğunu ortaya çıxarıb.

Qadınlardan bəziləri təşkilat daxilindəki həyatlarından "əsir həyatı", "köləlik" kimi ifadələrlə bəhs ediblər.

Etirafçılar həmçinin bildiriblər ki, təşkilatdan ayrılmaq istəyənlər təzyiq və şantajla qarşılaşıblar, ayrılandan sonra geniş qara piar kampaniyasına məruz qalıblar. Deyilənlər təşkilatın bir kəşfiyyat qrupu kimi fəaliyyət göstərdiyini, bir çox gizli səs və video yazısının malik olduğunu ortaya qoyub.

Təşkilat üzvlərinin Ergenekon işi müstəntiqlərindən Zəkəriyyə Özlə bir neçə dəfə görüşdükləri, hətta həmin işi daxil olmaq üçün ona ərizə verdikləri də etirafçıların ifadələri arasındadır.

Adnan Oktar özünü necə müdafiə edir?

Oktar 11 iyul 2018-ci il tarixdə həbs olunub tibbi müayinə üçün xəstəxanaya aparıldığı zaman "Bu, ingilis dərin dövlətinin oyunudur" deyib.

İstanbul Sülh Cəza Hakimliyindəki ifadəsində isə o, ittihamları rədd edib və təşkilatın bir cinayət qruplaşması deyil, dost qrupu olduğunu iddia edib. Oktar özü haqqında "Dürüst insanlarla yaşamağı sevən, dost olmağı sevən, dost çevrəsi olan bir adamam" deyib.

Ayda 3500 TL gəlirinin olduğunu söyləyən Oktar özünü "Mən qanuna, hüquqa uyğun yaşayan bir adamam, xalqın içində yaşayan bir adamam, millətin içində yaşayan, televiziyalarda yaşayan bir adamam; hər kəs, o cümlədən, xalq da məni görür, tanıyır. Gizli, anlaşılmaz təşkilat lideri deyiləm" deyə tərif edib.

Oktar özünü həm də "Atatürkçü, milliyətçi bir adamam" deyə təqdim edib.

Təcavüz iddialarını "iftira" adlandıran Oktar ona qarşı oyun qurulduğunu deyib bildirdi: "Şikayətçilər mənə qarşı oyun qurublar. Bizə hücum edənlər 25-30 nəfərlik bir qrupdur.

Balaca qızlarına təcavüz iddialarını da qətiyyən qəbul etmirəm. Bu da iftiradır, ifrat dərəcədə şişirdilir.

Balaca qızları ailələrindən 50 min TL-yə aldığımıza dair iddialar var. Halbuki mən həyatımın hər mərhələsində diqqətli olduğum kimi, balaca qızlar məsələsində də son dərəcə diqqətli şəkildə əlaqə quran bir adamam".

Cinayət işində adı keçən digər şübhəlilər də ifadələrində "dost qrupuyuq", "Atatürkçüyəm", "Bizə oyun quruldu" kimi ifadələr işlədiblər. (BBCAzərbaycanca)


Adnan Oktarın məhkəməsi başlayır; İttihamlar, açılan gizli məlumatlar və... - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ