1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:28.10.2017 10:48:14

Və ya gürcü kilsələrinə qaz verən Azərbaycan hökuməti Qubadakı tarixi məscidə nədən ögey münasibət bəsləyir?

Böyük şəxsiyyət, tarixçi Abbasqulu Ağa Bakıxanovun xatirəsinin əbədiləşməsi üçün tikilmiş məscidin qazı kəsilib. Söhbət Qubada yerləşən “Səkinə xanım” məscidindən gedir. Bir qədər əvvəl məlum oldu ki, 6 min manat borcu yığıldığı üçün məscidin qazını kəsiblər. Məscidin dindarları bununla bağlı kampaniya başlatdı, sosial şəbəkələrdə qaz sayğacının kodu yayıldı. Bundan sonra imkanları insanlar Bakıdakı ödəmə aparatları vasitəsilə Quba dindarlarının ibadət etdiyi məscidin qaz borcunu ödəməyə başladılar. Öyrəndiyimə görə, artıq qaz pulu borcunun bir hissəsini xeyirxah azərbaycanlılar  ödəyib, məscidə qaz xətti də açılıb.

Yeri gəlmişkən, bu, ilk hadisə deyil. Bundan əvvəl daha bir neçə məscidin oxşar problemi olub, elektrik və qaz xətti borca görə bağlanıb. “Səkinə xanım” məscidinin isə könüllü ianələr hesabına borcunun böyük qismi ödənilsə də, aldığım məlumata görə, hazırda 2298 manat borc hələ də qalır.

Qeyd edək ki, Azərbaycanda ibadət ocaqlarına dövlət tərəfindən illik 5 min kubmetr qaz limiti verilir. Ancaq bunun üçün məscidin və ya ibadət ocağının icmasının qeydiyyatının rəsmiləşməsi lazımdır. “Səkinə xanım” məscidi isə hələ qeydiyyata alınmayıb. Ancaq bu qaydanın özü də absurddur. Tarixi abidə olan məscidin yalnız icma olduqdan sonra qaz ala bilməsi özü də gülməlidir. Çünki istənilən halda bu tikili tarixi abidə olaraq Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumu tərəfindən mühafizə olunur.

Yeri gəlmişkən, “Səkinə xanım” məscidini 1854-cü ildə böyük Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xanımı Səkinə xanım tikdirib. Səkinə xanım bu məscidi həyat yoldaşının xatirəsini əbədiləşdirmək üçün tikdirib. Ancaq sovetlərin din qadağası zamanı, 1930-cu illərdə məscid bağlanıb və ətrafındakı mədrəsə və köməkçi binalar sökülüb. Bir müddət məscidin binasından anbar kimi istifadə olunub, daha sonra burada tikiş sexi açılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid yenidən dindarların istifadəsinə verilib. Məscid bərpa olunub və dindarların ixtiyarına verilib.

Gürcüstanda ibadət ocaqlarını pulsuz qazla təmin edən ölkədə tarixi məscidin qazsız qalması üzücüdür. Əlbəttə, qanunun tələbləri aydındır, ancaq 26 ildir fəaliyyət göstərən və tarixi abidə olan məscidin qaz təminatı məsələsinin bu günə qədər həll olunmamasının özü də bir ayıbdır. Bir məscidə və ya tarixi abidəyə qaz vermək üçün orda mütləq icmanın təşkil olunmasını gözləməyə gərək yoxdur, onu da unutmaq olmaz ki, qaz, yəni istilik olmasa bir neçə ilə boş bina rütubətdən deformasiya ola bilər. Ən maraqlısı da odur ki, mediada və sosial şəbəkələrdə kampaniya başladılsa belə yerli hakimiyyət orqanları heç bir reaksiya verməyib.

Əlbəttə, “İslam Həmrəyliyi ili”ndə neft-qaz ölkəsində bir ibadət ocağının qazsız qalması, yumşaq desək, ayıbdır. Çünki biz ölkə olaraq qonşu Gürcüstanda belə ibadət ocaqlarını (məscid və kilsələri - K.R.) qazla pulsuz təmin edən ölkəyik. Ancaq eyni həssaslığı öz ölkəmizə göstərə bilməyən hökumət rəsmilərinin olması həm də dini mövzuya, xüsusən də məscidlərə münasibətdə laqeydlikdən xəbər verir.

Kənan Rövşənoğlu/ Musavat


Abbasqulu Ağa Bakıxanovun qaz borcu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ